Məhkəmə qərarları › İş №2-1(112)-3696/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3696/2022

27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3696/2022 27.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi , İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinə qarşı doğum akt qeydinin bərpa edilməsi öhdəliyi barədə iddia tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, doğum haqqında şəhadətnaməsi itdiyi üçün doğum akt qeydinin bərpa olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, 01 avqust 1983-cü il tarixdə Ermənistan SSR Vardenis rayonunda Şəfəq kəndində anadan olmuş və hal-hazırada da, Bakı şəhərində yaşayır. Hərbiçidir. X2 anası isə X4r. Onun doğum haqqında şəhadətnaməsi və digər sənədləri mövcud olmuş, lakin sonradan itmiş və başqa qaydada bərpa etmək mümkün olmamışdır. Hal-hazırda ona doğum haqqında şəhadətnaməsinin kserosurəti vardır. Bu baxımdan doğum akt qeydinin bərpa olunması ilə bağlı Binəqədi rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Həmin qurumun 16 oktyabr 2021-ci il tarixli məktubu ilə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”nın birinci bəndində əsasən kifayət qədər əsas olmadığı üçün ərizəsini təmin etməyin qeyri-mümkün olduğu bildirilmişdir və ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, xx.xx.1983-cü ildə Ermənistan SSR-nin Vardenis rayonunun, Şəfəq qəsəbəsində doğulmuş, doğum faktı Ermənistan SSR-nin Vardenis rayonu X16 tərəfindən 01.08.1983cü ildə, 66 saylı akt qeydi ilə qeydə alınmış, anası milliyyətcə azərbaycanlı X7, atası azərbaycanlı X6 olan İddiaçı doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə məhkəmənin 2-1(112)-12216/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə münasibət təqdim edilərək bildirilmişdir ki, İddiaçı (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AZE ********) Ermənistan Vardenis rayonu X16ndə tərtib edilmiş doğum haqqında akt qeydinin bərpa edilməsi barədə müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyəyn edən əsas müddəaları”nın 13-cü bəndinə əsasən kifayət qədər əsaslar olmadığı üçün ərizəsini təmin edə bilməmişlər. Bununla bağlı vətəndaşa rəsmi imtina məktubu təqdim edilmişdir. İş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxırlar. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmişdir. Cavabdeh tərəfindən məhkəməyə məktub təqdim edilərək, işə onların iştirakı olmadan baxılmasın xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 16.10.2021-ci il tarixli, 2296/13 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının Binəqədi rayon Qeydiyyat Şöbəsinə ünvanladığı doğum haqqında akt qeydinin bərpa edilməsi barədə müraciətinə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizəsinin təmin edilməsi mümkün deyildir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 27.07.1983-cü il təvəllüdlü İddiaçı, Ermənistan, Vardenis rayonu, Şəfəq kəndində anadan olmuş, yaşayış yeri üzrə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, N nömrəli hərbi hissə göstərilmişdir. İşdə olan iddiaçıya məxsus Ermənistan SSR Vardenis rayonu X16 tərəfindən verilmiş İV-СЛ seriyalı, 293479 nömrəli, 01.03.1983-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı, xx.xx.1983-cü ildə Ermənistan SSR-nin Vardenis rayonunun, Şəfəq qəsəbəsində doğulmuş, doğum faktı Ermənistan SSR-nin Vardenis rayonu X16 tərəfindən 01.08.1983-cü ildə, 66 saylı akt qeydi ilə qeydə alınmış, anası milliyyətcə azərbaycanlı X7, atası azərbaycanlı X5r. İşdə olan Azərbaycan SSR Zaqatala rayonu Varxiyan kənd Soveti tərəfindən verilmiş İİ-ЖГ seriyalı, 457015 nömrəli “Nikahın bağlanması haqqında” şəhadətnamənin surətindən görünür ki, 28 fevral 1955-ci il təvəllüdlü X6 ilə 01 yanvar 1960-cı il təvəllüdlü X9 arasında 13 fevral 1982-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Bu barədə nikah akt qeydində 13 fevral 1982-ci ildə, 4 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “İbrahimova” soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 18590489 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 28.02.1955-ci il təvəllüdlü X1 rayonunda anadan olmuş, yaşayış yeri üzrə ünvan 2 ünvanında qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 13396989 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 01.01.1960-cı il təvəllüdlü X10 Ermənistan Vardenis rayonunda anadan olmuş, yaşayış yeri üzrə ünvan 3 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən “AZEİMS” X3 “sorğu məlumatları” bölməsindən əldə edilmiş iddiaçının şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən edilmişdir ki, elektron informasiya sistemində mövcud olan ilk şəxsiyyət vəsiqəsi iddiaçıya 04.08.2016-cı il tarixdə Abşeron RPİ tərəfindən verilmişdir. Məhkəmənin sorğusuna əsasən sözügedən şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinin, surətləri saxlanılmadığı təqdirdə isə İddiaçı fərdi uçot kartoçkasının surətinin qısa müddət ərzində məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Məhkəmənin sorğusuna əsasən Abşeron rayon Polis İdarəsi tərəfindən 11.04.2022-ci il tarixli, 118-24557 nömrəli məktubla İddiaçı şəxsiyyət vəsiqəsinin verilməsin əsas olmuş sənədlərin saxlanma müddəti bitdiyi üçün, fərdi uçot kartoçkasının surəti təqdim edilmiş, məhkəmə tərəfindən sözügedən fərdi uçot kartoçkasına baxış keçirilərkən müəyyən edilmişdir ki, İddiaçı Abşeron rayon Polis İdarəsi tərəfindən sözügedən şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənəd qismində İV-СЛ seriyalı, 293479 nömrəli, 01.03.1983-cü il tarixli doğum haqqında şəhadətnamə göstərilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətindən 16 oktyabr 2021-ci il tarixli, 2296/13 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Əsas müddəaların 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Əsas müddəaların 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Əsas müddəaların 18-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası məhkəmənin qətnaməsi əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Qeyd edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçı müvafiq ərizə ilə özünün yaşadığı ərazi üzrə qeydiyyat orqanına müraciət etməkdə haqlı olmuşdur. İş materiallarından da, göründüyü kimi, iddaçının bərpa olunmasını tələb etdiyi müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənəd-ona məxsus doğum haqqında şəhadətnamənin mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən sonuncunun müraciətinin təmin olunmasından imtina olunmuşdur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. xx.xx.1983-cü ildə Ermənistan SSR-nin Vardenis rayonunun, Şəfəq qəsəbəsində doğulmuş, doğum faktı Ermənistan SSR-nin Vardenis rayonu X16 tərəfindən 01.08.1983cü ildə, 66 saylı akt qeydi ilə qeydə alınmış, anası milliyyətcə azərbaycanlı X7, atası azərbaycanlı X6 olan İddiaçı doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar