Məhkəmə qərarları › İş №2-1(112)-3680/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3680/2020

08.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3680/2020 08.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı, cavabdehin nümayəndəsi-X1 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X7 X6 üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X7 Qaradağ rayon şöbəsinə (bundan sonra mətndə DSMF-nin Qaradağ rayon şöbəsi) qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona 52 yaşının tamam olduğu yəni, xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X7 X6 idarəsinin (hazırda Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X7 X6 üzrə Mərkəzi Filialı) üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx xxxxxx 1966-cı ildə doğulmuş,əmək fəaliyyətinə 1983-cü ildə başlamışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün DSMF-nin Qaradağ rayon şöbəsinə müraciət etmiş,şöbədən ona ünvanlanmış xx xxxxx 2019-cu il tarixli **********4 nömrəli imtina məktubunda bildirilmişdir ki, 1990-1996-cı illər işlədiyi təmirçi çilingər peşəsi haqqında aydınlaşdırıcı arayış (buruqlara xidmət üzrə təmirçi çilingər olub olmaması barəsində) təqdim etdikdən sonra onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna baxılacaqdır. Halbuki bütün arayış və sənədləri həmin idarəyə təqdim etmişdir. Bununla bağlı Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X9 etdiyi müraciətə xx xxxx 2019-cu il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, fondun X6 idarəsinə müraciət etsin. Hesab edir ki, DSMF-nin Qaradağ rayon şöbəsinin imtinası əsassızdır və qanuna ziddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Dövlət X7 X6 üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası “Əmək Pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 №-li siyahıya görə 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi onun xx xxxxxx 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən, güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Göründüyü kimi Mərkəzi Filial tərəfindən verilən güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında qərar qanunauyğun və əsaslı hesab edilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh Dövlət X7 X6 üzrə Mərkəzi Filialının nümayəndəsi-X2 etiraza uyğun izahat verərək, məhkəmədən etirazda qeyd olunanların nəzərə alınaraq iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbinə dair iddiasının rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İş materiallarında olan: İddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1966-cı ildə doğulmuşdur. NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək həqiqi hərbi xidmət keçmiş və xx.xx.1987-ci ildə Şamaxı RHK-da qeydiyyata alınmışdır. İT-İ seriyalı ******* nömrəli xx.xx.1990-cı il tarixli Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı xx.xx.1983-cü ildə Şamaxı rayonu Partiyanın XXİ qurultay sovxozu 4 №-li qoyunçuluq briqadasına çoban təyin edilmiş, xx.xx.1985-ci ildə hərbi xidmətə getdiyi üçün işdən azad edilmiş, xx.xx.1988-ci ildə partiyanın XXİ qurultay sovxozu 1 №-li qoyunçuluq briqadasına çoban təyin edilmiş, xx.xx.1989-cu ildə işdən azad edilmişdir. xx.xx.1990-cı ildə Nəriman Nərimanov adına Neft və Qazçıxarma İdarəsinə əhaliyə xidmət göstərilməsi üzrə təsərrüfat hesablı sahəyə 4-cü dərəcəli çilingər qəbul edilmiş, xx.xx.1990-cı ildə kənd yardımçı təsərrüfatı sexinə 4-cü dərəcəli heyvandar keçirilmiş, xx.xx.1990-cı ildə X10 İşləri İdarəsinə köçürülmə ilə azad edilmiş, xx.xx.1990-cı ildə Nəriman Nərimanov adına Neft və Qazçıxarma İdarəsindən köçürülmə qaydasında (X10 İşləri İdarəsinə) 4-cü dərəcəli təmirçi-çilingər vəzifəsinə qəbul edilmişdir. xx.xx.1996cı ildə X10 İşləri İdarəsi ləğv edilmiş, onun bazasında Sənqəçal quyuları əsaslı təmir idarəsi yaranmışdır. xx.xx.1996-cı ildə 4-cü dərəcə ilə buruqlara xidmət çilingəri işinə keçirilmişdir. xx.xx.1996-cı ildə 4-cü dərəcə ilə qazma avadanlıqları sexinə təmirçi-çilingər işinə keçirilmişdir. xx.xx.1996-cı ildə Səngəçal quyuları əsaslı təmir idarəsində qazma avadanlıqları təmiri sexinə buruqlarda avadanlıqların təmiri üzrə 5-ci dərəcə ilə təmirçiçilingər işinə keçirilmişdir. xx.xx.1998-ci ildə Səngəçal quyuları əsaslı təmir idarəsi ləğv edilib onun bazasında Pirallahı Dəniz qazma işləri idarəsi yaradılmışdır. xx.xx.1998-ci ildə Pirallahı Dəniz qazma işləri idarəsinin qazma avadanlıqları prokat təmiri sexinə 5-ci dərəcə ilə buruqlarda avadanlıqların təmiri üzrə təmiri çilingər işinə qəbul edilmiş, xx.xx.1998-ci ildə işdən azad edilmişdir. xx.xx.1998-ci ildə N.Nərimanov adına NQÇİ-nə 5 dərəcəli təmirçi-çilingər işinə qəbul edilmiş, xx.xx.2007-ci ildə həmin sexdə 1-ci briqadaya 5-ci dərəcəli qazmaya xidmət edən çilingər peşəsinə keçirilmişdir. xx.xx.2014-cü ildə quyuların əsaslı və yeraltı təmiri sexi xx.xx.2014-cü il tarixindən quyuların əsaslı və yeraltı təmiri sahəsi adlandırılmışdır. xx.xx.2015-ci ildə istismar avadanlıqlarının təmiri sahəsinə 5-ci dərəcəli təmirçi çilingər peşəsinə keçirilmişdir. xx.xx.2015-ci ildə istismar avadanlıqlarının təmiri sahəsi ştat cədvəlinə əsasən istismar avadanlıqları sahəsi adlandırılmışdır. Hal-hazıra kimi işləyir. SOCAR “xxxxxxxxxxxxxxxxxxxxx” tresti tərəfindən verilmiş **********80020115X0004 №li xx xxxxxx 2019-cu il tarixli arxiv arayışında göstərilmişdir ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1998-ci il tarixədək X11 İşləri İdarəsində işləmişdir. xx.xx.1990-xx.xx.1996-cı illərdə X4 Təmir İdarəsinə 4-cü dərəcəli təmirçi-çilingər peşəsində işləmişdir. xx.xx.1996-xx.xx.1996-cı il tarixlərdə buruqlara xidmət üzrə 4-cü dərəcəli çilingər peşəsinə keçirilmişdir. xx.xx.1996-xx.xx.1998ci illərdə Buruqlarda avadanlıqların təmiri üzrə 5-ci dərəcəli təmirçi-çilingər peşəsinə keçirilmişdir. xx.xx.1998-ci ildə Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş 10/11 №li xx.xx.2019-cu il tarixli güzəştli arayışda göstərilmişdir ki, İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixinə qədər N.Nərimanov adına Neft və qazçıxarma idarəsinin Quyuların əsaslı yeraltı təmir sahəsində təmirçi-çilingər peşəsində işləyib. Azərbaycan Respublikası NK-nin xx.xx.1993cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş bu ixtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır, Bölmə 10 (bənd 2 hasilat), şifr 1100000a-18559, xx.xx.2006-cı il tarixinə güzəştli stajı ixtisasa əsasən 07 il 05 ay təşkil edir. İddiaçının hazırkı tələblə cavabdeh orqana xx.xx.2019-cu il tarixdə etdiyi müraciətə cavab olaraq, Dövlət X7 X8 İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********7 №li imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 №-li siyahıya görə 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim edilmiş sənədlərdən göründüyü kimi onun xx xxxxxx 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən, güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, 3 beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri x xxxxxx 1997-ci ildən, qalan maddələri isə x xxxxxx 1998-ci ildən qüvvəyə minmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 10 il, ümumi iş stajı minimum 20 il olmalı; 3) 10 il xüsusi və 20 il ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalıdır. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaya dair imtina məktubunda və yazılı etirazında bildirmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən, xüsusi iş stajı isə 12 il 6 aydan az təşkil edir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Göründüyü kimi, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 20 ildən artıq, yəni 21 (iyirmi bir) il, 6 (altı) ay 9 gün ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №li Qərarı ilə (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş)“Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı adlanan X Bölmə (1100000a) bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlər, neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçiçilingərlər, (kod 1100000a-18559), 1 nömrəli Siyahıda sadalanan istehsalatlarda məşğul olan təmirçi çilingərlər (kod 11000000-18559) Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajının (iddiaçıya əmək kitabçası və hərbi biletdə qeyd olunmuş məlumatlar nəzərə alınmaqla), o cümlədən 10 ildən artıq, yəni 15 (on beş) il, 5 (beş) ay 17 gün güzəştli şərtlərlə iş stajının mövcud olması (SOCAR “xxxxxxxxxxxxxxxxxxxxx” tresti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş arayışlarda göstərilmiş məlumatlar nəzərə alınmaqla) iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı xx.xx.2006-ci il tarixədək 20 ildən artıq, yəni 21 il 6 ay 9 gün ümumi iş stajına, o cümlədən 10 ildən artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (xx xxxx 2017ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 52 yaşdan yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiyanın hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X7 X6 üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 52 yaşı tamam olduğu, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiyanın hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinintabeliyində Dövlət X7 X6 üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar