Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3700/2025 03.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə (üçüncü şəxslər: X4 və X8) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi:
1. İddiaçı (bundan sonra – İddiaçı) X4 və X5 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması barədə ərizə ilə Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina edərək, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 9-cu maddəsinə əsasən X1 və X5 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsində istifadə hüququna xitam verilməsinin yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirildiyi bildirilmiş və məhkəmə orqanlarına müraciət etmək tövsiyə olunmuşdur.
2. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 və X5 ünvan 3 ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X4 və X8 üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişlər.
4. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır. Həmin ev mərhum atası X3 qalmışdır. Hazırda həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olan X2 ayrı ünvanda yerləşən evi vardır. Sona Azayeva könüllü olaraq qeydiyyatda olduğu evdən çıxıb öz yaşadıqları evə, yəni ünvan 3 ünvanına qeydiyyata düşmürlər. İddiaçı həmin şəxslərin ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması barədə ərizə ilə Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə müraciət etmiş, cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Cavabdehin imtinasını əsassız hesab edir.
5. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi).
8. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır.
9. Belə ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
10. İPM-nin sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.
11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.
12. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır.
13. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddiasının mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Çünki iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir.
14. Belə ki, işdə olan Bakı şəhəri Binəqədi rayon Xocəsən bələdiyyəsinin xx.xx.2006cı il tarixli, 15/14 nömrəli qərarından görünür ki, Binəqədi rayon Xocəsən bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 250 kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə X6 mülkiyyətinə verilməsi qərara alınmışdır.
15. İşdə olan xx.xx.2024-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 1 ünvanında X8, X7, X9, X10 və X4 pasport qeydiyyatındadırlar.
16. İddiaçı hazırda üçüncü şəxslərin həmin ünvanda yaşamadığını iddia edərək onun 5a saylı evdən qeydiyyatdan çıxarılmasını xahiş edir.
17. Lakin iş materialları ilə müəyyən olunur ki, həmin fərdi yaşayış evi özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.
19. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.
20. Belə olan halda aydındır ki, iddiaçının özbaşına tikili olan həmin əmlaka hər hansı bir hüququ mövcud deyil.
21. Məhkəmə qeyd edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən şəxsin iddia qaldırmaq səlahiyyətinin və ümumi, bəzi iddia (o cümlədən hazırkı iddia növünə) növlərinə münasibətdə isə həm də xüsusi hüquqi müdafiə marağının mövcud olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə iddia qaldırmaq səlahiyyətinə malik olması ilə bağlı şərt də yerinə yetirilmiş olmalıdır.
22. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının belə səlahiyyətə malik olduğu görünmür. İddiaçı aparılmış qeydiyyatın yalnız onun hüququnu pozması ehtimalının mövcud olduğu halda həmin qeydiyyatın ləğvini tələb edə bilərdi. Başqa sözlə, aparılmış qeydiyyatın ləğvini tələb etmək üçün iddiaçı ən azından iddia etdiyi yaşayış sahəsi üzərində qanuni istifadə hüququna malik olmalıdır. Qanuni istifadə hüququ qanundan, inzibati aktdan və ya müqavilədən irəli gəlməli, hüquqmüəyyənedici sənədə əsaslanmalıdır. Lakin iddiaçının mübahisəli sahə üzərində qanuni istifadə hüququna malik olduğu mübahisəyə dair iş üzrə materiallarla təsdiq olunmur (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1892/2023 saylı, 25.102023-cü il tarixli qərarı).
23. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisə predmeti ilə bağlı iddiaçı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmasını sübuta yetirə bilmir.
24. Buna görə də məhkəmə hesab edir ki, onun bu iddiası mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Səlma Salahova