Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-371/2021 10.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X26 Ağa qızının katibliyi, İddiaçının vəkili X12, 3-cü şəxsin nümayəndəsi və vəkili X6 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs X15 işə cəlb edilməklə torpaq sahəsinin plan-ölçüsünün ləğv edilməsi, çıxarışın və plan-ölçünün verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsindnə yerləşən faktiki istifadəsində və sahibliyində olan 0.12 ha ibarət 1213 saylı bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın və plan-ölçünün verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində yerləşən 0.25 ha-dan ibarət 1213 saylı bağ sahəsi 1935 saylı icarə müqaviləsi əsasında mərhum X11 məxsus olmuşdur. Həmin bağ sahəsinin 0.12 ha hissəsi 16.10.1990-cı il tarixli, 1935 saylı müqavilə əsasında mərhum X7, 012 ha hissəsi isə X8 adına icarə müqavilələri bağlanmışdır. Bağın digər hissəsinin sahiblik və istifadə hüquqlarına X16 ilə onun arasında şifahi alğı-satqı müqaviləsi bağlanmış və ona tərəfindən 25 000 (iyirmi beş min) rubl məbləğində pul vəsaiti ödəmişdir. Bu dediklərinin təsdiqi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2400/15 saylı, 19 may 2015-ci il tarixli qətnaməsində öz əksini tapmışdır. Sözügedən bağ sahəsinin 0.12 ha hissəsi üzərində bağ evi daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi 13.12.2013-cü il tarixdə, ********** nömrə ilə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsi dörd tərəfdən hasar içərisində yerləşir və orada bir sıra abadlıq və ağacəkmə işləri aparmış və faktiki olaraq onun istifadəsində və sahibliyindədir. Bağ sahəsinin faktiki istifadəsində olan digər 0.12 ha hissəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Adıçəkilən İdarənin mütəxəssisləri tərəfindən bağ sahəsinə texniki baxış keçirilmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, arxiv əsaslarında və elektron kadastr məlumatlarına əsasən “1213” saylı bağ digər fiziki şəxsin adınadır və həmin sahəyə ləğv olunmuş DTXK tərəfindən kadastr planı verilmişdir. “1213” saylı bağ sahəsinin adına daşınmaz əmlakın hüquqi qeydiyyata alınması üçün əsas olan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin əsilləri (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya, protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusdan məktubu) sənəd əsillərinin təqdim edilməsi zəruridir. Hesab edir ki, cavabdhein imtinası qanunsuz və hüquqaziddir. O, yenidən 04 oktyabr 2019-cu il tarixdə sözügedən sahibliyində və istifadəsində olan bağ sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün poçt vasitəsi ilə sənədlərini cavabdeh inzibati orqana göndərmişdir. Sənədləri 04 oktyabr 2019-cu il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. Lakin, onlara təqdim olunmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2400/15 saylı, 19 may 2015-ci il tarixli qətnaməsində məhkəmənin gəldiyi qənaətləri nəzərə almayaraq, şablon əsasında cavab verib icarə müqaviləsi və digər sənədlər tələb olunub. Hesab edir ki, cavabdehin həmin tələbləri qanunsuz və əsassızdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində yerləşən faktiki istifadəsində və sahibliyində olan 0.12 ha ibarət olan 1213 saylı bağ sahəsinə dair tərtib olunmuş torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi və sözügedən bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-371/2021 saylı, 16 mart 2021-ci il tarixli qərardadı ilə iş üzrə X15 üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin, cavabdeh tərəfindən hal-hazıradək iddia ərizəsinə qarşı hər-hansı bir münasibət bildirilməmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi iddianı qəbul etmədi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş **********12 nömrəli, 05.11.2019-cu il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka -1 bağ massivi ünvanında yerləşən 1213 saylı evin sənədləşməsi ilə bağlı ********** nömrəli, 04.10.2019-cu il tarixli poçt vasitəsilə İdarəyə daxil olmuş ərizəsinə baxılaraq bildirilmişdir ki, sözügedən bağ sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin əsilləri (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusdan məktubu) təqdim edilməmişdir. Həmçinin bildirilmişdir, qeyd olunan ünvanda yerləşən bağ sahəsinə idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. İşdə olan qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2400/2015 saylı, 19 may 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağlar massivində yerləşən 0.25 ha ibarət 1213 saylı bağ sahəsi 20 noyabr 1981-ci il tarixli icarə müqaviləsi əsasında mərhum X7 istifadəsinə verilmişdir. 1990-cı ildə Rafiq Kazımov bağ sahəsini İddiaçı satmaq barədə razılığa gəlmiş və bağın dəyəri ilə əlaqədar razılaşdıqları məbləği alaraq bağ sahəsini sonuncunun istifadəsinə vermişdir. Tərəflərin razılaşdıqları vaxt qüvvədə olan Bakı şəhəri İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının 25 sentyabr 1990-cı il tarixli sərəncamının tələblərinə əsasən həmin vaxt hər adam üçün 0.12 hektardan artıq bağ sahəsinə icarə müqaviləsinin bağlanmasına icazə veriilmədiyi üçün tərəflər belə razılığa gəlmişlər ki, 0.24 ha sahəsinin 0.12 ha sahəsinə İddiaçı ilə icarə müqaviləsi bağlansın, 0.12 ha bağ sahəsinin sonradan İddiaçı adına rəsmiləşdirilməsi şərti ilə icarə müqaviləsi Rafiq Kazımovun adında saxlansın. Tərəflər razılaşdırları qaydada bağ sahəsinin 0.12 ha hissəsinə İddiaçılə icarə müqaviləsi bağlanmış, qalan 0.12 ha hissəyə Rafiq Kazımovla yeni müqavilə bağlanmış, həmin icarə müqaviləsindən əvvəlki müqaviədən fərqli olaraq Rafiq Kazımovun ailə üzvlərinin adı çıxarılmışdır. 0.24 ha bağ sahəsi həmin vaxtdan bütövlükdə İddiaçı və X2 istifadəsində olmuşdur. 20 aprel 2011-ci il tarixdə Rafiq Kazımv bağ sahəsini İddiaçı adına rəsmiləşdirməsini həyata keçirmədən vəfat etmişdir. Bundan sonra Rafiq Kazımovun vərəsələri bağ sahəsinin Rafiq Kazımovun adına qalan hissənin Yuliyev Veniaminovnanın adına rəsmiləşdirməkdən imtina etmiş və bununla bağlı tərəflər arasında mübahisə yaranmışdır. Eləcə də, həmin qətnamədən görünür ki, iddiaçılar X10 və İddiaçı mərhum Rafiq Kazımovun keçmiş arvadı cavabdeh X13 və 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia tələbi irəli sürərək X5 Samirə Rafiq qızının müraciəti əsasında mübahisəli bağ sahəsinə dair tərtib edilmiş “torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi, bağ sahəsinin yeganə qanuni istifadəçisi və sahibi olmasının tanınması, Rafiq Kazımovun vəfat etdiyi andan onunla bağlanmış icarə müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi, bağa dair icarə müqaviləsinin həmin vaxtdan X10 ilə bağlanmalı olması” barədə iddia tələbi irəli sürmüşdür. - Müstəqil tələb irəli sürən 3-cü şəxs kimi tanınmış mərhum X5 Samirə Rafiq qızı cavabdeh X1 və İddiaçı qarşı iddia tələbi irəli sürərək mərhum atasının adına icarə müqaviləsi bağlanmış bağ sahəsindən cavabdehlərin çıxarılmaları, bağ sahəsinin sərhəddinin bərpa edilməsi və bağ sahəsinə giriş-çıxışın məhdudlaşdırılmasının aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. -Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 yanvar 2015-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbləri təmin edilməmiş, 3-cü şəxs X9 iddiası təmin olunmuşdur. Həmin qətnamə ilə razılaşmayan iddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv olunaraq ilk iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. -Məhkəmə kollegiyası hesab etmişdir ki,maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmadığından qətnamə ləğv olunmalı, ilk və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi sübutlara düzgün qiymət verməmişdir. 1213 nömrəli bağ sahəsinin iddiaçılar tərəfindən mərhum Rafiq Kazımovla şifahi olaraq razılaşaraq dəyərini ödəməklə satın almaları işin sübuta yetirilmiş halıdır. 16 oktyabr 1990-cı il tarixdən 1213 və 1213 a saylı bağ sahələrinin əvvəlki qaydada bölünməz olaraq istifadələrində olması halını qonşuluqda yaşayan, iddiaçılar və mərhum Rafiq Kazımovu tanıyan şahidlər təsdiq etmişlər. Hazırki iş üzrə şahidlərin verikləri ifadələrin doğruluğunu şübhə altına almağa əsaslar yoxdur. Bu halı qarşı tərəf də, mübahisələndirməmiş, birinci instansiya məhkəməsi də şahid ifadələrinin doğruluğunu şübhə altına almamışdır. Hər iki bağ sahəsinə dair istifadə haqlarının ödənilməsinə dair mədaxil qəbzləri bağdan iddiaçıların istifadə etdiklərini, istifadə haqlarının onlar tərəfindən ödənilməsini təsdiq edən şəksiz sübutdur. Bağ sahəsinin bir hissəsinə dair Rafiq Kazımovun və onun ailə üzvlərinin razılığı ilə İddiaçılə icarə müqaviləsi bağlanması, həmin gün Rafiq Kazımovla qalan hissəyə dair icarə müqaviləsi bağlanması, müqaviləyə Rafiq Kazımovun ailə üzvlərinin adlarının salınmaması, müqavilə bağlanan vaxt 0.12 ha sahədən artıq bağ sahəsinə icarə müqaviləsinin bağlanmasının qadağan olunmasına dair Bakı şəhər İcra Hakimiyyətinin müvafiq normativ aktı olması halları da iddiaçıların dediklərinin həqiqi olmasına dəlalət edən sübutlardır. Qarşı tərəf 1990-cı ildən sonra hazırki mübahisə başlayana qədər 1213 nömrəli bağ sahəsindən Rafiq Kazımovun və yaxud onun vərəsələrinin istifadə etməsinə dair heç bir sübut təqdim edə bilməmişlər. Ona görə də, məhkəmə kollegiyası 1213 saylı bağ sahəsinin mərhum Rafiq Kazımov tərəfindən qeyri-rəsmi olaraq iddiaçılara satılması faktını sübuta yetirilmiş fakt kimi qəbul edir. Rafiq Kazımovla bağlanmış 16 oktyabr 1990-cı il tarixli icarə müqaviləsinin 7.4-cü bəndinə əsasən “Birliyin” razılığı olmadan bağı başqa şəxslərin istifadəsinə verilməsi qadağandır. Rafiq Kazımov 16 oktyabr 1990-cı ildən sonra bağ sahəsindən nəinki istifadə etməmiş, hətta müqavilə şərtləri ilə nəzərdə tutulmamış qaydada ona sərəncam verərək qeyri-rəsmi olaraq bağ sahəsini özgəninkiləşdirmişdir. Halbuki, Rafiq Kazımovun dövlətin mülkiyyətində olan əmlakı özgəninkiləşdirmək hüququ olmamaışdır. Mübahisə yarandığı vaxt qüvvədə olmuş Mülki Məcəllənin 44-cü maddəsinə əsasən qanunun tələblərinə müvafiq olmayan əqd etiarsızdır. R.Kazımovla bağlanmış icarə mqaviləsinin 4-cü bəndinə əsasən icarədar bağdan istifadə haqqı ödəməlidir. İcarədar ödəniş müddətini 3 ayadək gecikdirdikdə icarədar bağdan istifadə etmək hüququndan məhrum edilir. R.Kazımov 16 oktyabr 1990-cı ildən sonra mübahisəli bağ sahəsindən istifadə etməyərək kirayə müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirmədiyindən, gələcəkdə də, həmin bağ sahəsindən istifadə etmək niyyətində olmadığını aşkar surətdə nümayiş etdirərək dövlət mlükiyyətində olan əmlakın müqəddəratını qeyri-rəsmi həll etdiyindən onun həmin bağ sahəsinə 3-cü şəxsin istinad etdiyi əsaslarla mülkiyyət hüququ yaranmamışdır. R.Kazımov bağ sahəsini qeyri-rəsmi iddiaçılara sataraq vəfat edənədək bağ sahəsinin özəlləşdirilməsi barədə Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyinə müraciət etməmiş, torpaq sahəsini özəlləşdirməmiş, bağa mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına təşəbbüs göstərməmişdir. Bağdan istifadə haqlarının iddiaçılar tərəfindən ödənilməsi işin sübuta yetirilmiş hallarındadır. X23 1990-cı ildən vəfat edənədək bağın sənədləşdirilməsi ilə bağlı heç bir təşəbbüs göstərməməsi halı onun bağı qarşı tərəfə satması və bağa artıq marağı olmaması anlamına gəlməyə əsas verir. Ona görə, Rafiq Kazımovun bağ sahəsinə 3-cü şəxsin istinad etdiyi əsaslarla mülkiyyət hüququ əldə etməsinə dair dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, mərhum Rafiq Kazımovun bağ sahəsinə mülkiyyət hüquqları yaranmadığına görə 3-cü şəxsin vərəsə kimi bağ sahəsinə dair tələbləri əsssızdır. Eyni zamanda məhkəmə kollegiyası ilk iddianın təmin olunması üçün də, əsaslar görməmişdir. Belə ki, iddia tələbində cavabdeh kimi qeyd olunan X17 iddiaya cavab verməli olan şəxs deyil. Təqdim edilmiş sənədlərdən görünmüşdür ki, cavabdeh mərhum R.Kazımovun arvadı olmuş və bağ sahəsi iddiaçılara satılan vaxt artıq onların nikahları rəsmi qaydada pozulmuşdur. Mübahisəli bağ sahəsinə heç bir hüququ olmayan şəxsin iddia tələbinə cavab verməsi absurddur. İzah olunmuşdur ki, iddiaçılar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi Şöbəsinə torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi, bağ sahəsinin icarə müqaviləsinin X10 ilə bağlanması barədə həmin orqana müraciət etmədiklərinə görə onların birbaşa məhkəməyə mürciət etmələri əsassızdır. İddiaçılar qeyd olunan orqana ümumi qadada müraciət edərək, bağa dair hüquqlarını tələb edə bilərlər. Həmin orqan müraciətin təmin olunmasından imtina etdiyi təqdirdə onların hərəkətlərini məhkəmə qaydasında mübahisələndirə bilərlər. -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sözügedən, 2(103)- 2400/2015 saylı, 19 may 2015-ci il tarixli qətnaməsi ilə iddiaçılar X2, İddiaçı apellyasiya şikayətləri qismən təmin edilmiş, həmin iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 yanvar 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, ilk və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********93 nömrəli, 27.10.2020-ci il tarixli məktubla təqdim edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivi ünvanında yerləşən 1213 və 1213 a saylı bağ sahələrinə dair sənədlərin təsdiq edilmiş surətlərindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivi ünvanında yerləşən 452/1213 saylı, ümumi sahəsi 0.25 ha olan bağ sahəsi 1935 nömrəli, 15 avqust 1969-cu il tarixli “bağ və binaların uzunmüddətli icarəyə verilməsi” barədə müqaviləyə əsasən X7 icarəsinə verilmişdir. Həmin müqavilə 20 noyabr 1981-ci il tarixdə yenilənmişdir. X14 12.09.1990-cı il tarixdə ərizə ilə Bakı şəhəri Bağlar Birliyinin direktoruna ərizə ilə müraciət edərək bildirmişdir ki, Vişnyovka sahəsində 1935 saylı müqaviləyə əsasən 1213 saylı bağ onun icarəsinə verilmişdir. Bu bağı götürərək hal-hazıra kimi qohumu İddiaçı ilə birlikdə ev tikib, hasar çəkib abadlaşdırmışdır. Bir ailə kimi istifadə etmişlər. Bu evin tikintisində onun zəhməti çox olduğu üçün bağların bölünməsi ilə əlaqədar olaraq, ev tərəfdən 0.12 ha bölüb, onlarla təzə müqavilə bağlanması xahiş edilmişdir. Bağ sahəsi ayrılmasına dair İddiaçı tərəfindən də, 18.09.1990-cı il tarixdə Bağlar Birliyinə müraciət edilmişdir. X4 və İddiaçı ərizələri nəzərə alınaraq, 16 oktyabr 1990-cı il tarixli müqaviləyə əsasən, 0.12 ha ölçüdə, 1213 saylı bağ sahəsinə dair X16 ilə, 16 oktyabr 1990-cı il tarixli müaviləyə əsasən isə 0.12 ha ölçüdə 1213 a saylı bağ sahəsinə dair İddiaçı ilə bağın icarəyə verilməsi haqqında müqavilələr bağlanmışdır. -“Bağların icarəyə verilməsi haqqında” 20270 nömrəli, 22 iyun 2001-ci il tarixli müqaviləyə əsasən Vişnyovka qəsəbəsində 0.12 ha ölçüdə, 1213 a saylı bağ sahəsinə dair İddiaçı ilə yeni müqavilə bağlanmışdır. -Sözügedən 1213 a saylı bağ sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına A seriyalı, 359813 nömrəli, 19.07.2011-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. -Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 626 nömrəli, 21 noyabr 2013-cü il tarixli sərəncamına əsasən, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivində yerləşən 1213 a saylı, 1200 kv.m bağ sahəsində tikilmiş bir mərtəbəli, üç yaşayış otağı sahəsi – 45.5 kv.m, köməkçi sahə - 33.9 kv.m-dən ibarət olan bağ evi İddiaçı adına hüquqi qeydiyyata alınmışdır. -Sözügedən 1213 a saylı bağ sahəsinə və bağ sahəsi üzərində yerləşən bağ evinə dair İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 13.12.2013-cü il tarixdə, ********** qeydiyyat nömrəsi, **********52-11301 reyestr nömrəsi ilə qeydiyyata alınmış və buna dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən bağ evinə dair 12.12.2013cü il tarixdə texniki pasport tərtib edilmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən **********51 nömrəli, 08.05.2021-ci il tarixli məktubla təqdim edilmiş, X7 adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Vişnyovka-1 bağ massivi, 1200 kv.m torpaq sahəsi olan 1213 saylı bağ sahəsinə dair 11.08.2014-cü il tarixdə tərtib edilmiş 39473 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədinin və onun verilməsinə əsas olmuş 1935 saylı müqavilənin təsdiq edilmiş surətindən görünür ki, 1935 nömrəli, 16 oktyabr 1990-cı il tarixli “bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən 1213 saylı bağ sahəsinə dair Azərbaycan Rspublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 11.08.2014-cü il tarixdə, A seriyalı, 512314 nömrəli torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mübahisəli 1213 saylı bağ sahəsinə dair R.Kazımovun vərəsəsi X3 iddia etdiyi əsaslarla sözügedən bağ sahəsinə mülkiyyət hüququnun olmaması, bağ sahəsinin mərhum Rafiq Kazımov tərəfindən İddiaçıa satılması, İddiaçı birbaşa inzibati orqana müraciət edərək, bağa dair hüquqlarını tələb edə bilməsi qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən müəyyən edilmişdir. Bu səbəbdən də, R.Kazımovun adına qanunvericiliyi normalarının pozulması ilə verilmiş torpaq sahəsinin planı və ölçüsü ləğv edilməklə, sözügedən bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Məhkəmə aşağıdakı qanunvericilik normalarına əsasən hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilmişdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (maddə 8.0.4.) qanuni qüvvəsini almış məhkəmə qərarları. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının bağ sahəsinə dair hüquqlarını təsdiq edən qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur ki, həmin sənədlə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinə əsasən iddiaçının mübahisəli bağ sahəsi üzərində qanuni hüquqları yaranmışdır. Cavabdeh inzibati orqan imtinanın əsası kimi, sözügedən bağ sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin əsilləri (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya, protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəslik işinin açılması ilə əlaqədar notariusdan məktub) əlaqədar sənədlərin təqdim edilməməsinə istinad etmişdir ki, cavabdehin həmin arqumenti əsassızdır. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçının mübahisəli bağ sahəsi üzərində qanuni hüquqlarının yaranmasını təsdiq edən hüquqmüəyyənedici sənəd qanuni qüvvəsini almış məhkəmə qətnaməsidir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehin imtinasının əsası olan arqument əsassızdır və iddia tələbi təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19-cu maddəsinin müddəalarına əsasən - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində yerləşən iddiaçının faktiki istifadəsində və sahibliyində olan 0.12 ha ibarət olan 1213 saylı bağ sahəsinə dair R.Kazımovun adına tərtib olunmuş torpaq sahəsinin plan və ölçüsü ləğv edilsin və sözügedən bağ sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov prospekti 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-371/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-371/2021
10.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver