Məhkəmə qərarları › İş №2-1(112)-3698/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3698/2024

21.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3698/2024 21.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “işə bərpa edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “işə bərpa edilməsi” tələbinə dair iddianın mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Gömrük Komitəsinin "Xidmətə xitam verilməsi haqqında" xx.xx.2019-cu il tarixli, 1000/1290S nömrəli əmrinin ləğv edilməsi və iddiaçının işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikasının Gömrük Komitəsində müxtəlif vəzifələrdə çalışmışdır. Sonuncu vəzifəsi Komitənin Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsi, Beynəlxalq dəniz Ticarəti Limanı gömrük postunda Baş inspektor olmuşdur. İşlədiyi dövrdə heç bir tənbeh tədbiri almamış, əksinə, qüsursuz xidmətinə görə xx.xx.2019-cu il tarixdə döş nişanı ilə təltif olunmuşdur. xx.xx.2023-cü il tarixdə Komitədən ona bildirildi ki, işdən azad edilmişdir. Lakin bu barədə əmrin surəti ona verilmədi. Əmrin surətinin ona təqdim edilməsi üçün dəfələrlə şifahi şəkildə müraciət etsə də bir nəticə vermədi. Nəhayət yazılı surətdə müraciətinə əsasən, xx.xx.2023-cü il tarixli, 3-33/2-Ə- 001314/1-42/2023 nömrəli məktubla əmrin surəti ona təqdim edildi. Məlum oldu k, Komitənin sabiq sədri Səfər Mehdiyevin xx.xx.2019-cu il tarixli, 1000/1290S nömrəli əmri ilə "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 4-cü bəndinə əsasən tutduğum vəzifədən azad edilmişdir. Həmin əmr qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, əmrdə işdən azad edilməyinə səbəb kimi "təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmadıqda və ya həmin vəzifədən imtina etdikdə" göstərilmişdir. Belə çıxır ki, komitədə digər vakant vəzifə olmamış və ya olan vakant vəzifə ona təklif olunsa da, iddiaçı həmin vəzifədən imtina etmişdir. Halbuki, belə bir hal olmayıb, ona hər hansı bir xəbərdarlıq edilmədən, vəzifə təklif olunmadan, işdən azad edilmişdir. Komitə rəhbərliyi həmin əmri ilə onun istər dövlət qulluğu və gömrük orqanlarında xidmət keçməyə dair sahəvi qanunvericiliklə, istərsə də əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş əmək hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmə tərəfindən Azərbaycan Respunlikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə uyğun olaraq hazırki iddia tələbinin qeyri-mümkün sayılmasına dair xx.xx.2023-cü il tarixli məktub ünvanlanaraq iddiaçıya hüquqi yardım olunmuş, qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. İş materiallarında olan poçt xəbərnaməsindən (SX004376976AZ) görünür ki, göndərilmiş hüquqi yardım haqqında məktub iddiaçıya xx.xx.2023-cü il tarixdə çatdırılmışdır. Cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, sabiq gömrük əməkdaşı İddiaçı xidməti intizam qaydalarının tələbləri kobud şəkildə pozduğuna görə Komitənin 1000/380ş nömrəli 11 iyun 2021-cü ıl tarixli əmri ilə Azərbaycan Respublikasının 1999-cu il, 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin (bundan sonra - Əsasnamə) 50-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada üç ayadək müddətdə Komitənin sərəncamında saxlanıla bilər. Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən vəzifəli şəxs imtina edərsə gömrük orqanının vəzifəli şəxsinin gömrük orqanlarında xidmətinə xitam verilə bilər. Hazırki iş üzrə iddiaçı qismində çıxış edən sabiq əməkdaş İddiaçı gömrük orqanlarında xidmətinə Komitənin 2019-cu il 23 oktyabr tarixli 1000/1290ş nömrəli əmri ilə "Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən xitam verilmişdir. İddiaçı ərizəsində 2019-cu ildən bəri xidmətinə xitam verilməsinə baxmayaraq gömrük orqanlarında xidmətinə xitam verilməsinə səbəb və əsas olmuş halların, sənədlərin ona təqdim edilmədiyini iddia edir. Bu tələb özlüyündə absurd olmaqla yanaşı sabiq əməkdaşın gömrük orqanlarında iddiasının mümkünsüz hesab edilməsi üçün birbaşa əsasdır. Təqdim edilən etiraz məktubuna əlavə edilmiş sənədlərin (sübutların) surətindən görünür ki, sabiq əməkdaş xx.xx.2019-cu ıl tarixdə xidmətinə xitam verilmiş əmri imzalayaraq tanış olduğunu təsdiq etmiş, Komitənin 1000-180/1xx-xx/023131 nömrəli xx.xx.2019-cu il tarixli məktubu ilə əmək kitabçasının götürülməsi və ya poçt vasitəsilə göndərilməsinə razılıq verilməsi məzmununda ünvanlanmış müraciətinə müvafiq olaraq. xx.xx.2019-cu il tarixdə əmək kitabçasını təhvil almışdır (əlavə olunur). Hətta sabiq əməkdaşın Komitənin müvafiq struktur bölməsinə ünvanladığı və xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış pensiya təmin edilməsi ilə bağlı müraciəti nəzərə alınaraq, məlumat vərəqəsi hazırlanıb aidiyyəti quruma təqdim edilmiş və ona əmək pensiyası təyin edilmişdir. İddiaçının gömrük orqanlarına xidmətə bərpa edilməsi ilə bağlı məhkəməyə müraciəti tam əsassız və qanunsuzdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra - AR ƏM) 296.2-ci maddəsinə əsasən həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. AR ƏM-nin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çəkinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə- bilə qəsdən pozulduğu gündür. AR ƏM-nın 296.6-cı maddəsinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə məhkəməyə ərizə ilə müraciət etməmiş, həmçinin iddia ərizəsində müddətin buraxılmasına səbəb olmuş halları əsaslandırmamışdır. İnzibati mühakimə icraatı qaydasında baxılan hər bir iddianın hüquqi cəhətdən yoxlanılması mümkünlük və əsaslılıq olmaqla iki hissəyə ayrılır Mümkünlüyün yoxlanılması zamanı məhkəmə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırmasını aparmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə daır» xx.xx.2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini, prosessual həmiştırakçılığın yol verilənlıyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibatı Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibatı Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə. öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu ıl 7 iyul tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, bu potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və etmədiklərinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırılmamışdırlar. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. Nəzərə alınmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarından görünür ki cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraza İddiaçı şəxsi işinə aid sənədlərin surətləri qoşma olaraq əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xidmətə xitam verilməsi haqqında xx.xx.2019-cu il tarixli, 1000/1290Ş saylı əmrinə əsasən İddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 4-cü bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Gömrük Komitəsinin "xidmətə xitam verilməsi haqqında" xx.xx.2019-cu il tarixli, 1000/1290Ş nömrəli əmrinin ləğv edilməsini və işə bərpa olunmasını tələb edir. Lakin iş materialları ilə müəyyən edilir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı mübahisələndirilən əmr barədə uzun müddət ərzində məlumatlı olduğu halda, qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Məhkəmə qeyd edir ki, mübahisələndirilən əmr İddiaçı xidmətdən xaric edilməsi ilə bağlı olduğundan, iddiaçının həmin əmrin məzmunundan qeyd edilən əmrin qəbul edildiyi gün məlumatlı olması işin mübahisələndirilməyən halı kimi qiymətləndirilməlidir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzib olunmaz şəkildə sübuta yetirilirsə, iddia verilməsi müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixli, 1000/1290ş saylı əmri ilə iddiaçının xidmətinə xitam verilmiş və bu barədə iddiaçının əmək kitabçasının 48- 49-cu vərəqində müvafiq qeyd aparılmışdır. Həmçinin, iş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, iddiaçı xidmət illərinin nəzərə alınaraq, ona pensiya təyin edilməsi ilə bağlı Məlumat Vərəqəsinin hazırlanıb Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi barədə müvafiq göstəriş verilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı mübahisələndirilən əmrin məzmunundan 2019-cu ildə məlumatlı olsa da, həmin əmrin ləğv edilməsi tələbinə dair müvafiq ərizə ilə uzun müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mübahisələndirilən əmrin ləğv edilməsi tələbinə dair hazırkı iddia ilə qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilməsinə baxmayaraq, iddiaçı məhkəməyə müddətin bərpası barədə ərizə təqdim etməmiş və müddətin buraxılmasına səbəb olan halları əsaslandırmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətəə məl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət dəedilməlidir. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiəvasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 24.5. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. Maddə 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı:2.3, 8.5 və 9-cu bəndlər: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub- olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarınının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Nəzərə alınmalıdır ki, müddətlə bağlı tələbə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzürsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə dövlət idarəçiliyində sabitliyi və hüquqi müəyyənliyi təhdid altına almaqda haqlı sayıla bilməzlər. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsində iddia ərizəsində əmrin müddət ötürülməklə mübahisələndirilməsinin üzürlü səbəbləri göstərilməmiş və ümumiyyətlə, bu məsələdən bəhs olunmamışdır. Odur ki, qanunla müəyyən olunmuş müddət ərzində həmin əmrin mübahisələndirilməməsi və iddianın mümkünlük şərti olan iddia müddətinin buraxılması iddiaçının məsuliyyət sferasına aid edilməlidir. Beləliklə, yuxarıda qeyd edildiyi kimi, iddiaçı əmrin mövcudluğu barədə məlumatlı olmuş, lakin iddia ərizəsi ilə məhkəməyə yalnız əmrin verildiyi gündən 4 ildən çox vaxt keçdikdən sonra müraciət etmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən prosessual müddətin ötürülməsinə dair əsaslar, bununla bağlı hər hansı bir sənəd təqdim edilmədiyindən, iş üzrə prosessual müddətin bərpa edilməsi üçün heç bir qanuni əsas yoxdur. Odur ki, hazırkı mübahisəyə münasibətdə iddia yuxarıda istinad olunan normalara görə və qeyd olunan səbəbdən mümkünlük şərtlərini ödəmir və bu baxımdan mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir. İstinad edilən qərarda göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl oluGöründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar