Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3718/2024 11.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarış və plan-ölçü sənədinin verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərelektoterm” EİB X10 heyətinin iclasını protokolu ilə bağçılıqda üzvlüyə qəbul edildiyi Bakı şəhəri, Suraxanı ray, Hövsan qəsəsəbəsi, B-61 saylı bağ evinə dair plan və ölçünün tərtib edilməsi, həmin torpaq sahəsinin mülkiyyət hüququ ilə qeydiyyatdan keçirilərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin daşınmaz əmlaka ünvan verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.
2. İddiaçı daha sonra ərizə təqdim edərək iddia tələbinin “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, B-61 saylı bağ sahəsinin ölçüsü 488,0 kv.m olmaqla hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın və plan-ölçü sənədinin verilməsi” kimi dəyişdirilməsini xahiş etmişdir.
3. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbi “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, B-61 saylı bağ sahəsinin ölçüsü 488,0 kv.m olmaqla hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın və plan-ölçü sənədinin verilməsi” kimi dəyişdirilmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum əri X8 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, B-61 saylı bağ sahəsi ayrılmışdır. İddiaçı həmin dövrdən etibarən həmin torpaq sahəsində yaşayır. İddiaçının mərhum əri orada işləmişdir. Bu hal onun “əmək kitabçası” ilə də öz təsdiqini tapır. İddiaçının əri vəfat etdikdən sonra iddiaçının ərizəsinə əsasən mərhum əri bağçılıq üzvlüyündən azad edilmiş, iddiaçı bağçılıq üzvlüyünə qəbul edilmişdir. Bu hal “Azərelektoterm” EİB Bağçılıq yoldaşlığın idarə heyətinin iclasının protokolunda öz əksini tapmışdır. Həmin torpaq dahəsi 1985-ci ildən iddiaçının istifadəsindədir. Mərhum əri X6 vəfat etdikdən sonra vərəsəlik işi açılmış və iddiaçı onun vərəsəsidir. İddiaçı həmin torpaq sahəsindən bu günə qədər istifadə etsə də, torpaq sahəsini özəlləşdirməmişdir. Lakin bütün kommunal müqavilələr iddiaçı ilə bağlanmışdır. İddiaçı qanuni istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün cavabdehə müraciət etsə də, müraciəti təmin olunmamışdır. Həmin imtina məktubunda “Azərelektroterm” bağçılıq yoldaşlıq birliyi nəzdində Abbasov M.M (surəti ərizəyə əlavə edilmiş protokola əsasən) adına və ya İddiaçı Hövsan bağ massivində bağ sahəsinin ayrılmasına dair məlumat və sənəd idarənin arxivində aşkar olunmadığı bildirilmişdir. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə və yuxarıda istinad edilən əsasnamələrlə onun üzərinə qoyulmuş öhdəlikləri də icra etməmiş, mənim istifadəmdə qanuni əsaslarla torpaq sahəsinin olmasına baxmayaraq yerquruluşu işlərini aparmaq əvəzinə heç bir əsas olmadan müraciətimin təmin edilməsindən imtina etmişdir.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Azərelektroterm” bağçılıq yoldaşlıq birliyi nəzdində Abbasov M.M (surəti ərizəyə əlavə edilmiş protokola əsasən) oğlunun adına və ya İddiaçı Hovsan 'bağ massivində 51 nömrəli bağ sahəsinin ayrılmasına dair məlumat və sənəd idarənin arxivində aşkar olunmamışdır. Məlumat üçün bildirilir ki, iddiaçının eyni bağçılıq yoldaşlıq birliyi nəzdində ayrılmış bağ sahəsinə dair **********66 nömrəli, xx.xx.2018-ci il tarixli məktubla məlumat verilmişdir.
6. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı “Azərelektoterm” EİB X10 heyətinin iclasının protokolu ilə bağçılıqda üzvlüyə qəbul edildiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi B-61 saylı bağ evinə dair plan və ölçünün tərtib edilməsi, həmin torpaq sahəsinin mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyatdan keçirilərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin daşınmaz əmlaka ünvan verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********58 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddia ərizəsində adı qeyd olunan X7 və İddiaçı adı aşkar olunmamışdır. Bundan əlavə, İdarənin mütəxəssisləri tərəfindən müvafiq daşınmaz əmlaka texniki baxış keçirilməsinə şərait yaradılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
7. İş materiallarına əlavə olunmuş AZ 147723 nömrəli Evlənmək haqqında Şəhadətnaməyə əsasən X12 və X2 arasında xx.xx.1969-cu il nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Abbasova” soyadı verilmişdir.
8. İş materiallarına əlavə olunmuş AZ 090678 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X12 xx.xx.2001-ci il tarixdə ölmüşdür.
9. xx.xx.2001-ci il Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən İddiaçı 27 may 2001-ci il tarixdə vəfat etmiş X7 vərəsəsidir. Şəhadətnamə verilən miras əmlak – Tİ və MHQİ-dən ver. kitab № 1129, səh № 169556, qeyd 30/169556, 02.12.200-ci il tarixli qeydiyyata vəsiqəsinə və 24.07.01-ci il tarixli 30/14727 arayışa əsasən ünvan 1 ünvanındakı ü/s 63,93 kv.m y/a 46,73 kv.m olan 3 otaqlı mənzil.
10. “Azərelektroterm” EİB Bağçılıq yoldaşlığının idarə heyətinin iclasının Protokoluna əsasən Abbasov M.M vəfatı ilə əlaqədar olaraq bağçılıq üzvlüyündən azad edilmişdir. X5 bağçılıq yoldaşlığına üzv qəbul edilmişdir. B-61 №li bağ sahəsinin bütün tikintiləri ilə birlikdə ona (X3) verilməsinə razılıq verilmişdir.
11. “Azərelektroterm” İstehsalat Birliyi həmkarlar komitəsi tərəfindən verilmiş üzvlük kitabçasında qeyd edilmişdir ki, Bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.1986-cı il tarixli 172 nömrəli protokoluna əsasən Hövsan qəsəbəsində Bağçılıq cəmiyyəti bağından 500 kv.m olan B-61 №li bağ sahəsi 1986-cı il tarixdə daimi istifadə etmək üçün verilmişdir.
12. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Eyni zamanda bildirirlir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Azərelektroterm” bağçılıq yoldaşlıq birliyinin arxiv qovluğunda bölgü sxemi aşkar edilməmişdir. Sorğunun icrası ilə əlaqədar olaraq “Azərelektroterm” bağçılıq yoldaşlıq üzvlərinin siyahısının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.
13. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd olunmuşdur ki, göstərilən bağ sahəsi hasar daxilindədir, hasarla iki hissəyə ayrılıb. Hər iki sahədə bir mərtəbəli ev var. Torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 500,0 kv.m qeyd olunsa da, torpaq sahəsinin faktiki ölçüsü 488,0 kv.m təşkil edir.
14. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1504 nömrəli Arayışa əsasən İddiaçı Hövsan qəsəbəsi, B-61 saylı bağ evində qeydiyyatsız yaşayır.
15. İddiaçının nümayəndəsi tərəfindən abonent kitabçasının, qaz, su, işıq qəbzlərinin, tədiyyə bildirişinin əsli məhkəməyə təqdim edilmişdir.
16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
18. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
19. İddia tələbi plan və ölçü sənədinin tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.
20. “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə əsasən “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilmişdir.
21. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
22. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
23. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
24. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
25. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
26. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
27. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
28. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
30. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
31. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
32. X17 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
33. X17 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
34. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən B-61 saylı torpaq sahəsinə dair çıxarışın və plan-ölçü sənədinin verilməsini tələb etmişdir.
35. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddiaçı X4 və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən B-61 saylı bağ sahəsinə münasibətdə müəyyən edir ki: - “Azərelektroterm” İstehsalat Birliyi həmkarlar komitəsi tərəfindən verilmiş üzvlük kitabçasında qeyd edilmişdir ki, Bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.1986-cı il tarixli 172 nömrəli protokoluna əsasən Hövsan qəsəbəsində Bağçılıq cəmiyyəti bağından 500 kv.m olan B61 №li bağ sahəsi 1986-cı il tarixdə daimi istifadə etmək üçün verilmişdir. - İş materiallarına əlavə olunmuş AZ 090678 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X12 xx.xx.2001-ci il tarixdə ölmüşdür. - xx.xx.2001-ci il Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən İddiaçı 27 may 2001-ci il tarixdə vəfat etmiş X7 vərəsəsidir. - “Azərelektroterm” EİB Bağçılıq yoldaşlığının idarə heyətinin iclasının Protokoluna əsasən Abbasov M.M vəfatı ilə əlaqədar olaraq bağçılıq üzvlüyündən azad edilmişdir. X5 bağçılıq yoldaşlığına üzv qəbul edilmişdir. B-61 №li bağ sahəsinin bütün tikintiləri ilə birlikdə ona (X3) verilməsinə razılıq verilmişdir.
36. Məhkəmə müəyyən edir ki, cavabdeh tərəfindən təqdim olunmuş “Azərelektroterm” bağçılıq-yoldaşlıq birliyinin üzvlərinin siyahısında İddiaçı və iddiaçının mərhum əri X7 adı aşkar olunmamışdır.
37. Bununla bağlı məhkəmə qeyd edir ki, torpaq sahəsi 1986-cı tarixdə iddiaçı və mərhum ərinin daimi istifadəsinə verilməsinə baxmayaraq, cavabdeh tərəfindən təqdim olunmuş “Azərelektroterm” bağçılıq-yoldaşlıq birliyinin üzvlərinin siyahı(lar)sı 1985-ci il tarixə aiddir.
38. Məhkəmə eyni zamanda nəzərə alır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının əsası kimi bilavasitə siyahı deyil, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış nəzərdə tutulmuşdur.
39. Odur ki, məhkəmə hesab edir, “Azərelektroterm” İstehsalat Birliyi həmkarlar komitəsi tərəfindən verilmiş üzvlük kitabçası “Azərelektroterm” EİB Bağçılıq yoldaşlığının idarə heyətinin iclasının Protokolu ilə tamamlanmaqla iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir. Məhkəmənin qeyd edilən qənaəti X17 Məhkəməsinin presedent hüququna əsaslanır.
40. Məhkəmə nəzərə alır ki, iddia tələbinin predmeti olan B-61 saylı bağ sahəsi hazırda faktiki olaraq İddiaçı istifadəsindədir (abonent kitabçasının, qaz, su, işıq qəbzlərinin, tədiyyə bildirişinin əsli, Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1504 nömrəli Arayışa məhkəməyə təqdim edilmişdir) və torpaqla bağlı hər hansı mübahisə mövcud deyil.
41. Məhkəmə eyni zamanda qeyd edir ki, hüquqmüəyyənedici sənədlə B-61 saylı bağ sahəsinin ölçüsü 500 kv.m qeyd olunsa da, ərazinin faktiki ölçüsü 488 kv.m təşkil edir. İddiaçının hazırki tələbi isə faktiki istifadəsində olan 488 kv.m torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasıdır.
42. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var və cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
43. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydı alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir.
44. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
45. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
46. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
47. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
48. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı ray, Hövsan qəsəbədində yerləşən sahəsi 488 kv.m. olan B-61 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq adına çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva