Məhkəmə qərarları › İş №2-1(112)-3706/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3706/2023

29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3706/2023 29.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın adından Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1992-xx.xx.1993-cü ilədək 7 nömrəli Təmir Tikinti İdarəsində, xx.xx.1993-xx.xx.1994-cü ilədək 3 nömrəli Təmir Tikinti İdarəsində, xx.xx.1994-xx.xx.1996-cı ilədək Təmir-Tikinti İstehsalat Birliyində və xx.xx.1997-xx.xx.2005-ci ilədək Oruc müstəqil kiçik müəssisəsində işlədiyi müddətlərin sığora stajına daxil edilməklə 65 yaşından etibarən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxılaraq ərizəsi təmin edilməmişdir. Yaşa görə əmək pensiyasının təyin edilməsinə dair onun əmək stajı tamlıqla və dəqiqliklə nəzərə alınmayıb. Belə ki, onun iş materiallarına əlavə etmiş olduğu əmək kitabçasının notarial qaydada təsdiq olunmuş tərcümə təsdiqində göstərilmiş iş yerlərində, bundan əlavə əmək kitabçasının əslində göstərilmiş, lakin notarial təsdiqdə əksini tapmayan xx.xx.1996-xx.xx.1997-ci illərdə Ucqar Şimal bölgəsi Yamallinetski vilayətində 5-ci dərəcəli elektrik montyoru vəzifəsi üzrə işləmişdir. Lakin bununla bağlı müraciətinə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2022-ci il tarixdə cavab verilmiş və məhkəməyə müraciət etmək hüququ nəzərinə çatdırılmışdır. Həmin cavaba istinadən qeyd olunur ki, hərbi xidmətdə olduğu dövr (xx.xx.1976 - xx.xx.1979) də daxil olmaqla sığorta stajı 16 il 1 ay 4 gün təşkil edir. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.1992-xx.xx.1993-cü ilədək 7 nömrəli Təmir Tikinti İdarəsində, xx.xx.1993-xx.xx.1994cü ilədək 3 nömrəli Təmir Tikinti İdarəsində, xx.xx.1994-xx.xx.1996-cı ilədək Təmir-Tikinti İstehsalat Birliyində və xx.xx.1997-xx.xx.2005-ci ilədək "xxxx" müstəqil kiçik müəssisəsində işlədiyi müddətlərin həmin müəssisələrin yerləşdiyi yeri müəyyən edə bilməmələri səbəbindən siğorta stajına daxil edilməməsini əsassız və qanunsuz hesab edir. Həmin müəssisədə işlədiyi müddətlər əmək kitabçasında göstərilməklə həmin müəssisələrin möhürü ilə təqdiq edilmişdir, işlədiyi "xxxx" müstəqil kiçik müəssisəsində ixtisası üzrə yəni, 2-ci dərəcəli elektrik montyoru, iş ustası, başqa sözlə elektrik cihazları üzrə işləmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 1.1-ci hissəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli qərar ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, 1-ci dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Habelə nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və bu maddədə göstərilən sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubuna əsasən İddiaçı sosial İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək 7 nömrəli Təmir-Tikinti İdarəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək 3 nömrəli Təmir-Tikinti İdarəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-ci il tarixədək Təmir- Tikinti İstehsalat Birliyində və xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" müstəqil kiçik müəssisəsində işlədiyini iddia edir. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci ii tarixli **********6 nömrəli məktubuna əsasən İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək 7 nömrəli Təmir-Tikinti İdarəsinin, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək 3 nömrəli Təmir-Tikinti İdarəsinin, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Təmir-Tikinti İstehsalat Birliyinin və xx.xx.1997-ci ii tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" müstəqil kiçik müəssisəsinin arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün əmək haqqı alınıb-alınmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların (1 iyul 2019 - 30 iyun 2020-ci illər üçün) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər ii 6 ay artırılır. Əvvəllər qüvvədə olmuş AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçının yaşa görə əmək pensiyası hüququ qanunvericiliklə nəzərdə tutulan şərtlər ödənildiyi təqdirdə 65 yaşla xx.xx.2022-ci il tarixdə yaranır. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun - 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sığortaolunanların sığorta stajı təqdim etdiyi əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən (xx.xx.1976-cı il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 16 il 1 ay 4 gün təşkil edir və bu da qanunvericiliklə tələb edilən müddətdən (25 il) azdır. İddiaçı xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə müavinət təyin edilmişdir. Əlavə olaraq İddiaçı fərdi hesabının sığorta hissəsində 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tamamlanmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçı iddia tələbinə uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının adından Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. xx.xx.1957-ci il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. İşin halları: İş materiallarında olan: iddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1957-ci ildə Beyləqan rayonunda doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən xx.xx.1975-ci il tarixdə verilmiş 257 №-li attestatın surətindən müəyyən olunur ki, İddiaçı Azərbaycan SSR 133 №-li Jdanov kənd texniki peşə məktəbini 3-cü dərəcəli traktorçumaşınçı sənəti üzrə bitirmişdir. Məktəbdə təhsil aldığı müddət 02 sentyabr 1974-cü il 25 avqust 1975-ci il. 12 may 1984-cü ildə verilmiş JQ seriyalı 043437 №li diplomun surətindən müəyyən olunur ki, İddiaçı 1975-ci ildə Azərbaycan SSR Ali və Orta İxtisas Təhsil Nazirliyinin Bakı Baza Energetika texnikomuna daxil olmuş və 1984-cü ildə həmin texnikomu “Məişətdə işlədilən elektrik cihazları” ixtisası üzrə tam kursu bitirmişdir. Н З seriyalı, ******* №-li hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1976-cı ildən-xx.xx.1979-cu ilədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus 11 fevral 1980-ci il tarixdə doldurulmuş ИТ-İ seriyalı ******* №-li əmək kitabçasının notarial qaydada təsdiqlənmiş (tərcümə olunmuş) surətindən müəyyən olunur ki, İddiaçı Tramvay Parkına işə qəbul edilənə qədər iş stajı olmayıb (Jdanov rayon İHB-nın arayışı); xx.xx.1979-cu ildə Tramvay parkının Vaqon bölməsinə 2-ci dərəcəli çilingər-elektrik vəzifəsinə qəbul edilmişdir (Əmr № 158, xx.xx.1979-cu il); xx.xx.1980-ci ildə tutduğu vəzifədən azad edilmişdir (Əmr № 28 ok, xx.xx.1980-cı il); xx.xx.1974-cü ildə ərizəsinə əsasən 133 nömrəli kənd texniki-peşə məktəbinə traktorçu maşinist qrupuna şagird heyətinə daxil edilmişdir (Əmr № 3-K, xx.xx.1974-cü il); xx.xx.1975-ci ildə kursu tam bitirdiyi üçün şagird heyətindən xaric edilmişdir (Əmr №22-K, xx.xx.1975-ci il); xx.xx.1980ci ildə Şaumyan rayon Mühafizə İdarəsinə 2 nömrəli sahəyə gözətçi vəzifəsinə qəbul edilmişdir (Əmr № 395, xx.xx.1980-ci il); xx.xx.1981-ci ildə 4 nömrəli sahəyə gözətçi vəzifəsinə keçirilmişdir (Əmr №38, xx.xx.1981-ci il); xx.xx.1981-ci ildə vəzifəsindən azad edilmişdir (Əmr № 121, xx.xx.1981-ci il); xx.xx.1981-ci ildə Uzaq şimal bölgəsinə bərabər olan ərazidə 5-ci dərəcəli traktorçu vəzifəsinə qəbul edilmişdir (Əmr № 45-k, xx.xx.1981-ci il); xx.xx.1990-cı ildə vəzifəsindən azad edilmişdir (Əmr № 172, xx.xx.1990-cı il); xx.xx.1990-cı ildə Nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarətçi vəzifəsinə köçürmə qaydasında qəbul edilmişdir (Əmr № 134-k, xx.xx.1990-cı il); xx.xx.1991-ci ildə tutduğu vəzifədən azad edilmişdir (Əmr № 12-K, xx.xx.1991-ci il); xx.xx.1991-ci ildə TTİ-də Elektrik montaj sahəsinə 2-ci dərəcəli elektrik-montajçı vəzifəsinə qəbul edilmişdir (Əmr № 20/k, xx.xx.1991-ci il); xx.xx.1991-ci ildə tutduğu vəzifədən azad edilmişdir (Əmr №57/k, xx.xx.1991-ci il) xx.xx.1991-ci ildə 6 №li Təmir-Tikinti idarəsində 3-cü dərəcəli elektrikmontajçı vəzifəsinə qəbul edilmişdir (Əmr №47, xx.xx.1991-ci il); xx.xx.1992-ci ildə tutduğu vəzifədən azad edilmişdir ( Əmr №83-k, xx.xx.1992-ci il) xx.xx.1992-ci ildə 7 nömrəli Təmir Tikinti İdarəsinə iş icraçısı vəzifəsinə qəbul edilmişdir ( Əmr №3, xx.xx.1992-ci il); xx.xx.1993-cü ildə tutduğu vəzifədən azad edilmişdir (Əmr № 24, xx.xx.1993-cü il); xx.xx.1993-cü ildə 2 nömrəli RTTT-nin 3 nömrəli TTİ-nə rəis vəzifəsinə təyin edilmişdir ( Əmr № 8, xx.xx.1993-cü il); xx.xx.1994-cü ildə başqa işə keçirilməsi ilə əlaqədar olaraq işdən azad edilmişdir ( Əmr №15 K, xx.xx.1994-cü il); xx.xx.1993-cü ildə 5 nömrəli sənaye istehsalat təmir tikinti trestinə mühəndis vəzifəsinə qəbul edilmişdir (Əmr № 992, xx.xx.1993-cü il); xx.xx.1996-cı ildə tutduğu vəzifədən azad edilmişdir (Əmr № 16, xx.xx.1996-cı il); xx.xx.1997-ci ildə “Oruc Müstəqil” kiçik müəssisəsinə 2-ci dərəcəli elektrik montyoru işinə qəbul edilmişdir (Əmr 3k, xx.xx.1997-ci il); xx.xx.1997-ci ildə müəssisədə iş ustası vəzifəsinə qəbul edilmişdir (Əmr №5, xx.xx.1997-ci il); xx.xx.1998-ci ildə sahədə işlər artdığına görə sahədə iş icraçısı vəzifəsində işləmişdir (Əmr № 2k, xx.xx.1998-ci il); xx.xx.2005-ci ildə öz xahişi ilə işdən azad edilmişdir ( Əmr № 2, xx.xx.2005-ci il). "xxxx" kiçik müəssisəsi tərəfindən verilmiş arayışın surətindən müəyyən olunur ki, İddiaçı "xxxx" kiçik müəssisəsində 1997-ci il tarixli 03 k saylı əmrinə əsasən xx.xx.1997-ci il tarixdən işləmişdir. xx.xx.2005-ci il tarixdən isə işdən azad edilmişdir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq verimiş: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 3-34/2-277/01-3/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Azərbaycan Respublikası sərbəst rayonlararası İstehsalat Təmir Tikinti İdarəsi Xətai rayonu 7 №-li Təmir-Tikinti idarəsinə, Azərbaycan Respublikası Bakı şəhəri Təmir Tikinti Birliyi Xətai rayonu 2 nömrəli rayonlararası Təmir Tikinti Trestinin 3 №-li Təmir-Tikinti İdarəsinə, Azərbaycan Respublikası rayonlararası Təmir Tikinti istehsalat birliyi Bakı şəhəri 5 №-li rayonlararası təmir tikinti trestinə və Bakı şəhəri Qaradağ rayonu "xxxx" müstəqil kiçik müəssisəsinə dair məlumat mövcud deyildir. 5 saylı Rayonlararası Təmir Tikinti Tresti (sonradan Bakı şəhəri Rayonlararası İstehsalat Təmir Tikinti Birliyinin nəzdində yaradılmış “5 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Tresti”) 01 oktyabr 1996-cı il, "xxxx" Kiçik Müəssisəsi isə 24 avqust 1998-ci il tarixlərindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadırlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3-21-3/2-1842/2023 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, 7 nömrəli Təmir-Tikinti İdarəsinin, 2 nömrəli Rayonlararası Təmir Tikinti Trestinin, 3 nömrəli Təmir Tikinti İdarəsinin, 5 nömrəli Sənaye İstehsalat Təmir Tikinti Trestinin, "xxxx" müstəqil kiçik müəssisəsinin uçota alınması, həmçinin iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək həmin müəssisələrdə işləməsini təsdiq edən məlumatlarla bağlı Əmlak Məsələlər Dövlət Xidmətinin arxivində hər-hansı məlumat yoxdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlə Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin **********013400 saylı 15 mart 2023-cü il tarixli məktubu ilə məhkəməytə təqdim olunmuş reyestrdən çıxarışdan və "xxxx" kiçik müəssisəsinin nizamnaməsinə dəyişiklikdən müəyyən olunur ki, "xxxx" kiçik müəssisəsi xx.xx.1994-cü il tarixdə 19620 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır (hazırki qeydiyyat nömrəsi (VÖEN) **********). İddiaçı hazırki tələblə bağlı DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və sonuncunun xx.xx.2022-ci il tarixli **********9 saylı cavab məktubunda bildirilmişdir ki, təqdim etdiyi əmək kitabçası və hərbi biletin surətlərinə əsasən (xx.xx.1976- cı il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) sığorta stajı 16 il 1 ay 4 gün təşkil edir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək 7 nömrəli Təmir-Tikinti İdarəsində, xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək 3 nömrəli Təmir-Tikinti İdarəsində, xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək Təmir-Tikinti İstehsalat Birliyində və xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək "xxxx" müstəqil kiçik müəssisəsində əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək 7 nömrəli Təmit-Tikinti İdarəsinin, xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək 3 nömrəli Təmir-Tikinti İdarəsinin, xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək Təmir-Tikinti İstehsalat Birliyinin və xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək "xxxx" müstəqil kiçik müəssisəsinin arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, əmək haqqı hesablanmayan müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmənin mövqeyi. Məhkəmə iş materiallarını araşdıraraq və mövcud qanunvericiliyi təhlil edərək, həmçinin iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İş materiallarına görə iddiaçının 16 il 1 ay 4 gün sığorta stajı işin mübahisələndirilməyən hallarındandır. Bununla yanaşı müvafiq dövrə (iddiaçının xx.xx.1993-cü il tarixinədək 7 nömrəli Təmit-Tikinti İdarəsində, xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək 3 nömrəli Təmir-Tikinti İdarəsində, xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək Təmir- Tikinti İstehsalat Birliyində və xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək "xxxx" müstəqil kiçik müəssisəsində işlədiyini iddia etdiyi dövrlər) münasibətdə sosial sığorta stajının mövcudluğunu cavabdeh qəbul etmədiyindən, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək işlədiyi "xxxx" müstəqil kiçik müəssisəsinin xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındığı müəyyən olunmuşdur. Bundan əlavə məhkəmə araşdırması zamanı xx.xx.1994-cü il tarixindən xx.xx.1996cı il tarixinədək işlədiyi 5 saylı Rayonlararası Təmir Tikinti Tresti (sonradan Bakı şəhəri Rayonlararası İstehsalat Təmir Tikinti Birliyinin nəzdində yaradılmış “5 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Tresti”) 01 oktyabr 1996-cı il tarixdən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatda olduğu müəyyən olunmuşdur. İddiaçının mübahisələndirilən sığorta stajı əmək kitabçasında qeyd olunsa da həmin illərə münasibətdə cavabdeh tərəfindən nəzərə alınmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etdiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. -....g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd). İşin müəyyən edilmiş hallarına görə əmək kitabçasında qeyd olunmuş məlumatlar, hərbi xidmət və təhsil dövrü nəzərə alınmaqla iddiaçının xx.xx.2006-cı il tarixə qədər 25 ildən artıq stajı mövcuddur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İş materialarından müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla müəyyən olumuş yaş həddinə (65 yaş) xx.xx.2022-ci il tarixdə çatmışdır. Yuxarıda sözügedən normaya əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır – 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. İşin araşdırılan hallarından da göründüyü kimi, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixindən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş və əlillik müddətinin bitməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixindən əmək pensiyasının ödənişi dayandırılmışdır. İddiaçıya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə müavinət təyin edilmişdir. Bundan sonra iddiaçı qanunla müəyyən edilmiş müvafiq sənədləri təqdim etməklə, ona yaşa görə əmək pensiyasının təyin olunması barədə cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İş materiallarından müəyyən olunur ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasındakı qeydlər qanunla müəyyən olunmuş qaydada (əmək stajı haqqındaişə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir) aparılmış və iddiaçının işlədiyi (cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə) müəssisə Azərbaycan Respublikasının müvafiq Qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatından keçmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən 5 hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıxx.xx.1957-cı il təvəllüdlü İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı-xx.xx.1957-cı il təvəllüdlü İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar