Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3712/2021 16.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı birdəfəlik ödəmənin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət tərəfində ayrılmış birdəfəlik sosial yardımla təmin olunmağı barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, dövlət tərəfindən aprel və may ayları üçün imkansız və həm də işləməyənlərə ayrılması nəzərdə tutulmuş 190 manat birdəfəlik sosial yardıma ehtiyacı olduğu üçün, e-sosial.az saytında AZE 0******* şəxsiyyət vəsiqə №-si və xxxxxxx Fin kodu ilə 11 aprel 2020-ci il tarixində qeydiyyatdan keçmişdir və müraciətinin də qeydiyyata alınması +**********03 mobil nömrəsində təsdiqlənmişdir. Birdəfəlik sosial yardımla əlaqədar bir aya yaxın müddətdə SMS-lə cavab almamağı səbəbindən narahatçılıq yarandığından və həmçinin yoxlamalar zamanı müəyyən suallar yarana bilər deyən (tam dəqiq əlavə məlumatların verilməsi məqsədi ilə) 27 aprel 2020-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Hacıqabul rayonunun Məşqulluq şöbəsinə mobil telefon vasitəsi ilə müraciət etmək məcburiyyətində olmuşdur. Məşğulluq şöbəsinin rəisi onun mərhum valideyinlərini, dünyalarını dəyişmiş bacı və qardaşını, həmçinin onu da tanıdığını etiraf etsə də ünvan 1 ünvanında vaxtı ilə yaşamış ailənin taleyindən xəbəri olduğunu da bildirdi. Hacıqabul rayonunda hal hazırda yaşamamağı, 65 yaşının da tamam olmasını əsas gətirərək, işsiz kimi qeydiyyata alınmağına köməklik edə bilməyəcəyini təəssüflə bildirsə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyini tövsiyyə etdi. Məlumat üçün onu da bildirmişlər ki, 29 may 2018-ci il tarixində (pensiya yaşının tamam olduğu gündən) iş stajı ilə əlaqədar topladığı arxiv arayışlarının (əmək kitabçam itirilmişdir) DSMF-nin Hacıqabul rayon şöbəsinə təqdim olunmasına baxmayaraq, toplam iş stajının 25 il yığılmaması səbəbindən sənədləri qəbul olunmamış və geri qaytarılmışdır. Bu səbəbdən də ali təhsilli müəllim olmağına baxmayaraq, yaşa görə əmək pensiya almaqdan bu günə kimi məhrum olmuşdur. ünvan 1 ünvanında da ailəsiz, o tək 1 (bir) otaqda və digər 2 (iki) otaqda isə dünyasını dəyişmiş qardaşının ailə üzvləri (ana, üç qız övladı və bir qardaş) ilə birgə yaşamışlar. Bir müddətdən sonra, mərhum qardaşının övladlarına ailə qurmaq qismət olmuşdur və hal hazırda ünvan 3 ünvanındakı ev də onun mülkiyyətində deyildir, ondan başqa həmin evə mərhum qardaşının həyat yoldaşı və 4 (dörd) övladı, həmçinin mərhum bacısı da 3 (üç) övladı vərəsəlik hüququna malikdirlər. Dövlət tərəfindən də ümumiyyətlə heç vaxt heç bir sosial yardım, adına ev və ya hər hansı bir torpaq sahəsi, nəqliyyat vasitəsi, bank kreditləri və s olmamasına baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən heç bir qanuni maddəyə də istinad edilmədən sosial yardımla təmin olunmağına imtina edilmişdir. Sadəcə olaraq, E-SOSİAL.AZ saytından 06 may 2020-ci il tarixində, səhər saat 08.20-də SMS-ilə +**********03 mobil nömrəyə məlumat daxil olunmuşdur ki (2 dəfə təkrar göndərilən məlumatı yazıldığı kimi nəzərə çatdırır): "İddiaçı, azteminatliliq meyarına uyğun gelmediyi ucun, ona 190 manat birdefelik ödeme verilmesinden imtina edilmişdir. Maddi çətinlikləri ilə əlaqədar iki ildən artıq müddətdir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivində 546 №-li bağ sahəsində (mərhum valideyinlərinə məxsus evin nə vaxtsa vərəsələr tərəfindən satılacağına, ona da bölgüdən yəqin ki, cüzü də olsa vərəsəlik payı düşəcəyinə ümüdlidir) müvəqqəti sığınacaq tapmışdır. Tənha yaşayır, (heç vaxt da ailəli olmamışdır) ciddi xəstəlikləri ilə əlaqədar, ömrünün demək olar ki, sonunu gözləyir. Hal hazırda maddi tərəfdən manata öz yerində, hətta qəpiyə də ehtiyacı vardır. Birdəfəlik sosial yardım ilə bağlı 11 aprel 2020-ci il tarixli müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əsassız imtina edilmişdir, düzgün qərar qəbul edilməmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddia əsassız olduğundan aşağıdakı səbəblərə görə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar İşsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. MAS’dan əldə edilmiş məlumata əsasən, iddiaçı 21.04.2020-ci il tarixində qeyd edilən sistemdə “işaxtaran” (işi və qazancı olan şəxs) kimi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası’na əsasən 190 manat birdəfəlik ödəmə işsiz kimi qeydiyyatda olan və ya 27.04.2020-ci il tarixədək MAS-da qeydiyyatdan keçərək işsiz statusu təsdiqlənən şəxslərə şamil edilir. Beləliklə, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslər kateqoriyasına aid olmaması səbəbindən həmin Qaydaya uyğun birdəfəlik ödəməni almaq hüququ yaranmamış və ona birdəfəlik ödəmənin ödənilməsindən imtina olunmuşdur. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianı rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”-nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın: - 1.1-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. - 1.2-ci bəndinə əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. - 1.3-ci bəndinə əsasən birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. - 1.4-ci bəndinə əsasən birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. - 2.1-ci bəndinə əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Məhkəmə araşdırılması zamanı İddiaçı 21.04.2020-ci il tarixində “Məşğulluq” altsistemində “işsiz” kimi deyil, “işaxtaran” (işi və qazancı olan şəxs) kimi qeydiyyatdan keçməsi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmadığından ona “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 1-ci bəndinə əsasən birdəfəlik ödəmənin verilməsindən cavabdeh inzibati orqanın imtina edilməsi qanuni və əsaslı olmuşdur. Bu səbəbdən də iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-3712/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3712/2021
16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver