Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3710/2024 08.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Sabir oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə bağlanmış xx.xx.2006-cı il tarixli, 37844 saylı müqavilədə göstərilmiş (0,04 ha) torpaq sahəsi və xx.xx.2006-cı il tarixli, 37901 saylı müqavilədə göstərilmiş (0,07 ha) torpaq sahələri üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı ilə Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 37844 saylı müqaviləyə əsasən Maştağa ərazisindəki 636ç nömrəli bağ (0,04 ha) və xx.xx.2006-cı il tarixli, 37901 saylı müqaviləyə əsasən Maştağa ərazisindəki 636c/19 nömrəli bağ (0,07 ha) sahəsi istifadəsinə verilmişdir. Müqavilələrdə göstərilmiş hər iki torpaq sahəsi onun tərəfindən birləşdirilərək hasara alınmış, eyni zamanda tərəfindən bağ evi tikilərək dam örtüyü vurulmuşdur. Həmin torpaq sahələrinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış əldə olunması üçün tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət olunmuş, lakin cavabdehin xx.xx.2023-cü il tarixli bildirişinə əsasən Sabunçu rayonu, Maştağa bağ massivində yerləşən 636ç və 636c/19 saylı torpaq sahələri üzərinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 11,09.2023-cü il tarixli ərizəsinə baxılaraq, torpaq sahələrinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından, həmçinin tərəfindən göstərilən hissədə sxematik xəritədə bağ nömrəsi qeyd edilmədiyindən yerləşmənin düzgünlüyünün müəyyən edilməsinin mümkün olunmaması səbəbindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdehin ölçü işlərinin aparılması üçün göndərdiyi mütəxəssis torpaq sahələrinin yerləşdiyi ərazidə olmuş, xüsusi texniki vasitələrdən istifadə etməklə ölçmə və koordinatların müəyyən edilməsi işlərini aparmışdır. Ümumi torpaqların olan və ölçüsünün müəyyən edən vahid baza cavabdehdə mövcuddur. Cavabdeh hazırkı iş üzrə Bakı şəhəri İcra Hakimiyyətinə müvafiq sorğu ilə müraciət etmək, bağların bölgüsünə dair sxematik xəritədə torpaq sahələrinin nömrələrini müəyyən etmək əvəzinə heç bir əsas olmadan qanunsuz imtina etməyi üstün tutmuşdur. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, **********67 nömrəli imtina məktubunda qeyd etmişdir ki, torpaq sahələrinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından, həmçinin tərəfindən göstərilən hissədə sxematik xəritədə bağ nömrəsi qeyd edilmədiyindən yerləşmənin düzgünlüyünü müəyyən etmək mümkün olmamışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdeh etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********67 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahələrinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmamışdır. Həmçinin sxematik xəritədə iddiaçı tərəfindən göstərilən hissədə bağ nömrəsi qeyd edilmədiyindən yerləşmənin düzgünlüyünü müəyyən etmək mümkün olmamışdır. xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsinin ölçüsü 0,12 ha qeyd olunsa da (0,04 ha+0,07 ha), faktiki olaraq 0,1072 ha təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Cavabdeh etirazında iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “Bakı Şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə bağlanmış xx.xx.2006-cı il tarixli, 37844 saylı (müqavilədə göstərilmiş 0,04 ha torpaq sahəsi) və xx.xx.2006-cı il tarixli, 37901 saylı (müqavilədə göstərilmiş 0,07 ha torpaq sahəsi) müqavilələr əsasında ona ayrılmış, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yeləşən və faktiki istifadəsində olan 0,1072 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2023-cü il tarixli, **********226 nömrəli məktubu ilə göndərilmiş sənədlərindən görünür ki: Bakı Şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və X5 ərazisindəki 636ç nömrəli bağın istifadəyə verilməsi haqqında 37844 saylı xx.xx.2006-cı il tarixli müqavilə ilə İddiaçı Sabunçu rayonu, Maştağa ərazisində 0,04 hektar torpaq sahəsi olan 636ç nömrəli bağ sahəsi verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və X5 ərazisindəki 636c/19 nömrəli bağın istifadəyə verilməsi haqqında 37901 saylı xx.xx.2006-cı il tarixli müqavilə ilə İddiaçı Sabunçu rayonu, Maştağa ərazisində 0,07 hektar torpaq sahəsi olan 636c/19 nömrəli bağ sahəsi verilmişdir. İş materiallarında olan sənədlərə əsasən müəyyən edilmişdir ki, Maştağa ərazisindəki 636c/19 nömrəli bağın istifadəyə verilməsinə dair 37901 nömrəli xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən sözügedən bağ sahəsi X4 ayrılmışdır. Daha sonra sözügedən bağ sahəsi T.Məmmədovun və İddiaçı ərizələrinə əsasən xx.xx.2006-cı il tarixli müqavilə əsasında sonuncunun adına rəsmiləşdirilmişdir. Maştağa bağ massivi 636ç və 636c/19 saylı bağ sahələrinin texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə aktından görünür ki, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0,04 ha + 0,07 ha, faktiki 0,1072 ha-dır. Bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb. Bağ sahəsi A-1 mərtəbli yarımçıq bağ evi, İ – həyət tikilisi var. Hər iki bağ sahəsi eyni vətəndaşın adınadır. Bağ sahələrinin nömrəsi sxematik xəritədə əks olunmadığından yerləşməsinin düzgünlüyünü araşdırmaq mümkün olmadı. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********33 nömrəli məktubunda qeyd edilmişdir ki, torpaq sahələrinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından, həmçinin göstərilən hissədə sxematik xəritədə bağ nömrəsi qeyd edilmədiyindən yerləşmənin düzgünlüyünü müəyyən etmək mümkün olmamışdır. Məhkəmə işin yuxarıda qeyd olunan faktiki hallarını aşağıdakı qanunvericilik normaları ilə qarşılıqlı təhlil edərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Qanunun 8.0.8-ci maddəsinə əsasən bu qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsində 3.1-ci maddəsində qeyd edilmişdir ki, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək. Hazırkı iş üzrə müəyyən edilir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə İddiaçı arasında xx.xx.2006-cı il tarixli və xx.xx.2006-cı il tarixli müqavilələr bağlanmış və Sabunçu rayonu, Maştağa ərazisində 0,04 hektar torpaq sahəsi olan 636ç nömrəli və 0,07 hektar torpaq sahəsi olan 636c/19 nömrəli bağ sahələri İddiaçı verilmişdir. Həmin torpaq sahələri bir-birinə bitişik olmaqla eyni hasar daxilindədir. İş materiallarından görünür ki,mübahisələndirilən torpaq sahələri faktiki olaraq iddiaçının sahiblik və istifadəsindədir. Həmin bağ sahələrinin yerləşdiyi ərazinin koordinatları cavabdehin mütəxəssisləri tərəfindən müəyyən edilməmiş və torpaq sahəsinin bağ nömrəsi qeyd edilmədiyindən yerləşmənin düzgünlüyünü müəyyən etməyin mümkün olmadığı bildirilmişdir. Lakin cavabdeh tərəfindən həmin torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi və ya başqa şəxslərin mübahisəli torpaq sahəsinə münasibətdə müraciətlərinin olub-olmaması barədə məlumat daxil olmamışdır. Göstərilənlərə əsasən, məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 inkişafı və istismarı Birliyi ilə bağlanmış xx.xx.2006-cı il tarixli, 37844 saylı (müqavilədə göstərilmiş 0,04 ha torpaq sahəsi) və xx.xx.2006-cı il tarixli, 37901 saylı (müqavilədə göstərilmiş 0,07 ha torpaq sahəsi) müqavilələr əsasında İddiaçı ayrılmış, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yeləşən və faktiki istifadəsində olan 0,1072 ha. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia tələbi təmin edilsin. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə bağlanmış xx.xx.2006-cı il tarixli, 37844 saylı (müqavilədə göstərilmiş 0,04 ha torpaq sahəsi) və xx.xx.2006-cı il tarixli, 37901 saylı (müqavilədə göstərilmiş 0,07 ha torpaq sahəsi) müqavilələr əsasında İddiaçı ayrılmış, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yeləşən və faktiki istifadəsində olan 0,1072 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinə həvalə edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X8.
Məhkəmə qərarları › İş №2-1(112)-3710/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3710/2024
08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver