Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3704/2024 08.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X6) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1996-cı il təvəllüdlü X2 Bakı şəhəri Nizami rayonu ünvan 1 ünvanda yerləşən 21 saylı mənzildən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsi xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayonu, ünvan 2 ünvanda yerləşən 21 saylı mənzil mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzildə hazırda nikahda olduğu arvadı X5 və oğlu X6 qeydiyyatdadır. Mənzildə iddiaçı və arvadı N.Mikaylova birlikdə yaşamaqla mənzilə sahiblik edir və ondan istiadə edirlər. Oğlu Qasım iddiaçının birinci nikahdan olan övladıdır və onun anası X1 ilə 2014-cü ildə nikahı rəsmi qaydada pozulmuşdur. S.Tağıyeva nikah pozulmamışdan qabaq faktiki olaraq ondan ayrılaraq uşağı da özü ilə birlikdə aparmışdır. Qanunvericiliyin tələbinə görə yetkinlik yaşına çatamayan uşaqların yaşayış yeri birlikdə qaldıqları valideynin yaşayış yeri hesab olunur. Qasım anası ilə birlikdə gedərkən yetkinlik yaşına çatmamışdı. Daha sonra isə o, nəinki mülkiyyətində olan mənzildən istifadə etmiş, ümumiyyətlə onunla hər hansı formada əlaqə saxlamamışdır və hazırda harada yaşadığı barədə heç bir məlumatı yoxdur. Üçüncü şəxsin qeydiyyatdan çıxarılması məqsədilə müvafiq qaydada ərizə ilə cavabdeh inzibati orqana müraciət olunaraq birinci bəndddə göstərilən qaydada əsaslandırma aparılmış, lakin cavabdeh müvafiq qaydada məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Beləliklə, iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olan şəxslərin siyahısından görünür ki, X6 iddiaçının oğludur, lakin iddiaçı ilə üçüncü şəxsin anası arasında nikah pozulduğundan, Q.İslamzadə anası ilə birlikdə həmin mənzili tərk edərək getmiş və tərəflər arasında əlaqə tamamilə kəsilmişdir. Tərəflərin heç bir ünsiyyəti yoxdur, birbirindən məlumatsızdırlar. Üçüncü şəxsin qeyd edilən mənzilə dair hər hansı hüquqları da qalmamışdır. Belə olan halda onun mənzildə qeydiyyatda qalması mülkiyyətçinin hüquqlarının qorunması baxımından yolverilməzdir. Belə ki, iddiaçı mənzilə dair mülkiyyətçi kimi sərbəst hərəkət etmək imkanını itirmişdir. Q.lslamzadənin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması üçün qanuni əsaslar mövcud deyil, inzibati orqan tərəfindən ərizənin icra edilməməsi əsassız olmuşdur.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Yaşayış veri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə aşağıdakı hallarda qeydiyyatdan çıxarılır: - yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; - başqa ölkədə yaşayış yeri seçdikdə; - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; - azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qeyd olunanları nəzərə alaraq X3 Bakı şəhəri, Nizami rayonu, ünvan 3 ünvanından qeydiyyatdan çıxarmaq üçün aidiyyəti üzrə inzibati icraat qaydasında məhkəmə orqanına müraciət etmək tövsiyə olunmuşdur.
4. Məhkəmə iclasında tərəflər iştirak etməmişdir. Məhkəməyə ərizə ilə müraciət edən iddiaçının vəkili işə onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
5. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
6. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir.
7. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.
8. İddianın növü öhdəliyin icrasında dair iddiadır. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
9. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə X6 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdurlar.
10. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Babək küçəsi, ev 79 A, 21 saylı mənzil İddiaçı adına xx.xx.2004-cü il tarixində qeydiyyatdan keçirilmişdir.
11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-230/2014 nömrəli xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən İddiaçı ilə X1 arasında bağlanmış 1995-ci il yanvarın 28-də bağlanmış və 56 № ilə qeyd edilmiş nikahın pozulması qət etmişdir.
12. Nikahın pozulması haqqında şəhadətnaməyə (AZ-İ № 190788) əsasən İddiaçı və X1 ilə olan nikah ləğv edilmişdir.
13. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışdan görünür ki, X5 (xx.xx.1970-ci il təvəllüdlü), X6 (xx.xx.1996-cı il təvəllüdlü) Bakı şəhəri, Nizami rayonu, ünvan 4 ünvanında qeydiyyatdadır.
14. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı departamenti Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 26 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 93 nömrəli xx.xx.2023-cü il tarixli arayışına əsasən X4 qeydiyyatdadır və yaşamır.
IV. Məhkəmənin mövqeyi
15. Üçüncü şəxs X6 həmin ünvanda faktiki olaraq yaşamır, istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb və bu ünvandakı qeydiyyatı hazırda formal xarakter daşıyır, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
16. Mənzil Məcəlləsindən: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
17. Üçüncü şəxs iddiaçının oğludur, lakin onunla birlikdə yaşamadığından qanunun mənasına görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvü deyil.
18. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
21. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər....
22. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
23. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
24. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin hərəkətləri qanunsuz hesab edilməli X2 Bakı şəhəri, Nizami rayonu, ünvan 4 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.
25. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. X2 Bakı şəhəri, Nizami rayonu, ünvan 4 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Sevdimalıyeva