Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3706/2025 07.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə, üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi qəsəbə Bələdiyyəsinin 2090 saylı, xx.xx.2005-ci il tarixli qərarı ilə mülkiyyətinə verilmiş 3000 kv. m. torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, Binəqədi qəsəbə Bələdiyyəsinin 1009 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə mülkiyyətinə verilmiş 600 kv. metr torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, Binəqədi qəsəbə Bələdiyyəsinin 1009/1 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə mülkiyyətinə verilmiş və faktiki ölçüsü 504 kv. metr olan torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının qeydə alınmaqla buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 1009/1 №-li Qərarı və fərdi yaşayış evin tikintisi üçün torpaq sahəsinin ayrılmasına əsas olan digər sənədlərlə onun mülkiyyətinə 600 kv.m torpaq sahəsi ayrılmışdır. Ona məxsus torpaq sahəsi fərdi evlərdən ibarət yaşayış massivinin əhatəsində yerləşir. Yaşayış massivi bütün komunikasiya xətləri ilə tam təmin olunmuşdur. Ona məxsus torpaq sahəsində ev tikilməsi üçün torpaq sahəsinin özəlləşdirilərək çıxarış alınması qərarı ilə cavabdeh inzibati orqana müraciət etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin eyni tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxs ilə Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. xx.xx.2025-ci il tarixdə "xxxx" sistemi vasitə ilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, eyni zamanda iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri üçüncü şəxsə təqdim olunaraq, iddiaya qarşı öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə təqdim etmək təklif olunmuşdur. xx.xx.2025-ci il tarixdə "xxxx" sistemi vasitə ilə üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmuşdur. Üçüncü şəxs – Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim olunmamışdır. Cavabdeh və üçüncü şəxsin iddia tələbinə dair yazılı mülahizələri (etirazları): Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair etirazı onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaqların alqı-satqısına dair akt təsdiq edilməmişdir. Həmçinin torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyə qərarına istinad edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyəti olmaqla neft kəmərinin mühafizə zonasında yerləşir, bələdiyyə mülkiyyəti olmaqla bağlı elektron bazada məlumat aşkar edilməmişdir. Bundan əlavə, təqdim edilmiş cizgidə istinad məsafələri qeyd edilmədiyindən sahənin yerləşməsini dəqiqləşdirmək mümkün olmamışdır, torpaq sahəsinin ölçüləri 504 kv.m olmaqla, faktiki bataqlıq ərazidə yerləşir “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsi və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iddia tələbinə dair etirazı onunla əsaslandırılmışdır ki, iddia olunan torpaq sahəsi Binəqədi oil ƏŞ-nin Saziş ərazisinin hüdudları, eləcə də “Neft Kəmərləri” İdarəsinin istismarında olan “Böyük-Şor- Sumqayıt” (d 720mm, istifadəyə verildiyi tarix 1963) magistral neft kəmərinin 1,2 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən torpaq sahələrindən məhdudiyyətli istifadə rejimi müəyyən edilmişdir ki, həmin rejim torpaq sahəsindən onun məqsədli təyinatı üzrə istifadəsini nəzərdə tutur. Həmin Məcəllənin 22-ci maddəsinin 1-ci hissəsinə əsasən “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlarda” sənaye, rabitə, nəqliyyat və digər bu kimi obyektlərin yerləşdirilməsinə icazə verilir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci hissəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının 2-ci bəndinə əsasən sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar sayılır. Göründüyü kimi sənaye təyinatlı torpaqlarda yalnız sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci hissəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında xx.xx.2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndinə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Qərara əsasən, ləğv olunmuş quyuların mühafizə zonası şəxsi tikililərə qədər minimum 75 metr müəyyən olunmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli Qanununun 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin – dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.” Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü hissəsinə əsasən, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 86-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə, dövlət torpaqları alqı-satqı obyekti ola bilməz. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Hesab edirik ki, iş üzrə cavabdehin mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtinası əsaslı olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. Həmçinin, Sazişin təsdiq olunduğu Azərbaycan Respublikasının 20 sentyabr 2005-ci il tarixli 997-İİQ nömrəli Qanunun 4-cü bəndində göstərilir ki, Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Həmçinin, Sazişin 25.1-ci bəndi ilə tövsif olunmuşdur ki, ... bu Saziş Azərbaycan Respublikasının Parlamenti tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Qanunu qüvvəsinə minir və Azərbaycan Respublikasında müddəaları bu Sazişə uyğun gəlməyən və ya zidd olan hər hansı başqa mövcud və ya gələcək qanundan, fərmandan, yaxud inzibati sərəncamdan (və ya onun bir hissəsindən) üstün tutulur, (bu Sazişdə konkret olaraq başqa cür göstərilən hallar istisna olmaqla). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci hissəsinə əsasən, həmin Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarına əsasən, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci maddəsinə görə məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. İnzibati İcraat haqqında Qanunun 24.1-ci maddəsinin tələbinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinin tələbinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Yuxarıda göstərilənlər əsas gətirilərək, İddiaçı cavabdeh DƏDKR 1 saylı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti olmaqla) “çıxarışın verilməsi”nə dair iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddianın təmin olunmasına etiraz etmədiyini bildirdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR: İş materiallarında olan: Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin “Vətəndaş İddiaçı torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” xx.xx.2007-ci il tarixli, 1009/1 №-li Qərarından müəyyən olunur ki, Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadəsində olan 600 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılması qərara alınmışdır. Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən İddiaçı ayrılmış 600 kv.metr torpaq sahəsinin situasiya planı tərtib olunaraq təsdiq olunmuşdur. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********01 №-li cavab məktubunda göstərilmişdir ki, “... torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 №-li fərmanın həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaqların alqısatqısına dair akt təqdim edilməmişdir. Torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamış və səlahiyyətlişəxs tərəfindən imzalanmamışdır. “Daşınmaz əmlakın dövlət haqqında” Azərbaycan Respublikasının Qanunun 15.1.2-ci maddəsinə əsasən (hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqləməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması) hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən: Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-48-2F/2- 2502/2024 №-li cavab məktubunda göstərilmişdir ki, Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 2007-ci ilə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 01/MP-792 №-li cavab məktubunda göstərilmişdir ki, iddiaçıya verilmiş torpaq sahəsi Binəqədi qəsəbəsinin uzun illər yaşayış massivi kimi sakinlərin kompakt yaşadıqları massivinə aid ərazidə yerləşir. Ərazi yerli icra hakimiyyəti və Bələdiyyə orqanları tərəfindən bütün komnukasiya xətləri ilə təmin olunmuşdur. Eyni zamanda Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin “Vətəndaş İddiaçı torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” xx.xx.2007-ci il tarixli, 1009/1 №-li Qərarı və torpaq sahəsinin situsasiya planın surəti təqdim edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-35-1/2- 3620/2025 №-li cavab məktubundan müəyyən olunur ki, arxiv sənədləri içərisində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinin ərazi hüdudları daxilində yerləşən 600 kv.metr torpaq sahəsinin İddiaçı ayrılması ilə bağlı rəyin alınması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilibedilməməsi, edilmişdirsə bununla bağlı rəyin verilib-verilməməsinə dair sənədlər aşkar edilməmişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-43478/2025 №-li cavab məktubu ilə təqdim edlilmiş; - xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən torpaq sahəsinin ölçüləri hüquq müəyyənedici sənəd üzrə 600.0 kv.m və faktiki olaraq 504.0 kv.m-dir. Faktiki olaraq göstərilən torapq sahəsinin sərhədləri bir tərəfdən qonşu sahənin sərhəddi olan mişar daş hasarlar, üç tərədən şərtidir. Tikili yoxdur. Faktiki olaraq göstərilən torpaq sahəsi bataqlıq ərazidə yerləşərək təqribən 100.0 metr məsafədən yerüstü boru xətləri keçir. Torpaq sahəsinin yerləşməsinə dair təqdim edilmiş cizgidə sahə, perimetrik ölçülər, istinad və məsafələr qeyd olunmayıb. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatları baxılması üçün sənədlər toplusuna əlavə olunmuşdur. - “Mütəxəssis rəyi”ndə göstərilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 600.0 kv.m olsa da, faktiki olaraq 504.0 kv.m təşkil edir Torpaq sahəsinin üzərində tikili yoxdur. Faktiki olaraq göstərilən torpaq sahəsi bataqlıq ərazidə yerləşərək təqribən 100.0 m məsafədən yerüstü boru xatləri keçir. Sahənin yerləşməsinə dair təqdim edilmiş cizgidə sahə, perımetrik ölçülər, istinad və məsafələr qeyd olunmamışdır. Torpaq sahəsinin koordinatlarını əks etdirən sxemi rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə bütövlükdə neft kəmərinin mühafizə zolağında yerləşir və sahə Dövlət mülkiyyəti torpağıdır. Sahənin bitişik qonşuluğunda qeydiyyata alınan sahə barədə bazada məlumat yoxdur. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: ... Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi. ... Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ 1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. ... Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) ... Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. .... Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. .... Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; (çıxarılmışdır) 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə: Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. ... Bənd 7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. ... Bənd 16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. MƏHKƏMƏNİN MÖVQEYİ İddiaçının hüquqi marağı Binəqədi qəsəbə Bələdiyyəsinin 1009/1 saylı, xx.xx.2007ci il tarixli qərarı ilə mülkiyyətinə verilmiş və faktiki ölçüsü 504 kv. metr olan torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının qeydə alınmasına nail olmaqdan ibarətdir.Cavabdeh inzibati orqanın imtinasından və iddiaya münasibətdə təqdim olunmuş yazılı etirazdan görünür ki, cavabdeh iddiaçının tələbinin təmin olunmaması üçün aşağlda qeyd olunan əsaslar gətirir:
1. Torpaqların alqı-satqısına dair aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməməsi;
2. Göstərilən torpaq sahəsinin dövlət mülkiyyəti olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsi;
3. Yerləşmə cizgisində bələdiyyə qərarına istinad olunmaması. Yuxarıda istinad edilən qanunvericilik aktlarına əsasən, cavabdeh inzibati orqanın istər imtinanın verildiyi zaman, istərsə də hazırda olan statusu baxımından, torpaq sahəsinin ayrılmasına dair bələdiyyələr tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair hər hansı nəzarətedici səlahiyyətləri nəzərdə tutulmamışdır. Müvafiq ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur. Bələdiyyələrin fəaliyyətinə, o cümlədən bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların normativ hüquqi aktlara zidd olub-olmamasına nəzarəti isə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun əsasında müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 696 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin (“DTXK”) yerli qurumları həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Hazırkı iş üzrə isə apellyasiya instansiyası məhkəməsi qeyd olunan normaların tələblərini pozaraq müvafiq araşdırma aparmadan, ehtimala əsaslanmaqla mübahisəli torpaq sahəsinin Bələdiyyənin mülkiyyətində olmadığı qənaətinə gəlmişdir. Halbuki, inkvizisiya prinsipini rəhbər tutaraq, məhkəmə Bələdiyyəni işə cəlb edərək müvafiq sənədləri əldə etmək, icarəyə dair aktı imzalayan şəxsləri müəyyən etməklə həmin aktın qanunvericiliyin tələblərinə uyğun olaraq “qərar” deyil “sərəncam” adlandırılmasının texniki səhv və yaxud “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İnzibati icraat haqqında” Qanun) 65.1.3-cü maddəsi ilə nəzərdə tutulan pozuntu olmasını aydınlaşdırmaq, müvafiq icra hakimiyyəti orqanlarının rəylərinin olub-olmamasını müəyyən etmək imkanlarına malik idi ki, bu da işin tam və hərtərəfli tədqiq edilməsinə xidmət etmiş olardı. Torpaq sahəsinin planlaşdırılması layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaması və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən torpaq sahəsinin yerquruluşu işlərinin (planlama) aparılmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publikhüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)” Məhkəmə ilk növbədə torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində torpaq alqı-satqısına dair aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim edilməməsinə məsələsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin mülki qanunvericiliklə nəzərdə tutulmuş məqsədlər ücün maraqlı subyektlərə ayrılması ilə bağlı icra hakimiyyəti orqanlarının və bələdiyyələrin fəaliyyəti publik-hüquqi fəaliyyət sayılır və sahəvi xüsusi qanunvericilik normları ilə yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunla nəzərdə tutulmuş ümumi prosedur qaydalara və prinsiplərə uyğun olaraq həyata keçirilməlidir. Həmin Qanunun tələblərinə görə, torpaq sahəsinin qeyd edilən məqsədlər üçün ayrılması ilə bağlı maraqlı şəxsin səlahiyyətli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə (inzibati orqana) müraciəti əsasında müvafiq inzibati icraat həyata keçirilməli və icraatın yekununda torpaq sahəsinin ayrılması və ya ayrılmasından imtina barədə inzibati akt - qərar qəbul olunmalıdır. İnzibati icraatda obyektiv araşdırma prinsipi hakimdir və həmin prinsipin tələbinə görə icraat zamanı və icraat çərçivəsində torpaq sahəsinin ayrılması ilə bağlı halların tam və hərtərəfli araşdırılması inzibati orqanın xidməti vəzifəsidir. Başqa sözlə, icraat zamanı tələb olunan, o cümlədən qanunvericiliklə nəzərdə tutulmuş müəyyən işlərin görülməsi, müvafiq sorğuların göndərilməsi və rəylərin alınması, razılaşdırmaların həyata keçirilməsi, plan – ölçünün hazırlanması və s. torpaq sahəsinin ayrılması ilə bağlı inzibati icraatın tərkib hissəsi kimi nəzərdən keçirilməli və icraat nəticəsində obyektiv qanunauyğun qərarın qəbulu məqsədlərinə xidmət edən tədbirlər kimi dəyərləndirilməlidir. İctimai maraqlara xidmət edən həmin tədbirlərin görülməsi torpağı ayırmaq səlahiyyətinə malik olan inzibati orqanın xidməti vəzifəsinə və məsuliyyət sferasına aid məsələdir. Maraqlı şəxsə münasibətdə isə icraat gedişində həyata keçirilmiş həmin tədbirlər deyil, yalnız inzibati icraatın nəticəsində qəbul edilmiş qərar müstəqil xarici hüquqi təsirə malikdir və şəxs üçün hüquqi nəticlər yaradır. Nəzərə alınmalıdır ki, sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində torpaq alqı-satqısına dair aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim edilməməsi inzibati orqanın inzibati icraat çərçivəsində aparılmalı olan hərəkətdir. Bu səbəbdən də həmin əsas imtina əsası qismində çıxış edə bilməz. Lakin cavabdehin imtinası əsası kimi göstərdiyi ikinci hal, yəni torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaması iddianın həllində mühüm rol oynayır. Belə ki, yuxarıda göstərilən qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun nümayiş etdirdiyi mövqeyi o istiqamətdə olmuşdur ki, bələdiyyə qərarı əsasında vətəndaşa ayrılmış torpaq sahəsi üzərində şəxsin mülkiyyət hüquqlarının qeydə alınması məsələsinə baxılarkən inzibati icraat nəticəsində qərarın (konkret halda torpağın ayrılması barədə) qəbulunda iştirak xarakteri daşıyan prosedurlara riayət edilməməsi, o cümlədən rəylərin alınmaması özü-özlüyündə hüququn qeydə alınmasından imtinanın əsasını təşkil edə bilməz. Lakin bələdiyyə qərarı əsasında ayrılan torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olub-olmaması ilə bağlı müvafiq araşdırma aparılmalıdır. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin bələdiyyənin yoxsa dövlət mülkiyyətində olub-olmamasının müəyyən edilməsi xüsusi bilik tələb edən sahədir ki, bununla bağlı məhkəmə tərəfindən mütəxəssis rəyi alınmışdır. Təqdim olunmuş mütəxəssis rəyindən məlum olur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi Dövlət mülkiyyəti olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Göründüyü kimi mübahisəli torpaq sahəsi Bakı şəhəri Binəqədi Rayonu Binəqədi qəsəbə bələdiyyəsinin sərəncamı əsasında iddiaçıya ayrılsa da, iddia olunan torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmamış, dövlət mülkiyyətində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Bundan başqa qeyd olunmalıdır ki, ümumiyyətlə iddia olunan torpaq sahəsinin zamanında bələdiyyənin mülkiyyətində olması ilə əlaqədar hər hansı məlumat da mövcud deyil. Məhkəmə bir daha qeyd edir ki, bələdiyyə tərəfindən qəbul edilmiş qərar yalnız o halda iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatını həyata keçirə bilərdi ki, əgər sərəncam ilə ayrılmış torpaq sahəsi bələdiyyənin mülkiyyətində olsun. Hazırki halda isə iddia olunan torpaq sahəsi dövlət mülkiyyətində olduğundan və zamanında torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması sübuta yetirilmədiyindən, cavabdehin imtinası əsaslı olmuşdur. Məhkəmə, xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh ilkin inzibati icraat zamanı, həmçinin iddia tələbinə yazılı etiraz təqdim edərkən, iddia olunan torpaq sahəsinin digər şəxs tərəfindən istifadə edildiyini əsas gətirmişdir. Məhkəmə, adıçəkilən şəxsin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini zəruri saymamışdır. Belə ki, bu cür mübahisələrdə, xüsusilə iddia olunan torpaq sahəsinin digər şəxs tərəfindən hasarlanaraq istifadəsi zamanı, məhkəmə ilk növbədə həmin şəxsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb etməli, həm iddiaçı, həm də üçüncü şəxsin təqdim etdiyi sənədləri müqayisəli şəkildə təhlil edərək, torpaq sahəsinin hüquqi mülkiyyətçisini müəyyən etməlidir. Lakin hazırkı iş üzrə, iddia olunan torpaq sahəsinin torpaqayırma zamanı bələdiyyənin mülkiyyətində olması müəyyən olunmadığından, torpaq sahəsini hasara almış şəxsin məhkəmə icraatına cəlb edilməsi və bu hissədə araşdırmanın aparılmasına hər hansı zərurət meydana gəlməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, torpaq sahəsi dövlət mülkiyyətində olduğundan hazırki mübahisə üzrə digər göstərilən imtina əsasları ilə bağlı araşdırımanın aparılmasına belə zərurət yoxdur. Məhkəmə hesab edir ki, məhkəmə tikinti-texniki ekspertizanın təyini və ya yerində müayinə kimi əlavə araşdırımanın aparılmasına belə zərurət yoxdur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin torpaqların elektron kadastr uçotu informasiya sisteminə tam çıxış imkanı olmadığından, həmin “mütəxəssis rəy”lərində əks olunan məlumatların dürüstlüyünü yoxlamaq və müstəqil tədqiqat aparmaq imkanları məhduddur. Nəticədə ekspert rəyləri DƏDKR tərəfindən verilmiş “mütəxəssis rəyi”ndəki məlumatların təkrarı xarakterini daşıyır. Bu isə təcrübədə “formal ekspertiza”nın aparılmasına gətirib çıxarır ki, belə ekspertizalar həm tərəflər üçün əlavə məhkəmə xərclərinin yaranmasına, həm də məhkəmə icraatının qanunvericiliklə müəyyənləşdirilmiş prosessual və ya ağlabatan müddətlər daxilində yekunlaşdırılmasına mane olur. DƏDKR tərəfindən torpaq sahələrinə dair rəy verilməsi həmin qurumun birbaşa xidməti vəzifələrindən biridir. Belə ki, torpaq sahələrinin kateqoriyası, sərhədləri, koordinatları və digər kadastr göstəriciləri barədə məlumatlar yalnız bu qurumun ixtiyarında və idarəçiliyində olan elektron kadastr uçotu informasiya sistemində toplanır və saxlanılır. Həmin məlumat bazasına çıxış bir çox hallarda yalnız DƏDKR-ə məxsusdur. Buna görə, bu qurum tərəfindən təqdim edilən rəy dövlət kadastr məlumatlarına əsaslanan yeganə rəsmi mənbə sayılır. Hazırkı halda digər şəxslər və qurumlar həmişə bu məlumatlara birbaşa çıxış imkanına malik olmadığından bu məlumatlar əsasında verilmiş rəy obyektiv və ilkin mənbədən alınmış yeganə məlumatdır. Belə rəyin mötəbərliyi və obyektivliyi onun mənbəsinin qanunla səlahiyyət verilmiş dövlət orqanı olması və rəsmi kadastr məlumatlarına əsaslanması ilə təmin olunur. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən iddiaçıya bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahəsinin Binəqədi oil ƏŞnin Saziş ərazisinin hüdudları, eləcə də “Neft Kəmərləri” İdarəsinin istismarında olan “Böyük-Şor-Sumqayıt” (d 720mm, istifadəyə verildiyi tarix 1963) magistral neft kəmərinin 1,2 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşdiyi faktı öz təsdiqini tapmışdır. Belə olduqda məhkəmə hesab edir ki, təqdim edilən mütəxəssis rəyinin mötəbər sübutlara və faktlara əsasən həqiqiliyi mübahisələndirilmədiyindən, habelə qərəzliliyə dair əsaslı şübhələr olmadığından məhkəmə ekspertiza təyin edilməsinə zərurət yoxdur. Beləliklə, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin müdaxiləsini, yəni sonuncunun torpaq sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsindən imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev