Məhkəmə qərarları › İş №2-1(112)-372/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-372/2022

18.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-372/2022 18.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının bərpa olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqəslərin verilməsi üzrə Komissiyasına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin imtinasının əsassız hesab edilərək İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixinədək N saylı hərbi hissənin heyyətində Ağdərənin müdafiəsi uğrunda gedən “Ağdərə əməliyyatı”nda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyini nəzərə alaraq “Müharibə veteranı” adının bərpa olunması və imtiyazların verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1970-ci ildə anadan olmuş, evlidir və ailəsiylə birlikdə ünvan 1 ünvanında yaşayır. O, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixinədək N saylı hərbi hissənin heyyətində xidmət edərək, Ağdərənin müdafiəsi uğrunda gedən “Ağdərə əməliyyatı”nda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və bu barədə hərbi biletində də qeyd aparılmışdır. Qeyd edilənlərə əsasən ona xx.xx.1998-ci il tarixdə müharibə veteranı statusu verilmiş və buna dair vəsiqə də təqdim edilmişdir. Hətta həmin vaxtdan da ona müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etməyi üçün vəsiqə də təqdim edilmişdir. Daha sonra ona xx.xx.2006-cı il tarixdən xx.xx.2020-ci il tarixədək müharibə veteranlığına görə təyin olunan Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilmişdir. Lakin ona təyin olunan təqaüd xx.xx.2020-ci il tarixdən dayandırıldığı üçün müraciət etmiş və cavab olaraq Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin 1 saylı Bakı Ərazi Şöbəsi tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Yasamal rayon İdarəsinin göndərdiyi siyahıda iddiaçının müharibə veteranlığı satatusu ləğv olunmuşdur və bu səbəbdən də təqaüd dayandırılmışdır deyə məlumat vermişlər. Hətta ona bildirilmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2020-ci il tarixədək ödənilmiş təqaüdü geri qaytarsın, əks təqdirdə məhkəməyə müraciət olunacaq. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən iddiaçıya müharibə veteranı vəsiqəsi verilməlidir ki, o, cavabdeh olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyasına “Müharibə veteranı” adının bərpa edilərək vəsiqənin verilməsi üçün ərizə ilə müraciət etmişdir. Cavab olaraq isə bildirilmişdir ki, N saylı hərbi hissənin sənədlərinin arxivə daxil olmadığından gedən döyüşlərdə iştirakı faktını müəyyən etmək mümkün olmamışdır. Lakin üçüncü şəxs olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Yasamal rayon İdarəsinə yazdığı məktuba da cavab olaraq bildirilmişdir ki, N saylı hərbi hissənin sənədləri arxivə daxil olmadığından iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyini müəyyən edən faktın olmaması səbəbindən onun “Müharibə veteranı” statusu ləğv olunmuşdur. İddiaçı həqiqətən də xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək N saylı hərbi hissənin heyyətində Ağdərənin müdafiəsi uğrunda gedən “Ağdərə əməliyyatı” döyüşlərində iştirak etmişdir. Bu hal fotoşəkillərlə və döyüş yoldaşlarının ifadələri ilə də təsdiq oluna bilər. Cavabdehin imtinası əsassızdır və iddiası təmin edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1788/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin “iddiaçının müharibə veteranı adının bərpa olunması” kimi göstərilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqəslərin verilməsi üzrə Komissiyasının cavabdeh kimi prosessual iştirakına xitam verilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1788/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı “müharibə veteranı” adının bərpa olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən apelyasiya şikayəti verilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-2015/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2-1(112)-1788/2021 saylı qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İnzibati iş xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-372/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal Rayon İdarəsi ilə əvəz edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İddiaçının ərizəsinə əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-372/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal Rayon İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddia ərizəsindən görünür ki, iddiaçı ona “Müharibə veteranı” adının bərpa edilməsini tələb edir. “Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin üçüncü abzasına əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Həmin Qanunun 7-ci maddəsinin dördüncü abzasına əsasən veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir. Məhkəmə işinə əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı xx.xx.1998-ci ildə Müdafiə Nazirliyinin “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi” komissiyası (həmin vaxt Müdafiə Nazirliyinin qeyd olunan komissiyası Respublika hərbi komissarlığının nəzdində fəaliyyət göstərirmiş) tərəfindən verilmiş və iddiaçının qanuni ehtiyata buraxılması (N nömrəli hərbi hissənin şəxsi heyətin siyahısında adının olub-olmamasını təsdiq etmək mümkün olmadığı üçün) barədə əmrlər aşkar olunmadığına görə 2011-ci ildə “Müharibə veteranı” vəsiqəsi geri alınmış və nəzərdə tutulmuş imtiyazlardan istifadə etmək hüququnun itirdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə, yəni Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində iştirak etmiş şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Yuxarıda göstərilən qanunvericilik aktının tələblərinə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. İddiaçı 1992-ci ildə səfərbərlik üzrə hərbi xidmətə cəlb edilmiş və hərbi xidmətdə olduğu hərbi hissə (N nömrəli hərbi hissə) Müdafiə Nazirliyinin tərkibində olduğundan özünümüdafiə dəstəsi və yaxud birləşməsi hesab edilə bilməz. Bu səbəbdən iddiaçının “Müharibə veteranı adının bərpa edilməsi” tələbinə dair cavabdeh Müdafiə Nazirliyi olmalıdır və həmin Nazirliyin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyası”na müraciət edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yalnız özünümüdafiə dəstələrində xidmət etmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini (bərpa edilməsini) təmin edir. Göründüyü kimi hazırkı iddianın nə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, nə də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin səlahiyyətlərinə aid olmadığı üçün iddia tələbi təmin edilə bilməz. