Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3687/2021 16.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 03.02.2020-ci il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 29.07.2020-ci il tarixdən, yəni müraciət etdiyi vaxtdan 3 il əvvələdək olan dövrlərin birdəfəyə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 03.02.2020-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən təyin edilməsi və həmin tarixdən halhazıradək ödənilməmiş pensiya məbləğinin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, xx.xx.1963-cü il tarixdə doğulmuşdur, hazırda Şirvan şəhərində yaşayır. Onun 01.09.1980-ci il tarixdən 18.05.2020-ci il tarixədək ümumi 40 il əmək stajı mövcuddur. Belə ki, o, 01.09.1980-ci il tarixdən 30.06.1981-ci il tarixədək peşə məktəbində təhsil almış, 21.09.1981-ci il tarixdən 10.04.1990-ci il tarixədək “X9-Təmir Zavodu”nda çilingər, 01.09.1993-ci il tarixdən 03.07.1995-ci il tarixədək yenidən “X9-Təmir Zavodu”nda çilingər, 03.07.1995-ci il tarixdən 01.02.1996-cı il tarixədək “Şirvanneft” NQÇİ-də yeraltı təmir üzrə operator, 01.02.1996-ci il tarixdən 01.12.2000-ci il tarixədək "xxxx" MMC-də yeraltı təmir üzrə operator, 01.12.2000ci il tarixdən 18.05.2020-ci ilə kimi “Karasu” OC-də quyuların yeraltı təmiri üzrə usta vəzifələrində işləmişdir. Onun 01.01.2006-cı ilədək 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajı olduğundan 03.02.2020-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Onun işlədiyi vəzifələr Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı»nın XİV. Metal Emalı bölməsində, təmirçi çilingərlər (2150100a—18559) və Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsində, quyuların yeraltı təmiri üzrə operatorlar (2130200a—15870) vəzifələrinə uyğundur. O, 29.07.2020-ci il tarixli ərizə ilə cavabdeh təşkilata müraciət edərək ona 03.02.2020-ci il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 11.11.2020-ci il tarixli **********7 saylı məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 10 il 05 ay 28 gün güzəştli iş stajının olmasını əsas gətirərək məsələnin həllindən imtina etmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 2.1.8-ci bəndində göstərilmiş «misalda» da pensiya hüququnun yaranması üçün tələb olunan üç hüquqi faktdan ikisinin - ümumi və güzəştli əmək stajının «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunu və bu Qanuna 13.06.1997-ci il tarixli, 321-İQD saylı Qanunla edilmiş dəyişikliyin qüvvədə olduğu dövrdə yaranması, 3-cü hüquqi faktın - yaşın isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi vaxtdan sonra yaranması halında da güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması bir daha təsdiqlənmişdir. Onun 01.01.2006-cı il tarixədək 25 ildən artıq əmək stajı olduğuna və onun 12 il 06 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahı üzrə işlədiyinə, eləcə də 03.02.2020-ci il tarixdə 57 yaşı tamam olduğuna görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci bəndinə həmin tarixdən ona 01.01.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsi tətbiq edilməklə pensiya təyin edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 izahatında bildirdi ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi onun 01.01.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən (24 il 09 ay 07 gün), güzəştli iş stajı isə 12 il 06 aydan az (10 il 05 ay 28 gün) təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.11.2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 11.11.2020-ci il tarixli **********7 saylı məktubda qeyd edilir: Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyiniz sənədlərdən göründüyü kimi Sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən (24 il 9 ay 7 gün), güzəştli iş stajınız isə 12 il 6 aydan az (10 il 5 ay 28 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan NZ seriyalı ******* nömrəli İddiaçı məxsus hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 24.10.1981-ci il tarixdən 06.12.1983cü il tarixədək həqiqi hərbi xidmət keçmişdir. İş materialarında olan Azərbaycan SSR X11 Təhsili Komitəsi tərəfindən verilmiş A seriyalı 750456 saylı diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01.09.1980-ci il tarixdən 30.06.1981-ci il tarixədək Bakı şəhəri 71 nömrəli texniki peşə məktəbində təhsil almış, elektrik maşınlarının elementləri üzrə sarıyıcı peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir. İmtahan komissiyasının qərarı ilə ona 3-cü dərəcəli elektrik maşınlarının sarıyıcısı ixtisası verilmişdir. İş materiallarında olan X5 tərəfindən verilmiş 16.06.2020-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında” arayışdan görünür ki, İddiaçı Karasu Əməliyyat Şirkətində Quyuların Əsaslı və Yeraltı təmiri sexində Quyuların Əsaslı təmiri üzrə usta vəzifəsində işləmişdir. İddiaçı neft sənayesində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr, vəzifələr üzrə Karasu Əməliyyat Şirkətində Əsaslı və Yeraltı təmir sexində 5 dərəcəli YAT –operator (01.12.2000-01.12.2003), Quyuların Əsaslı və Yeraltı təmir şöbəsində usta (01.12.2003-01.07.2005), Quyuların Yeraltı təmiri şöbəsində nəzarətçi (01.07.2005-01.01.2009), Quyuların Əsaslı və Yeraltı təmir sexində quyuların yeraltı təmiri üzrə usta (01.01.2009-01.05.2016), Quyuların Əsaslı və Yeraltı təmir sexində Quyuların Əsaslı təmiri üzrə usta (01.05.2016-31.07.2019) vəzifələrində (cəmi 18 il 08 ay) işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına və «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na əsasən İddiaçı X1 4-cü dərəcəli Yeraltı Təmir operatoru (31.01.1996-01.09.1999-cu illər) vəzifəsində işləmiş, ixtisası üzrə 5-ci dərəcə (01.03.2000-30.11.2000) verilmişdir (cəmi 04 il 10 ay). O, ümumi 23 il 06 ay imtiyazlı iş stajına malikdir (bənd 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı – 10.2. Neft, qaz və qaz kondensatının hasilatı – a) fəhlələr: quyuların yeraltı təmiri üzrə operatorlar; b) rəhbərlər və mütəxəssislər: quyuların qazılması üzrə istehsalat proseslərində, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan ustala rvə baş ustalar, buruqların ustaları və onların köməkçiləri). İş materiallarında olan "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 12.06.2020-ci il tarixli 184/A/06 saylı “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında” arayışından görünür ki, İddiaçı həqiqətən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Quyuların əsaslı və yeraltı təmiri sexində quyuların yeraltı təmiri üzrə usta vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il 12 saylı Qərarının 10.2 bəndinin (Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı - Neft, qaz və qaz kondensatının hasilatı) b) yarımbəndinin 3-cü şərtinə əsasən İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında güzəştli şərtlərlə 09 ay, 17 gün iş stajı var. Belə ki, İddiaçı 01.08.2019-cu il tarixdən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında Quyuların əsaslı və yeraltı təmiri sexində quyuların yeraltı təmiri üzrə usta vəzifəsinə işə qəbul edilmiş və 18.05.2020-ci il tarixli 412/K-X nömrəli əmrlə 18.05.2020-ci il tarixdən onunla bağlanmış müqaviləyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 19.06.2020-ci il tarixli 11 saylı “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında” arayışından görünür ki, İddiaçı həqiqətən “Şirvanneft” NQÇİ-nin 3 saylı NQÇS-də 4-cü dərəcə Yeraltı Təmir üzrə operator peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il 12 saylı Qərarının 10-cu bəndinin 10.02 yarımbəndinə əsasən (Neft, qaz və qaz kondensatının hasilatı) İddiaçı “Şirvanneft ” NQÇİdə güzəştli şərtlərlə 06 ay, 28 gün iş stajı var. Belə ki, 03.07.1995-ci il tarixli 106/k saylı əmrlə 03.07.1995-ci il tarixdən 31.01.1996-cı il tarixə kimi və “Şirvanneft ” NQÇİ-nin 3 saylı NQÇS-də 4-cü dərəcə Yeraltı Təmir üzrə operator peşəsində işləmişdir (06 ay, 28 gün; səh.67. Quyuların yeraltı təmiri üzrə operatorlar). İddiaçı 20/k-a saylı 31.01.1996-cı il tarixli əmrlə 31.01.1996-cı ildə "xxxx" Müştərək Müəssisəsinə köçürmə yolu ilə işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin 26.05.2021-ci il tarixli 100/02-312 saylı arayışında qeyd edilir: İddiaçı Əli Bayramlı «Cihazlar» zavodunun (hal-hazırda Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC- Qeyd: Əli Bayramlı «Cihazlar» zavodu Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin balansında olmuşdur. Azərbaycan Respublikası Prezidentinin imzaladığı 1181 nömrəli 16.12.2005-ci il tarixli Fərmanına əsasən Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi ləğv edilərək onun yerində Müdafiə Sənayesi Nazirliyi yaranmışdır. Bundan sonra həmin tarixdə Əli Bayramlı «Cihazlar» zavodunun adı dəyişdirələrək "xxxx" MMC olmuş və Müdafiə Sənayesi Nazirliyinin balansına verilmişdir) 21.09.1981- 10.10.1981-ci il üzrə (Əmr №97/K) Metal emalı sexində 2-ci dərəcəli çilingər vəzifəsində işləmiş və daha sonra isə hərbi xidmətə göndərilmiş (Qeyd: Həmin dövr üzrə olan qanunvericiliyin tələbinə əsasən hərbi xidmət müddəti əmək stajına daxil idi), bu səbəbdən də 105/K nömrəli 12.10.1981-ci il tarixli əmrlə işdən azad edilmiş, hərbi xidmətini başa vurduqdan sonra isə 13 saylı 06.02.1984-cü il tarixli əmrlə əvvəlki işinə davam edərək, həmin sexə 3-cü dərəcəli çilingər peşəsi üzrə işə bərpa edilmişdir. İddiaçı 10.07.1985- 01.07.1988-ci il üzrə Metal emalı sexində 3-cü dərəcəli çilingər (Əmr № 258); 01.07.1988- 01.10.1989-cu il üzrə həmin sexdə 4-cü dərəcəli çilingər (Əmr № 183/K); 01.10.1989- 03.01.1990-cı il üzrə həmin sexdə 5-ci dərəcəli çilingər (Əmr № 514/K); 03.01.1990- 10.04.1990-cı il üzrə isə 4-cü dərəcəli çilingər (Əmr № 6) peşəsində işləmişdir. İddiaçı 101 nömrəli 10.04.1990-cı il tarixli əmrə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. İddiaçı yenidən 01.09.1993-cü il tarixdə müəssisəyə işə qəbul edilərək 01.09.1993-29.06.1995-ci il tarixədək müəssisədə Metal emalı sexində 5-ci dərəcəli çilingər peşəsində işləmişdir (Əmr №371/K). İddiaçı 48 nömrəli 29.07.1995-ci il tarixli əmrə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. Arxiv sənədlərinə əsasən A.X6 Nazirliyinin "xxxx" MMC-də əmək stajı 10 il 04 ay 08 gündür və onun da tələb olunan 10 il 04 ay 08 günü güzəştli şərtlərlə pensiya hüququ verən iş stajıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarına əsasən İddiaçı Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-də 10 il 04 ay 08 gün güzəştli şərtlərlə əmək stajı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının XİV- metal emalı bölməsi: Metal emalı sexində təmirçi çilingər (2150100a-18559) kodu ilə göstərilmişdir. İddiaçı işlədiyi müddət ərzində zərərli işə görə 12% miqdarında əlavə əmək haqqı ödənilmiş, əmək qanunvericiliyinin tələbinə uyğun olaraq əmək məzuniyyətinin üzərinə 6 təqvim günü müddətində əlavə məzuniyyət verilmiş və həmçinin tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri (respirator, xüsusi eynək və əlcək) ilə təmin edilmişdir. Bunlarla yanaşı zərərli işə görə süd və ona bərabər tutulan digər məhsullar verilmişdir. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 01.11.1980-ci il tarixdən 30.06.1981-ci il tarixədək 71 saylı şəhər peşə texniki məktəbində təhsil almış, 21.09.1981-ci il tarixdə Əli Bayramlı «Cizahlar» Zavodunun Alət sexinə 2-ci dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmiş, 10.10.1981-ci il tarixdə Sovet ordusuna getdiyinə görə işdən azad edilmiş, 06.12.1983-cü ilədək hərbi hissədə xidmətdə olmuş, 06.02.1984-cü il tarixdən Əli Bayramlı «Cizahlar» Zavodunun Alət sexinə 3-cü dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmiş, 10.07.1985-ci il tarixdə Mexaniki təmir sexinə 3-cü dərəcəli çilingər keçirilmiş, 01.07.1988-ci il tarixdə İxtisas komissiyası tərəfindən çilingər üzrə 4-cü dərəcə verilmiş, 01.10.1988-ci il tarixdə İxtisas komissiyası tərəfindən çilingər üzrə 5-ci dərəcə verilmiş, 19.10.1988-ci il tarixdə SSRİ Əli Bayramlı “Cihazlar”, “Sənaye Avtomatikası və Telemexanika” zavodunun ləğv edilməsi ilə əlaqədar Əli Bayramlı “Sənaye Avtomatikası və Telemexanika” zavoduna köçürülərək işdən azad edilmiş, 19.10.1988-ci il tarixdə Əli Bayramlı “Sənaye Avtomatikası və Telemexanika” zavoduna 5ci dərəcəli çilingər qismində işə qəbul edilmiş, 03.01.1990-cı il tarixdə Plasmas sexinə 5-ci dərəcəli çilingər işinə köçürülmüş, 10.04.1990-cı il tarixdə öz xahişi ilə işdən azad edilmiş, 03.05.1990-cı il tarixdə Əli Bayramlı “Araz” zavoduna Plasmas sexinə 5-ci dərəcəli sazlayıcı vəzifəsinə işə qəbul edilmiş, 19.08.1993-cü il tarixdə öz xahişi ilə işdən azad edilmiş, 01.09.1993-cü il tarixdə “X9-Təmir Zavodu”na 5-ci dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmiş, 29.06.1995-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş, 03.07.1995-ci il tarixdə “Şirvanneft ” NQÇİ-nin 3 saylı NQÇS-də 4-cü dərəcəli Yeraltı Təmir üzrə operator vəzifəsinə işə qəbul edilmiş, 31.01.1996-cı il tarixdə "xxxx" Müştərək Müəssisəsinin fəaliyyət zonasının genişləndirilməsi ilə əlaqədar olaraq köçürmə yolu ilə işdən azad edilmiş, 01.02.1996-ci il tarixdə "xxxx" Müştərək Müəssisəsinə 4-cü dərəcəli Yeraltı Təmir üzrə operator vəzifəsinə qəbul edilmiş, 01.09.1999-cu il tarixdə Əli Bayramlı bölgəsi üzrə Quyuların Əsaslı və Yeraltı təmir sexinə 4-cü dərəcəli YAT-operatoru keçirilmiş, 01.03.2000-ci il tarixdə ixtisası üzrə 5-ci dərəcə verilmiş, 30.11.2000-ci il tarixdə "xxxx" MM-in ləğvi il əlaqədar olaraq əmək müqaviləsinə xitam verilmiş, 01.12.2000-ci il tarixdə Karasu Əməliyyat Şirkətinə Əsaslı və Yeraltı təmir sexinə 5 dərəcəli YAT operatoru qəbul edilmiş, 01.12.2003-cü il tarixdə Quyuların Əsaslı və Yeraltı təmir sahəsinə usta vəzifəsinə təyin edilmiş, 01.07.2005-ci il tarixdə Quyuların Yeraltı təmirində nəzarətçi keçirilmişdir, 01.01.2009-cu il tarixdə Quyuların Əsaslı və Yeraltı təmir sexində Quyuların yeraltı təmiri üzrə usta vəzifəsinə təyin edilmiş, 01.05.2016-cı il tarixdə Quyuların Əsaslı və Yeraltı təmir sexində Quyuların Əsaslı təmiri üzrə usta vəzifəsinə təyin edilmiş, 31.07.2019-cu il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, 01.08.2019-cu il tarixdə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında Quyuların əsaslı və yeraltı təmiri sexində quyuların yeraltı təmiri üzrə usta vəzifəsinə işə qəbul edilmiş, 18.05.2020-ci il tarixdə müəssisənin ləğvi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1963-cü ildə doğulmuşdur. İddiaçı 01.09.1980-ci il tarixdən 30.06.1981-ci il tarixədək Bakı şəhəri 71 nömrəli texniki peşə məktəbində təhsil almış, 24.10.1981-ci il tarixdən 06.12.1983-cü il tarixədək həqiqi hərbi xidmət keçmişdir. İddiaçı 21.09.1981-ci il tarixdə Əli Bayramlı «Cizahlar» Zavodunun Alət sexinə 2-ci dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmiş, 10.10.1981-ci il tarixdə Sovet ordusuna getdiyinə görə işdən azad edilmiş, 06.02.1984-cü il tarixdən Əli Bayramlı «Cizahlar» Zavodunun Alət sexinə 3-cü dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmiş, 10.07.1985-ci il tarixdə Mexaniki təmir sexinə 3-cü dərəcəli çilingər keçirilmiş, 01.07.1988-ci il tarixdə İxtisas komissiyası tərəfindən çilingər üzrə 4-cü dərəcə verilmiş, 01.10.1988-ci il tarixdə İxtisas komissiyası tərəfindən çilingər üzrə 5-ci dərəcə verilmiş, 19.10.1988-ci il tarixdə SSRİ Əli Bayramlı “Cihazlar”, “Sənaye Avtomatikası və Telemexanika” zavodunun ləğv edilməsi ilə əlaqədar Əli Bayramlı “Sənaye Avtomatikası və Telemexanika” zavoduna köçürülərək işdən azad edilmiş, 19.10.1988-ci il tarixdə Əli Bayramlı “Sənaye Avtomatikası və Telemexanika” zavoduna 5-ci dərəcəli çilingər qismində işə qəbul edilmiş, 03.01.1990-cı il tarixdə Plasmas sexinə 5-ci dərəcəli çilingər işinə köçürülmüş, 10.04.1990-cı il tarixdə öz xahişi ilə işdən azad edilmiş, 03.05.1990-cı il tarixdə Əli Bayramlı “Araz” zavoduna Plasmas sexinə 5-ci dərəcəli sazlayıcı vəzifəsinə işə qəbul edilmiş, 19.08.1993-cü il tarixdə öz xahişi ilə işdən azad edilmiş, 01.09.1993-cü il tarixdə “X9-Təmir Zavodu”na 5-ci dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmiş, 29.06.1995-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş, 03.07.1995-ci il tarixdə “Şirvanneft ” NQÇİ-nin 3 saylı NQÇS-də 4-cü dərəcəli Yeraltı Təmir üzrə operator vəzifəsinə işə qəbul edilmiş, 31.01.1996-cı il tarixdə "xxxx" Müştərək Müəssisəsinin fəaliyyət zonasının genişləndirilməsi ilə əlaqədar olaraq köçürmə yolu ilə işdən azad edilmiş, 01.02.1996-ci il tarixdə "xxxx" Müştərək Müəssisəsinə 4-cü dərəcəli Yeraltı Təmir üzrə operator vəzifəsinə qəbul edilmiş, 01.09.1999-cu il tarixdə Əli Bayramlı bölgəsi üzrə Quyuların Əsaslı və Yeraltı təmir sexinə 4-cü dərəcəli YAT-operatoru keçirilmiş, 01.03.2000-ci il tarixdə ixtisası üzrə 5-ci dərəcə verilmiş, 30.11.2000-ci il tarixdə "xxxx" MM-in ləğvi il əlaqədar olaraq əmək müqaviləsinə xitam verilmiş, 01.12.2000-ci il tarixdə Karasu Əməliyyat Şirkətinə Əsaslı və Yeraltı təmir sexinə 5 dərəcəli YAT operatoru qəbul edilmiş, 01.12.2003-cü il tarixdə Quyuların Əsaslı və Yeraltı təmir sahəsinə usta vəzifəsinə təyin edilmiş, 01.07.2005-ci il tarixdə Quyuların Yeraltı təmirində nəzarətçi keçirilmişdir, 01.01.2009-cu il tarixdə Quyuların Əsaslı və Yeraltı təmir sexində Quyuların yeraltı təmiri üzrə usta vəzifəsinə təyin edilmiş, 01.05.2016-cı il tarixdə Quyuların Əsaslı və Yeraltı təmir sexində Quyuların Əsaslı təmiri üzrə usta vəzifəsinə təyin edilmiş, 31.07.2019-cu il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, 01.08.2019-cu il tarixdə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında Quyuların əsaslı və yeraltı təmiri sexində quyuların yeraltı təmiri üzrə usta vəzifəsinə işə qəbul edilmiş, 18.05.2020-ci il tarixdə müəssisənin ləğvi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Lakin həmin Qanunun 21.2-ci maddəsinə sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müddətlərin daxil edilməsi sadalanmış, təhsil müddətinin sığorta stajına daxil edilməsinin nəzərdə tutulduğu isə göstərilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən təhsil müddəti iş stajına daxil edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin pensiya hüququ onun qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur. Pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, lakin təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə deyil, onun təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri ilə müəyyən edilməlidir. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının texniki peşə məktəbində təhsil aldığı müddət də sosial sığorta stajına əlavə edilməlidir. Göründüyü kimi, iddiaçının təhsil aldığı müddət (01.09.1980-30.06.1981), həqiqi hərbi xidmət keçdiyi müddət (24.10.1981-06.12.1983) və işlədiyi dövr (21.09.1981- 10.10.1981; 06.02.1984-10.04.1990; 03.05.1990-19.08.1993; 01.09.1993-29.06.1995; 03.07.1995-01.01.2006) nəzərə alınmaqla, o, 01.01.2006-cı il tarixədək 25 ildən az (24 il 09 ay 25 gün) ümumi sığorta stajına malikdir. Bu baxımdan onun 57 yaşının tamam olduğu tarixdən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Bu səbəbdən də iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3687/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3687/2021
16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver