Məhkəmə qərarları › İş №2-1(112)-3719/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3719/2022

17.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3719/2022 17.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil (vəkil, ünvan 1 ünvanda qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X2 (hüquqşünas, ünvan 2 ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı məktubun əsassız sayılması və müvafiq məhkəməyə müraciət edilməsi öhdəliyinin cavabdehin üzəriə qoyulması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Seyfullayev cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən yol verilən iddiaçının hüquq və azadlıqlarının məhdudlaşdırılmasına səbəb olan cavabdehin 20 oktyabr 2021-ci il tarixli məktubunun əsassız sayılması, Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı qərar qəbul edilməsi üçün müvafiq məhkəməyə müraciət edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı 1 noyabr 1970-ci ildə Qusar rayonu Mucuq kəndində anadan olmuşdur. 1986-cı ildə keçmiş SSRİ pasportu almışdır. 1988-ci ilin may ayında Özbəkistan Respublikasına getmişdir. 1994-cü ildə Rusiya Federasiyasına gəlmiş və həmin vaxtdan hazıradək Rusiya Federasiyasında qeydiyyatda olmaqla yaşayır. 1999-cu ildə könüllü olaraq Rusiya Federasiyası vətəndaşlığını əldə etmişdir. Hazırda Rusiya Federasiyası Saratov vilayəti P.F.Batavin küçəsi ev 14 mənzil 49 ünvanında qeydiyyatdadır və yaşayır. Azərbaycan Respublikasında şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu heç vaxt olmamışdır. Azərbaycan dövləti qarşısında icra edilməmiş və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri yoxdur. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanunun 18-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir, Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı qərar qəbul edilməsi üçün müvafiq məhkəməyə müraciət edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə yazılı müraciət ünvanlanmış, cavabdehin 22 oktyabr 2021-ci il tarixli məktubu ilə müraciəti təmin edilməmişdir. Məktubda qeyd edilənlər əsassız və qanunsuzdur. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin 22 oktyabr 2021-ci il tarixli məktubunda Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanuna edilmiş 30 may 2014-cii il tarixli dəyişikliyə istinad edilərək qeyd edilir ki, qanunun 18-ci maddəsinin 1-ci bəndi ilə müəyyən edilmiş müddəalar bu qanun qüvvəyə minənədək (1 iyul 2014) digər ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir. Məktubda istinad edilmiş müddəa başqa dövlətin vətəndaşı kimi hüquqi vəziyyətini pisləşdirməklə yanaşı hüquqlarını məhdudlaşdırır və ya məhdudlaşması üçün zəmin varadır. Ona görə də qeyd edilən norma geriyə tətbiq edilə bilməz. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraza görə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli sorğusu əsasında xx.xx.1970-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılmış və onun barəsində Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə xx.xx.2018-ci il tarixli ******* saylı qərar qəbul edilmişdir (AR vətəndaşlığı haqqında qanunun 5.1-ci maddəsi, AR Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydasının 4.1.1-ci bəndinə” istinad olunaraq şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Qanun normasında AR vətəndaşlığı haqqında qanun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslərin Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda onların vətəndaşlığına mənsubiyyəti tanınması göstərilmişdir. Qeydiyyatda olma ilə bağlı müvafiq sistemdən çıxarış etiraza əlavə olunur). xx.xx.2021-ci il tarixdə DMX-ya müraciət olunaraq sözügedən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi barədə müvafiq tədbir görülməsi, bu barədə məhkəməyə müraciət etməsini xahiş etmişdir. Bununla bağlı DMX tərəfindən sözügedən şəxsə müvafiq cavab məktubu göndərilmişdir. Hesab edirlər ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tələbində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilən 20 oktyabr 2021-ci il tarixli məktubunun əsassız sayılmasını tələb etsə də, lakin məhkəmə iclasında iddiaçının nümayəndəsinin çıxışından və o cümlədən iş materiallarının tədqiqindən müəyyən edilmişdir ki, iddiaçı əslində cavabdehin 22 oktyabr 2021-ci il tarixli məktubunun əsassız sayılmasını tələb edir. Odur ki, məhkəmə iddia tələbini 22 oktyabr 2021-ci il tarixli məktubunun əsassız sayılması kimi qəbul etmişdir. Belə ki, iş materiallarından görünür ki, Dövlət Miqrasiya Xidməti məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli məktubla xx.xx.2018-ci il tarixli ******* nömrəli qərarın, həmçinin, A.S.Nəsrullayev barəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Hümbətov və Partnyorları vəkil bürosunun xx.xx.2021-ci il tarixli müraciətinin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli sorğusu əsasında xx.xx.1970-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılmış və onun barəsində Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə xx.xx.2018-ci il tarixli ******* saylı qərar qəbul edilmişdir. İş materiallarında olan Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı qərarından görünür ki, 01 noyabr 1970-ci il təvəllüdlü X1 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. İş materiallarında olan Dövlət Miqrasiya Xidmətinin iddiaçının vəkilinin müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 973-İVQD nömrəli Qanununun 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndi ilə müəyyən olunmuş müddəalar bu Qanun qüvvəyə minənədək (2014-cü il 1 iyul) digər ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir. Məhkəmə hesab edir ki, cavabdehin yuxarıda qeyd edilən məktubu əsaslı olmuşdur və iddiaçının hər hansı hüququnu pozmur. Belə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci bəndinə əsasən bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Həmin qanunda dəyişiliklər edilməsi barədə “Azərbaycan Respublikası 2014-cü il 30 may tarixli 973-İVQD saylı Qanunun 2-ci maddəsinə əsasən yuxarıda qeyd olunan 18-ci maddənin birinci bəndi ilə müəyyən olunan müddəalar bu Qanun qüvvəyə minənədək (xx.xx.2014-cü il) digər ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. Həmin Qaydaların 2.1.1-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsasdır. Həmin Qaydaların 4.1.1-cü bəndinə əsasən bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli 018-5878-1222 nömrəli məktubundan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı xx.xx.1987-ci il tarixdən hazırkı vaxtadək Qusar rayonu, Mucuq kəndində qeydiyyatdadır. İş materiallarında olan Saratov vilayəti üzrə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 3/**********01 nömrəli məktubundan görünür ki, xx.xx.2002-ci il tarixli 62-FZ saylı “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” Federal Qanununun 41.7 maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən X4 Federasiyasının vətəndaşı pasportunu ilk dəfə alan tarixdən, yəni xx.xx.1999-cu il tarixindən Rusiya Federasiyasının vətəndaşı hesab edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Asim Seyfullayeviçin xx.xx.1987-ci il tarixdən hazırkı vaxtadək Qusar rayonu, Mucuq kəndində qeydiyyatda olması, həmçinin Rusiya vətəndaşlığını xx.xx.2014-cü ildən əvvəl əldə etməsi iş materialları ilə öz təsdiqini tapdığından, hazırkı iddia əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar