Məhkəmə qərarları › İş №2-1(112)-371/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-371/2024

09.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-371/2024 09.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddiaçının “əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunan” şəxslər siyahısından çıxararaq ƏDV depozit üzrə vəsaitlərin hərəkətinə məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti

1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı «iddiaçının riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunan şəxslər siyahısından çıxarılması və ƏDV depoziti üzrə vəsaitlərin hərəkətinə məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2039/2023 saylı, 12 aprel 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2039/2023 saylı, 12 aprel 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2552/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərardadı ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2039/2023 saylı, 12 aprel 2023-cü il tarixli qərardadının ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı «iddiaçının riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunan şəxslər siyahısından çıxarılması və ƏDV depoziti üzrə vəsaitlərin hərəkətinə məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin əsl cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 26 noyabr 2024-cü il tarixli Qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi əsl cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin avqust ayında MMCnin elektron ünvanına onun fəaliyyəti üzrə riskli əməliyyatlar və vergilərdən yayınma halları ilə bağlı risk halları ehtimal olunduğundan, nümayəndəsinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə gəlməsi barədə məktub daxil olmuşdur. Bundan sonra iddiaçının nümayəndəsi 16 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri Lokal Gəlirlər baş İdarəsinə dəvət olunmuş və ona izah edilmişdir ki, müəssisənin bəzi təchizatçıları (malmaterial aldığı təşkilatlar) qeyri-qanuni əməliyyatlar aparmış, vergidən yayınmışlar. Buna görə də həmin şəxslərdən alınmış mallara görə ödənilmiş ƏDV məbləği həcmində büdcəyə təəkrar ƏDV ödənilməlidir. Cərimənin məbləği təxminən 35.000 manat təşkil edir və MMC onun adlarını bildirdiyi şirkətlərdən aldığı mallara görə əldə edilən sənədləri ləğv etməli və həmin şəxslərə ödədiyi ƏDV məbləği həcmində tez bir zamanda təkrar ödəniş etməlidir. İddaçıya faktiki olaraq aldığı mallara görə e-qaimə və e-vhf-lar verilmiş, o, ƏDV məbləğini qanunvericiliyə uyğun olaraq depozit hesabından ödəmiş və bunun nəticəsində də tam qanuni olaraq həmin ƏDV məbləğini əvəzləşdirmişdir. Əgər həmin şirkətlər iddiaçıya malı təqdim edərək qanuni sənədləri vermişdirsə onun problemli şirkət olduğunu vergi orqanı bilmirsə iddiaçının bu halda günahı yoxdur. Sonradan kiminsə əməlinə görə iddiaçının hüquqlarının pozulması, fəaliyyətinə əsassız maneələrin yaradılması qanunsuz və əsassızdır. Bundan başqa bu məlumatın alınması vergi sirridir. Hansı qurumun riskli vergi ödəyicisi olmasının müəssisə tərəfindən müyyən edilməsi əvvəllər, yəni 2019-cu ildə mümkün deyildi və əməliyyat zamanı heç bir yerdə qeyd edilmirdi ki, “əməliyyat aparılmasın, riskli vergi ödəyicisidir”. Bu məlumatlar kommersiya (vergi) sirri hesab edilirdi. 2021-ci ilin mat ayından bu məlumatın əldə edilməsi kommersiya sirri hesab edilmir. Belə olan təqdirdə, hansı əsasla iddiaçının fəaliyyəti iflic vəziyyətə salınır başa düşülən deyildir. Bir şirkətin bazarda mövqe tutması üçün illərlə zəhmət çəkilmiş, müəyyən işgüzar nüfuz formalaşmışdır. Dəfələrlə müraciətlərə cavab olaraq danışıqlara çağıraraq yalnız bir şərt irəli sürülür – ƏDV əməliyyatı aparılan MMC rislki vergi ödəyicisidir, onun ƏDV ödənilməlidir. Bu, guya cavabdehin iddiaçıya yaratdığı problemin həlli yoludur. Bu həll yolu qəbul edilmədiyi üçün iddiaçının təsisçisi olduğu bütün şirkətlərə və sahibkarlıq fəliyyətinə eyni məhdudiyyətlər qoyulmuşdur. Hal-hazıradək MMC-nin fəaliyəti tam dayanmışdır. Depozit (ƏDV) hesabı blokdadır, hər hansı əməliyyat aparılması mümkünsüzdür. Həmçinin, iddiaçının hesabına ƏDV ödəyərkən xəbərdarlıq çıxır ki, MMC "xxxx". Bu isə onsuz da fəaliyyəti dayanmış MMC-nin bazarda tutduğu işgüzar nüfuza böyük zərbə vurmaqla nüfuzdan salmış, müştərilərinin itirilməsi ilə nəticələnmişdir. Dəfələrlə məhdudiyyətin götürülməsi barədə müraciətlər olunsa da, bu günədək nəticə alınmamışdır. ƏDV-nin depozit hesabı üzrə vəsaitlərin hərəkəti Vergi Məcəlləsi və Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları» ilə tənzimlənir. Vergi Məcəlləsinin 65.2.3-cü maddəsinə əsasən vergi orqanı vergi ödəyicisinin ƏDV depozit hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin ƏDV sub-uçot hesabları üzrə vəsaitlərin hərəkəti, ƏDV-nin depozit hesabına vəsaitlərin mədaxili, məxarici və bu hesabda uçotun aparılması isə yuxarıda adıçəkilən Qaydalarla tənzimlənir. İstər Vergi Məcəlləsində, istərsə də həmin Qaydalarda ƏDV-nin depozit hesabında hərəkəti üzrə vergi orqanı tərəfindən məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 29 mart 2001-ci il tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi haqqında Əsasnamədə ƏDV depoziti üzrə vəsaitlərin hərəkətinə hər-hansı məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. Lakin “əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” qeyd edilməklə 2019-cu il tarixdən MMC-nin ƏDV hesabına məhdudiyyət qoyulmuşdur. Göstərilənlərə əsaslanaraq, İddiaçı MMC-nin “əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunan” şəxslər siyahısından çıxarılaraq ƏDV depoziti üzrə vəsaitlərin hərəkətinə məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması məhkəmədən xahiş olunur.

3. Cаvаbdеh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir.

İİ. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsin əsasən:

- 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) - 34.1.Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1.Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır

5. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmişdir, cavabdeh müraciətini təmin etməmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş tərəflər məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmişdirlər. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Оdur ki, məhkəmə işə tərəflərin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

İİİ. Tədqiq edilmiş sənədlər

Vergilər Nazirliyinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin iddiaçıya ünvanlandığı xx.xx.2019-cu il tarixli, **********073700 nömrəli “Müraciətə baxılması barədə” cavab məktubuna əsasən bildirilmişdir ki, istər Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli, 219 nömrəli Qərarında istərsə də, Vergi Məcəlləsində ƏDV-nin depozit hesabında hərəkəti üzrə vergi orqanı tərəfindən məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet sayt portalında olan məlumata görə, ********** nömrəli VÖEN əsasında dövlət qeydiyyatında olan "xxxx" MMC barəsində əmtəəsiz maliyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur. Məhkəmə sorğusu əsasında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********878800 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Vergidən yayınma hallarının qarşısının alınması və şəffaflığın təmin olunması Dövlət Vergi Xidmətinin qarşısında duran ən mühüm məsələlərdən biridir. Araşdırılma zamanı "xxxx" MMC-nin 01.01,2019-xx.xx.2019-cu il tarix aralığında apardığı əməliyyatlar üzrə risklər müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisinin ƏDV sub-uçot hesabına "xxxx" QSC-dən (**********) daxil olan vəsaitin 34187 manatı (57,6 %) daha əvvəllər riskli əməliyyatlar aparmış vergi ödəyicilərinin sub-uçot hesablarına köçürülmüşdür. Baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən xx.xx.2018-ci il tarixdə 3.746 manat dəyərində “elektrik səsgücləndirici dəstlər” idxal edildiyi, xx.xx.2019-xx.xx.2019-cu il tarix aralığında 490 056 manat dəyərində təqdim etdiyi elektron qaimə-fakturalara əsasən "data kabeli, xarici işıqlandırma sistemi, akkumlyator, güvənlik kabel, alətlərin qoşulması, montajı, test edilməsi və s" satdığı (68 440 manat olmaqla 2 e-qaimə vergi ödəyicisi riskə salınması üçün təqdim edildikdən sonra ləğv olunmuşdur), araşdırma tarixinə əldə etdiyi elektron qaimə- fakturalara əsasən 369 229 manat dəyərində "data kabeli, xidmət, material, aksessuar, akkumlyator, alətlərin qoşulması, montajı, test edilməsi və s" aldığı müəyyən edilmişdir. Əldə etdiyi mallardan 35 754 manat dəyərində "material, aksesuar" və 81 325 manat dəyərində "data kabeli" kimi malları təqdim edən vergi ödəyicilərinin alışında və idxalında olmadığı müəyyən edilmişdir. Məlumat üçün bildiririk ki, baza məlumatlarına əsasən həmin vergi ödəyicilərinin idxalının olmaması, alış və satışının “ərzaq malları, siqaret’’ olduğu müəyyən olunmuşdur. "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi dəfələrlə araşdırma ilə bağlı dəvət edilməsinə baxmayaraq iştirak etməmişdir. Məhkəmə sorğusu əsasında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********0234300 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xx.xx.2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilən “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyar”a əsasən barəsində inzibati akt (qərar) və ya digər sənəd təsdiq edilməmişdir. ƏDV-nin depozit hesabı üzrə vəsaitlərin hərəkəti Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydaları ilə tənzimlənir. ƏDV-nin depozit hesabında hərəkəti üzrə vergi orqanı tərəfindən məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli, **********911000 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" MMC (VÖEN: **********) ƏDV depozit hesabına Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən hər hansı bir məhdudiyyət tətbiq olunmamışdır.

İV. Məhkəmənin mövqeyi

Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir.

6. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən:

Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.10. Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.

Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar ( ...) 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;

Maddə 15. Vergi ödəyicisinin hüquqları 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.8. vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək; 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək;

Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.5. qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək; 23.1.6. müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək;

Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; 24.1.3. vergi qanunvericiliyi və vergi qanunvericiliyində edilən dəyişikliklər barədə vergi ödəyicilərinə media ilə və ya fərdi qaydada əvəzsiz olaraq məlumat verməyə, müəyyən edilmiş hesabat formalarının doldurulması qaydalarını izah etməyə, vergilərin hesablanması və ödənilməsi barədə izahatlar verməyə, vergi ödəyicilərinə onların hüquq və vəzifələrini izah etməyə; (...) 24.1.10. vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə; 24.1.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. Maddə 65. Vergilər üzrə borcların alınması qaydası 65.2.3. Vergi orqanı vergi ödəyicisinin ƏDV depoziti hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV üzrə vergi borclarının ödənilməsi üçün ƏDV depoziti hesabında vergi ödəyicisinin kifayət qədər vəsaiti olmadıqda, ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınması üçün həmin şəxsin digər hesablarına bu Məcəllədə nəzərdə tutulmuş qaydada sərəncam verilə bilər. Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması 83.1. bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. 83.2. vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1-ci maddəsinə əsasən, vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2-ci maddəsinə görə, bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata;83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara.

Maddə 155. Qeydiyyata dair ərizə verilməsinin tələb edilməsi 155.1. Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur Maddə 179. Əvəzləşdirilən vergi məbləği hesablanmış vergi məbləğindən artıq olduqda, büdcə ilə münasibətlər

179.1. Hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi sıfır dərəcəsi ilə vergiyə cəlb olunan vergi ödəyicisinə, hesabat dövründə əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergidən artıq olan hissəsi onun vergi və ya gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 20 gün ərzində qaytarılır. 179.2. Digər vergi ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergi və gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 4 aydan gec olmayaraq qaytarılır. 179.3. Müəyyən məbləğlərin vergi ödəyicisinə səhvən qaytarıldığı bütün hallarda vergi və ya gömrük orqanları həmin məbləğlərin vergilərin tutulması üçün müəyyən edilmiş qaydada qaytarılmasını tələb etməlidir. 179.4. Riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə bu maddə ilə müəyyən edilən müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaiməfaktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”na əsasən:

1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 dekabr tarixli 675 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi və ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə əməliyyatların aparılması, habelə həmin əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə və dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına köçürülməsi qaydalarını müəyyən edir. 1.4. Malları (işləri, xidmətləri) alan şəxs (bundan sonra – alıcı) tərəfindən elektron qaimə-fakturalarda göstərilən malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin (bundan sonra – satıcı) bank və digər ödəniş hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri “ :

1. Ümumi müddəalar 1.1. Bu Sənəd Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və vergi ödəyicisinin risk meyarlarını və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müəyyən edir. 1.2. Bu Sənəddə istifadə olunan anlayışlar Vergi Məcəlləsində nəzərdə tutulan mənaları ifadə edir. 1.3. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qəbul edilmiş qərarlar həmin qərarların qəbul edildiyi gün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti) rəsmi internet saytında yerləşdirilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaiməfaktura sistemi və (və ya) əlavə dəyər vergisinin depozit hesabı vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.

10. Hal hazırkı mübahisənin predmetini- “əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunan” şəxslər siyahısında çıxararaq ƏDV depozit üzrə vəsaitlərin hərəkətinə məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdeh vergi orqanının üzərinə qoyulmasından ibarətdir. İşin faktiki hallarına əsasən, iddiaçı müəssisə riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunan şəxslər siyahısına daxil edilməklə ƏDV depozit üzrə vəsaitlərin hərəkətinə məhdudiyyət qoyulmuşdur. Cavabdeh məhkəməyə iddiaçı barədə hər hansı bir məhdudiyyətin olmadığı bildirsə də, iş materiallarında olan internet vergi idarəsi portalından məhdudiyyətin olması aşkar edilir. Məhkəmə araşdırılması nəticəsində məhdudiyyətin qoyulması üçün əsas olmuş hallar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, bununla bağlı müvafiq inzibati aktın mövcudluğu aşkar edilməmişdir. Məhkəmə tərəfindən bu hal iddiaçının sahibkarlıq fəaliyyətinin çətinləşdirilməsi kimi qiymətləndirilir.

11. Belə ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbyacan Respublikası Qanununa əsasən:

Maddə 9. Sahibkarlığa dövlət köməyi

1. Dövlət sahibkarlıq fəaliyyətini qanunvericilik, inzibati-hüquq, büdcə, vergi və pulkredit sistemləri vasitəsi ilə tənzimləyir. Dövlət maddi-texniki, maliyyə, əmək, informasiya və təbii ehtiyatlardan istifadə sahəsində mülkiyyət və təşkilati-hüquqi imtiyazlara və qeyri-bərabərliyə yol vermir. Sahibkarlığın sürətli inkişafını təmin etmək üçün dövlət sahibkarlıq fəaliyyətinin öncül istiqamətlərini və buna müvafiq olaraq güzəştlər sistemini müəyyənləşdirir. Dövlət sahibkarlığa kömək məqsədi ilə informasiya, məsləhət, elm və tədris mərkəzləri, maliyyə fondları yaradır, vergi ödənişlərinin, kredit faizlərinin, amortizasiya ayırmalarının güzəştli dərəcələrini və vergi tutulmayan digər ayırmaları müəyyənləşdirir.

Maddə 12. Sahibkarın hüquq və qanuni mənafelərinin dövlət tərəfindən müdafiəsi

1. Mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir.

2. Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinin xarici dövlətlərin ərazisindəki sahibkarlıq fəaliyyəti sahəsində hüquq və mənafelərinin müdafiəsinə Azərbaycan dövləti təminat verir.

3. Sahibkarlıq fəaliyyətinin yoxlanılmasını həyata keçirən orqanlar, onların hüquq və səlahiyyətləri qanunvericilik aktları ilə müəyyənləşdirilir.

4. Sahibkarın hüquqlarını pozan dövlət orqanlarının və ya digər qurumların, yaxud onların vəzifəli şəxslərinin fəaliyyəti nəticəsində, habelə sahibkar barəsində qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrin həmin orqanlar, qurumlar və ya vəzifəli şəxslər tərəfindən yarıtmaz yerinə yetirilməsi nəticəsində sahibkara dəyən zərərin, o cümlədən əldən çıxan gəlirlərin əvəzini mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin orqanlar, qurumlar və vəzifəli şəxslər ödəməlidirlər.

12. Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında 30 aprel 2007-ci il tarixli, 567 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanında aşağıdakılar göstərilmişdir:

Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin davamlı inkişafı dövlətin iqtisadi siyasətinin mühüm tərkib hissələrindən birini təşkil edir. Bu istiqamətdə dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin formalaşdırılması, maarifləndirmə və müxtəlif növ xidmətlərin göstərilməsi sahələrini əhatə edən kompleks tədbirlər həyata keçirilmişdir. Bunun nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşmış, iqtisadiyyatın inkişafında özəl sektorun rolu əhəmiyyətli dərəcədə artmış, iqtisadi fəaliyyət sahələrində sahibkarlıq üçün münbit şərait yaranmış, qanunvericilik qaydaları liberallaşmış, maliyyəkredit təminatı yaxşılaşmış, sahibkarların vergi yükü, onların fəaliyyətinə qanunsuz müdaxilələrin sayı azalmış, hüquqlarının müdafiəsi sistemi təkmilləşmiş, iş adamlarının beynəlxalq əlaqələri genişlənmiş və digər nailiyyətlər əldə edilmişdir. Davamlı iqtisadi inkişafın təmin edilməsi sahibkarlığın dəstəklənməsi sahəsində yeni vəzifələr müəyyən etmişdir. Bu vəzifələrin yerinə yetirilməsi biznes mühitində bəzi mövcud problemlərin aradan qaldırılmasını tələb edir. Belə ki, mövcud çoxpilləli biznesə başlama prosedurları, mürəkkəb icazələr sistemi uzun müddət tələb etməklə bərabər, bəzi hallarda bürokratik əngəllər və süründürməçilik yaradır.

13. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə dövlət dəstəyini əsirgəmir ki, bunun bir çox səbəbləri var. Həmin səbəb və əsaslar sahibkarların fəaliyyətlərini asanlaşdırmaq, dövlətin iqtisadi inkişafın stimullaşdırmaq, yeni iş yerlərinin açılması və digər səbəblər. Dövlətin sahibkarlara verdiyi dəstək vasitəsilə iqtisadiyyatın müasir tələblərinə cavab verən və daha güclü biznes mühiti yaranır. Bu da uzunmüddətli iqtisadi inkişaf və sosial rifahın təmin olunmasına kömək edir. Hətta bu dəstək yalnız iqtisadiyyatın inkişafına deyil, həmdə sosial sabitliyə və ümumi rifaha təsir edən mühüm bir amildir. Beləliklə, dövlətin sahibkarlara dəstəyi yalnız iqtisadi gücün artırılması deyil, həm də sosial və ekoloji problemlərin həlli, eləcə də daha inklüziv və dayanıqlı bir cəmiyyətin qurulmasına xidmət edir. Bu dəstək həm özəl sektoru gücləndirir, həm də cəmiyyətin bütün təbəqələrinin inkişafına imkan yaradır. İddiaçı müəssisə barədə vergi orqanının məlumatı -açıq məlumat olduğundan, iddiaçının sahibkarlıq fəaliyyətinə zərər gətirə bilən amil kimi qiymətləndirilməlidir.

14. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən:

Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar - 1.1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.

Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar - 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 11. Qanunçuluq prinsipi -11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

Maddə 24. İşin hallarının obyektiv araşdırılması - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya münasibətdə hərəkətləri: “əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunan” şəxslər siyahısına daxil edilməsi barədə məlumatın Dövlət Vergi Xidmətinin rəsmi internet sayt portalında yerləşdirilməsi, ƏDV depozit üzrə vəsaitlərin hərəkətinə məhdudiyyət qoyulması, daha sonra isə iddiaçının müraciət və şikayətlərini araşdırılmaması (hərəkətsizliyi) qanuna uyğun olmamışdır.

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

15. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, iddiaçının əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunan” şəxslər siyahısından çıxararaq ƏDV depozit üzrə vəsaitlərin hərəkətinə məhdudiyyətin götürülməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmalıdır.

16. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.

17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

18. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34ci, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. "xxxx" MMC-nin “əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunan” şəxslər siyahısından çıxararaq ƏDV depozit üzrə vəsaitlərin hərəkətinə məhdudiyyətin götürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar