Məhkəmə qərarları › İş №2-1(112)-3683/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3683/2022

04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3683/2022 04.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı 1 noyabr 1952-ci il tarixdə doğulmuşdur. O, 22 oktyabr 1971-ci il tarixdən 29 noyabr 1973-cü il tarixədək 2 il, 1 ay, 7 gün olmaqla Yeni Bakı Neftayırma Zavodunun 2 nömrəli sexin 21 saylı texnoloji qurğusunda operator vəzifəsində işləmişdir. 30 noyabr 1973-cü il tarixdən 22 oktyabr 1975-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir (1 il, 10 ay, 22 gün). 28 yanvar 1976-cı il tarixdən 1 iyul 1977-ci il tarixədək olan dövrdə yenidən Yeni Bakı Neftayırma Zavodunun 2 nömrəli sexin 21 saylı texnoloji qurğusunda operator vəzifəsində işləmişdir (1 il, 5 ay, 3 gün). 4 iyul 1977-ci il tarixdən 20 avqust 1991-ci il tarixədək (14 il, 1 ay, 16 gün) M.Əzizbəyov adına Neft və Kimya İnstitutunun fiziki kimya kafedrası yanında karbohidrogenlərin hetrogen katalik oksidləşməsi problem laboratoriyasında mühəndis, baş mühəndis, kiçik elmi işçi vəzifəsində çalışmışdır (Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 1 nömrəli siyahı, Vİİİ Kimya istehsalatı bölməsi, 1-ci bənd 1080A010 şifr). 20 avqust 1991-ci il tarixdən 22 oktyabr 1993-cü il tarixədək (2 il, 2 ay, 2 gün) həmin İnstitutun ümumi kimya kafedrasında böyük elmi işçi vəzifəsində işləmiş və hollogen üzvi birləşmələr problem laborotoriyası üzrə tədqiqat fenol, xlor, benzol, stirol birləşmələri, hidrogen-sulfidin və merkaptanlarm katalitik oksidləşməsi kimi zərərli iş şəraitində işləmişdir (Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı, 1 №-li siyahı, Vİİİ Kimya istehsalatı bölməsi, 1-ci bəndi 1080A010 şifr). 8 iyul 1994-cü il tarixdən 24 yanvar 1997-ci il tarixədək (2 il, 6 ay, 16 gün) “O&m” şirkətində direktor vəzifəsində işləmişdir. 26 may 1997-ci il tarixdən 15 sentyabr 2004-ci il tarixədək olan dövr (7 il, 3 ay, 20 gün) olmağla Dövlət Gömrük Komitəsinin Mərkəzi Laboratoriyasında şöbə rəisi vəzifəsində işləmişdir. İddiaçı qanunvericiliyə uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı DSMF-yə ərizə ilə müraciət etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsindən 13 oktyabr 2021-ci il tarixdə göndərilmiş, 29 sentyabr 2021-ci il tarixli **********89 saylı cavab məktubu ilə ona pensiya təyin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassız hesab edilir. «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiya yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 47-ci maddəsinə əsasən bu Qanun 2006-cı il yanvarın 1-dən qüvvəyə minir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər –istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər – 50 yaşma çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa (13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq, Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1dək hər il altı ay artırılır). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinin V bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. İddiaçının 1 yanvar 2006-cı il tarixədək olan ümumi iş stajı 31 il, 6 ay, 26 gün, əmək şəraiti xüsusilə zərərli və ağır olan iş stajı isə 16 il, 3 ay, 18 gündür (Azərbaycan Dövlət Neft və Sənaye İnstitutunun müvafiq arayışı qoşmaya əlavə olunur). Göründüyü kimi, cavabdeh cavab məktubunda güzəştli iş stajının 3 il, 6 ay, 10 gün təşkil etdiyini qeyd edərək ona pensiya təyin etməkdən əsassız imtina etmişdir. Məktubun göndərildiyi zərfdən və poçt göndərişlərinin izlənməsi sistemindən çıxarışda məktubun ona 13 oktyabr 2021-ci il tarixdə təqdim olunduğu qeyd edilmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Göstərilənlərə və İPM-in 14.3, 33.1, 73.1-ci maddələrinə əsaslanaraq, məhkəmədən iddiaçıya 1 noyabr 2004-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış 17 iyun 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı iddiası əsassızdır. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 22 oktyabr 1971-ci il tarixli əmək kitabçasında və “X4 və Sənaye Universiteti”nin ona dair 26 iyul 2021-ci il tarixli 01-687 nömrəli arayışında 4 iyul 1977-ci il tarixdən 20 avqust 1991-ci il tarixədək olan dövr ərzində adıçəkilən Universitetdə mühəndis, baş mühəndis, kiçik elmi işçi vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. İşlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (3 il 6 ay 10 gün (22 oktyabr 1971-ci il tarixdən 29 noyabr 1973-cü il tarixədək və 28 yanvar 1976-cı il tarixdən 1 iyul 1977-ci il tarixədək olan dövrlər)) təşkil edir.Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Həmçinin sözügedən icmal məktubunda qeyd edilir ki, ümumi və xüsusi iş stajını təsdiq edən sənədlər mötəbər olmalı, ehtiyac yarandıqda bununla bağlı zəruri məhkəmə araşdırması aparılmalıdır. Bu mənada iddiaçı tərəfindən təqdim edilmiş ümumi və xüsusi iş stajını təsdiq edən sənədlərin (əmək kitabçası, arxiv arayışı, iş yerindən arayış, məhkəmə aktı və s.) əsli və ya lazımi qaydada təsdiqlənmiş surəti, o cümlədən Azərbaycan dilində tərtib edilməyibsə, həmin sənədin notarial qaydada təsdiq edilmiş tərcüməsi iş materiallarına əlavə edilməlidir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Əmək pensiyaları haqqında» Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nərimanov rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçının müvafiq müraciəti üzrə qaldlırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üzrə İPM-in 8.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının yaşayış yeri (Bakı şəhərinin Nərimanov rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Nəzərə alınmalıdır ki, hazırkı iddia “məcburetmə haqqında” iddia növünə aiddir və cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: İş materiallarında olan AZE seriyalı 0******* nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, İddiaçı 1 noyabr 1952-ci il tarixdə doğulmuşdur və hazırda onun yaşayış yeri Bakı şəhəri, C.Hacıbəyli küçəsi, ev 32, mənzil 10-dur. İş materiallarında olan HЗ seriyalı ******* nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1973 – 1975-ci illərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan ARDNŞ H.Əliyev adına X5 29 iyul 2021-ci il tarixli SOCAR**********80020123X00145 nömrəli arxiv arayışında qeyd olunur ki, 1952-ci il təvəllüdlü İddiaçı aşağıda göstərilən dövrlərdə qeyd olunan zərərli peşələrdə çalışmışdır: 22 oktyabr 1971-ci il tarixdən 29 noyabr 1973-cü il tarixədək Yeni Bakı Neftayırma Zavodunun 2 nömrəli texnoloji sexin 21 saylı texnoloji qurğusunda operator köməkçisi peşəsində (NKnın 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı, 1 nömrəli siyahı, 2130301a-18081), 29 noyabr 1973-cü il tarixdən hərbi xidmətə çağırılmışdır, 28 yanvar 1976-cı il tarixdən 1 iyul 1977-ci il tarixədək Yeni Bakı Neftayırma Zavodunun 2 nömrəli texnoloji sexin 21 saylı texnoloji qurğusunda operator peşəsində işləmiş, 30 iyun 1977-ci il tarixdə başqa işə getməsi ilə əlaqədar işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 26 iyul 2021-ci il tarixli 01-687 nömrəli arxiv arayışında M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) arxiv sənədləri əsas tutularaq bildirilir ki, İddiaçı 4 iyul 1977-ci il tarixdən 20 avqust 1991-ci il tarixədək fiziki kimya kafedrası yanında karbohidrogenlərin hetrogen katalitik oksidləşməsi problem laboratoriyasında mühəndis, baş mühəndis, kiçik elmi işçi, 20 avqust 1991-ci il tarixdən 22 oktyabr 1993-cü il tarixədək ümumi kimya kafedrasında böyük elmi işçi vəzifəsində (təsərrüfat hesabı nömrə 110/91 – 93) işləmiş və hollogen üzvi birləşmələr problem laboratoriyası üzrə tədqiqat fenol, xlor, benzol, stirol birləşmələri, hidrogen-sulfidin və merkaptanların katalitik oksidləşməsi kimi zərərli iş şəraitində işləmişdir. Zərərli iş şəraitində işlədiyinə görə o, südlə təmin edilmiş və ona əmək haqqının 12% artırılmaqla 6 satlıq iş günü təyin edilmişdir. Əmrlər 16 aprel 1979-cu il tarixli 269/k nömrəli, 20 may 1981-ci il tarixli 588/k nömrəli, 26 aprel 1982-ci il tarixli 468/k nömrəli, 21 aprel 1984-cü il tarixli 308/k nömrəli, 24 aprel 1984-cü il tarixli 468/k nömrəli, 2 mart 1985-ci il tarixli 208/k nömrəli, 30 mart 1987-ci il tarixli 317/16 nömrəli, 31 may 1988-ci il tarixli 460/16 nömrəli, 10 mart 1989cu il tarixli 231/16 nömrəli, 14 aprel 1990-cı il tarixli 370/16 nömrəli, 10 aprel 1991-ci il tarixli 225/16 nömrəli, 30 aprel 1992-ci il tarixli 43/07 nömrəli. Zərərli iş şəraitində işlədiyi bu vəzifələr ona Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan sübutlar əsasında aparılmış məhkəmə icraatında müəyyən edilir ki, İddiaçı 1 noyabr 1952-ci il tarixdə doğulmuşdur, 2006-cı ilin yanvar ayının 1-dək 20 ildən artıq ümumi iş stajına malikdir. O, həmin tarixədək müxtəlif vəzifələrdə işləmiş, o cümlədən 22 oktyabr 1971-ci il tarixdən 29 noyabr 1973-cü il tarixədək Yeni Bakı Neftayırma Zavodunun 2 nömrəli texnoloji sexin 21 saylı texnoloji qurğusunda operator köməkçisi peşəsində, 28 yanvar 1976-cı il tarixdən 1 iyul 1977-ci il tarixədək həmin qurğuda operator peşəsində, 4 iyul 1977-ci il tarixdən 20 avqust 1991-ci il tarixədək Azərbaycan Dövlət Neft və Kimya İnstitunun fiziki kimya kafedrası yanında karbohidrogenlərin hetrogen katalitik oksidləşməsi problem laboratoriyasında mühəndis, baş mühəndis, kiçik elmi işçi, 20 avqust 1991-ci il tarixdən 22 oktyabr 1993-cü il tarixədək ümumi kimya kafedrasında böyük elmi işçi vəzifələrində işləmişdir. İddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtinaya səbəb kimi, onun Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda mühəndis, baş mühəndis, kiçik elmi işçi və böyük elmi işçi vəzifələrinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısına daxil olmadığı əsas gətirilmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir, ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin qərarla təsdiqlənmiş 1 nömrəli Siyahının “Vİİİ. Kimya istehsalatı” bölməsinin (A) bəndində 1080A010 – 17541 kodu ilə “Tam iş günü müvafiq istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri” peşələri nəzərdə tutulmuşdur. Göründüyü kimi, mövcud qanunvericilik normaları nəzərdə tutur ki, 1 yanvar 2006-cı il tarixədək azı 20 il ümumi iş stajına, o cümlədən azı 10 il güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 1 nömrəli Siyahıda göstərilən) iş stajına malik kişilər 52 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Məhkəmənin qənaəti belədir ki, İddiaçı Azərbaycan Dövlət Neft və Kimya İnstitunun fiziki kimya kafedrası yanında karbohidrogenlərin hetrogen katalitik oksidləşməsi problem laboratoriyasında işlədiyi “mühəndis”, “baş mühəndis” və “kiçik elmi işçi”, 20 avqust 1991-ci il tarixdən 22 oktyabr 1993-cü il tarixədək həmin İnstitutun ümumi kimya kafedrasında işlədiyi “böyük elmi işçi” vəzifələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahının “Vİİİ. Kimya istehsalatı” bölməsinin (A) bəndində əks olunmuş rəhbər və mütəxəssislərə aid oluna bilməz. Çünki, həmin bənddə “tam iş günü istehsalatlarda və kimya müəssisələrinin və neft kimya sənayesi sahələrində” işləyən müvafiq vəzifələr nəzərdə tutulmuşdur. İddiaçının işlədiyi sahə isə istehsalat sahəsi və ya neft kimya saneyesi sahəsi deyil, təhsil müəssisəsidir, eləcə də təhsil müəssisəsi kimi orada iş “tam iş günü” olan istehsalat sahəsi sayıla bilməz. Bununla da müəyyən edilir ki, iddiaçının 2006-cı ilin 1 yanvar tarixədək 20 ildən artıq ümumi stajı toplansa da, o, 10 il güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə stajı toplamamaşdır. Belə olan halda, onun 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçının “52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi əsassızdır. İddiaçının ikiinci tələbi, yəni “keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbi birinci tələbdən törəmə və asılı olduğundan, iddia həmin hissədə də əsaslı deyil. Məhkəmə yuxarıda qeyd olunanların məcmusunda belə nəticəyə gəlir ki cavabdeh DSMF Xüsusi Şərtlərlə Təynat üzrə Mərkəzi Filialının imtinası qanuna zidd sayılmamalı və İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 52, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar