Məhkəmə qərarları › İş №2-1(112)-3691/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3691/2021

28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3691/2021 28.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı, 3-cü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinə qarşı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 3-cü şəxs qismində cəlb edilməklə “hərbi xidmətdən azad olunma” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun hərbi xidmətdən azad olunmasının Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 26.01.2021-ci il tarixli 2-1(112)-3691/2021 saylı qərardadı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Daha sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh və 3-cü şəxs inzibati orqana təqdim edilərək, cavabdehdən və 3-cü şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İddiaçı məhkəməyə 28 aprel 2021-ci il tarixli ərizə ilə müraciət edərək, iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əsl cavabeh Cavabdeh ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 28.04.2021-ci il tarixli 2- 1(112)-3691/2021 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl Cavabdeh ilə əvəz edilmişdir. Məhkəmə iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, iş ərazi aidiyyəti baxımından Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. İşin aidiyyət məsələsi müzakirə edilərkən, İddiaçı hazırkı işin aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədi. 3-cü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi bildirdi ki, qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və çağırışdan azad etmək səlahiyyəti Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin deyil, həmin Xidmətin yaşayış yeri üzrə yerli idarə, şöbə və bölmələrinin səlahiyyətindədir. Bu baxımdan iş aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir. Həmin Qanunun 12.2.1-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları həqiqi hərbi xidmətə çağırılırlar. Həmin Qanunun 12.4-cü maddəsinə əsasən, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında Azərbaycan Respublikasının Prezidentinin aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməlidirlər. Həmin Qanunun 13.1-ci maddəsinə görə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda aşağıdakı tərkibdə çağırış komissiyaları yaradılır. Eyni Qanunun 14.1.5-ci maddəsinin tələbinə görə bu qanunda nəzərədə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şəhər, şəhərdə rayon çağırış komissiyalarının vəzifələrinə aid edilmişdir. Göründüyü kimi, qeyd edilən Qanuna əsasən müddətli həqiqi hərbi xidmətə çağırışdan azad etmə səlahiyyəti Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə aiddir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14.11.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Quba rayonu Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir (17.5-cu bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə əsasən “Digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır”. Beləliklə, Məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinə qarşı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 3-cü şəxs qismində cəlb edilməklə “hərbi xidmətdən azad olunma” tələbi barədə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-3691/2021 saylı iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar