Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3683/2025 23.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə qarşı üçüncü şəxs X9 “adın və soyadın dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinə qarşı (üçüncü şəxs X9) “adın və soyadın dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 23 yanvar 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: AZ-T 013755 №-li Nikah haqqında şəhadətnaməyə əsasən İddiaçı ilə X10 xx.xx.2020-ci ildə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra X5 “Qaçayeva” soyadı verilmişdir. AZ-İV 655380 №-li Doğum haqqında şəhadətnaməyə əsasən onların birgə nikahından xx.xx.2021-ci ildə X11 doğulmuşdur. İddiaçı X6 “soyadının və adının dəyişdirilməsi barədə” ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, soyadının “İlqarlı”, adının “Rasul” kimi yazılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “...Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54-cü maddəsinə görə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər”. İddia tələbi və iddiaçının əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladı xx.xx.2021-ci il təvəllüdlü X6 doğum haqqında akt qeydində düzəliş edilərək soyadının “İlqarlı”, adının “Rasul” kimi yazılması və bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh inzibati orqana həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində maddi və prosessual hüquq normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına istinad edilərək cavabdehin imtinası əsassız hesab edilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: İşin hallarından göründüyü kimi, iddiaçı yetkinlik yaşına çatmayan uşağı X1 və adının dəyişdirilərək “İlqarlı Rasul” yazılması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının müraciətini təmin etməkdən imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Cavabdeh imtina məktubunda aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54-cü maddəsinə görə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 26. Ad hüququ 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 54. Uşağın adının və soyadının dəyişdirilməsi 54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Maddə 189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”
4. Soyadın verilməsi 4.1. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. 4.2. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir.
6. Adın, ata adının və soyadın dəyişdirilməsi 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. İddia tələbindən görünür ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı uşağının doğum aktı qeydində ad və soyadla bağlı hissədə dəyişiklik edilməsi və yeni doğum haqqında şəhadətnamədə soyadın “İlqarlı”, adın “Rasul” kimi göstərilməsi ilə bağlıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Ailə Məcəlləsinin 189-cu maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nda Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilməsi ilə bağlı məhudiyyət, şəxsin özünün iradəsi əsasında 18 yaşına, yəni yetkinlik yaşına çatdıqdan sonra yol verilməsi halını tənzimləyir. Lakin bu, uşağın 18 yaşına çatana kimi adının dəyişidirilməsinə yol verilməməsi kimi başa düşülməməlidir. Əks halda Ailə Məcəlləsinin 54-cü maddəsində bu hal tənzimlənməzdi. Belə ki, həmin normaya görə, müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə mövcud olan hallar iddiaçının atasının (uşağın ata xətti tərəfdən olan babası) adının övladına soyad kimi seçməsi qəbul edilə bilən sayılmalıdır. Belə ki, qanunvericilikdə müəyyən əsaslar olduqda uşağın soyadının valideynlərin soyadı ilə deyil, uşağın babasının adı ilə müəyyən edilməsi barədə birbaşa qadağa nəzərdə tutulmamışdır. Ailə Məcəlləsinin 53.3-cü maddəsinə görə, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Qeyd edilən normada “bir qayda olaraq” ifadəsinin işlədilməsi, ümumi qaydanı tənzimləyir və bu qaydadan kənara çıxmağı istisna etmir. Yuxarıda qeyd edilənlərdən əlavə məhkəmə öz mövqeyini əsaslandırmaq üçün həm də “L.Ramazanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 01 iyun 2022-ci il tarixli Qərarına istinad etməyi məqsədə müvafiq hesab edir. Həmin qərarda qeyd edilmişdir ki, “...Şəxsi ad fərdin özünümüəyyənetməsinin fundamental amillərindən biridir, onun başqalarından fərqləndirilməsi məqsədlərinə xidmət edir. Ad, şəxsiyyətin fərdiləşdirilməsinin əsas təzahürlərindən biri olaraq şəxsi həyat sahəsinə daxildir. Ad hüququ həm də ona görə əhəmiyyətlidir ki, insan öz adı ilə ictimai münasibətlərdə iştirak edir və onun olmaması şəxsiyyəti hüquq və vəzifələri əldə etmək və həyata keçirmək imkanından məhrum edə bilər. Belə ki, Mülki Məcəllənin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Digər tərəfdən ad hüququnun təzahürü kimi ad almaq hüququ mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, hüquqların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Ad almaq hüququnun məhdudlaşdırılması üçün məqbul sayılan əsas kimi uşağın mənafeyinin qorunması çıxış edə bilər. Bu mənada qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə müvafiq olaraq uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Eyni zamanda ad almaq hüququ dövlət dilinin işlənməsinə və qorunmasına dair ümumi maraqların təmin olunması üçün də məhdudlaşdırıla bilər”. Avropa Məhkəməsi baxdığı bir sıra işlərdə müəyyən etmişdir ki, adın verilməsi və dəyişdirilməsi ilə əlaqədar məsələlər Konvensiyanın 8-ci maddəsində təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququnun təsir dairəsinə düşür (X7rşı iş üzrə 2008-ci il 21 oktyabr tarixli Qərar, §43 və Macalin X3rşı iş üzrə 2015-ci il 15 sentyabr tarixli Qərar, §21). Məhkəmə qeyd etmişdir ki, dövlətlər adların tənzimlənməsi sahəsində geniş mülahizə sərbəstliyinə malik olsalar belə, onlar adların fərdlərin şəxsi həyatındakı rolunu inkar edə bilməzlər. Adlar özünüfərdiləşdirmənin və özünümüəyyənetmənin mərkəzi elementidirlər. Əsaslandırılmış müvafiq səbəb olmadan şəxsin ada malik olmaq və ya adını dəyişmək hüququna məhdudiyyətin qoyulması Konvensiyanın 8-ci maddəsinin məqsədləri ilə uzlaşmır. Başqa şəxslərin hüquqlarına vurulmuş hər hansı faktiki zərər olmadan formal olaraq qanuni məqsədə istinad etmək bu hüququn məhdudlaşdırılmasına haqq qazandıra bilməz (Daróczy Macarıstana qarşı iş üzrə 2008-ci il 1 oktyabr tarixli Qərar, §32). Məhkəmənin qənaətinə görə, milli dövlət orqanlarına Konvensiyada təsbit olunmuş hüququn həyata keçirilməsinə müdaxiləyə gətirib çıxaracaq mülahizə sərbəstliyi verilibsə, o zaman şəxsin malik olduğu prosessual təminatlar cavabdeh dövlətin mülahizə hədlərini aşıb-aşmadığını müəyyən etməkdə xüsusilə əhəmiyyətli olacaqlar. Xüsusilə artıq formalaşmış presedent təcrübəyə əsasən, 8-ci maddə birbaşa prosedur tələblər nəzərdə tutmasa belə, nəticəsində müdaxilə tədbirləri nəzərdə tutan qərarın qəbul edilməsi prosesi ədalətli olmalı və bu şəxsin 8-ci maddə ilə mühafizə olunan maraqlarına lazımi hörməti təmin etməlidir (X4rşı iş üzrə 1996-cı il 25 sentyabr tarixli Qərar, §76). Məhkəmə hesab etmişdir ki, bunun üçün milli məhkəmələrin çəkişən maraqların mütənasibliyini qiymətləndirməsi və 8-ci maddə ilə təminat verilən müvafiq hüquqları nəzərə alması olduqca əhəmiyyətlidir (Libşer Avstriyaya qarşı iş üzrə 2021-ci il 6 iyul tarixli Qərar, §64- 69). Avropa Məhkəməsi baxdığı işlərin birində milli hakimiyyət orqanlarının iki şəxsin familiyalarını dəyişmələrinə imtina etmələrini (icazə verməmələrini) 8-ci maddənin pozuntusu kimi qiymətləndirmişdir, çünki məhkəmələr ərizəçilərin dəlillərini nəzərə almadan və ya çəkişən ictimai maraqları və ərizəçilərin maraqlarını tarazlaşdırmadan qanunvericiliyin və normativ aktların sırf formal olaraq tətbiqini həyata keçirmişlər (Aktaş və Aslaniskender Türkiyəyə qarşı iş üzrə 2019-cu il 25 iyun tarixli Qərar, § 47). Digər bir işdə isə ölkənin dövlət orqanları yazılışı fin ad vermə təcrübəsinə müvafiq olmadığından “Aksl Mik” adının qeydiyyatından imtina etmişlər. Avropa Məhkəməsi etiraf etmişdir ki, uşağın ən yaxşı maraqlarının nəzərə alınması vacibdir, həmçinin adların verilməsi üzrə milli təcrübənin qorunması da ictimai maraqlara cavab verir. Lakin “Aksl” adı Finlandiyada digər hallarda rəsmi olaraq qeydiyyata alınmışdır və bu səbəbdən uşaq üçün uyğun olmayan ad kimi qəbul edilə bilməz. Belə ki, bu ad Finlandiyada artıq qoyulub və adın dövlətin milli və dil özəlliklərinə hər hansı mənfi təsir göstərdiyi bildirilməmişdir. Avropa Məhkəməsi belə qənaətə gəlmişdir ki, ictimai maraq anlayışı uşağın seçilmiş ad ilə qeydiyyata alınması marağını üstələmədiyindən, Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş vermişdir (Johansson Finlandiyaya qarşı iş üzrə 2007-ci il 6 sentyabr tarixli Qərar, § 38-39). Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin yuxarıda istinad edilən normalarından göründüyü kimi, şəxsin qanunla müəyyən edilmiş qaydada adının dəyişdirilməsi hüququ vardır. Qeyd edilən qayda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”dır. Qaydaların 6.6-cı bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə (1 nömrəli əlavə) vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluğa verilir. Qaydaların 1.5-ci bəndinə görə adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Cavabdehin imtinası ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının müraciətinə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “...məsələyə RİH yanında X2 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclasında müzakirə olunmuşdur. Övladınız Rəsul adında onun mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc səslənən ad əlamətləri aşkar edilmədiyindən azyaşlının mənafeyi nəzərə alınaraq adının və soyadının dəyişdirilməsi RİH başçısı yanında YYÇ-nin işləri və HM üzrə Komissiyası tərəfindən məqsədəuyğun hesab edilməmişdir”. İstinad edilən bənddə qeyd edilmişdir ki, uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaların 1.4-cü bəndinə istinad edən cavabdeh həmin adın onun mənafeyinə və cinsinə uyğun olmaması, gülünc səslənməsinə dair hər hansı bir sübut təqdim edə bilmir və imtinanın əsası kimi yalnız Qaydaların həmin normasının məzmununa istinad edir. Lakin normanın iddiaçının müraciətinə tədbiqini əsaslandırmır. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin saytından (https://exidmet.justice.gov.az:8284/VVA/NameStatistics) əldə olunmuş adlar üzrə statistikadan müəyyən olunur ki, 2021-2025-ci illər (son beş il) ərzində 52 nəfərə “Rasul” adı verilmişdir. Göründüyü kimi, cavabdehin həmin imtina dəlili əsassız olmaqla həmçinin iddiaçıya münasibətə bərabərlik prinsipinin tələblərini də pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə qeyd edir ki, cavabdehin imtinası əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia təmin edilsin. xx.xx.2021-ci il təvəllüdlü X6 doğum haqqında akt qeydində düzəliş edilərək soyadının “İlqarlı”, adının “Rasul” kimi yazılması və bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Bəhlul Cəlalov