Məhkəmə qərarları › İş №2-1(112)-3704/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3704/2022

23.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3704/2022 23.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 6) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ədliyyə Nazirliyinin Ağsu rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1952-ci il tarixli, 46 saylı doğum haqqında akt qeydi kitabında uşaq haqqında məlumat qrafasında uşağın adına düzəliş edilərək “Mahirə” qeyd edilməsi, doğum haqqında akt qeydləri kitabında düzəlişlərin edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdə yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan üzrə Ədliyyə Nazirliyinin Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə Ağsu rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1952-ci il tarixli 46 saylı doğum haqqında akt qeydləri kitabında “uşaq haqqında məlumat” qrafasında adı “Tahirə”-dən “Mahirə”-yə dəyişiklik edilməsi üçün müraciət etmişdir. Müraciəti Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə 284 nömrə ilə qeydiyyata alınmış, vətəndaşlıq vəziyyəti aktlarının qeydində adının “Tahirə”-dən “Mahirə”yə dəyişiklik edilməsinə 05/Q-284/68 saylı məktubla imtina olmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, sənədlər nəzərdən keçirilərkən Ağsu rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1952-ci il tarixdə tərtib edilmiş 46 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adı “Tahirə” yazıldığı halda Nəsimi rayon Polis İdarəsi tərəfindən iddiaçıya xx.xx.2002-ci il tarixdə verilmiş AZE № 00****** nömrəli şəxsiyyət vəsiqəsində isə adının "Mahirə” göstərildiyi məlum olmuşdur. Eyni zamanda bildirilmişdir ki, təqdim edilən sənədlər arasında ziddiyyət olduğundan və dəyişiklik edilməsi üçün kifayət qədər sənədlər təqdim edə bilmədiyindən qeydiyyat şöbəsində müvafiq düzəlişin edilməsi mümkün olmamışdır. Məhkəməyə bildirir ki, iddiaçının adı “Mahirə”dir və iddiaçı doğulduğu andan bu addan istifadə etmiş, yaxınları tanışları iddiaçıya “Tahirə” deyil, “Mahirə” kimi müraciət etmişdir. Ədliyyə Nazirliyinin Ağsu rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1952-ci il tarixli 46 saylı doğum haqqında akt qeydləri kitabında uşaq haqqında məlumat qrafasında adın “Tahirə” göstərilməsi texniki səhv səbəbindən olmuşdur. Şəxsiyyətini təsdiq edən sənəd də daxil olmaqla indiyədək bütün sənədləri İddiaçı adına rəsmiləşdirilmişdir. Bundan sonra iddiaçıya aid olmayan “Tahirə” adının rəsmi sənədlərdə istifadə olunması iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunlarında təsbit edilmiş hüquqlarını pozur. Nəsimi rayon qeydiyyat şöbəsi düzgün nəticəyə gəlməmiş, işin hallarını hərtərəfli aydınlaşdırmamış, təqdim etdiyim sübutlara düzgün qiymət verməmişdir. Azərbaycan Respublikası İnzibati - Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdehin məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli 05/Q-2183/75 saylı etirazında bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161 -ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarında olan: - İddiaçıya məxsus 1952-ci il tarixli 46 saylı doğum haqqında akt qeydindən görünür ki, İddiaçı xx xxxxxx 1952-ci ildə Agsu şəhərində anadan olmuş, iddiaçının özünün və anasının adı Tahirə kimi qeyd edilmişdir. - Bakı şəhəri Nəsimi RPİ tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş AZE seriyalı № 00****** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx xxxxxx 1952-ci ildə Agsu şəhərində anadan olmuşdur. - İddiaçının bacısı X2 məxsus doğum haqqında 503464 saylı şəhadətnamədən görünür ki, onun anasının adı Tahirə kimi göstərilmişdir. - İddiaçının bacısı X3 məxsus doğum haqqında 503465 saylı şəhadətnamədən görünür ki, onun anasının adı Tahirə kimi göstərilmişdir. - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli 05/Q-284/68 saylı məktubu ilə iddiaçının doğumu haqqında akt qeydinə düzəliş edilərək adının “Tahirə”dan “Mahirə”yə düzəliş edilməsi barədə Nəsimi rayon qeydiyyat şöbəsinə daxil olmuş ərizəsinə baxılaraq bildirilmişdir ki, Ağsu rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1952-ci il tarixdə tərtib edilmiş 46 saylı doğumu haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adı “Tahirə” yazıldığı halda, Nəsimi RPİ tərəfindən xx.xx.2002-ci ildə verilmiş AZE 00****** nömrəli şəxsiyyət vəsiqəsində adının “Mahirə” göstərildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir Qeydiyyat şöbələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibatı qaydada və ya məhkəməyə şikayət verilə bilər. Nəzərinizə çatdırılmışdır ki, təqdim edilən sənədlər arasında ziddiyyət olduğundan və dəyişiklik edilməsi üçün kifayət qədər sənədlər təqdim edə bilmədiyindən qeydiyyat şöbəsində müvafiq düzəlişin edilməsi mümkün olmamışdır. Beləlikə, işdə olan sənədlərdən məlum olur ki, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən və digər sənədlərdən də göründüyü kimi iddiaçının adı Mahirə oldugu halda, dogumun qeydiyyatı aktında iddiaçının adı səhvən Tahirə kimi yazılmışdır. Bunun yanlış olması öz təsdiqini, həmçinin, iddiaçıya məxsus akt qeydindən və onun bacılarına məxsus doğum haqqında şəhadətnamələrin surətindən də tapır. Belə ki, iddiaçının anasının adının Tahirə oldugu halda, dogulan uşaga da eyni adın verilməsi imkansızdır. Bu yanlışlığın düzəldilməsi üçün iddiaçı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Halbuki, iddiaçıya məxsus şəxsiyyətini müəyyən edən əsas sənəddə onun adı Mahirə kimi göstərilmişdir. Bununla da cavabdehin imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən: 1.4. qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 2.1. Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 10.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında şəhadətnamədə göstərilən məlumatlar vətəndaşlıq vəziyyəti akt qeydlərində göstərilən məlumatlara uyğun olmalıdır. 12.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat şöbəsini, konsulluq idarəsinin icra hakimiyyətinin nümayəndəliyini müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və rayon, şəhər, şəhərdə rayon icra hakimiyyətləri vasitəsilə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şəhadətnamələri, ərizə blankları və qeydiyyat kitabları ilə təmin edir. 12.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blankları ciddi hesabat sənədləridir. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsləri vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blanklarının uçotunu və saxlanılması təmin etməlidirlər. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək, hesab edir ki, iddia təmin edilməli, Ağsu rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1952-ci il tarixdə tərtib edilmiş 46 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında uşağın adında düzəliş edilərək “Mahirə” kimi qeyd edilməsi və doğum haqqında akt qeydləri kitabında müvafiq düzəlişlərin edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Ağsu rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1952-ci il tarixdə tərtib edilmiş 46 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında uşağın adında düzəliş edilərək “Mahirə” kimi qeyd edilməsi və doğum haqqında akt qeydləri kitabında müvafiq düzəlişlərin edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar