Məhkəmə qərarları › İş №2-1(112)-3700/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3700/2024

27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3700/2024 27.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinə qarşı (üşüncü şəxs Qasımova (Abbasova) Günay Rasim qızı və qeyriləri) “pasport qeydiyyatdan çıxarılması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinə qarşı (üşüncü şəxs Qasımova (Abbasova) Günay Rasim qızı və qeyriləri) “pasport qeydiyyatdan çıxarılması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinə qarşı (üşüncü şəxs Qasımova (Abbasova) Günay Rasim qızı) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Qasımova (Abbasova) Günay Rasim qızı və onun yetkinlik yaşına çatmayan övladları, X13 və X7 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 11 saylı evin 18 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması vəzifəsini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 11 saylı evin, 18 saylı mənzili iddiaçının xüsusi mülkiyyətindədir. Bu barədə iddiaçıya qeydiyyat vəsiqəsi də verilmişdir. Həmin qeydiyyat vəsiqəsinin surətini ərizəyə əlavə edilmişdir. İddiaçının mənzilində onlardan başqa iddiaçının keçmiş gəlini Qasımova (Abbasova Günay) Rasim qızı və onun yelkinliklik yaşına çalmasan övladları X13 və X14 da qeydiyyatdadırlar. Onlar həmin mənzildə qeydiyyatda olsalarda, orada yaşamırlar. Qasımov (Abbasova) Günay Rasim qızını iddiaçı öz razılıq ərizəsi ilə 2012-ci ilin yanvar ayında mənzilinə qeydiyyata saldırmışdır. X1 ilə iddiaçının oğlu Zaurun nikahları pozulmuşdur. Bu barədə olan nikahın pozulması haqqında şəhadətnamənin surətini ərizəyə əlavə etmişdir. X1 Ülvi adlı şəxslə evlənmiş və həmin nikahdan X14 adından övladı vardır və həmin övladı da iddiaçının mənzilində qeydiyyatdadır. Bütün bunlar iddiaçının mənzil hüquqlarını pozur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15959/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Qasımova (Abbasova) Günay Rasim qızı, X13 və X14 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat veməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh inzibati orqanının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbardar olunmuş üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. - cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, ərizənin icrası ilə əlaqədar olaraq bildiririk ki, keçmiş gəlininiz Qasımova (Abbasova) Günay Rasim qızı, övladları Ayxan və Xaliqin Sabunçu rayonu, ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılmaları Sabunçu RPİ QMB-nin səlahiyyətləri daxilində deyildir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışdan görünür ki, X11 xx.xx.1989; X13 xx.xx.2011; X5 xx.xx.1987; X15 7.07.2020; X6, xx.xx.2010; İddiaçı, xx.xx.1960; X3, xx.xx.1962; X18, xx.xx.2013 Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdirma və Mülkiyyət Hüquqlarinin Qeydiyyati İdarəsi tərəfindən iddiaçıya Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən mənzilə dair MH seriyalı ******* nömrəli Qeydiyyat Vəsiqəsi verilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmişdir və iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində məhkəmə iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız iddiadır və təmin edilməməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. - 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarında qeyd edimişdir ki, mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması əsasları ilə yanaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını da nəzərdə tutmuşdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Belə ki, iş materiallarından məlum olmuşdur ki, iddiaçı Qasımova(Abbasova)Günay Rasim qızı və onun yetkinlik yaşına çatmayan övladları, X13 və X7 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 11 saylı evin 18 saylı mənzilindən qeydiyyatdan çıxarılmasını tələb edir. İddiaçı hazırki tələblə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş, cavabdehin imtinasından narazı qalan iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır və iddiaçıların mülkiyyət hüquqlarının pozulmasına səbəb olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki, “...mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Lakin üçüncü şəxsin mübahisəli ünvana dair istifadə hüququnun itirilmiş hesab edilməsi və ya istifadə hüququnun olub-olmaması müəyyən edilmədiyindən iddiaçının iddiası təmin edilməməlidir. Hazırkı işin faktiki hallarından isə müəyyən edilir ki, üçüncü şəxslərin istifadə hüququna xitam verilməsi barədə məhkəmə qərarı mövcud deyil. İddiaçının mülkiyyətində olan əmlaka üçüncü şəxslərin istifadə hüququnun hal-hazırda mövcud olub-olmaması, yəni ailə münasibətlərindən irəli gəlmiş əvvəllər mövcud olan istifadə hüququna halhazırda xitam və ya itirilmə əsaslarının mövcud olub-olmadığının müəyyən edilməsi inzibati məhkəmənin səlahiyyətinə aid olan məsələ deyil. Belə olan halda üçüncü şəxslərin sözügedən əmlaka dair istifadə hüquqlarının yaranıb-yaranmadığı, hazırda mövcud olmaqda davam etdiyi, xitam verildiyi və s. ilə bağlı xüsusatlar yoxlanılmalı və qiymətləndirilməlidir. Belə yoxlama və qiymətləndirmə isə mülki hüquqa aid olan məsələnin həlli olmaqla, inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə qeyd edir ki, hazırkı işdə də iddiaçı üçüncü şəxsin istifadə hüququ və ya belə hüquqa xitam verilməsi, yaxud da olmaması ilə bağlı heç bir məhkəmə qərarı təqdim etmədən inzibati orqandan onun ailə üzvü olan keçmiş gəlini və nəvəsi yaşayış sahəsində faktiki olaraq yaşamadığını, həmin yaşayış sahəsinə heç bir hüququnun mövcud olmadığını müəyyən etməyi tələb edir. Yəni iddiaçının qənaətinə görə, ümumi yurisdiksiyalı məhkəmələr üçün xarakterik olan mübahisələrdə nəzərə alınmalı olan Konstitusiya Məhkəməsinin qərarlarının mövqeyi inzibati orqanda da rəhbər tutulmalı və polis orqanı əsaslar mövcud deyilsə istifadə hüququna xitam verilməsini müəyyən etməli və şəxsi qeydiyyatdan çıxarmalıdır. Halbuki həmin halların, yəni üçüncü şəxsin yaşayış sahəsində yaşayıb-yaşamaması, ehtiyac meyarının olub-olmaması, istifadə hüququna xitam əsaslarını mövcuddursa, istifadə hüququna xitam verilməli olub- olmamasının müəyyən edilməsi inzibati orqandan gözlənilməsi inzibati icraatla bağlı araşdırmanın predmeti hesab edilə bilməz. Həmin halların araşdırılması eləcə də inzibati məhkəmə araşdırmasının predmeti qismində də çıxış etmir. Belə ki, inzibati məhkəmə icraatı inzibati icraat haqqında qanunvericiliyin cavabdeh inzibati orqan tərəfindən pozulubpozulmaması, inzibati orqanın hərəkət və hərəkətsizliyindən iddiaçının hər hansı hüququnun pozulub-pozulmamasını araşdırır. Yəni inzibati orqanın qanunsuz və əsassız hərəkət və hərəkətsizliyi, o cümlədən qərarı inzibati məhkəmə icraatı çərçivəsində müəyyən edildiyi təqdirdə iddianın təminindən söhbət gedə bilər. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1934/2023 saylı qərarı) İşin məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən üçüncü şəxs X4 mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı qanunvericilikdə müəyyən edilmiş əsasların (şəxsin yaşayış yerini dəyişməsi, məhkəmə qərarı ilə yaşayış sahəsindən çıxarılması və ya istifadə hüququna xitam verilməsi və s.) mövcudluğuna dair heç bir sübut təqdim edilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, X4 iddiaçıların mülkiyyətindəki ünvan 5 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud olmadığından cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin imtinası qanuna zidd deyil və iddiaçıların hüquqlarının pozulmasına səbəb olmamışdır. Məhkəmə hesab edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın vətəndaşlar üçün yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla mülkiyyətçinin tələbi əsasında müvafiq yaşayış sahəsinə münasibətdə mülkiyyət hüquqları qeydiyyata alınan digər şəxsin və onun ailə üzvlərinin qeydiyyatdan çıxarılması qanunvericiliyin tələblərinə zidd olduğundan üçüncü şəxs X8 ünvan 5 ünvanından qeydiyyatdan çıxarıla bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 68.3-cü maddəsinin tələblərinə görə məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Beləliklə, məhkəmə hesab edir ki, Qasımova(Abbasova) Günay Rasim qızı və onun yetkinlik yaşına çatmayan övladları, X13 və X7 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 11 saylı evin 18 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması vəzifəsini Sabunçu Rayon Polis İdarəsinə həvalə edilməsinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar