Məhkəmə qərarları › İş №2-1(112)-3707/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3707/2023

31.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3707/2023 31.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun tanınması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyası Ali peşə təhsil müəssisəsi “X2 Universiteti” tərəfindən iddiaçıya verilmiş 30 iyun 2011-ci il tarixli 88/11-БЯЛ qeydiyyat nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilərək müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X2 Universiteti”ndə 2006-2010-cu illərdə əyani təhsil almış, lakin buraxılış imtahanlarında müvəffəqiyyət əldə edə bilmədiyi üçün bir il artıq oxumuş, bu səbəbdən xx.xx.2011-ci ildə ona verilən ərizəyə əasən əyaniqiyabi bölməsinə köçürülmüşdür. İddiaçı hesab edir ki, onun aldığı ixtisas tanınmalıdır. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Belə ki, iddiaçının “əyani-qiyabi” (axşam) təhsilalma gorması üzrə təhsil aldığı müəyyən edilmişdir. Halbuki, həmin təhsil forması Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 13-cü maddəsində təhsilalma formalarında nəzərdə tutulmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X2 Universiteti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli diplomun surətindən görünür ki, iddiaçı “Linqvistika” ixtisasını bitirmiş və ona bakalavr ali ixtisas dərəcəsi verilmişdir. X2 Universiteti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli diploma əlavədən görünür ki, iddiaçının “Linqvistika” ixtisası üzrə aldığı təhsil “əyani-qiyabi” formasında həyata keçirilmişdir. İddiaçı qeyd olunan diplomun tanınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə ərizəçinin (iddiaçının) təhsilalma forması üzrə təhsilalma qaydaları, habelə tədrisin təşkili və qiymətləndirilməsi mexanizminin hər hansı qanunvericilik aktları ilə tənzimlənmədiyi səbəbi ilə müraciətin təmin edilməsindən imtina etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanun: 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. 27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; 29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Eyni zamanda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli , 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: (ləğv olunmuş) 3.6-cı bəndinə əsasən Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları: 3.8. Tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir: -3.8.4. ali təhsilə dair kvalifikasiyanın tanınmasından imtina edilməsi. 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Sadalanan normaların məzmunundan da görünür ki, hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır. Bununla bağlı qeyd edilməlidir ki, təhsilin məzmunu hər hansı bir təhsil müəssisəsində həyata keçirilən təlim prosesinin sonunda təlim alanın əldə etməli olduğu biliklərə, bacarıqlara, vərdişlərə və formalaşdırılması nəzərdə tutulan şəxsi keyfiyyətlərə qoyulan tələblərə müəyyən edilən bir anlayışdır. Nəzərə alınmalıdır ki, normativ hüquqi aktlarda xarici dövlətlərin ali təhsil sahəsində kvalifikasıyanın tanınması ilə bağlı müəyyən şərtlər, mənfi rəyin verilməsi üçün isə müvafiq əsaslar mövcud olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının diplom üzrə ixtisasının tanınması barədə müraciətindən imtina edərkən cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli , 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na istinad etmişdir. Doğrudur ki, iddiaçının tələbinə məhkəmə icraatı zamanı baxılarkən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması istiqamətində yeni Qaydalar qəbul edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş edilmişdir ki, həmin Qaydalara əsasən şəxsin aldığı təhsilə aid kvalifikasiyanın tanınması üçün yeni meyarlar müəyyən olunmuşdur. Məhkəmə, kvalifikasiyanın tanınması ilə bağlı yeni Qaydaların qəbul edildiyini rəhbər tutaraq, iddiaçının yenidən cavabdeh inzibati orqana müraciət etməsini təklif etmiş, lakin o, müraciətin əsaslı olduğunu, bu səbəbdən də iddia tələbinə cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina məktubu əsasında qiymət verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının tələbini nəzərə alaraq, iddia tələbinin əsaslı olub-olmaması, cavabdehin müraciətinin düzgün olub-olmaması istiqamətində dəyərləndirmə apararkən cavabdehin imtinasının düzgünlüyünə məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”n müddəalarına görə qiymət verir. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda qeyd olunan əsaslar düzgün olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili”Qaydalarının: -1.6-cı maddəsinə əsasən, bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. “Təhsil haqqında” Qanunun normalarına əsasən dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun tətbiq edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli № 156 saylı Fərmanına əsasən, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 №-li qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 5.4-cü bəndinə əsasən, ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi həm də təhsilin formasının Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş tələblərə uyğunluğun yoxlanılmasıdır. Yuxarıda istinad edilən normativ aktların müddəalarından göründüyü kimi “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda əyani-qiyabi təhsilalma forması bilavasitə qanunvericilikdə təsbit olunmamışdır. Eyni zamanda qanunvericilikdə əyaniqiyabi formada təhsil formasının ölkə ərazisində qanunla yol verilən təhsil formalarından birinə - əyani forma və ya qiyabi formaya uyğunlaşdırılması ilə bağlı da normativ əsas müəyyən edilməmişdir. Həm də nəzərə alınmalıdır ki, yuxarıda adıçəkilən Qaydaların 3.7-ci bəndi xarici ölkədə əyaniqiyabi formada təhsil alındığı halda həmin formanı Azərbaycan Respublikasında təhsil forması kimi yol verilmədiyindən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün əsas olan mənfi rəyin verilməsinin qeyd şərtsiz əsası kimi müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, tədris forması didaktik kateqoriya kimi təhsil prosesinin təşkilinin xarici tərəfini əks etdirir. Bu, təlimin məqsədlərindən, məzmunundan, metod və vasitələrindən, maddi şəraitdən, təhsil prosesinin iştirakçılarının tərkibindən və onun digər elementlərindən asılıdır. Qeyd olunmalıdır ki, bir çox ölkələrdə təhsil formalarının növləri fərqlidir. Belə ki, Rusiya Federasiyanın Təhsil haqqında Qanunun 17-ci maddəsində təhsil müəssisələrində əyani-qiyabi təhsilalma forması nəzərdə tutulmuşdur. Buna baxmayaraq qeyd olunmalıdır ki, hər nə qədər də bu növ təhsilalma forması digər xarici ölkələrdə (iddiaçının bakalavr təhsil aldığı Rusiya Federasiyasında) müəyyən olunsa da, Azərbaycan Respublikasında təhsil hüququnu tənzimləyən qanunvericilikdə əyani-qiyabi təhsilalma forması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının mövcud təhsil qanunvericiliyində əyani-qiyabi və ya qiyabi-əyani təhsilalma forması nəzərdə tutulmadığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə uyğun olaraq, bu tip təhsilalma formaları üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları ixtisasların ölkə ərazisində tanınması mümkün deyildir. Bu mövqeyidən irəli çıxaraq məhkəmə bildirir ki, iddiaçının diplomundan və diploma əlavədən də göründüyü kimi, onun “Linqvistika” ixtisası üzrə aldığı təhsil əyani-qiyabi tədris formasında olduğundan, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən ekspert qrupu tərəfindən onun diplomunun tanınmasından imtina olunması əsaslı olmuşdur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2231/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ““Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda əyaniqiyabi təhsilalma forması bilavasitə qanunvericilikdə təsbit olunmamışdır. Eyni zamanda qanunvericilikdə əyaniqiyabi formada təhsil formasının ölkə ərazisində qanunla yol verilən təhsil formalarından birinə - əyani forma və ya qiyabi formaya uyğunlaşdırılması ilə bağlı da normativ əsas müəyyən edilməmişdir. Həm də nəzərə alınmalıdır ki, yuxarıda adıçəkilən Qaydaların 3.7-ci bəndi xarici ölkədə əyaniqiyabi formada təhsil alındığı halda həmin formanı Azərbaycan Respublikasında təhsil forması kimi yol verilmədiyindən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün əsas olan mənfi rəyin verilməsinin qeyd şərtsiz əsası kimi müəyyən etmişdir” Eyni zamanda Məhkəmə diqqətə çatdırır ki, iddiaçının tədris ili müddətində Rusiya Federasiya ərazisində olmasını təsdiq edən sərhədkeçmə məlumatlarının olması belə vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, bir mənalı şəkildə iddiaçının aldığı təhsilin forması əyani-qiyabi təhsilalma forması olduğundan və həmin forma Azərbaycan Respublikasının təhsil sistemində nəzərdə tutulmadığından, iddiaçının aldığı təhsil üzrə kvalifikasiyanın tanınması ilə bağlı müraciətinə baxılarkən digər şərtlərin (sərhəd, dil və s) ödənilməsi hər hansı əhəmiyyət kəsb etmir. Beləliklə də müəyyən edilir ki, cavabdeh inzibati orqan tərəfindən ekspert qrupunun rəyinə əsasən iddiaçının diplomunun tanınmasından və ona ekvivalentlik şəhadətnaməsinin verilməsindən imtina edilməsi işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olmuşdur. Odur ki, iddiaçının diplomun tanınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin iddiaçının diplomunu tanımaqdan imtinası qanunvericiliyə, o cümlədən Qaydaların 1.6-cı bəndinə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. Cavabdeh Qaydaların 3.6-cı bəndi ilə müəyyən edilmiş qaydada təhsilin məzmununun uyğunluğu haqqında ekspertiza keçirdikdən və Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğunu yoxladıqdan sonra həmin Qaydaların 3.7-ci bəndinə əsaslanaraq, iddiaçının diplomunun tanınmasından imtina etmişdir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar