Məhkəmə qərarları › İş №2-1(112)-3705/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3705/2022

18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3705/2022 18.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı və üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş X1 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qarşı X3 və Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla yaşayış yeri üzrə qeydiyyata alınma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Dzerjinski küçəsi, ev 9, 6 saylı mənzilə pasport qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 2-1(112)-12227/2021 saylı, 15.11.2021-ci il tarixli qərardadı ilə iş üzrə X3 və Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X3 ilə 16 may 2006-cı il tarixdə nikaha daxil olaraq yaşadığı Qaradağ rayonu, Qobustan qəsəbəsi, Derhinski küçəsi, ev 9, 6 saylı mənzilə gəlin köçməklə hal-hazıradək orada yaşayır. Aralarında mənzillə bağlı heç bir mübahisə yoxdur. Yaşadığı mənzil köhnə tipli ev olmaqla əri Bağırlı Teymurun valideynlərinə məxsus olmuş, onlarda rəhmətə getmiş, hazırda həmin ünvanda yalnız əri Teymur qeydiyyatdadır. Həmin ünavanda yaşadığından pasport qeydiyyatına alınması üçün Qaradağ rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Qaradağ rayon Polis İdarəsinin 08 aprel 2021-ci il tarixli ***-******* saylı məktubla ona imtina edilmiş, məhkəməyə müraciətt etməyi tövsiyyə etmişdir. Hesab etmişdir ki, cavabdeh tərəfindən ona imtina etməsi üçün heç bir qanuni əsas yoxdur. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verib tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş X3 iddia tələbi ilə razı olduğunu bildirərək təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi və üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti lazımi qaydada xəbərdarlıq edilmiş, lakin səlahiyyətli nümayəndələri məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nümayəndələrinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 000***** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuşdur, yaşayış yeri Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanıdır. - Azərbaycan Respublikası vətəndaşının AZE 16404363 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 19.04.1981-ci ildə Bakı şəhərində doğulmuşdur, yaşayış yeri Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanıdır. - Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 228295 №-li, 16.05.2006-cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X2 arasında 16.05.2006-cı il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Bağırlı, arvada isə Bağırlı soyadı verilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 129 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 263 №-li, 15.04.2021-ci il tarixli arayışdan görünür ki, X3 Bakı şəhəri, Qobustan qəsəbəsi, Dzerjinski küçəsi, ev 9, 1 mərtəbəli evin 1-ci mərtəbəsində, sahəsi 14 kv.m olan, 6 №-li, 1 otaqlı mənzildə 2001-ci ildən qeydiyyata alınmaqla yaşayır. - “Kirayədar” Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 129 saylı Mənzil-Kommunal İstismar Sahəsi ilə “kirayəçi” X3 arasında bağlanmış 11.10.2021-ci il tarixli “Dövlət və İctimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında birtipli müqavilə”nin surətindən görünür ki, tərəflər arasında Qaradağ rayonu, ünvan 2-da 14.0 kvadrat metr yaşayış sahəsi ilə bağlı kirayə müqaviləsi bağlanmışdır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 08.04.2021-ci il tarixli, 069-6058D- 3221 №-li məktubdan görünür ki, Bakı şəhəri, Qobustan qəsəbəsi, Dzerjinski küçəsindəki yaşayış yeri üzrə qeydiyyata alınmaq istədiyi 9 nömrəli evin 6-cı mənzilinin hər hansı bir rəsmi sənədi yoxdur. Bu səbəbdən də həmin evə yaşayış yeri üzrə qeydiyyata alınması «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə zidd olduğu üçün mümkün deyildir. Qeyd olunan evin sənədləşdirilməsi üçün müvafiq İcra Hakimiyyəti orqanlarına və ya qeydiyyatla bağlı iddia ilə əlaqədar olaraq «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə əsasən məhkəməyə müraciət edə bilər. Məhkəmə işdə iştirak edən şəxlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında qeydiyyatsız yaşayır. Həmin mənzildə iddiaçının əri qeydiyyatdadır. Həmin ünvan üzrə əmlak Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddiaçı sözügedən ünvana qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir. İddiaçı yaşadığı həmin yaşayış sahəsinə dair qanunvericiliklə müəyyən edilmiş order, qeydiyyat vəsiqəsi (və ya reyestrdən çıxarış), kirayə və ya icarə müqaviləsi təqdim etməmiş və bu səbəbdən də cavabdeh inzibati orqan onu yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina etmişdir. Hazırda iddiaçı cavabdeh inzibati orqanın imtinasını mübahisələndirir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaa üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb oluna bilməz. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunun qeyd edilən tələblərindən görünür ki, şəxsin yalnız qanuni əsaslarla yaşadığı ev onun yaşayış yeri sayıla bilər ki, həmin yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün də həmin şəxs tərəfindən ərizə-anketlə birlikdə şəxsiyyətini təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə) və həmin yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsinin müvafiq icra hakimiyyəti orqanına təqdim olunması tələb olunur. Qeyd edilən Qanunun 8-ci maddəsinin tələbindən isə görünür ki, bu qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə müvafiq icra hakimiyyəti orqanları (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. İşin halları ilə isə iddiaçının daimi yaşamaq məqsədilə qanuni əsaslarla həmin yaşayış evinə köçüb yaşamasına hüquq verən sənədlərin mövcudluğu müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı mübahisəli ünvanda olan yaşayış sahəsinə qeydiyyata alınmasını tələb etsə də həmin yaşayış sahəsinə qanuni əsaslarla köçüb yaşaması və buna hüquq verən sənədlərin, yəni Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanına dair orderin, qeydiyyat vəsiqəsinin (və ya reyestrdən çıxarışın), kirayə və ya icarə müqaviləsinin mövcudluğu tərəfindən sübuta yetirilmədiyindən cavabdeh orqan iddiaçını qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur. Bu imtina qanuna zidd deyildir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Ona görə də iddia tələbi rədd edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi 11.10.2021-ci il tarixli “Dövlət və İctimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında birtipli müqavilə” cavabdeh inzibati orqana məhkəməyə müraciət edilməzdən əvvəl təqdim edilməmiş, inzibati orqan tərəfindən həmin müqaviləyə münasibət bildirilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar