Məhkəmə qərarları › İş №2-1(112)-3718/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3718/2023

05.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3718/2023 05.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya işlədiyi illər sığorta stajı kimi nəzərə alınmaqla əmək pensiyasının müvafiq tarixdən təyin edilməsi»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya işlədiyi illər sığorta stajı kimi nəzərə alınmaqla əmək pensiyasının müvafiq tarixdən təyin edilməsi, pensiya hesablanarkən 2015 – 2019-cu illərdəki əmək stajının və bütün pensiya kapitalının nəzərə alınması, əmək pensiyasının tam indeksasiya edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı 13 sentyabr 2021-ci il tarixdə cavabdehə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. 2022-ci ilin iyul ayında cavabeh tərəf ona 2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə məlumat vermişdir. Məlum olmuşdur ki, 2019-cu ilin yanvarın 1-dən avtomatlaşdırılmış qaydada iddiaçıya 268,62 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin gün 4 saylı Bakı “DOST” Mərkəzinin ərazisində yerləşən "xxxx" ASC-nin Filialında iddiaçı pensiya kartı almışdır. Bank kartında 2019-cu ildən yığılmış pensiyanın məbləği olmuşdur. Beləliklə, iddiaçı hazırda 268,62 manat məbləğində aylıq pensiya alır, lakin ona hesablanmış pensiyanın bu məbləği ilə razılaşmır və hesab edir ki, yaşa görə pensiya təyin edilərkən bütün stajı, o cümlədən (23 iyun 2015-ci il tarixdən 1 yanvar 2019-cu il tarixədək olan dövr, fərdi hesabında yığılan bütün kapital nəzərə alınmamışdır və pensiya kapitalım tam indeksləşdirilməmişdir. İddiaçı xx xxxx 1952-ci il tarixdə doğulmuşdur, 1971-ci ilin sentyabr ayından əmək fəaliyyətinə başlamış və həmin ildə onun adına əmək kitabçası açılmışdır. 1971-ci ilin sentyabr ayından 3 avqust 1995-ci il tarixədək ayrı-ayrı qurumlarda müxtəlif vəzifələrdə çalışmışdır və bu barədə əmək kitabında müvafiq qeydlər olmuşdur. 3 avqust 1995-ci il tarixdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nəzdindəki İstehsalat və Tikinti Birliyinə rəis müavini vəzifəsinə qəbul olunmuşdur, lakin Birlikdə baş verən yanğınla əlaqədar olaraq əmək kitabçası yanmışdır. Bununla əlaqədar, 23 aprel 1996-cı il tarixdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İstehsal və Tikinti Birliyində onun adına yeni əmək kitabçası açılmışdır. Yeni açılmış əmək kitabçasında 3 avqust 1995-ci tarixdə X4 və İnşaat Birliyinə onun işə qəbul olunması qeydə alınmışdır. Eyni zamanda, əmək kitabçasında qeyd olunmuşdur ki, bu təşkilatdan əvvəl onun 23 il 11 aylıq ümumi əmək stajı olmuşdur. Qeyd olunduğu kimi, işin məhkəmədə aparılması zamanı məlum olmuşdur ki, iddiaçıya 268,62 manat məbləğində əmək pensiyası təyin edilsə də, bu pensiya təyinatında onun 23 il 11 ay stajı nəzərə alınmamışdır. Bununla əlaqədar, iddiaçı DOST Agentiyinin 4 saylı Bakı DOST Mərkəzinə ərizə ilə müraciət etmiş və ərizəsində əmək kitabçasının məhvindən əvvəlki dövrə 23 il 11 ay stajının nəzərə alınmasını xahiş etmişdir. Eyni zamanda, pensiya təyinatının 23 iyun 2015-ci il tarixdən aparılması xahiş olunmuşdur. Beləliklə, pensiya hesablanarkən, 23 iyun 2015-ci il tarixdən 1 yanvar 2019cu il tarixədək dörd illik əmək staj nəzərə alınmalı idi. Buna uyğun olaraq, iddiaçının pensiyası hesablanarkən bütün pensiya kapitalı nəzərə alınmamış və buna uyğun olaraq pensiyanın indeksasiyası düzgün aparılmamışdır. Lakin DSMF Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filial 19 aprel 2022-ci il tarixli məktubla imtina cavabı vermişdir. İmtina məktubu bununla əsaslandırılmışdır ki, 1 yanvar 2006-ci il tarixədək faktiki sığorta stajı və 1 iyun 2014-cü il tarixdən 1 aprel 2019-cu il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alman 1.785,60 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidan hesablanmış və əmək pensiyasının məbləğində (268,62 manat) dəyişiklik olmamışdır. Bundan əlavə cavabdeh öz imtinasını bununla əsaslandırmışdır ki, əmək kitabçasında qeyd edilmiş 23 il 11 ay əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Cavabdehin 22 avqust 2022-ci il tarixdə keçirdiyi monitorinqin nəticəsinə əsasən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Azərbaycan prospekti 19 ünvanında yerləşən ofisi 2000-ci ildə zəlzələ nəticəsində dağıldığı üçün həmin Cəmiyyətin sənədləri məhv olmuş və həmin dövrlərdə əmək haqqı alıb-almamağını yoxlamaq mümkün olmamışdır. Bu səbəblə 23 il 11 ay əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməsi qanunvericiliyinin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı hesab edir ki, cavabdehin qərarı tamamilə əsassızdır. Onun 23 iyun 2015-ci il tarixdə təqaüdə çıxdığı gün ümumi əmək stajı 43 il 11 ay, təqaüdü faktiki təyin olunduğu gündən isə 47 il 11 ay olmuşdur. Bu fakt onun əmək kitabçasındakı olan qeydlə təsdiqlənir. Lakin cavabdeh onun əmək kitabçasındakı yuxarıda qeyd edilmiş qeydi nəzərə almamışdır. Eyni zamanda, ümumi əmək stajına görə tam indeksasiya aparılmamış, pensiya hesablanarkən, 23 iyun 2015-ci il tarixdən 1 yanvar 2019-cu il tarixədək dörd illik əmək stajı da nəzərə alınmamışdır. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» Qanunun 1, 7-ci maddələrinə əsaslanaraq, məhkəmədən iddiaçının 1971-ci ilin sentyabr ayından etibarən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nəzdindəki İstehsal və Tikinti Birliyinə işə qəbul olunmamışdan əvvəl 23 il 11 aylıq iş stajının nəzərə alınaraq, 63 yaşdan (23 iyun 2015-ci il tarxdən) yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiya hesablanarkən 23 iyun 2015-ci il tarixdən 1 yanvar 2019-cu il tarixədək dörd illik əmək stajının nəzərə alınması, əmək pensiyası hesablanarkən bütün pensiya kapitalının nəzərə alınması, buna uyğun olaraq iddiaçıya verilməli pensiyanın tam indeksasiya edilməsi barədə qərar qəbul olunması məhkmədən xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, İddiaçı 3 avqust 1995-ci il tarixdə X4 və İnşaat Birliyinə işə qəbul olanadək 23 il 11 ay sosial sığorta stajının olduğunu iddia edir. Cavabdeh hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: «Əmək pensiyaları haqqında» Qanunun 27-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsinə yenidən baxıldıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınır. «Əmək pensiyaları haqqında» Qanunun 22-1.1-ci maddəsinə görə 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 2019 – 2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Sözügedən Qanunun 29.2-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi (o cümlədən bu Qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi) və fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ildə bir dəfədən az olmamaqla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilir. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+YH. Həmin Qanununun 10.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin (BH) məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (1 oktyabr 2016-cı il tarixə 110 manat müəyyən edilmişdir). Həmin Qanunun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği SH = PSK/T düsturu ilə müəyyən edilir. T – gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı= 144 ay. Sözügedən Qanunun 10.3cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq YH=PYK/T düsturu ilə müəyyən edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının baza və sığorta hissələrinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsi hesab edilir. İddiaçı 31 yanvar 2019-cu il tarixdən avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılmışdır. 31 yanvar 2019-cu il tarixdə iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə pensiya təyin edilərkən sistem tərəfindən 1 yanvar 2006-cı il tarixədək 25 il, 1 yanvar 2006-cı i tarixdən sonra isə 4 il 4 ay sosial sığorta stajı nəzərə alınaraq hesablanmışdır. Beləliklə, avtomatlaşdırılmış təyinat zamanı iddiaçının 1 yanvar 2006-cı il tarixədək olan iş stajı qanunvericiliyə uyğun şəkildə 25 il kimi hesablanmışdır. 1 yanvar 2006-cı il tarixədək olan iş stajı müddəti 25 ildən artıq olduğu halda, iddiaçı həmin stajı təsdiq edən əlavə sənədlərlə (əmək kitabçası, diplom, hərbi bilet) inzibati orqana müraciət edərək təyin edilmiş pensiyanın yenidən hesablanmasını xahiş edə bilər. İnzibati orqan tərəfindən ərizəçiyə imtina cavabı verildiyi halda, həmin münasibətlər artıq inzibati məhkəmənin yurisdiksiyasına aid olacaqdır. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla), yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən qanunvericiliklə nəzərdə tutulan şərtlər ödənildiyi təqdirdə iddiaçının 23 iyun 2015-ci il tarixdən yaşa görə əmək pensiyası almaq hüququ yaranacaqdır. Lakin iddiaçının qanunvericiliklə tələb olunan 12 il sığorta stajı olmadığı üçün (2 il 5 ay) 23 iyun 2015-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunauyğun hesab edilmir. Əmək kitabçasında iddiaçının Azərbaycan Respublikasının Qırmızı Aypara Cəmiyyətinin yanında İstehsal Tikinti Birliyinə işə qəbul olmazdan əvvəl 23 il 11 ay sosial sığorta stajının olması ilə bağlı qeydin mövcud olması iddiaçının həqiqətən də həmin dövrlərdə əmək fəaliyyəti ilə məşğul olmasına dəlalət edən mötəbər sübut kimi qiymətləndirilə biirriəz. Beləliklə, heç bir əsas olmadan əmək kitabçasında aparılan qeyd iddiaçının sosial sığorta stajına daxil edilə bilməz. Yuxarıda qeyd edilən səbəblərdən həmin illərin İddiaçı sosial sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Beləliklə, iddiaçının yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmənin qərardadı ilə iddia “pensiya hesablanarkən 2015 – 2019-cu illərdəki əmək stajının və bütün pensiya kapitalının nəzərə alınması, əmək pensiyasının tam indeksasiya edilməsi” hissəsində mümkün sayılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya işlədiyi illər sığorta stajı kimi nəzərə alınmaqla əmək pensiyasının müvafiq tarixdən təyin edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 17-ci maddəinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 7-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Həmin Qanunun 7-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən sonra qüvvədə olan tələblərinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: (22-1.2.1) 2019 – 2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; (22-1.2.2) əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; (22-1.2.3) ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 31.1-1-ci maddəsinə əsasən bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 1 yanvar 2006-cı il tarixədək 2 il 5 ay sığorta stajı, 1 iyun 2014-cü il tarixdən 1 yanvar 2019-cu il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 1.786,60 manat pensiya kapitalı nəzərə alınaraq «Əmək pensiyaları haqqında» Qanunun 22-1-ci maddəsinə müvafiq olaraq 1 yanvar 2019-cu il tarixdən avtomantlaşdırılmış qaydada, o cümlədən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin Qanunun 31-1-ci maddəsinin tələblərinə uyğun hesablanmaqla yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı bununla razılaşmır və onun pensiya hüququnun 3 avqust 1995-ci il tarixədək topladığı 23 il 11 ay sığorta stajı da nəzər alınmaqla 23 iyun 2015-ci il tarixdən yarandığını iddia edir. İddiaçının iddiasının əsası kimi ona məxsus 23 aprel 1996-cı il tarixli əmək kitabçasında əmək kitabçasını tərtib etmiş Azərbaycan Qızıl Aypara Cəmiyyətinin onun 7 avqust 1995-ci il tarixdən əvvəlki dövdə 23 il 11 ay stajının olması barədə apardığı qeydə istinad edir. Lakin cavabdeh inzibati orqan həmin qeydlər üzrə arxiv sənədlərinin (əmrlərin) olmamasına əsaslanaraq, həmin 23 il 11 ay müddəti sığorta stajı kimi qəbul etmir. İddiaçı cavabdehin imtinasını mübahisləndirir. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır Məhkəmə qeyd edir ki, iddiaçının 23 aprel 1996-cı il tarixli əmək kitabçasında 1995ci ildən əvvəlki dövrə aid qeydlər aparılsa da, bu qeyd tələb olunan qaydada, yəni hər bir müəssisədə ayrılıqda işə girdiyi gün, ay, il, işlədiyi peşə (vəzifə), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə məlumatlar əks olunmamışdır. Bundan başqa, iddiaçı istər inzibati icraatda, istərsə də məhkəmə icraatında 23 il 11 ay dövr işlədiyi təşkilatlarda stajının təsdiqinə dair arxiv arayışları və digər müvafiq sənədləri təqdim etməmiş, eləcə də həmin arayış və sənədlərin toplanması üçün ünvanlı təşəbbüskarlıq belə göstərməmişdir. Bu halda, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan haqlı olaraq iddiaçıya məxsus əmək kitabçasındakı 23 il 11 ay müddət iş stajına dair qeydləri mötöbər qiymətləndirməmişdir. Odur ki, həmin müddətin iddiaçının 2006-cı ildən əvvəlki dövrə aid sığorta stajı kimi hesablanmaqla ona əmək pensiyasının 63 yaşdan (23 iyun 2015-ci il tarixdən) təyin olunmasında imtina etməkdə haqlı olmuşdur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya işlədiyi illər sığorta stajı kimi nəzərə alınmaqla əmək pensiyasının müvafiq tarixdən təyin edilməsi» tələbinə dair iddiası əsaslı olmadığından, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 62, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya işlədiyi illər sığorta stajı kimi nəzərə alınmaqla əmək pensiyasının müvafiq tarixdən təyin edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar