Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3705/2020 28.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvanı: Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, Hacıbababəyov küçəsi, ev 11a, mənzil 3) və vəkili X3 (ünvanı: ünvan 1 mənzil 35; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Bakı şəhəri 10 saylı Vəkil Bürosu, vəkil), cavabdehin nümayəndəsi X2 (Ünvanı: Bakı şəhəri, T.Abbasov küçəsi ev 39, mənzil 54; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Dövlət Sosial Müdafiə Fondu X6 Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı, mütəxəssis) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Binəqədi rayon xidmət nümayəndəliyinə qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iddiaçının xx.xx.2002-ci ildən xx.xx.2010-cu il tarixə kimi Bakı şəhəri MKTB-nin 78 saylı Mənzil Kommunal İstismarı sahəsində süpürgəçi (dalandar) vəzifəsində işləməklə həmin illər onun iş stajı hesab edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında cavabdehin adının “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Binəqədi rayon xidmət nümayəndəliyi” kimi oxunması qərara alınmışdır. Daha sonra iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddia tələbinin “İddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cu il tarixə kimi Bakı şəhəri MKTB-nin 78 saylı Mənzil Kommunal İstismarı sahəsində süpürgəçi (dalandar) vəzifəsində işlədiyi dövr üzrə iş stajı nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” kimi oxunması qərara alınmışdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı xx xxxx 1957-ci ildə Cəlilabad rayonunda doğulmudur. xx xxxxxx 1974-cü ildə Cəlilabad rayonu, “Səfərəliyev” adına üzümçülük sovxozu 6 saylı briqadada fəhlə vəzifəsində işləmişdir. xx xxxxxx 1993-cü il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. Sonradan xx.xx.2002-ci ildə Bakı şəhəri MKTB-nin 78 saylı Mənzil Kommunal İstismarı sahəsində süpürgəçi (dalandar) vəzəfəsində işləmişdir. xx.xx.2010-cu il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. Bu barədə onun əmək kitabçasında müvafiq qeydiyyat aparılmışdır. Bakı şəhəri MKTB-nin 78 saylı Mənzil Kommunal İstismarı sahəsində işləyən zaman ona Dövlət Sosial Sığorta Şəhadətnaməsi verilmişdir. Hazırda əmək pensiyası almaq üçün cavabdehə müraciət etdikdə ona bildirmişdir ki, onun əmək kitabçasında 78 saylı MKİS-də işləməyim qeyd edilsə də onun məcburi dövlət sığorta haqlarının ödənilməsi barədə PAS sistemində heç bir məlumat əks edilməmiş və fərdi hesabında sığorta hissəsində hər hansı bir pensiya kapitalı əks edilmədiyindən ona yaşa görə əmək pensiyasi təmin edilə bilməz. Göründüyü kimi onun xx.xx.2002-ci ildən xx.xx.2010-cu ilə kimi işlədiyi iş stajı kimi hesab edilmir. İddiaçı xx.xx.2002-ci ildən xx.xx.2010-cu il tarixə kimi Bakı şəhəri MKTB-nin 78 saylı Mənzil Kommunal İstismarı sahəsində süpürgəçi (dalandar) vəzəfəsıində işləmiş və ona Sosial Sığorta şəhadətnaməsi də verilmişdir. Lakin idarənin təqsiri səbəbindən ondan məcburi sosial sığorta haqqları tutulmamışdır. Qeyd edilən təşkilatın təqsiri səbəbindən hazırda ona əmək pensiyası təmin edilmir. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxxxx 1974-ci ildən xx xxxxxx 1993-cü ilə qədər Cəlilabad rayonu, “Səfərəliyev” adına üzümçülük sovxozu 6 saylı briqadada fəhlə vəzifəsində çalışdığını, sonradan xx.xx.2002-ci ildən 01,05.2010-cu ilə qədər Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Birliyinin 78 saylı Mənzil Kommunal İstismarı sahəsində süpürgəçi (dalandar) vəzifəsində işlədiyini bildirərək, yaşa görə əmək pensiyası almaq üçün Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə müraciət etmişdir. İddiaçı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə PAS sistemində heç bir məlumat əks edilmədiyindən və fərdi hesabın sığorta hissəsində hər hansı məbləğdə pensiya kapitalı əks edilmədiyindən Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsi tərəfindən vətəndaşa yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. Binəqədi rayon Şöbəsi tərəfindən verilmiş imtina tamamilə əsaslı və qanuni olmuşdur. Belə ki, pensiyanın təyin olunması və hesablanması üçün vacib şərtlərdən biri şəxsin işlədiyi dövr ərzində aldığı məvacibdən məcburi sosial sığorta haqqını ödəməsidir və məhz məcburi dövlət sosial sığorta haqları şəxsin gələcək pensiya təminatının məbləğini formalaşdırır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci 1 iyul tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il İyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Digər tərəfdən həmin qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Eyni zamanda, “Sosial sığorta haqqında” Qanunun 8-ci maddəsinə müvafiq olaraq, əmək pensiyalarının hesablanması zamanı nəzərə alınan sığortaolunanın sığorta stajı sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Hər üç normanın məzmunundan da göründüyü kimi, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir. Belə ki, hər iki Qanun sosial sığorta stajını əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məhz məcburi dövlət sosial sığorta haqlarını ödəmək şərtini müəyyən etmişdir. Beləliklə, pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi sosial sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X8) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, xx.xx.2006cı il tarixdən etibarən işçinin sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Yəni qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş Qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. Həmin Əsasnamənin 4-cü bəndinə əsasən, hər bir vətəndaş onu işə götürəndən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq özünün məcburi dövlət sosial sığortası üzrə sığortalanmasını tələb etməlidir. İdarə, müəssisə və təşkilatların həmkarlar ittifaqları komitələri işçilərin məcburi dövlət sosial sığortasına cəlb olunmasına nəzarət etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarında da qeyd etmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Həmçinin Konstitusiya Məhkəməsi Plenumu “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair x xxxx 2020-ci il tarixli Qərarında şərh etmişdir ki: “Pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında qurulmuşdur. Pensiya qanunvericiliyinin əsas məqsədi pensiya təminatı sisteminin fəaliyyətində bu prinsiplərin gücləndirilməsi və qazanılan pensiya hüquqları ilə toplanan sığorta vəsaitləri arasında tarazılığın təmin edilməsindən ibarətdir. ... Bu baxımdan müxtəlif dövrlərdə pensiya qanunvericiliyində pensiya təyin edilməsi zamanı əmək haqlarının nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin məcburiliyi ilə bağlı müxtəlif yanaşmaların olduğunu nəzərə alaraq münasibətlərin yarandığı zaman qüvvədə olan müvafiq qanunvericilik normalarıtətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının 2007-ci il 6 mart tarixli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra - “Vətəndaşların pensiya təminatı haqqında” Qanun) məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı müxtəlif dövrlərdə iki fərqli yanaşma mövcud olmuşdur. Həmin Qanunun iş stajına daxil edilən əmək fəaliyyətinin növləri adlanan 67-ci maddəsinə Azərbaycan Respublikasının 2002-ci il 3 dekabr tarixli Qanunu ilə əlavə edilmiş səkkizinci hissəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla, x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanundan fərqli olaraq, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 2002-ci ildən qüvvəyə minmiş 67-ci maddəsinin səkkizinci hissəsində qanunla müəyyən edilmiş hallar istisna olmaqla, məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin əmək stajına daxil edilməsi müəyyən edilmişdir. Bu maddədə nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş hallar istisna olmaqla” ifadəsi isə qanunda nəzərdə tutulmuş hallarda məcburi dövlət sosial sığorta haqqı ödənilməyən və ya ödənilməsindən azad edilən, lakin əmək stajına daxil edilən əmək fəaliyyəti müddətini ehtiva edir”. Beləliklə, yuxarıda qeyd edilən hüquq normalarının, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun qərarlarının qarşılıqlı təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız məcburi dövlət sosial sığorta haqqı ödənilən iş və ya əmək fəaliyyəti dövrləri, eləcə də qanunvericilikdə siyahısı müəyyən edilmiş digər dövrlər əmək pensiyasına hüquq verən sosial sığorta stajına daxil edilir. İddiaçı Bakı şəhəri MKTB-nin 78 saylı Mənzil Kommunal İstismarı sahəsində əmək fəaliyyəti dövründə sosial sığorta haqları ödənilmədiyindən və işlədiyi dövrlər üzrə məcburi dövlət sosial sığorta ödəmələri barədə məlumat (pensiya kapitalı) X5 (PAS) əks olunmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi və nəticədə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunun tələblərinə uyğun deyil. Məhkəmə zamanı cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1957-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuşdur. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş ИТ-İ seriyalı ******* nömrəli Əmək kitabçasına əsasən X1 xx xxxxxx 1974-ci ildən xx xxxxxx 1993-cü ilə qədər Cəlilabad rayonu, “Səfərəliyev” adına üzümçülük sovxozu 6 saylı briqadada fəhlə vəzifəsində, xx.xx.2002-ci ildən xx.xx.2010-cu ilə qədər Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Birliyinin 78 saylı Mənzil Kommunal İstismarı sahəsində süpürgəçi (dalandar) vəzifəsində işləmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina edərək xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubda bildirmişdir: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Binəqədi rayon şöbəsi Sizin yaşa görə əmək pensiyası təyin edilməsi barədə ərizənizə cavab olaraq bildirir ki, xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 7-ci maddəsinə əsasən 60 yaşına çatmış qadınların (yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyiniz sənədlərə əsasən Sizin xx.xx.2006-cı il tarixədək 22 il 03 ay 25 gün sığorta stajınız vardır. xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə əmək kitabçanızda xx.xx.2010-cu il tarixədək 18 saylı Mənzil Kommunal istismar sahəsində işləməniz barəsində qeyd olunmasına baxmayaraq, Sizin məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə PAS(X8) sistemində heç bir məlumat əks edilməmişdir. Nəzərinizə çatdırırıq ki, xx.xx.2006-cı il tarixindən sonra sığorta stajı yalnız məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi və fərdi hesabın sığorta hissəsində pensiya kapitalının əks edilməsi şərti ilə nəzərə alınır. Sizin fərdi hesabınızın sığorta hissəsində hər hansı bir pensiya kapitalı əks edilmədiyindən Sizə yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyildir.” Göründüyü kimi, cavabdeh orqan imtina məktubunu və iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 22 il 03 ay 25 gün sığorta stajıvardır. xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə əmək kitabçasında xx.xx.2010-cu il tarixədək 18 saylı Mənzil Kommunal istismar sahəsində işləməsi barəsində qeyd olunmasına baxmayaraq, iddiaçının məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə PAS (X8) sistemində heç bir məlumat əks edilməmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İş materiallarında olan, əmək kitabçasına əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək 22 il 03 ay 25 gün sığorta stajı vardır. Məhkəmə iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək olan iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: İş materiallarında olan xx.xx.2018-ci il tarixli 25 nömrəli Ödəniş tapşırığından görünür ki, 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən xx.xx.2018-ci il tarixdə ABB Nərimanov F-İİ vasitəsi ilə İri Sığortaedənlərlə İş Departamentinin (hazırkı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının) hesabına 580,70 manat məbləğində pul köçürmüşdür. Ödənişin təyinatı və əsası kimi “İddiaçı üçün məcburi dövlət sosial sığorta haqqı ödənilir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 68 nömrəli Ödəniş tapşırığından görünür ki, 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən xx.xx.2018-ci il tarixdə ABB Nərimanov F-İİ vasitəsi ilə İri Sığortaedənlərlə İş Departamentinin (hazırkı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının) hesabına 580,70 manat məbləğində pul köçürmüşdür. Ödənişin təyinatı və əsası kimi “İddiaçı üçün məcburi dövlət sosial sığorta haqqı ödənilir. Beləliklə, məhkəmənin qənaətinə görə sığortaedən 2 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyi tərəfindən xx.xx.2018-ci il tarixdə ABB Nərimanov F-İİ vasitəsi ilə cəmi 1161,40 manat məbləğində pulun məcburi dövlət sosial sığorta haqqı kimi İddiaçı fərdi şəxsi uçot hesabına köçürülməsi üçün İri Sığortaedənlərlə İş Departamentinin (hazırkı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının) hesabına ödəniş etməsi iş materialları ilə öz təsdiqini tapmışdır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı (Azerbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) aparır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Sığortaçı — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir. Sığortaedənlər — Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. Sığortaolunanlar — xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli 04 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin dördüncü abzasına əsasən hazırlanmışdır və məcburi dövlət sosial sığorta haqqının toplanması qaydalarını tənzimləyir. Həmin Qaydaların 1.2.1-ci bəndinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata ödənilən pul vəsaitidir. Həmin Qaydaların 1.2.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (bundan sonra - DSMF) - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası üzrə fəaliyyəti həyata keçirən sığortaçı hüquqi şəxsdir. Həmin Qaydaların 1.2.16-cı bəndinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olub əmək müqaviləsi (kontraktı) ilə işçi qüvvəsindən istifadə edən fiziki şəxslər sığortaedənlər hesab olunur. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərə aşağıdakılar aiddir: 4.2.1. muzdlu işlə bağlı olan gəlir-əmək ödənişi; 4.2.2. muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir-sahibkarlıq fəaliyyətindən gəlir. Həmin Qaydaların 4.3-cü bəndinə əsasən əmək ödənişi və digər gəlirlərə qanunvericilikdə nəzərdə tutulmuş bütün növ əmək haqqı və əmək haqqına əlavələrin növləri (mükafat, məzuniyyət haqqı və s.), sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir və digər gəlirlər aiddir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən sığortaedən işçinin (sığortaolunanın) «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş güzəştlər istisna olmaqla xərclərinin (yemək, telefon danışıqları, kirayə, nəqliyyat, işçinin əmlakının, həyatının, sağlamlığının və sairənin sığortası üzrə sığorta xərclərinin və digər bu kimi xərclərinin) əvəzini ödədiyi halda, ödənilən vəsaitin məbləği məcburi dövlət sosial sığortasına cəlb olunur. Həmin Qaydaların 4.10-cu bəndinə əsasən məcburi dövlət sosial sığorta haqqı maliyyələşmə mənbəyindən və ödəmə formasından asılı olmayaraq tutulmuş vergi məbləğləri çıxılmamaqla olan məbləğdən hesablanır. Həmin Qaydaların 6.1.1-ci bəndinə əsasən sığortaedən məcburi dövlət sosial sığorta haqlarını «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, DSMF orqanı bu Qanuna müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair sığortaedənə bildiriş (Əlavə №1) göndərir. Həmin Qaydaların 7.23-cü bəndinə əsasən DSMF orqanları məcburi dövlət sosial sığorta haqlarının uçotunu hər bir sığortaedən üçün açılmış məcburi dövlət sosial sığortası üzrə şəxsi uçot hesabında aparır. Şəxsi uçot hesabında sığortaedənin məcburi dövlət sosial sığortası üzrə vəsaitlərinin hərəkətinə dair hər bir əməliyyat (əmək ödənişi və gəlirlər, məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlər, məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlirlər, hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları, məcburi dövlət sosial sığorta haqları üzrə debitor və kreditor borcları, akta əsasən silinmə, maliyyə sanksiyasının tətbiqi, sərəncam ilə ödəniş və s.) üzrə (onun aparılma tarixləri qeyd olunmaqla) müvafiq qeydlər verilməlidir. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən məcburi dövlət sosial sığorta haqqının düzgün hesablanmasına, vaxtında və tam məbləğdə ödənilməsinə nəzarəti DSMF orqanları həyata keçirirlər. DSMF orqanları bu nəzarəti sığortaedənlərin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla həyata keçirirlər. DSMF orqanları tərəfindən aparılan yoxlamalar kameral və ya səyyar ola bilər. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, 2 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyi tərəfindən xx.xx.2018-ci il tarixdə ABB Nərimanov F-İİ vasitəsi ilə cəmi 1161,40 manat məbləğində pulun məcburi dövlət sosial sığorta haqqı kimi İddiaçı fərdi şəxsi uçot hesabına köçürülməsi üçün müvafiq hesaba ödəniş etməsi iş materialları ilə öz təsdiqini tapdığından, iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cu il tarixə kimi Bakı şəhəri MKTB-nin 78 saylı Mənzil Kommunal İstismarı sahəsində süpürgəçi (dalandar) vəzifəsində işlədiyi dövr üzrə iş stajı nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan əmək pensiyası təyin edilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cu il tarixə kimi Bakı şəhəri MKTB-nin 78 saylı Mənzil Kommunal İstismarı sahəsində süpürgəçi (dalandar) vəzifəsində işlədiyi dövr üzrə iş stajı nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan ona əmək pensiyasının təyin edilməsi öhdəliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Binəqədi rayon xidmət nümayəndəliyinin üzərinə qoyulur. Qərardan, onun təqdim olunduğu gündən, 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-3705/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3705/2020
28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver