Məhkəmə qərarları › İş №2-1(112)-369/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-369/2020

21.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-369/2020 21.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi Ələkbərov Maşallah Əli oğlunun (Bakı şəhərində qeyddiyatdadır, ixtisası və vəzifəsi hüquqşünas), cavabdehin nümayəndəsi X3 (Bakı şəhərində qeydiyyatdadır, isxitsası və vəzifəsi hüquqşünas), 3-cü şəxs X5 (Bakı şhərində qeydiyyatdadır, ixtisası iqtisadçı, “xxxx”MMC-nin direktor vəzifəsində işləyir)iştirakı ilə, iddiaçı Bakı şəhər İcra Hakimiyyətinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı «qərarın etibarsız hesab edilməsi və həmin qərarın hüquqi nəticələrinin ləğv edilməsi» tələbinə dair iddiası üzrə işə üçüncü şəxs qismində Əsədov Emin Hüseyn oğlu və Məmmədov Ruslan Vidadi oğlu cəlb edilməklə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vətəndaş Məmmədov Ruslan Vidadi oğluna Binəqədi rayonu, 8-ci mikrorayon, H.Hüseynov küşəsində 400 kv metr torpaq sahəsinin ayrılmasına dair Binəqədi Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 412 nömrəli qərarının etibarsız hesab edilməsi və həmin qərarın hüquqi nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 412 nömrəli qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, H.Hüseynov küçəsində yerləşən 0,04 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Məmmədov Ruslan Vidadi oğluna ayrılmışdır. R.V.Məmmədov həmin sahədə heç bir hərəkət etməmiş və təxminən 2013-cü ilin sentyabr ayında AR DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək həmin torpaq sahəsinin onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. AR DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi xx.xx.2013-cü il tarixli, **********07 nömrəli məktubla Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edib Binəqədi rayonu, 8-ci mkr, H.Hüseynov küçəsində yerləşən 400 kv metr torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınmasına münasibət bildirilməsini xahiş etmişdir. Həmin məktubda qeyd edilmişdir ki, daşınmaz əmlakın dövlət qeydiyyatı ilə əlaqədar araşdırma aparılmış, daşınmaz əmlakın yerləşdiyi ünvana yerində baxış keçirilmiş və məlum olmuşdur ki, daşınmaz əmlak ümumi istifadədə olan torpaq sahəsidir. Eyni məlumatlar xx.xx.2013-cü il tarixli məktubla da eyni zamanda AR ƏMDK tərədindən R.V.Məmmədovun nümayəndəsinə bildirilmiş və qeyd edilmişdir ki, ərazi idarəsinin mütəxəssisləri tərəfindən yerində keçirilən müayinə baxış zamanı həmin torpaq sahəsinin ümumi istifadədə olan torpaq sahəsindən ayrıldığı aşkar edilmişdir. AR DƏDRX-nin Bakı Ərazi İdarəsinin xx.xx.2013-cü il tarixli məktubuna Binəqədi rayon İcra Hakimiyyətinin başcısının birinci müavininin xx.xx.2013-cü il tarixli məktubu ilə cavab verilmiş və bildirilmişdir ki, “Binəqədi Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 412 nömrəli qərarı ilə Məmmədov Ruslan Vidadi oğluna Binəqədi rayonu, 8-ci mikrorayon, H.Hüseynov küçəsində sahibkarlıq fəaliyyəti iə məşğul olmaq üçün ayrılmış torpaq sahəsinə münasibət bildirilməsi məqsədilə torpaq sahəsinin ayrılmasına dair qərar verilən bələdiyyə orqanının Bakı şəhər İcra Hakimiyyətinə müraciəti əsasında müvafiq rəyin alınması daha məqsədəmüvafiq olardı. Buna baxmayaraq sözügedən torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün Məmmədov Ruslan Vidadi oğluna satılması, sonradan üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bununla əlaqədar digər əməliyyatlar barədə Bakı şəhər İcra Hakimiyyətinin məlumatı olmamışdır. AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, 04110554 nömrəli çıxarışa əsasən Bakı şəhəri, Bunəqədi rayonu, 8-ci mikrorayon, H.Hüseynov küçəsində yerləşən 0.04 torpaq sahəsi X5 xüsusi mülkiyyətinə verilmişdir. Aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahəsi qüvvədə olan torpaq qanunverciliyin tələbləri kobud şəkildə pozulmaqla vətəndaş E.H.Əsədovun mülkiyyətinə verilmişdir. Belə ki, qeyd edilən torpaq sahəsi E.H.Əsədova Binəqədi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 412 nömrəli qərarı əsasında X10 oğluna ayrılmış və sonuncunun adına keçmiş DTXK Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin plan və ölçüsü” verilmişdir. Həmin sənəd sonradan AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edilmiş və həmin Xidmət tərəfindən qeyd edilən torpaq sahəsi xüsusi mülkiyyət kimi Məmmədov Ruslan Vidadi oğlunun adına xx.xx.2014-cü ildə dövlət reyestrində qeydyyata alınmış və xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında 51 saylı Notariat kontorunda X1. Qeyd edilən torpaq sahəsinin X9 oğlunun adına rəsmiləşdirilməsində və satılmasında Əsədov Emin Hüseyn oğlu Məmmədov Ruslan Vidadi oğlunun etibarnamə üzrə nümayəndəsi kimi çıxış etmiş, təmsil etdiyi şəxsin adından öz xeyrinə hərəkət etmişdir. Bu isə Əsədov Emin