Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3692/2020 08.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müavinətin verilməsi tələbinə dair mübahisəyə dair işə şifahi məhkəmə baxışı iclasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Kəşfiyyat və əks kəşfiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 20.6 və 20.7-ci maddələrinin ona şamil olunması və həmin maddələrə görə 2004 və 2005-ci illər üçün müavinətlərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1992-ci il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həqiqi hərbi xidmətə çağırılmışdır. 778 saylı Xüsusi Təyinatlı Taborun tərkibində qrup komandiri vəzifəsində Ağdərə, Laçın və Kəlbəcər rayonlarının yaşayış məntəqələrinin Ermənistan Silahlı Qüvvələrindən azad olunması döyüşlərində iştirak etmişdir. Müharibə veteranıdır. xx.xx.1993-cü il tarixdən Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin tabeçiliyində olan N saylı hərbi hissədə (sonradan dəyişilərək N saylı hərbi hissə olmuşdur) xüsusi əməliyyat kəşfiyyatı ilə məşğul olan şöbədə zabit, baş zabit və xx.xx.1996-cı il tarixdən isə “yaşa görə” ehtiyata buraxılanadək, xx.xx.2005-ci il tarixinədək Gürcüstan istiqamətinin rəisi vəzifəsində xidmət etmişdir. xx.xx.2004-cü il tarixdə, yəni onun ehtiyata buraxılmasından 8 ay öncə “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikası Prezidentinin 104A saylı Fərmanı ilə qüvvəyə minmiş və tətbiq olunmağa başlamışdır. Lakin bu günədək həmin Qanunun 20.6-cı və 20.7-ci maddələrinə görə ona verilməli olan 2004 və 2005-ci illər üçün müavinətləri ala bilmir. “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 03 avqust 2004-cü il tarixli, 104A Fərmanında 20.6 və 20.7-ci maddələr heç bir əlavələrə, dəyişikliklərə, rəylərə ehtiyac olmadan imzalandığı gündən qüvvəyə minmiş və tətbiq olunmağa başlanmışdır. Lakin Müdafiə Nazirliyinin aidiyyatı üzrə qurumları 20.6 və 20.7-ci maddələri ona şamil olunmasını mümkün hesab etmirlər. Qanunun 20.6 və 20.7-ci maddələrinin tətbiq olunması barədə Müdafiə nazirinin 19 aprel 2005-ci il tarixli 184 saylı əmrinə əsasən guya onun xx.xx.2005-ci il tarixindən ehtiyata buraxıldığına görə ona şamil edilə bilməz. Göründüyü kimi Müdafiə Nazirliyi Konstitusiya və Qanun pozuntusuna yol vermiş, Azərbaycan Respublikası Prezidentinin qüvvəyə minmə və tətbiq olunmağa başlanması barədə Fərmanı dəyişdirmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 izahatında göstərdi ki, iddiaçı nəinki xüsusi, hətta, ümumi iddia müddətinin vaxtını ötürmüşdür. Belə ki, mübahisələndirdiyi münasibətlər 2004-2005-ci illərə aid olduğu halda, o, 15 ildən sonra məhkəməyə müraciət etmişdir. Bununla da iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Buna görə də iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı iddia tələbində “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 20.6 və 20.7-ci maddələrinə görə 2004-2005-ci illər üçün müavinətlərin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmasını tələb edir. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2328/2014 saylı, 10 sentyabr 2014-cü il tarixli qərardadından görünür ki, İddiaçı ona “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 20.8-ci maddəsinə görə pensiya hesablanması üçün rəyin verilməsi, 20.6-cı və 20.7-ci maddələrinə görə 2004-2005-ci illər üçün müavinətlərin və 20.10-cu maddəsinə görə isə artımların verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə iddiası mümkün sayılmamışdır. Həmin qərardad üzrə iddianın mümkün sayılmamasına əsas olaraq iddiaçının iddia ərizəsində göstərilən tələblərə artıq bir dəfə məhkəmə icraatı qaydasında baxılması, həmin tələblər üzrə qəbul edilmiş məhkəmə qərarının artıq qüvvəyə mindiyi, qanunvericiliyin tələblərində barəsində məhkəmə qərarı qəbul edilmiş tələbə təkrar baxıla bilməsi nəzərdə tutulmamışdır. Həmin qərardad əsasında müəyyən edilənlərdən görünür ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2006-cı il tarixli, 6K-2615/06 saylı qərarına əsasən iddiaçı əvvəllər də cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq ona “Kəşfiyyat və əks- kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 20.8-ci maddəsinə görə pensiyanın, həmin qanunun 20.6, 20.7 və 20.10-cu maddələrinə əsasən müavinət və artımların hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə tapşırılmasını tələb etmişdir. İddiaçının iddia tələbinin əsası da hazırda iddia ərizəsində göstərildiyi kimi onun yüksək ixtisaslı mütəxəssislər tərəfindən seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul edilməsi, buna görə də 1980-1992-ci illərə aid mülki əmək stajının da pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün xidmət illərinə hesablanmalı olması olmuşdur. Qeyd edilən məhkəmə aktından göründüyü kimi iddia tələbi Səbail Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-465/06 saylı qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 1MK-4480/06 saylı qətnaməsi ilə qüvvədə saxlanılmış və apellyasiya instansiya məhkəməsinin qətnaməsindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2006-cı il tarixli, 6K-2615/06 saylı qərarı ilə təmin edilməmişdir. Göründüyü kimi iddiaçının iddia ərizəsində göstərilən tələblərə artıq bir dəfə məhkəmə icraatı qaydasında baxılmışdır, həmin tələblər üzrə qəbul edilmiş məhkəmə qərarı artıq qüvvəyə minmişdir. Buna görə də 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2328/2014 saylı, 10 sentyabr 2014-cü il tarixli qərardadına əsasən İddiaçı ona “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 20.8-ci maddəsinə görə pensiya hesablanması üçün rəyin verilməsi, 20.6-cı və 20.7-ci maddələrinə görə 2004-2005-ci illər üçün müavinətlərin və 20.10-cu maddəsinə görə isə artımların verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə iddiası mümkün sayılmamışdır. Buna baxmayaraq iddiaçı həmin qərardadı mübahisələndirmədən, uzun müddətdən sonra yenidən eyni tələblə məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin tələblərində barəsində məhkəmə qərarı qəbul edilmiş tələbə təkrar baxıla bilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; (8.1-ci bənd) Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; (8.2-ci bənd). Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. (8.3-cü bənd) Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Qərarın həmçinin 15.5-ci bəndində İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğu qeyd olunmuşdur. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.(15.6-cı bənd) Plenumun qeyd olunan Qərarının tələbi baxımından göründüyü kimi iddiaçının hazırki iddia tələbi ilə bağlı yenidən məhkəməyə müraciət etmək hüquququnun olması o halda mümkündür ki, iddia tələbi mümkünlük şərtlərinə əməl edilməklə verilmiş olsun. Lakin hazırkı halda iddiaçı eyni tələblə mümkünlük şərtlərinə əməl etmədən məhkəmədə iddia qaldırmışdır. Yuxarıda qeyd olunanlara əsasən və 15.6-cı bəndin tələblərini mövcud münasibətlərə tətbiq edərək məhkəmə hesab edir ki, iddia mümkün saymamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Odur ki, iddia tələbi mümkün sayıla bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müavinətin verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3692/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3692/2020
08.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver