Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-37/2025 03.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Binəqədi rayonu Binəqədi Bələdiyyəsi) qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 19) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində yerləşən torpaq sahəsi üzərində hüququların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, sözügedən torpaq sahəsinin keçmiş DTXK tərəfindən təsdiq edilmiş alqı-satqı aktı, bank tərəfindən qəbz təqdim edilməmiş və torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş idarəsinin rəyi əlavə olunmamışdır. Bununla yanaşı elektron bazaya əsasən sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar edilməmiş və ərazinin daxilindən ümumi istifadə olan yol keçir. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində istinadməsafələr dəqiq göstərilməmiş və torpaq sahəsi sənəd üzrə 380.0 kv.m, faktiki olaraq 245.0 kv m təşkil etdiyindən azalma ilə bağlı notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi təqdim edilməsi məqsədəmüvafiqdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, C.Cabbarlı küçəsində yerləşən sahəsi 245 kv.metr olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Binəqədi bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Binəqədi bələdiyyəsinin 2007-ci il 24 noyabr tarixli qərarı və həmin tarixli 369 nömrəli müqaviləyə əsasən fərdi yaşayış evi tikilməsi üçün Binəqədi rayonu, 9 mkr. C.Cabbarlı küçəsində 380 kv.m. torpaq sahəsi iddiaçının şəxsi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi üzərində olan hüquqlarının dövlət qeydiyyatına alınması üçün ərizə ilə daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət etmişdir. Əlavə olaraq notarial təsdiq olunmuş razılıq ərizəsi, torpaq sahəsinin alqı-satqısına dair akt, pulun ödənilməsinə dair qəbz, vergilərin ödənilməsinə dair qəbz və borc olmamasına dair arayışın surətləri, bələdiyyə qərarı, müqavilə və torpaq sahəsinin situasiya planı ərizə ilə birlikdə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim olunmuşdur. Müraciətinə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********37 nömrəli imtina məktubu ilə cavab verilmişdir. Cavabdeh orqanın tələb etdiyi Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi müvafiq olaraq mənzilin yaxud fərdi yaşayış evinin qeydiyyata alınması üçün müraciət edərkən tələb olunur. Torpaq sahəsi üçün isə qanunvericiliklə belə bir tələb qoyulmamışdır. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, sözügedən torpaq sahəsinin keçmiş DTXK tərəfindən təsdiq edilmiş alqı-satqı aktı, bank tərəfindən qəbz təqdim edilməmiş və torpaq sahəsinə münasibət bildiriməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Bununla yanaşı elektron bazaya əsasən sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar edilməmiş və ərazinin daxilindən ümumi istifadə olan yol keçir. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində istinadməsafələr dəqiq göstərilməmiş və torpaq sahəsi sənəd üzrə 380.0 kv.m, faktiki olaraq 245.0 kv.m təşkil etdiyindən azalma ilə bağlı notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi təqdim edilməsi məqsədəmüvafiqdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mənzilə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Binəqədi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 352 saylı qərarından görünür ki, Binəqədi rayonu, 9 mkr., C.Cabbarlı küçəsində fərdi yaşayış evi tikmək üçün 380 kv.metr torpaq sahəsi əlavə edilmiş cizgiyə uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı satılmışdır. -Bir tərəfdən, satıcı - Binəqədi rayon Binəqədi Bələdiyyəsi adından çıxış edən Binəqədi rayon Binəqədi Bələdiyyəsinin sədri X3 ilə alıcı İddiaçı arasında bağlanmış torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 369 nömrəli, xx.xx.2007ci il tarixli müqavilədən görünür ki, satıcı 9 mkr, C.Cabbaerlı küçəsində yerləşən sahəsi 380 kv.m olan torpaq sahəsini Binəqədi Bələdiyyəsinin ümumi iclasının xx.xx.2007-ci il tarixli qərarına əsasən fərdi yaşayış evi tikdirmək üçün alıcıya təklif etmiş, alıcı təklif edilən sahəni qəbul etmişdir. - Torpaqların alqı-satqısına dair akta əsasən 380 kv.m torpaq sahəsinin iddiaçıya satılması barədə xx.xx.2007-ci il tarixli 352 saylı qərar qəbul edilmiş, Binəqədi Bələdiyyəsinin hesabına əvvəlcədən 1581 manat haqq ödənilmişdir. xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Binəqədi bələdiyyəsinə bələdiyyə mülkiyyətinin icarəsinə görə əvvəlcədən 1581 manat ödəniş etmişdir. - Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, BRB/601 nömrəli arayışından görünür ki, iddiaçının 352 N-li, xx.xx.2007-ci tarixli Bələdiyyə qərarına əsasən Binəqədi rayonu, 9 mkr, C.Cabbarlı küçəsində yerləşən 380 kv.metrdən ibarət torpağın alqı-satqı rüsumu ödənilmiş və xx.xx.2020-ci il tarixinədək Binəqədi rayon Bələdiyyəsinin büdcəsinə torpaq vergisi üzrə borcu yoxdur. - İddiaçının notarial qaydada təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, alqı-satqı ilə əldə etdiyi və ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 380 kv.m-dən azalaraq 245 kv.m kimi sənedleşdirilməsinə və dövlət qeydiyyatına alınmasına razıdır. - Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2020-ci il tarixli müayinə aktından görünür ki, göstərilən torpaq sahəsi bir tərəfdən qonşu torpaq sahəsinin sərhədi olan mişar daşı hasarla, az bir hissəsi şərtidir. 3 tərəfdən sərhədləri şərtidir. Tikili yoxdur. Göstərilən torpaq sahəsi üzərində 7-8 ədəd söyüd ağacları mövcuddur ki, ərizəçi tərəfindən əkildiyi bildirildi. Torpaq sahəsi ilə həmsərhəd olan qəbirstanlığın (bir neçə istiqamətdən yolu var) yolu torpaq sahəsi üzərindən keçir (bir yolu). Göstərilən torpaq sahəsi yol kənarı ərazidə yerləşir. İddiaçı hazırda Binəqədi bələdiyyəsi tərəfindən qəbul edilmiş qərara istinad edərək, Binəqədi qəsəbəsində yerləşən 245 kv.m saylı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Göründüyü kimi, qanunverici bələdiyyəyə məxsus əmlakın özgəninkiləşdirilməsinə dair aktı, daşınmaz əmlaka hüququn dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən etmişdir. Torpaq sahəsinin iddiaçıya ayrıldığı vaxt qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - Maddə 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: - 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; - - maddə 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. - - maddə 5.2. Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hüdudları, növləri və ölçüləri müəyyən edilən gündən "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin birinci hissəsi ilə bələdiyyə torpaqlarının idarə olunması sahəsində müvafiq icra hakimiyyəti orqanlarına verilmiş səlahiyyətlər həyata keçirilə bilməz. - Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. - Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. - Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər) alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. - maddə 6.7. Bələdiyyələr on gün müddətində ərizəyə baxır və Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada (torpaqayırma sənədləri hazır olduqdan sonra) torpaq sahəsinin verilməsi barədə qərar qəbul edirlər. Həmin qərar torpaq sahəsinin naturada (yerdə) ayrılması və torpaq üzərində hüquqlara dair sənədlərin verilməsi üçün əsasdır. - maddə 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə (iddiaçıya torpaq sahəsi ayrılan vaxt qüvvədə olan redaksiyası) əsasən: - bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. - bənd 4. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir. -bənd 7. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. - bənd 18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. - bənd 19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. -bənd 21. Müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. - 22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. - 23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir. İstinad olunan normalardan müəyyən olunur ki, xx.xx.2007-ci il tarixdə bələdiyyə şəxsə torpaq sahəsi ayırmaq üçün: 1.torpaq sahəsi ilə bağlı bələdiyyə mülkiyyətindəki ayrılması istənilən torpaq sahəsinin Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumlarının və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətlərinin (qeyrikənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) rəyini əldə edir;
2. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu həmin torpaq sahəsinin planını (cizgisini) təsdiq edir və torpaq sahəsinin normativ qiymətini müəyyən edir və həmin sənədləri bələdiyyəyə təqdim edir;
3. həmin sənədlər bələdiyyəyə daxil olduqdan sonra torpaq sahəsinin şəxsin mülkiyyətinə verilməsi ilə bağlı qərar qəbul edir.
4. şəxslə bələdiyyə arasında torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanır. Məhkəmə qeyd edir ki, işdən iddiaçıya ayrılmış mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması müəyyən edilmir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli, **********43 nömrəli mütəxəssis rəyindən və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, şərti olaraq göstərilən torpaq sahəsi 128.0 kv.m təşkil edir. Vahid elektron kadastr məlumat bazasında sahənin Bələdiyyə ərazisi olub-olmaması barədə məlumat aşkar edilməmişdir. Binəqədi Bələdiyyəsinin ərazi hüdudları barədə heç bir məlumat olmadığından sualın cavablandırılması mümkün deyildir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahənin uqodiyası "Qəbiristanlıqlar" olmaqla üzərində yaşıllıq olan, daxilindən torpaq yollar keçən ümumi istifadədə olan sahədir. Binəqədi Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan isə görünür ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 352 nömrəli qərarı əsasında İddiaçı fərdi ev tikmək üçün ayrılmış Binəqədi rayonu, 9-cu mikrorayon, Cəfər Cabbarlı küçəsində 380 kv.m torpaq sahəsinin qəbirstanlıq ərazisi Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin inzibati ərazisinə daxil deyildir və bu səbəbdən qəbirstanlığa ayrılmış torpaq sahəsinin koordinatlarının təqdim edilməsi mümkün deyildir. Habelə, vətəndaş İddiaçı fərdi ev tikmək üçün ayrılmış Binəqədi rayonu, 9-cu mikrorayon, Cəfər Cabbarlı küçəsində 380 kv.m torpaq sahəsi ümumi istifadədə olan sahənin ərazisinə düşmür. Həmçinin Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə aktından görünür ki, torpaq sahəsinin ölçüsü hüquqmüəyyənedici sənəd təqdim edilməmiş, faktiki 128.0 kv.m dir. Torpaq sahəsi dörd tərəfdən şərti olaraq göstərilmişdir. İcazəsiz tikili yoxdur. Torpaq sahəsi yol kənarı ərazidə yerləşərək, üç tərəfdən qəbirastanlığa gedən daxili asfalt örtüklü və torpaq yollarla həmsərhəd olmaqla, üzərində yaşıl ağaclar mövcuddur. Torpaq sahəsi ilə bağlı əvvəlki müraciət zamanı, göstərilən sahə 244 kvm təşkil etsə də, təkrar texniki baxış zamanı göstərilən sahə 128.0 m2 təşkil edir. Göründüyü kimi, işdə olan rəylərlə mübahisəli ərazinin ümumi istifadədə olan ərazi olması və bələdiyyə deyil, qəbirstanlığın ərazi olması müəyyən edilir. Məsələnin araşdırılması ilə bağlı həmçinin məhkəmə tərəfindən əraziyə yerli baxış keçirilmiş, baxış zamanı torpaq sahəsinin qəbirstanlığa gedən yolun kənarında ağaçlıq ərazidə yerləşdiyi, sahəsinin hazırda hüququn qeydə alınmasını xahiş etdiyi ölçüdən az olduğu, sahənin bir tərəfinin qəbirstanlıq, bir tərəfinin yol və bir tərəfinin qəbirstanlığa gedən yol əhatə edildiyi, sahənin özünün isə qəbirstanlğın yanındakı yolun ona girişə qədər olan hissəsində ağaçlıq bir ərazini təşkil etməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Qanunun 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 24-cü maddəsinə əsasən:
1. Xüsusi qorunan ərazilərin torpaqları — xüsusi təbiəti mühafizə, elmi, tarixmədəniyyət, estetik, turizm və rekreasiya, sağlamlaşdırma və digər qiymətli əhəmiyyətə malik olan, müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları tərəfindən təsərrüfat istifadəsindən və mülki dövriyyədən tamamilə və ya qismən çıxarılan və üzərində xüsusi hüquqi rejim müəyyən edilən torpaqlardır.
2. Xüsusi qorunan ərazilərin torpaqlarına aşağıdakılar aid edilir: ... tarix-mədəniyyət təyinatlı torpaqlar; Həmin Məcəllənin 29-cu maddəsinı görə:
1. Tarix-mədəniyyət təyinatlı torpaqlara tarix-mədəniyyət qoruqlarının, xatirə parklarının, qəbiristanlıqların, məzarların, arxeoloji abidələrin və nadir geoloji törəmələrin torpaqları aiddir.
2. Tarix-mədəniyyət təyinatlı torpaqlarda onların məqsədli təyinatına zidd olan hər hansı fəaliyyət qadağan edilir. Həmin Məcəllənin 46.1-ci maddəsinə görə dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir:... təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarixmədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları. İstinad olunan normalardan görünür ki, bələdiyyənin yalnız onun mülkiyyətində olan ehtiyat fondu torpaqlarının şəxslərin xüsusi mülkiyyətinə vermək səlahiyyəti mövcuddur. Qəbiristanlıqların torpaqları tarix-mədəniyyət təyinatlı torpaqlar olmaqla, bələdiyyə deyil, dövlət mülkiyyətində olan torpaqlara daxildir. İşdən görünür ki, bələdiyyənin iddiaçının xüsusi mülkiyyətinə verdiyi torpaq sahəsi tarixi mədəniyyət təyinatlı torpaq olmaqla, dövlət mülkiyyətində olan torpaq olmuş, bələdiyyənin ehtiyat fondu torpaqlarına daxil olmamışdır. Məhkəmə qeyd edir ki, Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət torpaq kadastrı — torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. Həmin Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına (Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) təqdim edilməsi məcburidir. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Beləliklə, qeyd edilən normaların tələblərini işin hallarına tətbiq etdikdə aydın olur ki, bələdiyyənin həmin torpaq sahəsini ayırmaq üçün, ümumiyyətlə, səlahiyyəti olmamışdır. Məhkəmə onu da qeyd edir ki, işdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsini, “Bələdiyyənin Statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinin 3-cü və 4-cü bəndini, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli qanununda qeyd olunanları, “Torpaq islahatı haqqında” qanununun 6-cı və 7-ci maddəsində qeyd olunanları, eləcə də “Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələblərini Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin eskiz cizgisini nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 352 nömrəli qərarı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., C.Cabbarlı küçəsində yerləşən 380 kv.metr torpaq sahəsinin, Bakı şəhər Binəqədi Bələdiyyəsinin ərazisinin hüdudları daxilində yerləşməklə, bələdiyə mülkiyyətində olduğu müəyyən edilmişdir. O cümlədən qeyd olunur ki, torpaq sahəsi Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2000ci il tarixdə təsdiq edilmiş xəritədə göstərilən ərazi hüdudları daxilində yerləşir. Azərbaycan Respublikası “Torpaq Məcəlləsinin” 47-ci maddəsinə əsasən sözügedən torpaq sahəsi, Binəqədi rayonu, Binəqədi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 352 nömrəli qərarı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., C.Cabbarlı küçəsində yerləşən 380 kv.metr torpaq sahəsi bələdiyyə mülkiyyətindədirsə, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2000-ci il tarixdə təsdiq edilmiş xəritəyə əsasən ümumi istifadədə olan torpaq sahəsinə aiddir. Həmin torpaq Binəqədi rayonu, Binəqədi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 352 nömrəli qərarı ilə İddiaçı ayrılmışdır. Həmin rəydən görünür ki, ekspert mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan torpaqlara aid olduğunu bildirsə də, qəbirstanlığın ərazi olmasını və Torpaq Məcəlləsinin əsasən həmin torpaqların dövlət torpaqlarına aid olduğunu nəzərə almamışdır. Bundan əlavə, ekspert də torpaq sahəsinin ümumi istifadədə olan torpaq sahəsi olduğunu qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Hazırkı halda iddiaçının hüquqmüəyyənedici əsas qismində təqdim etdiyi sənəd qanunvericiliyin tələblərinə uyğun olmadığından məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddia olunan torpaq sahəsi üzərində iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Eyni Məcəllənin 108.1-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə görə prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməli, ekspertiza xərci iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin olunmasın. Ekspert tədqiqatının dəyəri olan 100 (yüz) manat xərc İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: AZ34CTRE********************, VÖEN **********, X1, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22) ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Qənbərova