Hüseyn oğlunun vicdanlı alıcı olmasını isisna edir. Beləliklə, aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, Binəqədi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 412 nömrəli qərarı ilə Məmmədov Ruslan Vidadi oğluna Binəqədi rayonu,8-ci mikrorayon, H.Hüseynov küçəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış 400 kv metr torpaq sahəsi bələdiyyənin torpaq sahəsi olmamış, həmin torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsi olmuşdur və bələdiyyə açıq-aşkar öz səlahiyyətlərini aşmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə cavabdehdən iddiaya dair etirazın təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmişdir. Məhkəmə iclasında iştlrak edən iddiaçının nümayəndəsi M.Ələkbərov iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi E.Məmmədov məhkəmə iclasında çıxış edərək iddianın əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. 3-cü şəxs X8 iddiya dair etiraz edərək çıxışında bildirmişdir ki,Bakı şəhəri İcra Hakimiyyətinin bu predmet üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarında olan: Bakı şəhərinin 51 saylı xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən ünvan 1 ünvanda yerləşən mülkiyyətində olan 0,04 ha torpaq sahəsini Məmmədov Ruslan Vidadi oğlu Əsədov Emin Hüseyn oğluna satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən 0,04 ha torpaq sahəsi xx.xx.2014-cü ildə X5 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin AA seriyalı, 061693 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən həmin sənəd Əsədov Emin Hüseyn oğlunun adına xx.xx.2014-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2013-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., H.Hüseynov küçəsində yerəşən 400 kv metr torpaq sahəsi Binəqədi rayon Binəqədi bələdiyyəsinin 412 nömrəli, xx.xx.2004-cü il tarixli qərarı əsasında alqı-satqı yolu ilə sahibkarlıq fəaliyyətinin göstərilməsi məqsədilə ayrılmışdır, qeyd edilən daşınmaz əmlak ümumi istifadədə olan torpaq sahəsi olmuşdir. Azərbaycan Respublikasl Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2017-ci il tarixli məktubuna əsasən üçüncü şəxs X7 bildirilmişdir ki, təqdim edilmiş koordinatlara əsasən mövcud elektron kadastr məlumat bazasında müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu, 8-ci mkr., H.Hüseynov küçəsində yerləşən və həmin şəxsin mülkiyyətində olan torpaq sahəsi Binəqədi bələdiyyəsinin hüdudları daxilində yerləşir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarına əsasən iddiaçı Əsədov Emin Hüseyn oğlunun cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddiası təmin edilərək Əsədov Emin Hüseyn oğlunun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., H.Hüseynov küçəsində yerləşən 400 kv metr torpaq sahəsi üzərində fərdi qeyri-yaşayış binasının eskiz layihəsi əsasında inşa edilməsinə icazə verilməsi barədə sərəncam verilməsi cavabdeh Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilmişdir, Bakı şəhəri Binəqədi rayonu, 8-ci mkr., H.Hüseynov küçəsində yerləşən 400 kv metr torpaq sahəsinin daş hasara alınmasına yaradılmış maneənin aradan qaldırılması vəzifəsi cavabdeh Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur, qeyd edilən qərardan verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsiin inzibati-iqtisadi kollegiyasının 2-1(103)-338/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə təmin edilməmişdir və sonuncu qərar da Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-1517/18 nömrəli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 1 saylı Bakı İnzibati Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-2594/2016 nömrəli qərarına əsasən iddiaçı Binəqədi rayon İcra Hakimiyyəri cavabdeh Binəqədi rayon Binəqədi Bələdiyyəsinə və üçüncü şəxs Məmmədov Ruslan Vidadi oğluna qarşı iddia qaldıraraq R.V.Məmmədova sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin mülkiyyətinə ayrılması haqqında xx.xx.2004-cü il tarixli, 412 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Həmin işə baxılan zaman X8 da 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Qeyd edilən məhkəmə qərarı ilə iddia rədd edilmişdir. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-1(103)-1448/17 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadı ilə ləğv edilərək iddia müddətinin iddiaçı tərəfindən buraxılması əsası ilə iddia mümkün hesab edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının qərardadından verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2229/17 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Apellyasiya instansiyasında işə baxılan zaman məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2014-cü il tarixli məktubuna əsasən həmin torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli sərəncamı ilə Binəqədi Bələdiyyəsinə ayrılmış torpaq sahəsinin hüdudlarında yerləşir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, Binəqədi rayon Binəqədi Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 412 nömrəli qərarı ilə Məmmədov Ruslan Vidadi oğluna Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., H.Hüseynov küçəsində yerləşən 400 kv metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ qeyd edilən şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., H.Hüseynov küçəsində yerləşən 400 kv metr torpaq sahəsini Məmmədov Ruslan Vidadi oğlu X2 və hazırda torpaq sahəsi qeyd edilən şəxsin xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Sonuncu torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etdikdən sonra məhkəmə qaydasında qeyri-yaşayış binasının eskiz layihəsi əsasında inşa edilməsinə icazə verilməsi barədə sərəncam verilməsinin Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., H.Hüseynov küçəsində yerləşən 400 kv metr torpaq sahəsinin daş hasara alınmasına yaradılmış maneənin aradan qaldırılması vəzifəsinin Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə iddia qaldırmış və iddia hazırda qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmişdir. Hazırda iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Binəqədi rayon Binəqədi bələdiyyəsinin 412 nömrəli, xx.xx.2004-cü il tarixli qərarının və həmin qərarın hüquqi nəticələrinin ləğv edilməsini tələb edir, tələbini onunla əsaslandırır ki, torpaq sahəsi bələdiyyə torpağı olmamışdır, ümumi istifadədə olan torpaq olmuşdur. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.4-cü maddəsinə əsasən etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Həmin qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. İşin faktiki hallarına əsasən iddiaçının mübahisələndirdiyi qərara münasibətdə qeyd edilən hallar mövcid deyildir. Belə ki, əvvəla məhkəmə qeyd edir ki, hazırda qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1448/17 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadı ilə müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində göstərilən torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli sərəncamı ilə Binəqədi Bələdiyyəsinə ayrılmış torpaq sahəsinin hüdudlarında yerləşir. Digər tərəfdən iddiaçı torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid torpaq sahəsi olmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5-ci maddəsində göstərilir: “1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.” Həmin Məcəllənin 46-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarixmədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. Həmin Məcəllənin 46-cı maddəsinin 2-ci bəndinə əsasən göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Lakin işə baxılan zaman iddiaçı tərəfindən mübahisələndirilən bələdiyyə qərarında göstərilən torpağın qeyd edilən torpaq kateqoriyalarına aid olması müəyyən edilməmişdir. Əksinə həm qanuni qüvvəyə minmiş məhkəmə qərardadına, həmin qərardadda istinad edilən Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2014-cü il tarixli məktubuna, həm də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2017-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, H.Hüseynov küçəsində yerləşən, hazırda X4 mülkiyyətində olan, mübahisələndirilən qərarda göstərilən 400 kv metr torpaq sahəsi bələdiyyə torpaqlarına aiddir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. İddiaçının mübahisələndirilən qərarda göstərilən torpaq sahəsinin ümumi istifadədə olan torpaq sahəsi olması barədə bildirdiklərinə gəldikdə isə məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-ci bəndinə əsasən bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Həmin maddənin6-cı bəndində göstərilmişdir ki, bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Həmin maddənin 7-ci bəndində isə qeyd edilənlərə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyətinin cavabdeh Binəqədi Bələdiyyəsinə qarşı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vətəndaş Məmmədov Ruslan Vidadi oğluna Binəqədi rayonu, 8-ci mikrorayon, H.Hüseynov küşəsində 400 kv metr torapq sahəsinin ayrılmasına dair Binəqədi Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 412 nömrəli qərarının etibarsız hesab edilməsi və həmin qərarın hüquqi nəticələrinin ləğv edilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2,36,68,69,85, 110-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin cavabdeh Binəqədi Bələdiyyəsinə qarşı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vətəndaş Məmmədov Ruslan Vidadi oğluna Binəqədi rayonu, 8-ci mikrorayon, H.Hüseynov küşəsində 400 kv metr torpaq sahəsinin ayrılmasına dair Binəqədi Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 412 nömrəli qərarının etibarsız hesab edilməsi və həmin qərarın hüquqi nəticələrinin ləğv edilməsi barədə iddiası təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar