Məhkəmə qərarları › İş №2-1(112)-3703/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3703/2022

16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3703/2022 16.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanıb ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I.İşin halları İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2021-ci il tarixdə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) ərizə ilə müraciət edərək, onun 01 aprel 2017-ci ildə 60 yaşı tamam olmaqla 19 il sığorta stajı olduğundan və həmin vaxt qüvvədə olmuş pensiya qanunvericiliyinə əsasən, onun, qeyd olunan tarixdən yaşa görə pensiya almaq hüququ yarandığından, ona ödənilən pensiya təminatının bərpa edilməsi, 01 aprel 2017-ci ildən yaşa görə pensiya təyin edilməklə, həmin pensiya ilə ona ödənilmiş əlilliyə görə pensiya məbləği arasındakı fərqin hesablanıb İddiaçı ödənilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixinədək qüvvədə olan 12.1-ci maddəsinə əsasən İddiaçı xx.xx.2009-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək İİ dərəcə əlilliyə görə pensiya təyin edilmişdir. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barədə sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilir. İddiaçı təqdim etdiyi Cəbrayıl rayon Dövlət Arxivinin xx.xx.2009-ci il tarixli arxiv arayışında qeyd edilən 1974-1993-cü illərə aid əmək fəaliyyəti dövrü məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiqlənmədiyindən həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyn tələbləri baxımından mümkün hesab edilmir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlar nəzərə alınaraq vətəndaş İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya ödənilən pensiya təminatının bərpa edilməsi, ona 01 aprel 2017-ci ildən yaşa görə pensiya təyin edilməklə həmin pensiya ilə ona ödənilmiş əlilliyə görə pensiya məbləği arasındakı fərqin hesablanıb ödənilməsindən imtinanın əsassız və qanunsuz hesab edilməsi, iddiaçıya ödənilən pensiya təminatının bərpa edilməsi, ona 01 aprel 2017-ci ildən yaşa görə pensiya təyin edilməklə, həmin pensiya ilə ona ödənilmiş əlilliyə görə pensiya məbləği arasındakı fərqin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1957-ci ildə Cəbrayıl rayonunun Çaxırlı kəndində doğulmuşdur, hazırda Cəbrayıl rayonundan məcburi köçkün olmaqla, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, Oksigen zavodunun həyətində məskunlaşmışdır. İddiaçı 1974-cü ildən 1993-cü ilə kimi Cəbrayıl rayonunun Mehdili kolxozunda kolxozçu işləmiş, həmin dövrün hər bir ili üzrə müvafiq əmək haqqı almışdır. 2009-cu ilin mart ayından onun xəstəliyi və əmək stajı nəzərə alınmaqla, ona 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. 11 mart 2016-cı ildə təkrar tibbi müayinədən keçirilərək ona yenidən 5 il müddətinə, yəni 11 mart 2016-cı ilə kimi 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. 2021-ci ilin aprel ayından pensiya təyinatı dayandırılmışdır. DSMF-nin rayon şöbəsində səbəb olaraq bildirilmişdir ki, əlilliyin uzadıldığı müddət 11 mart 2021-ci ildə bitdiyindən və iddiaçı həmin vaxt təkrar müayinədən keçməklə müvafiq sənədləri təqdim etmədiyindən ona pensiya təyinatı dayandırılmışdır. İddiaçının 01 aprel 2017-ci ildə 60 yaşı tamam olduğundan və həmin vaxt qüvvədə olmuş pensiya qanunvericiliyinə əsasən, onun yaşa görə pensiya almaq hüququ olduğundan, iddiaçı 2-ci qrup əlilliyə görə pensiyasının avtomatik olaraq yaşa görə pensiya növünə keçdiyini düşünmüşdür. Buna görə də, 11 mart 2021-ci ildə təkrar tibbi müayinədən keçməyə ehtiyac duymamışdır. İddiaçı pensiya təyinatının dayandırılmasını qanunsuz və əsassız hesab etdiyindən 18 iyun 2021-ci tarixli ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tələbini təmin etməmişdir. DSMF Cəbrayıl rayon şöbəsinə təqdim etdiyi 10 04.2009-cu il tarixli ərizəsinə və ona əlavə edilmiş Cəbrayıl rayon Dövlət Arxiv İdarəsinin arxiv sənədinə əsasən ona İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. DSMF-nin 17 may 2021-ci il tarixli **********8 nömrəli məktubu ilə İddiaçı Fondun mərkəzi arxivində saxlanılan, pensiya işinə daxil edilmiş əmək stajını təsdiq edən sənədin surəti ona göndərilmişdir. Həmin sənədlə təsdiq edilir ki, İddiaçı 1974-cü ildən 1993-cü ilə kimi Cəbrayıl rayonunun Mehdili kolxozunda kolxozçu işləmiş, həmin dövrün hər bir ili üzrə müvafiq əmək haqqı almışdır, yəni 12 ildən artıq sığorta stajı vardır. Belə olduğu halda, yəni cavabdeh orqan olan DSMF-nin mərkəzi arxivində saxlanılan və həmin orqanın özü tərəfindən təqdim edilən, İddiaçı həmin orqan tərəfindən pensiya təyin edilməsi üçün əsas olmuş sənədlər mövcud olduğuna görə cavabdehin iddiaçıdan ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədləri (əmək kitabçası və ya əmək fəaliyyəti barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı) tələb etməsi qanunsuzdur. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli, **********5 saylı iddiaya yazılı etirazında bildirmişdir ki, iddaçı Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin 1974-1993-cü il tarixlərdə Cəbrayıl rayonunun “Mehdili kolxozu”nda kolxozçu işlədiyi illər əmək kitabçasında qeyd edilmədiyindən yaşa görə pensiya təyin etməkdən əsaslı olaraq imtina edilmişdir. İddiaçı 1974-1993-cü il tarixlərdə Cəbrayıl rayonunun “Mehdili kolxozu”nda kolxozçu işləməsinə dair arxiv arayışı mövcud olsa da, həmin illər onun əmək kitabçasında öz əksini tapmadığından əmək stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Beləliklə, iddiaçı tələb olunan 25 il sığorta stajına və ya pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığından onun yaşa görə pensiya almaq hüququ yaranmır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. III.Məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış iddiaçının ona pensiya təyin edilməsi ilə bağlı məcburetmə haqqında hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur. Onun inzibati orqanla arasında yaranmış bu mübahisə inzibati hüquq münasibətlərindən yaranan mübahisədir. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl hazırkı tələblə inzibati orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi sosial ekspert komissiyalarının müayinə aktlarından görünür ki, iddiaçıya ümumi səbəbdən xx.xx.2009-cu il tarixdən etibarən hər il növbəti müddətə uzadılmaqla 1 il müddətinə 2-ci qrup əlillik təyin olunmuş, sonuncu dəfə iddiaçıya xx.xx.2016-cı il tarixdə elektron təyinat əsasında 5 illik müddətinə əlillik təyin edilmiş və xx.xx.2021-ci il tarixdə əlilliyin müddəti bitmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Cəbrayıl rayon şöbəsinin xx.xx.2009-cu il tarixli 242 nömrəli qərarı ilə iddiaçıya xx.xx.2009-cu il tarixdə ikinci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçının əlilliyinin müddəti bitdiyindən İddiaçı təyin edilmiş əlilliyə görə pensiya xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. İddiaçı onun 60 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası hüququnun yarandığını iddia edərək xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət emiş, həmin tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh iş stajının əmək kitabçası əsasında nəzərə alınmasına istinad edərək xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq 12 il sığorta stajı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığı üçün xx.xx.2021-ci il tarixdə iddiaçıya pensiya təyin edilməsindən imtina haqqında **********7 saylı qərar qəbul etmişdir. Məhkəmə cavabdehin bu qərarını qanuni və əsaslı saymır və qeyd edir ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardı. Həmin maddənin qeyd hissəsinə əsasən həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1dək hər il altı ay artırılırdı. Normalardan aydın olur ki, şəxsə (qadınlar üçün) xx.xx.2017-ci il tarixə qədər yaşa görə əmək pensiyasının təyin edilməsi üçün:

1. onu həmin tarixədək 60 yaşı tamam olmalı;

2. azı 12 il sığorta stajına malik olmalı idi. İşdən görünür ki, iddiaçı xx.xx.1957-ci ildə doğulmuş, onun 60 yaşı xx.xx.2017-ci ildə tamam olmuşdur. Deməli, iddiaçı xx.xx.2017-ci il tarixədək qüvvədə olan ƏPQ-nin ona tətbiq edilməsi üçün birinci tələbi, yəni yaş tələbini ödəmişdir. İkinci tələbə gəldikdə, işdən görünür ki, hazırda mübahisələndirilən əsas məsələ ikinci tələb, yəni iddiaçının zəruri sığorta stajına malik olub-olmamasıdır. İş materiallarında olan Cəbrayıl rayon Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 03 saylı arayışdan görünür ki, iddiaçı Cəbrayıl rayonu (İnqilab) Mehdili adına kolxozda 1974-cü ildə - 160 gün, 1975-ci ildə -168 gün, 1976-cı ildə - 160 gün, 1977-ci ildə - 199 gün, 1978-ci ildə - 223 gün, 1979-cu ildə - 225 gün, 1980-ci ildə - 243 gün, 1981-ci ildə - 167 gün, 1982-ci ildə - 169 gün, 1983-cü ildə - 171 gün, 1984-cü ildə - 194 gün, 1985-ci ildə - 187 gün, 1986-cı ildə - 254 gün, 1987-ci ildə - 234 gün, 1988ci ildə - 244 gün, 1989-cu ildə - 222 gün, 1990-cı ildə - 223 gün, 1991-ci ildə - 188 gün, 1992-ci ildə - 206 gün və 1993-cü ildə - 146 gün işləmişdir. İddiaçının kolxozda işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Cəbrayıl rayon Dövlət Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli 04 saylı məktubundan görünür ki, kolxozda minimum iş günü qadınlar üçün 1974-cü ildən 1985-ci ilə kimi 160 iş günü, 1985-ci ildən 1993-cü ilə kimi isə 140 iş günü olmuşdur. Belə olan halda aydın olur ki, iddiaçı kolxozda işlədiyi 1974-1993-cü illərdə minimum iştirak normasını yerinə yetirdiyindən həmin dövrlər tam il kimi nəzərə alınmalıdır. Deməli, iddiaçının kolxozda işlədiyi dövr nəzərə alındıqda müəyyən olunur ki, xx.xx.2017-ci il tarixə 20 il ümumi iş stajı olmuşdur. Lakin cavabdeh bu halı nəzərə almamış, bu zaman iddiaçının əmək kitabçasının olmamasına istinad etmişdir. Məhkəmə cavabdehin bu dəlilini əsaslı hesab etmir və qeyd edir ki, ƏPQ-nin 23.2.-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. xx.xx.1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, iddiaçının əmək kitabçası olmasa da, arxiv arayışı mövcud olduğundan onun kolxozda işlədiyi illər ümumi iş stajına daxil edilməlidir. Məhkəmə qeyd edir ki, məsələyə bu cür yanaşma analoji işlər üzrə yuxarı instansiya məhkəmələri tərəfindən formalaşdırılmış məhkəmə təcrübəsinə də uyğundur. O da qeyd edilməlidir ki, iddiaçının ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 2009-cu ildə təqdim etdiyi arxiv arayışı cavabdeh tərəfindən iş stajını təsdiq edən sənəd kimi qəbul edilmiş, buna əsasən iddiaçıya xx.xx.2009-cu il tarixdən əlilliyə görə pensiya təyin edilmişdir. Həmin vaxt DSMF-nin Cəbrayıl rayon şöbəsinin aparıcı məsləhətçisi Vaqif Xankişiyev, Cəbrayıl rayon arxivinin müdiri Mübariz Ələsgərov və DSMF Cəbrayıl rayon şöbəsinin məsləhətçisi Asif Nəbiyevin iştirakı ilə iddiaçının müvafiq staja malik olması məsələsi yerində yoxlanılmış və bu barədə xx.xx.2009-cu il tarixdə tərtib edilmiş aktda göstərilmişdir ki, İddiaçı 1974-cü ildən 1993-cü ilə kimi Mehdili kolxozunda kolxozçu işləmişdir. Mehdili kolxozun Cəbrayıl Dövlət arxivində olan kolxozçuların iş stajı və qazancı kitabına əsasən İddiaçı 1974-cü ildən 1993-cü ilə kimi olan iş stajı, əmək haqqı və iş günləri düzgün yazılmışdır. Yoxlama zamanı artıq əskik yazılma halları aşkar edilməmişdir. Aktın düzgünlüyü onu tərtib edən şəxslərin imzası ilə təsdiq edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci mmaddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13.1 və 13.2-ci madələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Cavabdeh hazırda həmin sənədi sübut kimi qəbul etməyərək əvvəlki davranışına zidd hərəkət edir ki, bu da inzibati icraatın yuxarıda sadalanan əsas prinsipləri olan bərabərlik, etimad hüququnun qorunması və mötəbərlik prinsiplərinə zidddir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ididaçının əmək kitabçasının olmaması əsası ilə ona pensiya təyin edilməsindən imtina edilməsi qanunsuz olmuş, həm pensiya qanunvericiliyinin, həm də inzibati icraat haqqında qanunvericliyin pozulmasına səbəb olmuşdur. Buna görə də iddia tələbi iddiaçıya xx.xx.2017-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi hissəsində əsaslıdır. 01 aprel 2017-ci ildən yaşa görə pensiya ilə iddiaçıya ödənilmiş əlilliyə görə pensiya məbləği arasındakı fərqin hesablanıb ödənilməsinə gəldikdə məhkəmə qeyd edir ki, ƏPQnin 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx.xx.2020-ci il tarixli Qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İşin yuxarıda sadalanan hallarına əsasən iddiaçı cavabdehə yaşa görə əmək pensiyası təyin edilməsi üçün xx.xx.2021-ci il tarixdə müraciət etdiyindən İddiaçı yaşa görə əmək pensiyası, hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən təyin edilməli olsa da, yaranmış fərqin ödənilməsi cavabdehə müraciət etdiyi tarixdən əvvəlki üç il üçün, yəni xx.xx.2018-ci il tarixdən həyata keçirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı :

İddia qismən təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu 01 aprel 2017-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və iddiaçının cavabdehə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il də daxil olmaqla əmək pensiyasının hesablanıb yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar