Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3704/2021 08.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 nun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X1rşı “yenidən müsahibəyə buraxılması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakışəhəri, N.Vəzirovküçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 27.12.2020-ci il tarixli qərarının ləğv edilməsi, yenidən müsahibəyə buraxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 08 iyul 2021-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək yenidən müsahibə keçirilməsi vəzifəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-cü ildə Ukrayna, Kiyev şəhərində yerləşən "xxxx" universitetinə beynəlxalq iqtisadiyyat fakültəsi qəbul olmuşdur. Vaxtı-vaxtında dərslərdə və imtahanlarda iştirak etmişdir. 2018-ci ildə universiteti bitirib diplom almışdır. 13.08.2020-ci ildə diplomun təsdiq etmək üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Müraciətinin nömrəsi **********. Sənədlər yoxlanılandan sonra məni video-konfrasla müsahibəyə dəvət etmişlər. Həmin müsahibədə rus dili bilik səviyyəsi və sair bilik səviyyələri yoxlanılmışdır. Müsahibədə həyacanlı olduğu üçün yaxşı cavab verə bilməmişdir. Bu səbəbdən 27.12.2020-ci il tarixdə tədris dilini bilmə səviyyəsi qənaətbəxş edən olmadığı müəyyən edilmiş və imtina cavabı almışdır. Lakin bildirir ki, Ukraynada illərlə yaşayıb təhsil almışdır, orada dərslərdə iştirak etmiş, yerli əhali ilə münasibət qurmuş, gündəlik təlabatlar üçün dükana getmiş, ictimai nəqliyyat vasitələrindən və ya taksi xidmətindən istifadə etmişdir. Bütün bunları rus dili səviyyəsi olmadan edə bilməzdim. İllərlə orda yaşadığım üçün rus dili səviyyəm yaxşıdır. Sadəcə müsahibədə həyacandan bildiklərimdə yaddan çıxmış və zəif cavab vermişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Cvabdeh tərəfindən məhkəmənin dəftərxanası vasitəsilə etiraz daxil olmuşdur. Etiraza görə İddiaçı Təhsildə Keyfiyyət ləminatı Agentliyinə qarşı Ukraynanın "xxxx" İqtisadiyyat və Hüquq Universiteti tərəfindən ona verilmiş bakalavr diplomu (əyani) üzrə aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı diplomu üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı üçün iddiaçıya müvafiq sənədin verilməsindən cavab məktubu ilə imtina etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydalarının 3.2-ci bəndinə əsasən “ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada həyata keçirilir: Ekspertiza-xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi. Bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 2.2-ci bəndinə əsasən, “xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır". Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ. 1.2 maddəsini (Ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr”in V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 26-cı və 37- ci paraqraflarına əsasən iddiaçının aldığı ixtisasın Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən edilmişdir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın müddəalarına əsasən, tanınmanı həyata keçirən orqan ərizəçinin spesifik fənn barədə ətraflı biliklərini; spesfik fənn üzrə araşdırma nəticələrini dərketməsini; problemi analizetmə və həll etmə qabiliyyətini; mürəkkəb məsələlər üzrə müxtəlif qruplarla şifahi və ya yazılı formada effektiv şəkildə ünsiyyət qurma qabiliyyətini; araşdırma aparma qabiliyyətini; ixtisası üzrə araşdırma nəticələrini tətbiq etmə qabiliyyətini və.s. müəyyən etmək səlahiyyətinə malikdir. İddiaçının tədris dilini tam səviyyədə bilməməsi onun aldığı ixtisasın mənimsənilməsini şübhə altına alır. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa ittifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış “Avropa regionu üzrə Tanınma Təlimatr’nın 10-cu hissəsinə əsasən, əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.07.2018-ci il tarixli, 311 nömrəli qərarı ilə təsdiq təsdiq təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin 2.1.48-ci bəndinə əsasən, təlimin nəticələri - təhsilalanın nələri bildiyini, mənimsədiyini və təlim prosesini bitirdikdən sonra nəyi edə biləcəyini göstərən, eləcə də bilik, bacarıq və kompetensiyaları (səriştələri) müəyyən edən göstəricilərdir. Həmin Çərçivənin 2.1.49-cü bəndinə əsasən, təlimin nəticələrinin qiymətləndirilməsi- müəyyən olunmuş meyarları (təlim nəticələri ilə bağlı gözləntilər, təlimin nəticələrinin qiymətləndirilməsi) əsas götürərək, şəxsin bilik, bacarıq və (və ya) kompetensiyalarının (səriştələrinin) qiymətləndirilməsi prosedurudur. Bu baxımdan da iddiaçının aldığı ixtisasın Milli Kvalifikasiyalar Çərçivəsinin 6-cı səviyyəsinə uyğun deyildir. Milli Kvalifikasiyalar Çərçivəsinin 6-cı səviyyəsi dedikdə “bakalavr diplomu; əsas (baza ali) tibb təhsili diplomu; orta ixtisas təhsili (və ya tam orta təhsil) bazasında təcrübə əsasında əldə edilmiş nəticələr barədə sertifikat; bakalavrdan sonra təcrübə” nəzərdə tutulur. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.43-cü maddəsinə görə təhsil sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarından göründüyü kimi, təhsilin məzmunu özündə aşağıdakıları ehtiva edir: Belə ki, “Təhsil haqqında” Qanunun 11.1.3-cü maddəsinə əsasən, təhsilalanların fasiləsiz təhsil almasını, daim yeniləşən, müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə yiyələnməsini, cəmiyyətin tələbatını daha səmərəli ödəməsini, şəxsiyyət kimi inkişaf etməsini və ömür boyu təhsilin hamı üçün acıq və bərabər imkanlı olmasını təmin etməkdədir Qanunun 11.1.4-cü maddəsinə görə, yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqamət tapmaq bacarığını formalaşdırmaq. “Təhsil haqqında” 11.1.5-ci maddəsinə əsasən, cəmiyyətin yüksək səviyyəli və rəqabət qabiliyyətli kadr potensialina tələbatının ödənilməsi üçün real zəmin yaratmaqdan ibarətdir. Qeyd edilən normalardan göründüyü kimi, təhsilin məzmunu hər hansı bir təhsil müəssisəsində həyata keçirilən təlim prosesinin sonunda təlim alanın əldə etməli olduğu biliklərə, bacarıqlara, vərdişlərə və formalaşdırılması nəzərdə tutulan şəxsi keyfiyyətlərə qoyulan tələblərə müəyyən edilən bir anlayışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının 3.6-cı bəndinə görə, ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə əsas olan şərtlərdən biri də, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğudur. Sözügedən Qaydaların 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçının tələbində heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Qeyd olunanları nəzərər alaraq cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir Belə ki, iş materiallarına əlavə edilmiş, -AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1995-ci ildə doğulmuşdur. - "xxxx" İqtisadiyyat və Hüquq Universiteti Ali Təhsil Müəssisəsi tərəfindən verilmiş B18 №216153 saylı, 26.06.2018-ci il tarixli bakalavr diplomun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 2018-ci ildə universiteti bitirmiş “Beynəlxalq iqtisadiyyat” hazırlıq istiqaməti üzrə bakalavr ali təhsil dərəcəsini əldə etmişdir. Diplom Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən 11.04.2019-cu il tarixdə A-17567-19 nömrəsi ilə 05.10.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. - "xxxx" İqtisadiyyat və Hüquq Universiteti Ali Təhsil Müəssisəsi tərəfindən verilmiş B18-216153 saylı, 26.06.2018-ci il tarixli bakalavr diplomuna əlavənin azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı "xxxx" İqtisadiyyat və Hüquq Universiteti Ali Təhsil Müəssisəsində 4 il rus dilində əyani təhsil almışdır. (240 kredit ECTS) Universitetdə tədrisin müddəti 09.2014-06.2018-ci ilə kimi olan dövrdə oxuduğu müddət ərzində ixtisası üzrə tədris olunmuş fənnlərdən, təcrübələr, dövlət attestasiyası və kurs işlərindən (layihələr) kafi, məqbul və yaxşı, əla qiymətlər almış, differensial sınaq yekunu, diplom işlərinin yerinə yeturmişdir. Diploma əlavə də həmçinin Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən 11.04.2019-cu il tarixdə A- 17567-19 nömrəsi ilə 05.10.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. İddiaçı hazırkı tələblə cavabdeh orqana elektron qaydada müraciət etmiş, elektron müraciətinə cavab olaraq nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması səbəbindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-ci bəndinə əsasən müraciətinin təmin olunmasından imtina edilmişdir. İş materiallarından görünür ki, iddiaçının "xxxx" İqtisadiyyat və Hüquq Universiteti Ali Təhsil Müəssisəsində bakalavr təhsil pilləsində təhsil alması və ona B 18 № 216153 nömrəli diplomunun verilməsi işin mübahisələndirilməyən halıdır. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən işin mübahisələndirilən halı nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmamasıdır. Məhkəmə işin sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Göründüyü kimi İddiaçı "xxxx" İqtisadiyyat və Hüquq Universiteti Ali Təhsil Müəssisəsi tərəfindən B 18 № 216153 saylı, 26.06.2018-ci il tarixli bakalavr diplomu Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən 11.04.2019-ci il tarixdə A-17567-19 nömrəsi ilə 05.10.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələr arasındakı ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmaq barəsində Azərbaycan Respublikasının 5 mart 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmuşdur. Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasının 1 -ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənəd-lərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Konvensiyanın 3-cü maddəsinə görə imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Göründüyü kimi, Ukrayna Respublikası da qeyd olunan Konvensiyaya qoşulmuş və həmin ölkənin səlahiyyətli orqanı tərəfindən iddiaçıya verilmiş diploma apostil möhürü vurulmaqla, diplomun qanuniliyi tanınmışdır. İşin hallarından görünür ki, iddiaçı tərəfindən diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət olunsa da, lakin sonuncu "xxxx" İqtisadiyyat və Hüquq Universiteti Ali Təhsil Müəssisəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan tədris dilinin bilmə səviyyəsinin qənaətbəxş olmaması əsası ilə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Hazırda iddia tələbi üzrə iddiaçı onun yenidən müsahibəyə buraxılması vəzifəzsinin Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulmasıni xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin Sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin Sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir, 1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun Sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. 1.4-cü bəndinə əsasən, Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun Sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. 3.2-ci bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). 3.3-cü bəndinə əsasən, təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. 3.4-cü bəndinə əsasən, ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyasının nəticəsi. 3.5-ci bəndinə əsasən, xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Ərizəçinin ekspertiza materialları ilə tanış olmaq hüququ vardır. 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların Sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların Sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Göründüyü kimi cavabdeh iddiaçının təhsil aldığı ölkədə tələb olunan tədris dilinin bilmə səviyyəsinin qənaətbəxş olmamasını əsas gətirməklə diplomun tanınmasından imtina etsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nda şəxsin ali təhsil aldığı dövlətdə tələb olunan tədris dilinin bilmə səviyyəsinin qənaətbəxş olmasının yoxlanılması müəyyən edilməmiş və bu hər hansı bir qanunvericiliklə tənzimlənməmişdir. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək, belə nəticəyə gəlir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (AR NK-nin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan halların mövcud olmasının yenidən ətraflı yoxlanması üçün əsaslar mövcuddur. Belə ki, məhkəmə araşdırması dövründə iddiaçının ixtisasının tanınması və ekvivalentliyinin nostrifikasiyası haqqında şəhadətnamənin verilməsi barədə ərizəsinə baxılması ilə əlaqədar aparılmış nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibənin əks olunduğu disk cavabdehdən tələb edilmiş və məhkəmə iclasında komissiya tərəfindən aparılan yoxlama ilə bağlı video görüntülər olan diskə baxış keçirilmiş və iddiaçının ona verilmiş suallara cavab verərkən həyəcanlı olduğu, bu səbəbdən suallara tam səlist şəkildə cavab verə bilmədiyi müşahidə edilmişdir. Qeyd olunan xüsusatlara əsasən məhkəmə iddiaçının müsahibə zamanı həyəcanlı olması ixtisasının peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəməsi halını şübhə altına almağa, təhsil aldığı ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarıqlarını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq edə bilməməsinə dəlalət etmir. “İnsan Hüquqlarının və X3 haqqında” Konvensiyaya dair Protokolun 2-ci maddəsinə görə heç bir şəxsin təhsil hüququndan imtina edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. “İnsan Hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı yenidən müsahibəyə buraxılmağı vəzifəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73.1, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İdda təmin edilsin. İddiaçı yenidən müsahibəyə buraxılmağı vəzifəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3704/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3704/2021
08.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver