Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3698/2022 12.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli **********6 saylı məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsində (10.5) əmtəə operatoru peşəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi SOCAR-ın "xxxx" İstehsalat Birliyinin 26 may 2021ci il tarixli SƏ14-67A nömrəli arayışında xx.xx.2010-cu il tarixindən bugünədək “Bibiheybətneft” Neft və qazçıxarma İdarəsinin neftin kompleks hazırlanması və nəqli sahəsində əmtəə operatoru peşəsində işlədiyi qeyd olunmuşdur. Onun işlədiyi sahə yuxarıda qeyd olunan neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 10 ildən (4 il 1 ay 26 gün (xx.xx.1986-xx.xx.1987-ci il və xx.xx.2005-31,05.2009-cu il tarixləri) azdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinasının əsassız hesab edilməsi, ona 16 il, 05 ay, 03 gün iş stajı ilə güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi və ona xx.xx.2018-ci il tarixdən ödənilməklə, xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul olunmuşdur. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 16 avqust 1982-ci il tarixdə «BakıÇörəkTicarət» sistemində əmək fəaliyyətinə başlamış, həmin vaxtdan bu günə qədər müxtəlif təşkilatlarda ayrı-ayrı vəzifələrdə işləmişdir və bu günədək fasiləsiz 40 ilə yaxın əmək stajı vardır. SOCAR "xxxx" İstehsalat Birliyi “Bibiheybətneft” Neft və qazçıxarma İdarəsi tərəfindən cavabdehə ünvanlanaraq verilmiş 08 sentyabr 2021-ci il tarixli SƏ14- 92A qeydiyyat nömrəli arayışda göstərilir ki, “İddiaçı həqiqətən xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək 26 Bakı Komissarları adına Neft və qazçıxarma İdarəsinin (indiki “Bibiheybətneft” Neft və qazçıxarma İdarəsi) 4 saylı NQÇS-də (neft mədənində) quyuların tədqiqi üzrə operator peşəsində (4 ay), xx.xx.2005-ci ildən xx.xx.2009-cu ilədək “Bibiheybətneft” Neft və qazçıxarma İdarəsinin 4 saylı NQÇS-də quyuların tətbiqi üzrə operator peşəsində (3 il 9 ay 26 gün), xx.xx.2009-cu ildən xx.xx.2010-cu ilədək “Bibiheybətneft” Neft və qazçıxarma İdarəsinin 4 saylı NQÇS-də əmtəə operatoru (1 il 3 ay) və xx.xx.2010-cu ildən hal-hazıradək “Bibiheybətneft” Neft və qazçıxarma İdarəsinin Neftin kompleks hazırlanması və nəqli sahəsində əmtəə operatoru peşəsində (11 il 0 ay 07 gün) işləyir. Həmin müddət 16 il 5 ay 03 gün iş stajı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının 10.2-ci hissəsinin “a” bəndinə uyğun olaraq, güzəştli şərtlərlə pensiya hüququna malikdir. Qeyd: Neftin kompleks hazırlanması və nəqli sahəsinin əmtəə operatoru peşəsində çalışan işçilər bilavasitə neft və qazçıxarma sahələrinə xidmət göstərir.” Göründüyü kimi, SOCAR "xxxx" İstehsalat Birliyi “Bibiheybətneft” Neft və qazçıxarma İdarəsinin, öz arayışı ilə verdiyi izahata görə iddiaçının işlədiyi sahə, bilavasitə neft və qazçıxarma sahələrinə aiddir və bununla da emal sahəsinə aiddir. Müraciətinə baxılarkən cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin siyahısı”-na əlavə və dəyişikliklərin 10.2-ci hissəsinə istinad etməli idi, lakin cavabdeh bunu etməmiş, bununla da onun hüquqlarını pozmuşdur. Müraciəti üzrə cavabdeh inzibati orqan tərəfindən aparılmış inzibati icraat çərçivəsində iddiaçının işlədiyi sahənin güzəştli şərtlərlə iş sahəsinə aid olması barədə SOCAR "xxxx" İstehsalat birliyi “Bibiheybətneft” Neft və qazçıxarma İdarəsinin təqdim etdiyi sənədlər araşdırılmamışdır. Eyni zamanda inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli **********2 nömrəli iddiaya yazılı etirazında imtinada göstərilənlərə istinad etməklə yanaşı bildirmişdir ki, iddiaçının işlədiyi sahə neftin, qazın, qaz kondensatının emalı, kömürün və şistin emalı sahəsinə aid deyil. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçının işlədiyi vəzifələrdən yalnız operator istinad olunmuş siyahıda öz əksini tapmışdır. Bu baxımdan məhz xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək olan dövr, ümumilikdə 04 il 01 ay 26 gün, güzəştli iş stajı sayıla bilər. Cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun çıxış etdi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış etdi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İddianın mümkünlüyünü yoxlayan məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Çünki iddiaçının onun barəsində əlverişli inzibati akt qəbul edilməsini tələb etdiyi hazırkı iddia inzibati mühakimə icraatı qaydasında baxılan iddiadır. İddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur və o, məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə, məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra –ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, xx.xx.2017-ci il tarixədək qüvvədə olan qanunvericiliyə əsasən qadınlara güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün:
1. xx.xx.2017-ci il tarixədək 52 yaşı tamam olmalı;
2. azı 20 il sığorta stajına malik olmalı;
3. bu müddətin azı 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmalıdır. İ tələb üzrə İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü ildə anadan olmuş, onun 52 yaşı xx.xx.2016-cı il tarixdə tamam olmuşdur. Deməli, iddiaçı xx.xx.2017-ci il tarixədək qüvvədə olan qanunvericiliyin tətbiq edilməsi üçün tələb olunan ilkin şərti ödəyir. İİ tələb üzrə İddiaçıya aid ******* nömrəli əmək kitabçasından görünür ki, o, xx.xx.1982-ci ildə“Bakıçörəkticarət” idarəsinin 28 saylı mağazasına baş satıcı vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci ildə Azərbaycan SSR Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmiş, xx.xx.1985-ci ildə Azərbaycan SSR MSX-nin eroziya şöbəsinə baş laborant vəzifəsinə təyin edilmiş, xx.xx.1986-cı ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1986-cı ildə 26 Bakı Komissarları adına Neftqazçıxarma İdarəsinin 4 saylı neft-qaz çıxarma sexində (neft sənayesi) müvəqqəti olaraq geoloq texniki vəzifəsinə təyin edilmiş, xx.xx.1986-cı ildə quyuların tədqiqi üzrə 3-cü dərəcəli operator vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci ildə eyni sexdə 2-ci dərəcəli quyuların gündəlik hasilatını ölçən vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci ildə 2-ci dərəcəli quyuların gündəlik hasilatını ölçən vəzifəsinə təyin edilmiş, xx.xx.1992-ci ildə “Bibiheybət Neftqazçıxarma” Neftqazçıxarma İdarəsinə eyni vəzifəyə keçirilmişdir. xx.xx.1992-ci ildə A.D.Əmirov adına NQÇİ-dən keçirmə yolu ilə 4 saylı neftqazçıxarma sexinə quyuların gündəlik hasilatını ölçən vəzifəsinə təyin edilmiş, xx.xx.1996-cı ildə 3-cü dərəcəli quyuların gündəlik hasilatını ölçən vəzifəsinə təyin edilmiş, xx.xx.1996-cı ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. İddiaçı xx.xx.1997-ci ildə Bibiheybət neftqazçıxarma sexinə 3-cü dərəcə üzrə quyuların gündəlik hasilatını ölçən vəzifəsinə təyin edilmişdir. AR Dövlət Neft Şirkətinin xx.xx.2003cü il tarixli 25 saylı əmrilə Dənizdə və Quruda Neft və Qazçıxartma istehsalat birlikləri birləşdirilərək onların bazasında "xxxx" İstehsalat Birliyi yaradılmışdır. AR Dövlət Neft Şirkətinin xx.xx.2003-cü il tarixli 28 saylı əmrilə “Bibiheybətneft” Neft və qazçıxarma İdarəsi yeni yaradılmış "xxxx" İstehsalat Birliyinin strukturuna daxil edilmişdir. İddiaçı xx.xx.2005-ci il tarixdə həmin sexdə müvəqqəti olaraq quyuların tədqiqi üzrə 5-ci dərəcə operator peşəsinə keçirilmiş, xx.xx.2009-cu ildə həmin sexdə 4-cü dərəcə əmtəə operatoru peşəsinə keçirilmiş, xx.xx.2010-cu ildə neftin suyun kompleks hazırlanması və vurulması sexinə 4-cü dərəcə əmtəə operatoru peşəsinə keçirilmişdir. xx.xx.2011-ci ildə NQÇİ-nin 2011-ci il tarixinə təsdiq olunmuş ştat cədvəlinə əsasən “Neftin, suyun kompleks hazırlanması və vurulması” sexinin adı “Neftin, suyun kompleks hazırlanması və nəqli” sexinə dəyişdirilmişdir. xx.xx.2012-ci ildə NQÇİ-nin 2012-ci il tarixinə təsdiq olunmuş ştat cədvəlinə əsasən “neftin, suyun kompleks hazırlanması və nəqli” sexinin adı “neftin kompleks hazırlanması və nəqli” sexinə dəyişdirilmişdir. xx.xx.2014-cü il tarixdə “neftin kompleks hazırlanması və nəqli” sexi “neftin kompleks hazırlanması və nəqli” sahəsi adlandırılmışdır. İddiaçı xx.xx.2021-ci ildə “Neftin kompleks hazırlanması və nəqli” sahəsinin neftin yığılması, hazırlanması və nəqli xidmət sahəsində 5-ci dərəcə əmtəə operatoru peşəsinə keçirilmişdir və hazırda həmin vəzifədə işləyir. Beləliklə, iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərə əsasən onun xx.xx.2016-cı il tarixə 32 il 27 gün ümumi is stajı olmuşdur. Deməli, iddiaçı qanunvericiliklə tələb olunan ikinci tələbi də ödəyir. İİİ tələb üzrə İşdə olan SOCAR "xxxx" İstehsalat Birliyi “Bibiheybətneft” Neft və qazçıxarma İdarəsi tərəfindən iddiaçıya verilən xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli arayışlarından görünür ki, İddiaçı xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilədək 26 Bakı Komissarları adına Neft və Qazçıxarma İdarəsinin (indiki "Bibiheybətneft" NQÇİ) 4 saylı NQÇS-də (neft mədənində) quyuların tədqiqi üzrə operator peşəsində (4 ay), xx.xx.2005-ci ildən 31,05.2009-cu ilədək "Bibiheybətneft" NQÇİ-nın 4 saylı NQÇS-də quyuların tədqiqi üzrə operator peşəsində (3 il 9 ay 26 gün), 01.06 2009-cu ildən xx.xx.2010-cu ilədək "Bibiheybətneft” NQÇİ-nin 4 saylı NQÇS-də əmtəə operatoru peşəsində (1 il 3 ay) və xx.xx.2010-cu ildən hal-hazıradək "Bibiheybətneft” NQÇİ-nin Neftin kompleks hazırlanması və nəqli sahəsində əmtəə operatoru peşəsində (11 il 2 ay 21 gün) işləyir. Arayışda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarına əsasən quyuların tədqiqi üzrə operator peşəsi güzəştli şərtlər siyahısında öz təsdiqini tapmışdır. Həmin qərara edilmiş əlavə və dəyişikliyin 10.2 hissəsinin “a” bəndinə uyğun olaraq əmtəə operatoru peşəsi güzəştli şərtlərlə pensiya hüququna malikdir. Neftin kompleks hazırlanması və nəqli sahəsinin əmtəə operatoru peşəsində çalışan işçilər bilavasitə neft və qazçıxarma sahələrinə xidmət göstərir. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisə arayışda İddiaçı işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın Neft, qaz və qaz kondensatının hasilatı sahəsi ilə bağlı peşələri nəzərdə tutan 10.2-ci bəndində təsbit olunduğunu göstərsə də, iddiaçının işlədiyi vəzifənin həmin bənd üzrə konkret hansı peşəyə uyğun gəlməsini göstərməmişdir. İşdən görünür ki, cavabdeh məhz bu halı mübahisələndirmiş, iddiaçının işlədiyi müəssisənin təqdim etdiyi güzəştli iş stajı barədə arayışı qəbul etməyərək əmtəə operatoru peşəsinin neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsində (10.5) nəzərdə tutulduğunu, iddiaçının işlədiyi sahənin isə qeyd olunan neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə aid olmadığını bildirmişdir. Oxşar işlər üzrə yuxarı instansiya məhkəmələrinin formalaşmış mövqeyinə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Buna görə də məsələnin araşdırılması ilə bağlı iddiaçının işlədiyi müəssisəyə sorğu verilmiş, iddiaçıya məxsus əmək kitabçasında quyuların tədqiqatı üzrə operator deyil, əmtəə operatorunun nəzərdə tutulduğu, bu peşələrin eyni əmək funksiyasına malik olub olmaması və neftin emalı sahəsi üzrə əmtəə operatoru ilə neftin kompleks hazırlanması sahəsində əmtəə operatoru peşəsinin əmək funksiyalarının eyni olub olmaması barədə məlumatın məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Sorğuya cavab olaraq SOCAR "xxxx" İstehsalat Birliyi “Bibiheybətneft” NQÇİ tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim olunan məktubda göstərilmişdir ki, quyuların tədqiqi üzrə operator peşəsi quyularda neft və qazın hasilatının ölçülməsi, dinamometrlərlə nasosun işinin tədqiq edilməsi, dərinlik cihazları ilə tədqiqat işlərinin aparılması işlərini, əmtəə operatoru peşəsi isə neft məhsullarının rezervuarlarda, sistemlərdə, neft kəmərlərində ölçülməsi, nümunə götürülməsi və neft tutucularından neftin və neft məhsullarının yığılması və ölçü çənlərinə vurulması işləri ilə məşğul olur. Habelə neftin emalı sahəsi üzrə əmtəə operatoru peşəsi ilə neftin kompleks hazırlanması sahəsinin əmtəə operatoru peşəsinin əmək funksiyaları eynidir. Müəssisənin bu məktubu nəzərə alınaraq xx.xx.2022-ci il tarixdə məhkəmə tərəfindən yenidən müəssisəyə sorğu ünvanlanmış və hansı əsasla neftin emalı sahəsi üzrə əmtəə operatoru peşəsi ilə neftin kompleks hazırlanması sahəsinin əmtəə operatoru peşəsinin əmək funksiyalarının eyni olmasının müəyyən edilməsi barədə məhkəməyə ətraflı məlumat verilməsi tələb olunmuşdur. Həmin sorğuya cavab olaraq SOCAR "xxxx" İstehsalat Birliyi “Bibiheybətneft” NQÇİ tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim olunan məktubda göstərilmişdir ki, əmtəə operatoru peşəsi neft məhsullarının rezervuarlarda, sistemlərdə, neft kəmərlərində ölçülməsi, nümunə götürülməsi və neft tutucularından neftin və neft məhsullarının yığılması və ölçü çənlərinə vurulması işləri ilə məşğul olur. İddiaçı işlədiyi əmtəə operatoru vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahısının 10.2-ci bəndində nəzərdə tutulmamışdır. Beləliklə də, İddiaçı işlədiyi “əmtəə operatoru” peşəsi, Azərbaycan Respublikasının Nazirlər Kabnetinin təsdiq etdiyi siyahıda göstərilən, güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə uyğun gəlmir. Daha əvvəlki arayışlarda iddiaçının işlədiyi vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aid edilməsi nəzərə alınaraq təqdim edilən arayışlardakı bu ziddiyyətli məqamlara aydınlıq gətirilməsi məqsədilə məhkəmə tərəfindən yenidən xx.xx.2022-ci il tarixdə iddiaçının işlədiyi müəssisəyə sorğu verilmiş, SOCAR "xxxx" İstehsalat Birliyi “Bibiheybətneft” NQÇİ tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim olunan məktubda göstərilmişdir ki, “Bibiheybətnef’ Neft və Qazçıxarma İdarəsində Əmtəə operatoru peşəsi, neft məhsullarının rezervuarlarda, sistemlərdə, neft kəmərlərində ölçülməsi, nümunə götürülməsi və neft tutucularından neftin və neft məhsullarının yığılması və ölçü çənlərinə vurulması işləri ilə məşğul olur. Lakin məlum Siyahının 10.5.1 -ci bəndində göstərilən “əmtəə operatoru” peşəsi isə neftin, qazın, qaz kondensatının emalı ilə məşğul olan əmtəə operatoru vəzifəsinə aiddir. “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsi (NQÇİ) neft-qaz yataqlarının işlənməsi, neftin, qazın, qaz kondensatının hasilatı, hazırlanması və təhvili ilə bağlı işləri təşkil edir. Yəni ki, “Bibiheybətneft” NQÇİ neftin, qazın, qaz kondensatının emalı ilə məşğul olmur. Bu da öz növbəsində onunla əsaslanır ki, SOCAR-ın müxtəlif müəssisələrində eyni adda peşələrin olmasına baxmayaraq onlar tam fərqli sahələrdir. İddiaçının işlədiyi əmtəə operatoru vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahısının 10.2ci hissəsinin “a” bəndində nəzərdə tutulmamışdır. Beləliklə də, İddiaçı işlədiyi “əmtəə operatoru” peşəsi, Azərbaycan Respublikasının Nazirlər Kabnetinin təsdiq etdiyi Siyahıda göstərilən, güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə uyğun gəlmir.” Beləliklə, məhkəmə araşdırması zamanı verilmiş sorğuların yekunu olaraq işəgötürən iddiaçının işlədiyi peşənin Siyahıda qeyd olunan hər hansı peşəyə uyğun gəlmədiyini bildirmişdir. İddiaçının cavabdehə müraciət etdiyi vaxt qüvvədə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında" Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Beləliklə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Hazırkı iş üzrə iddiaçı belə bir arayışı təqdim edə bilməmişdir. İddiaçının işlədiyi müəssisənin neftin, qazın və qaz kondensatının hasilatı üzrə ixtisaslaşmış müəssisə olmasını, habelə müəssisə tərəfindən təqdim edilən məlumatları təkzib edən hər hansı hal olmamasını nəzərə alan məhkəmə həmin məlumatı mötəbər hesab edir və belə qənaətə gəlir ki, işin halları ilə iddiaçının güzəştli iş stajı onun quyuların tədqiqi üzrə operator peşəsində işlədiyi dövr, yəni 4 il 1 ay 26 gün olmaqla, qanunvericiliklə tələb olunan müddətdən azdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məkəmə işin yuxarıda sadalanan hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iş materialları ilə iddiaçının 10 ildən artıq güzəştli iş stajı müəyyən edilmədiyindən iddia təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı :
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova