Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3711/2021 29.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Bakı şəhəri Xətai rayon Xidmət Nümayəndiliyinə qarşı fərq məbləğinin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1987-1989-cu illərdə hərbi xidmətdə olduğu dövrün əmək stajına daxil edilərək pensiya məbləğində yaranmış fərqin 1994-cü ildən 2016-cı ilə kimi təyin edilmiş əlilliyə görə əmək pensiyasına əlavə edilərək ödənilməsi, 17.09.2000-ci ildən 01.07.2009-cu ilədək X3 işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xəstəliyi ilə əlaqədar ona 1994-cü ildə əlillik dərəcəsi verilmiş və həmin ildən DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsi tərəfindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Ona pensiya təyin olunan zaman hərbi biletində olan texniki səhvlərlə əlaqədar olaraq 1987-1989-cu illərdə hərbi xidmətdə olduğu dövr əmək stajına daxil edilməmişdir. Daha sonra aidiyyəti qurumlara müraciət etdikdən sonra hərbi biletində 1987-1989-cu illərdə hərbi xidmətdə olduğu barədə müvafiq qeydlər aparılmışdır. O, hərbi bileti cavabdeh orqana təqdim edərək təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq, 1994-cü ildən ödənilməmiş fərq məbləğinin ödənilməsini xahiş etmiş, lakin DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsi yalnız son 3 il üçün əmək pensiyasını ödəmişdir. O, 13.05.2019-cu il tarixdə təkrarən yazılı formada ərizə ilə DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh orqan heç bir səbəb gətirmədən əvvəlki illər üzrə pensiyanın ödənilməsindən əsassız olaraq imtina etmişdir. Rusiya Federasiyası Müdafiə Nazirliyinin Dövlət Arxivinin 20.11.2018-ci il tarixli 265877 saylı arxiv arayışı ilə onun 22.11.1987-ci ildən 28.12.1989-cu ilədək N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olduğu müəyyən edilir. Müvafiq qeyd onun hərbi biletində də aparılmış, soyad və ata adının dəyişilməsi də təsdiq edilmişdir. Əlillik kitabçasında aparılmış qeydə əsasən 28.03.1994-cü ildə ona əlillik təyin edilmiş, 2018-ci ildən isə əlillik ömürlük hesab edilmişdir. Onun pensiya almaq hüququ yaranan zaman qüvvədə olan qanunvericiliyə əsasən hərbi xidmət dövrü əmək stajı hesab olunurdu. Bundan əlavə cavabdeh orqan iddiaçıya pensiya hesablanan zaman 2000-2009-cu illərdə X3 gözətçi vəzifəsində işlədiyi dövrü də əmək stajı olaraq qəbul etməmişdir. Onun əmək kitabçasında bu barədə müvafiq qeyd aparılmışdır. Əmək kitabçasının surəti DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsinə təqdim edilmiş, cavabdeh orqan iddiaçının 1987-1989-cu illərdə hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla 1994-cü ildən yaranmış pensiya fərqini, həmçinin 2000-2009-cu illərdə işlədiyi dövrü əmək stajına daxil edərək əmək pensiyasnın yenidən hesablanaraq ödənilməsindən imtina edir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli 2-1(82)- 2476/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması, həmin müraciət üzrə müvafiq qərar qəbul edilməsi və ya müraciət edən şəxsə qanuni və əsaslandırılmış cavab verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 18 avqust 2020-ci il tarixli 2-1(103)-969/2020 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon xidmət nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli, 2-1(82)-2476/2019 nömrəli qərarı ləğv edilmiş, inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, iddiaçıya məxsus pensiya qovluğunun surətində olan cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Təminatı Siyasəti İdarəsinə göndərilmiş 3609 №-li, 09.2000-ci il tarixli arayışda X2 uşaqlıqdan ikinci dərəcəli əlil olması və 2002 saylı, 25.07.2001-ci il tarixli müayinə aktına əsasən verilmiş arayışda iddiaçının əmək qabiliyyətsiz olması qeyd edilmişdir. İş materiallarında olan AO seriyalı, ******* nömrəli, 22.01,1997-ci il tarixdə doldurulmuş hərbi biletin surətindən müəyyən olunmuşdur ki, 19.12.1969-cu il təvəllüdlü X6 Bakı şəhəri Xətai RHK tərəfindən xəstəliyinə görə ehtiyata daxil edilmişdir (7-ci qrafa), xidmət etməyib (11-ci qrafa), hərbi hazırlığı yoxdur, qeyri-sıravi xidmətə yararlıdır (23-cü qrafa), sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə qeyri-sıravi xidmətə yararlıdır (16-cı qrafa). Daha sonra Rusiya Federasiyası Müdafiə Nazirliyinin Dövlət Arxivi tərəfindən verilmiş 12.12.2018-ci il tarixli, 265877 saylı arxiv arayışına əsasən hərbi biletin 22-ci qrafasında DX/05 03.01.2019-cu il tarixdə qeyd edilmiş və həmin qeydə əsasən “1968-ci il təv. İddiaçı Məhəmməd oğlu, 22.11.1987-ci ildə Balakən RHK tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, N saylı hərbi hissəyə daxil olmuş, hərbi xidmətini N saylı hərbi hissənin tərkibində davam etdirmiş, 25.12.1987-ci ildən 28.12.1989-cu ilədək hərbi xidmətdə olmuşdur. N saylı hərbi hissə komandirinin N nömrəli əmri ilə tərxis edilmişdir” göstərilmişdir. İddiaçı 1987-89-cu illərdə xidmət etdiyinin səbəbini bildirməmiş və yalnız 2019-cu ildə 12.12.2018-ci il tarixli, 265877 saylı Rusiya Federasiyası Müdafiə Nazirliyinin Dövlət Arxivinin arayışına əsaslanmışdır. Eyni zamanda, iş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1968-ci il tarixdə Balakən rayonunda anadan olmuş, Bakı şəh., Xətai ray., Məzahir Rüstəmov küçəsində qeydiyyatdadır. İddiaçı bu vəsiqəni almamışdan öncə 19.12.1969-cu il təvəllüdü və X6, doğum yeri Bakı şəhəri məlumatlarından istifadə etmişdir. Məhkəmə iclası zamanı iddiaçı bunu daha sonra (1994-cü ildə) yeni doğum haqqında şəhadətnamə alması ilə əsaslandırsa da iş materiallarından yeni doğum haqqında şəhadətnaməyə əsasən şəxsiyyət vəsiqəsində düzəliş edilməsi barədə müraciət etməsi müəyyən edilmir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçı soyad, ata adını, doğum tarixini və doğum yerini dəyişdirməsinə baxmayaraq, uzun müddət dövlət orqanlarına müraciətlərində keçmiş şəxsiyyət vəsiqəsi məlumatlarından istifadə etmiş, hərbi biletində ilkin olaraq xidmətdə olmaması və pensiya qovluğuna əlavə edilmiş arayışlarla onun uşaqlıqdan ikinci dərəcəli əlil olması göstərilsə də, daha sonradan təqdim edilmiş arayışla onun 25.12.1987-ci ildən 28.12.1989-cu ilədək hərbi xidmətdə olmasına dair qeyd əlavə edilmişdir. Əmək pensiyası hüququ məcburi dövlət sosial sığorta haqları ödənildikdə mövcud olur. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sıqorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanrnası və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. Göründüyü kimi 01.01.2006-cı il tarixdən etibarən işçinin sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Yəni qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş Qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. Lakin iş materiallarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Fərdi uçota nəzarət və sosial sığorta departamenti tərəfindən təqdim edilmiş 03 may 2021-ci il tarixli, **********3 nömrəli sorğuya cavab məktubunda Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsisteminin “Sığortaolunanların hesabları” bölümündən əldə edilən məlumatlara əsasən İddiaçı (FİN: xxxxxxx) 01.01.2006-cı il tarixdən 01.07.2009-cu il tarixədək hər hansı sığortaedən tərəfindən təqdim edilmiş hesabatlara əsasən xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənilməsi barədə məlumatlar aşkar olunmadığı qeyd edilmişdir. 17.09.2000-cı il tarixdən 01.07.2009-cu il tarixədək “X7”nda işlədiyi dövr üzrə cavabdeh şöbəyə heç bir sosial sığorta ödənişləri edilmədiyi və məcburi dövlət sosial sığorta ödəmələri barədə məlumat aşkar olunmadığından hesab etmişdir ki, həmin dövrlərin sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanması qanunvericiliyin tələblərinə uyğun deyil. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq əmək pensiyası düzgün hesablanaraq ödənilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İş materiallarından göründüyü kimi İddiaçı hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və bu fərqin 1994-cü ildən ödənilməsini xahiş etmişdir. Vətəndaşın müraciətinə adekvat olaraq cavabdeh tərəfindən son 3 (üç) il üçün pensiya ödənilmişdir. Ona görə də iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 1987-1989-cu illərdə hərbi xidmətdə olduğu dövrün əmək stajına daxil edilməsi nəticəsində pensiya məbləğində yaranmış fərqin 1994-cü ildən 2016-cı ilə kimi ona təyin edilmiş əlilliyə görə əmək pensiyasına əlavə edilərək ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə doğulmuşdur. - İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında işə daxil olanadək əmək stajı olmamış, 1984cü ildən 1987-ci ilədək Bakı şəhər 10 saylı Peşə texniki məktəbində təhsil almış, 100-K saylı, 12.12.1996-cı il tarixli əmrlə 10.12.1996-cı il tarixdən Azərbaycan Dövlət Xor kapellasına səhnə quraşdırıcısı vəzifəsinə qəbul edilmiş, 14-K saylı, 28.01.1998-ci il tarixli əmrlə 16.01.1998-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş, 32 saylı, 21.06.2000-ci il tarixli əmrlə 01.09.1996-cı il tarixdən Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecində 1996-cı ildən 21.06.2000-ci ilədək "Opera kamera müğənnisi” ixtisası üzrə təhsil almışdır. 06 saylı, 17.09.2000-ci il tarixli əmrlə 17.09.2000-ci il tarixdən X7na gözətçi vəzifəsinə qəbul edilmiş, 81 saylı, 01.07.2009-cu il tarixli əmrlə 01.07.2009-cu il tarixdən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş, 3745/15 saylı, 12.01.2015-ci il tarixli əmrlə 12.01.2015-ci il tarixdən "McDonald”s Azərbaycan” MMC "McDonald”s Restoranına briqada üzvü vəzifəsinə qəbul edilmiş, 280 saylı, 10.03.2015-ci il tarixli əmrlə 10.03.2015ci il tarixdən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. - İddiaçı aid pensiya işinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, DSMF-nin Xətai rayon şöbəsi tərəfindən qəbul edilmiş 26.05.1994-cü il tarixli, 4/147 nömrəli qərara əsasən İddiaçı 13.05.1994-cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Penisya işinin materiallarına İddiaçı hərbi xidməti barədə məlumat əlavə edilməmişdir. - AO seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı Məhəmməd oğlu 22.11.1987-ci ildə Balakən RHK tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 25.12.1987-ci ildən 28.12.1989-cu ilədək hərbi xidmətdə olmuşdur. N saylı hərbi hissə komandirinin N nömrəli əmri ilə tərxis edilmişdir. - Rusiya Federasiyası Müdafiə Nazirliyinin Dövlət Arxivinin 20.11.2018-ci il tarixli 265877 saylı arxiv arayışından görünür ki, 1968-ci il təvəllüdlü İddiaçı Məhəmməd oğlu 22.11.1987-ci ildən 28.12.1989-cu ilədək N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. - İddiaçı DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsinə ünvanladığı 16.05.2019-cu il tarixli, **********5 saylı ərizədən görünür ki, İddiaçı həmin ərizəsində 1987-1989-cu illərdə hərbi xidmətdə olduğu dövrün əmək stajına daxil edilərək 1994-cü ildən əlilliyə görə təyin edilmiş əmək stajına fərqin hesablanaraq ona ödənilməsini xahiş etmişdir. - DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsinin həmin ərizəyə cavab olaraq İddiaçı ünvanladığı 21.05.2019-cu il tarixli məktubundan görünür ki, vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları 01.01.2006-cı ildən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. 17.09.2000-ci il tarixdən 01.07.2009-cu il tarixədək X3 gözətçi vəzifəsində işlədiyi faktı yerində araşdırmaq mümkün olmadığından və həmin təsərrüfat fəaliyyət göstərdiyi müddət ərzində fondun müvafiq şöbəsinə heç bir sosial sığorta ayırmaları üzrə ödəniş edilmədiyindən həmin illəri sığorta stajı kimi nəzərə almaq mümkün deyil. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 367 №-li, 22.04.2021-ci il tarixli məktubdan görünür ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı 22.11.1987ci il tarixindən 28.12.1989-cu il tarixinədək keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. İddiaçı 10.05.1990-cı il tarixində keçmiş Balakən Rayon Hərbi Komisarlığı tərəfindən hərbi qeydiyyatdan çıxarılmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış **********0 №-li, 06.05.2021-ci il tarixli məktubdan görünür ki, Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsisteminin “Sığortaolunanların hesabları” bölümündən əldə edilən məlumatlara əsasən İddiaçı (FİN: xxxxxxx) 01.01.2006-cı il tarixdən 01.07.2009-cu il tarixədək hər hansı sığortaedən tərəfindən təqdim edilmiş hesabatlara əsasən xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənilməsi barədə məlumatlar aşkar olunmamışdır. Nazirliyin "MEİS"in "Sığorta" (Monitorinq) altsisteminin "Sığortaedənlərin reyestri" bölməsində X4 sığortaedən kimi uçot məlumatları aşkar olunmadı. X7 barədə rekvizitlər (VÖEN, SUN) dəqiq qeyd edildikdən sonra müraciətdə qeyd edilmiş məsələyə baxılacaqdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış **********381300 №-li, 02.06.2021-ci il tarixli məktubdan görünür ki, dövlət reyestrində X7 adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Sorğunun cavablandırılması üçün sorğu edilən hüquqi şəxsin adı dəqiqləşdirilməlidir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış **********0 №-li, 06.05.2021-ci il tarixli məktubdan və ona əlavə edilmiş **********2 №-li, 09.06.2021-ci il tarixli xidməti məktubdan görünür ki, vətəndaşın təqdim etdiyi hərbi biletin surətinə əsasən hərbi xidmətdə olduğu 22.11.1987-ci il tarixindən 28.12.1989-cu il tarixinədək olan dövr sosial sığorta stajına daxil edilmişdir. Hərbi xidmət illəri üzrə yaranmış fərq məbləği 01.03.2016-cı il tarixindən 01.01.2019-cu il tarixinədək əmək pensiyasının üzərinə əlavə edilərək ödənilmişdir. - İsmayıllı rayon İcra Hakimiyyəti İsmayıllı rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanan 25 №-li, 21.05.2021-ci il tarixli, 29 №-li, 09.06.2021-ci il tarixli məktublardan görünür ki, İsmayıllı rayonu Dövlət Arxivi fonduna X7 adında təşkilatın sənədləri təhvil verilməyib. Ona görə də İddiaçı Mahma oğluna aid X7 əmrlərdən və ya əmək haqqı ödənişi üzrə hesablaşma cədvəllərindən çıxarış göndərilməsi mümkün olmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 13.05.1994-cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Əlilliyə görə əmək pensiyası təyin edilən zaman iddiaçının təqdim etdiyi əmək kitabçasında qeyd olunmuş dövrlər nəzərə alınmışdır. İddiaçı 22.41.1987-ci il tarixindən 28.12.1989-cu il tarixinədək keçmiş Sovet Ordusu sıralarında xidmət etməsi barədə məlumatı 16.05.2019-cu il tarixdə cavabdeh inzibati orqana təqdim edərək 1987-1989-cu illərdə hərbi xidmətdə olduğu dövrün əmək stajına daxil edilərək 1994-cü ildən əlilliyə görə təyin edilmiş əmək stajına fərqin hesablanaraq ona ödənilməsini xahiş etmiş, cavabdeh isə hərbi xidmət illərini iddiaçının sığorta stajına əlavə edərək yaranmış fərq məbləğini 01.03.2016-cı il tarixindən 01.01.2019-cu il tarixinədək əmək pensiyasının üzərinə əlavə edilərək ödəmişdir. İddiaçı isə hərbi xidmətdə olduğu dövrün əmək stajına daxil edilməsi nəticəsində pensiya məbləğində yaranmış fərqin ona əlilliyə görə əmək pensiyasının təyin edildiyi vaxtdan, yəni 1994-cü ildən ödənilməsini tələb edir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun: - 98-ci maddəsinə əsasən yaşa və əlilliyə görə pensiyalar, pensiya yaşının çatdığı və ya əlilliyin müəyyən olunduğu gündən ən geci 3 ay müddətində pensiya üçün müraciət edildikdə pensiya yaşının çatdığı gündən və ya müvafiq surətdə həkim-əmək ekspert komissiyası tərəfindən əlilliyin müəyyən olunduğu gündən təyin edilir. - 99-ci maddəsinin tələblərinə görə təyin olunmuş pensiyalar aşağıdakı müddətlərdə yenidən hesablanır: pensiyanın artırılması hüququ yarandıqda, ərizə bütün lazımi sənədlərlə birlikdə ayın 15-dək verilmişdirsə - müraciət edilən ayın 1-dən, ayın 15-dən gec təqdim edilmişdirsə—növbəti ayın 1-dən; pensiyanın azaldılmasına səbəb olduqda—bu səbəbin baş verdiyi aydan sonrakı ayın 1-dən. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. - 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 98-1-ci maddəsinə əsasən Ali Məhkəmənin məhkəmə tərkibi işə kasasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə və ya Ali Məhkəmənin məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olan qərarında fərqli yanaşmanın tətbiqi zərurətinin əsaslandırılması ilə razılaşdıqda, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır. Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə iclası Ali Məhkəmənin işə baxan məhkəmə tərkibinin əsaslandırılmış təqdimatı əsasında Ali Məhkəmənin sədri tərəfindən təyin edilir. Mübahisəli hüquqi məsələyə Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılarkən iclasa Ali Məhkəmənin müvafiq kollegiyasının sədri sədrlik edir. Ali Məhkəmənin inzibati kollegiyasının iclası həmin kollegiyanın hakimlərinin azı üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Səslər bərabər olduğu hallarda sədrlik edənin səsi həlledici sayılır. Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir. Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar. Ali Məhkəmənin məhkəmə tərkibi eyni xarakterli məsələlərə baxarkən, bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqedən fərqli qərar qəbul olunmasını zəruri hesab edirsə, məsələyə bu Məcəllənin 98-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 №-li, 08.10.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan "müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə" müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi əmək pensiyası təyin edildikdən sonra onun yenidən hesablanması zaman yaranmış fərq məbləği müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. Hazırki işin hallarından göründüyü kimi iddiaçı hərbi xidmət illəri ilə bağlı müddətin sığorta stajına daxil edilməsi barədə 16.05.2019-cu il tarixdə cavabdeh orqana müraciət etmiş və cavabdeh inzibati orqan yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun olaraq həmin dövr sosial sığorta stajına daxil edilərək iddiaçıya əlilliyə görə təyin edilmiş pensiya məbləğini yenidən hesablamış və hesablanma zamanı yaranmış fərq məbləğini 01.03.2016-cı il tarixindən 01.01.2019-cu il tarixinədək əmək pensiyasının üzərinə əlavə edilərək ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə düzgün əməl edilmiş, iddiaçının hüquqlarının pozulması hallarına yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olduğundan və iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-3711/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3711/2021
29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver