Məhkəmə qərarları › İş №2-1(112)-368/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-368/2021

01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-368/2021 01.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 (Ünvanı: Bakı şəhəri, Nəsimi Rayonu, Naxçıvanski küçəsi ev 54, mənzil 9; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi:Bakı şəhəri 13 saylı Vəkil Bürosu, vəkili), cavabdehin nümayəndəsi X1 (ünvanı: Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsi ev 162, mənzil 21; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Cavabdeh), 3-cü şəxsin nümayəndəsi (vəkili) Vəkil2 (Ünvanı: Bakı şəhəri, Nəsimi Rayonu, Naxçıvanski küçəsi ev 54, mənzil 4; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Bakı şəhəri 6 saylı Vəkil Bürosu, vəkili) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Bakı şəhəri Cavabdehnə 3-cü şəxs - X6 qarşı “qərarın etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (3-cü şəxs X6) Bakı şəhəri Nəsimi rayon İK-nin 17\7 N-li, 18.10.1991-ci il tarixli qərarından yaranmış hüquqi nəticələr qərar verildiyi andan etibarsız hesab edilməklə ləğv olunması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 01.06.2021-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddiaçının “Bakı şəhəri Nəsimi rayon İK-nin 17\7 nömrəli, 18.10.1991-ci il tarixli qərarının qüvvədən düşmüş hesab edilməsi və hüquqi cəhətdən etibarlı hesab edilməməsi barədə qərar çıxarılması”na dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İPM-in 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın növünü nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı 1948-ci ildən qeydiyyatda olduğu və halhazırda ailəsi ilə birlikdə yaşadığı Bakı şəhəri, Nəsimi rayon, Mərdanov qardaşları küçəsi 5 №-li evin, 4 otaqlı, 8 №-li mənzilin icarədarı mərhum atası- X4 (əsas-04.05.1947-ci il, 11467 №-li və 20.12.1958-ci il tarixli,02349 №-li Orderlər) olmuş; 10.04.1967-ci ildə vəfat etmiş və həmin dövrdən onun icarədar olaraq əmlak hüquqlarına xitam verilmişdir. Mərhum anası X5 1991-ci ildə mənzilin icarə müqaviləsini dəyişdirmədən, yəni icarədarın vəfatı ilə bağlı özünün icarədar olmasını tələb etmədən və həddi-büluğa çatmış ailə üzvü kimi iddiaçının razılığını almadan, yəni mənzil üzərində olan hüquqlarını pozmaqla mənzil üzərində qanunsuz olaraq mülkiyyət hüququnu öz adına rəsmləşdirilməsinə nail olmuşdur. Belə ki, X5 özünü mənzilin tək istifadəçisi kimi qələmə verərək, eyni zamanda BVM dövründə Azərbaycan Respublikası ərazisində işləməsi əsası ilə yalnız onun tərəfindən tutulan mənzilin əvəzsiz mülkiyyətə verilməsi üçün Nəsimi rayon İK-nə müraciət etmişdir. Nəsimi rayon İK-tərəfindən isə heç bir araşdırma aparılmadan, yəni həmin mənzildə yaşayan və həddi-bülluğa çatmış ailə üzvü kimi onun razılığı alınmadan, ondan gizli və qanunsuz olaraq Nəsimi rayon İK-nin 17\7 №-li, 18.10.1991-ci il tarixli qərarı ilə- qeyd olunan mənzil əvəzsiz olaraq onun mülkiyyətinə verilməsi və onunla bağışlanma müqaviləsinin bağlanması qərara alınmışdır. Sonra isə Nəsimi rayon İK-nin 17\7 №-li, 18.10.1991-ci il tarixli qərarı əsasında onunla qanunsuz olaraq bağışlanma müqaviləsi bağlanmışdır. Digər tərəfdən, Bakı şəhər Cavabdeh Başçısının 247 saylı, 25.09.2017-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayon, Mərdanov qardaşları küçəsi 5 №-li evin, 4 otaqlı yaşayış sahəsi 78,5 kv.metr olan 8 №-li mənzilinin icarə müqaviləsinin İddiaçı ilə bağlanması və həmin mənzilin icarədarı hesab edilməsi qərara alınsa da, mənzil üzərində hüquqlarının qeydiyyata alınması üçün bir sıra çətinliklərlə üzləşir. Göstərilən Nəsimi rayon İK-nin 17\7 №-li, 18.10.1991-ci il tarixli qərarın mövcudluğu digər məhkəmə mübahisəsi zamanı ona məlum olmuş və ona görə də həmin Qərarın ləğv olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, Nəsimi rayon İK-nin 17\7 №-li, 18.10.1991-ci il tarixli qərarından yaranmış hüquqi nəticələr qərar verildiyi andan etibarsız hesab olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin əsassız olduğunu bildirir və iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi (vəkili) iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Xalq Deputatları İcraiyyə Sovetinin 17/7 saylı 18 oktyabr 1991-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 14 may 1991-ci il tarixli Fərmanına əsasən ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi 79,9 kv.metr, ümumi sahəsi 114 kv.m-dən ibarət 4 otaqlı, dəyəri 30595 rubl olan mənzilin əvəzsiz olaraq X2 şəxsi mülkiyyətinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri 13 saylı Dövlət Notariat Ofisində 29 noyabr 1991ci il tarixdə, D-14-3956 reyestr nömrəsi ilə təsdiq edilmiş 29 noyabr 1991-ci il tarixli mənzilin əvəzsiz verilməsi haqqında müqavilənin surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi 79,9 kv.metr, ümumi sahəsi 114 kv.m-dən ibarət 4 otaqlı mənzil X3 verilmişdir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq arxiv qovluğunda olan sənədlərin surətini məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli 17.04.2015-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Bakı şəhəri, Mərdanov Qardaşları küçəsi, ev 5, mənzil 8 X2 xüsusi mülkiyyətində olmuşdur. İş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1740/2016 saylı 31.10.2016-cı il tarixli qərarı ilə İddiaçı və digərlərinin iddia tələbi təmin edilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi 5 saylı evin 8 saylı mənzilinə dair verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarış (qeydiyyat və qeydiyyat vəsiqəsi) ləğv edilmişdir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq 13.11.2020-ci il tarixli məktubla bildirmişdir ki, X2 adına verilmiş RX seriyalı ******* nömrəli çıxarış 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1740/2016 nömrəli 31.10.2016-cı il tarixli qərarına və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-610/2018 nömrəli 13.04.2018-ci il tarixli qərarına əsasən ləğv edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh iddiaçının vəkilinə ünvanlanan 20.09.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, Mərdanov qardaşları küçəsi 5 №-li evin 8 №-li mənzilinə X2 adına verilmiş 17.04.2015-ci il tarixli, RX 06334784 №-li çıxarışın ləğv edilməsi barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31.10.2016-cı il tarixli, 2- 1(81)-1740/2016 №-li qərarı 16.03.2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən icra edilərək mənzil dövlət fonduna qaytarıldığından, mənzilin əvəzsiz olaraq X2 mülkiyyətinə verilməsi barədə Nəsimi rayon XDS İK-nin 18.10.1991-ci il tarixli, 17/7 №-li qərarı mənzilin icarədarının dəyişməsi üçün əsas olmadığından və X5 vəfat etdiyi gündən (03.11.2016-cı il tarixdən) onunla olan mənzil münasibətlərinə xitam verildiyindən həmin qərar və qərardan yaranan hüquqi nəticələr artıq qüvvədən düşmüş hesab edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh məhkəməyə ünvanlanan 05.12.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, Nəsimi rayon XDS İK-nin 18.10.1991-ci il tarixli, 17/7 №-li qərarı artıq qüvvədən düşmüş, mübahisələndirilən mənzil dövlət fonduna qaytarılmış, eləcə də iddiaçının həmin mənzilin icarədarı hesab edilməsi barədə sərəncam verilmişdir. İş materiallarından görünür ki, İddiaçı Nəsimi rayon İK-nin 17\7 nömrəli, 18.10.1991-ci il tarixli qərarının qüvvədən düşmüş hesab edilməsi və hüquqi cəhətdən etibarlı hesab edilməməsini tələb edir. Məhkəmə qeyd edir ki, inzibati aktların etibarsız sayılmasına dair əsaslar mövcud qanunvericilikdə konkret göstərilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, inzibati aktların etibarsız sayılmasına dair əsaslar mövcud qanunvericilikdə konkret göstərildiyindən və iddiaçının hazırkı iddia ilə mübahisələndirdiyi Nəsimi rayon İK-nin 17\7 nömrəli, 18.10.1991-ci il tarixli qərarının qüvvədən düşmüş hesab edilməsi və hüquqi cəhətdən etibarlı hesab edilməməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65-ci maddəsində göstərilən tələblərdən heç biri mövcud olmadığından, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (3-cü şəxs X6) Bakı şəhəri Nəsimi rayon İK-nin 17\7 nömrəli, 18.10.1991-ci il tarixli qərarının qüvvədən düşmüş hesab edilməsi və hüquqi cəhətdən etibarlı hesab edilməməsi barədə qərar qəbul edilməsinə dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tuturaq, məhkəmə Qərara aldı: İddia təmin edilmir. Qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar