Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3684/2024 26.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı qeydiyyata alınma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə mənzildən qeydiyyatda alınmağına dair öhdəliyin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə müvafiq qərar qəbul edilməsi” tələbini irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1994-cü ilin noyabr ayında Azərbaycan Respublikası vətəndaşı X2 müəyyən məbləğdə ödəniş etməklə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini ondan almışdır. Qeyd olunan tarixdən sözügedən ünvanda yaşayır və X4 həmin tarixdən ailə üzvləri ilə birlikdə mənzili tərk edərək getmişdir. Sözügedən mənzili aldıqdan sonra həmin yaşayış sahəsinə qeydiyyata düşmək üçün dəfələrlə müxtəlif orqanlara müraciətlər etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə qeydiyyata düşmək üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdehin 22 sentyabr 2023-cü il tarixli 3-13-48/2M-17564/2023 nömrəli məktubu ilə müraciəti təmin olunmamışdır. 1994-cü ilin noyabr ayından etibarən ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində yaşayır. Bu fakt Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 132 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 16 may 2022-ci il tarixli 4221 nömrəli və 16 avqust 2023-cü il tarixli 470 nömrəli arayışlarda, həmçinin Qaradağ rayonu, Ələt qəsəbəsi, Kamil Məmmədov küçəsi, ev 13 ünvanında yaşayan yerli sakinlər tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktda öz təsdiqini tapır. Sözügedən tarixdən etibarən istifadə olunmuş elektrik enerjisi, su və digər kommunal xidmətlərin ödənişi tərəfindən ödənilmişdir. S.Q.Kərimov və C.B.Əliquliyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, K.Məmmədov küçəsi 13 ünvanında yerləşən yaşayış binasının 31 nömrəli mənzilində İddiaçı 3 (üç) nəfər ailə üzvü ilə birlikdə 1994-cü ilin noyabr ayından yaşayır. Bu müddət ərzində kommunal xidmət mənzil-kirayə haqları İddiaçı tərəfindən ödənilmişdir. Mənzil-Kommunal Təsərrüfat Birliyi 132 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən təqdim edilmiş 422 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı Bakı şəhəri, Qaradağ rayonu Ələt qəsəbəsi Kamil Məmmədov küçəsi 13 saylı evin 31 saylı mənzilində xx.xx.1994-cü ildən qeydiyyatsız yaşayır. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 132 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən təqdim edilmiş 470 saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı həqiqətən Qaradağ rayonu Ələt qəsəbəsi K.Məmmədov küçəsi 13 saylı evin 31 nömrəli mənzilində xx.xx.1994-cü il tarixdən qeydiyyatsız yaşayır. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Aparatının Mənzil- Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən təqdim edilmiş 223706 saylı xx.xx.2023cü il tarixli, 190884 saylı xx.xx.2023-cü il tarixli və 068721 saylı xx.xx.2020-ci il tarixli mənzil kommunal xidməti üçün mədaxil qəbzlərindən görünür ki, ödəyicinin adı İddiaçı, ünvanı K.Məmmədov küçəsi ev 13 mənzil 31-dir. Azərbaycan Respublikası Mərkəzi Bankı – X6 tərəfindən təqdim edilmiş ********** saylı xx.xx.2023-cü il tarixli, ********** saylı xx.xx.2023-cü il tarixli, ********** saylı xx.xx.2023-cü il tarixli və ********** saylı xx.xx.2023-cü il tarixli elektrik enerjisinin istehlak haqqı barədə qəbzlərdən görünür ki, ödəyicinin adı Sadıqov Ülfət oğlu qeyd edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-52-13/2-1192/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, ünvan 3 ünvanda yerləşən yaşayış binası və orada yerləşən 31 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Qaradağ XDS-nın 19 saylı xx.xx.1986-cı il tarixli xidmət yaşayış sahəsinə orderdən görünür ki, X3 Bakı şəhəri, Qaradağ rayonu Ələt qəsəbəsi 13 saylı evin 31 saylı, ümüumi sahəsi 32 kv.m olan xidməti yaşayış sahısində yaşamaq hüququ verilmişdir. (Ailə tərkibi: 1. Sadıqova Y.A; 2. Sadıqova S.İ; 3. Sadıqova M.U). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 44868/2023 **********68 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, ünvan 1 ünvanının qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək qeydiyyata alınmaq üçün müraciət etdiyi evə dair hüquqmüəyyənedici sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, onun X5 ilə hər hansı bir qohumluq əlaqəsi yoxdur. Məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. İddia mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 nömrəli 28 avqust 2007-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-13-48/2M-17564/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndinin tələblərinə əsasən yaşayış yerinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud qanunvericiliklə nəzərdə tutulan başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi təqdim edildikdən sonra vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması məsələsinə baxıla bilər. Qanunvericiliyin tələblərinə əsasən, Sizin qeydiyyatsız yaşadığınız ünvan 4 ünvanına qeydiyyata alınmaq üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. III. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının qeydiyyata alınmasını tələb etdiyi mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamamışdır. Həmin ünvana dair digər şəxsin - X1 adına xidməti order mövcuddur və iddiaçının həmin şəxslə hər hansı qohumluq əlaqəsi yoxdur. Məhkəmə tərəfindən bu barədə hüquqi yardım göstərilməsinə baxmayaraq iddiaçı evə dair yaşayış sahəsinə köçmək üçün əsas verən sənədləri və ya yaşayış sahəsi verən şəxsin ərizəsini məhkəməyə təqdim etməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçının adına yaşayış yeri üzrə qeydiyyata alınmasını tələb etdiyi mənzil dövlət reyestrində qeydə alınmamaqla yanaşı, həmin ünvana dair digər şəxsin - X1 adına xidməti order mövcuddur və iddiaçının həmin şəxslə hər hansı qohumluq əlaqəsi yoxdur. İddiaçı nə məhkəməyə qədər inzibati icraat, nə də məhkəmə araşdırması zamanı yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməmişdir. Bu barədə məhkəmə tərəfindən hüquqi yardım göstərilməsinə baxmayaraq iddiaçı tərəfindən evə dair hüquqmüəyyənedici sənədlər və ya və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi məhkəməyə təqdim edilməmişdir. Məhəmə qeyd edir ki, yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının ünvan 1 ünvanı ilə kifayət qədər yetərli və sabit dərəcədə davamlı bağlılığının (əlaqənin) mövcudluğu müəyyən olunmur. Belə olan halda cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi - 540) apellyasiya şikayəti verilə bilər.
Hakim Aysev Almazova