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-70-ci maddələrini rəhbər tutaraq İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Üçüncü şəxs Müdafiə Nazirliyinin hazırkı iddiaya xx.xx.2022-ci il tarixdə təqdim etdiyi yazılı münasibətində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci bəndinə əsasən “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyuş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığını yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığını yerinə yetirməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizliyi, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı" adı verilir. Həmin Qərara dəyişiklər edilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 №-li Qərarına əsasən” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrinin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) sözləri əlavə edilmişdir. Müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş "Müharibə veteranı”, “Silahlı qüvvələr veteranı", və “Əmək veteranı” adlarının veıilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatının 1.6-cı bəndindən görünür ki, “Müharibə Veteram” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 17 avqust 2020-ci il tarixli 9/2- 8379 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün xidməti barədə araşdırma aparılması mümkün olmamışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin 11 iyun 2020-ci il tarixli 1/İ-8404 nömrəli məktubu ilə iddiaçıya “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın” ‘Müharibə veteranı” adının və vəsiqəsinin” verilməsi səlahiyyətinə aid olmadığı bildirilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan H3 ******* nömrəli hərbi biletinə əsasən İddiaçı xx.xx.1992ci ildən xx.xx.1992-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Qarabağ uğrunda döyüşlərdə iştirak etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal Rayon İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli, 8/661 nömrəli məktubunda bildirilmişdir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi ilə əlaqədar əvvəllər “Müharibə veteranı” vəsiqəsi almış şəxslərin yenidən qeydiyyata alınması məqsədi ilə sizin xidmət müddətinizin dəqiqləşdirilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi arxivinə sorğu göndərilmişdir. Arxivindən alınmış cavabda xidmət etdiyiniz N saylı hərbi hissənin sənədlərinin arxivə daxil olmadığı bildirilmişdir. Xidmət etdiyiniz hərbi hissənin sənədləri arxivə daxıl olmadığına görə adınızın hərbi hissənin şəxsi heyyətinin siyahılarında olub-olmadığını təsdiq etmək mümkün olmamışdır. Bu səbəbdən mövcud qanunvericilik aktlarının və müvafiq göstərişlərin tələblərinə əsasən keçmiş Yasamal Rayonu Hərbi Komissarlığında yaradılmış komissiya tərəfindən sənədlərinizə yenidən baxıldıqdan sonra müharibə veteranı statusunuzun ləğv olunmasının qanuna uyğun olduğu hesab edilmişdir. “Müharibə veteranı” statusunun ləğv olunması barədə 2011-ci ildə Yasamal rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə, 2020-ci ildə isə Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazisi şöbəsinə müvafiq məlumat göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal Rayon İdarəsinin xx.xx.2021-ci il tarixli, 484 nömrəli məktubu ilə təqdim edilmiş 1970-ci il təvəllüdlü İddiaçı müharibə veteranı vəsiqəsinin verilməsinə və statusun ləğv edilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətindən görünür ki: - “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün təqdim olunan şəxslərin adlı siyahısında 17-ci sırada İddiaçı adı qeyd olunmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin Yasamal Rayon Hərbi Komissarlığına ünvanlandığı xx.xx.2009-cu il tarixli, 10/9547 nömrəli məktubunda bildirilmişdir ki, N saylı hərbi hissənin komandirinin əmr kitabları MN-in Mərkəzi Arxivinə daxil olmadığı üçün İddiaçı xidmətdə olması təsdiq edilə bilinmir. - Bakı şəhər Yasamal Rayon Hərbi Komissarının möhürü və imzası ilə təsdiq edilmiş xx.xx.2011-ci il tarixli aktda qeyd olunmuşdur ki, Komissiya Azərbaycan Respublikası Hərbi Komissarının 1968 saylı 15 avqust 2006-cı il tarixli göstərişinin tələblərinə müvafiq qaydada Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya tərəfindən verilmiş vəsiqələrin verilməsinin düzgünlüyünün yoxlanılması ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyi arxivinə aparılmış sorğuların cavablarına əsasən aşağıda adları göstərilən, qanuni əsaslarla ehtiyata buraxılması faktı təsdiq olunmayan şəxslərin “Müharibə veteranı” vəsiqələrinin geri alınması və nəzərdə tutulmuş imtiyazlardan istifadə etmək hüququnun itirildiyi müəyyən edilmişdir. Siyahıda 18-ci sırada İddiaçı adı qeyd olunmuşdur. Yoxlamadan sonra adları göstərilmiş şəxslərin siyahısının hazırlanaraq Yasamal rayon Sosial Müdafiə Mərkəzinə təqdim olunması, vəsiqələrin geri alınması və imtiyazlardan istifadə etmə hüququnun dayandırılması, Komissiyanın işini Azərbaycan Respublikası Müdafiə Nazirliyi arxivindən alınması məlumatların əsasında davam etdirməsi nəticəsinə gəlinmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/2-2729 nömrəli məktubunda bildirilmişdir ki, N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə təhvil verilmədiyindən İddiaçı xidməti barədə araşdırma aparıla bilinmir. N №-li hərbi hissədən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.1992-ci il tarixdən 09.1992-ci il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal Rayon İdarəsinin xx.xx.2022-ci il tarixli, 818 nömrəli məktubunda bildirilmişdir ki, 1970-ci il təvəllüdlü İddiaçı keçmiş Yasamal Rayonu Hərbi Komissarlığı tərəfindən xx.xx.1992-ci il tarixdə səfərbərliklə əlaqədar ordu sıralarına çağrılmışdır. Onun hərbi xidmət keçməsi ilə bağlı hərbi biletində hərbi hissə tərəfindən aparılmış qeydiyyatdan əlavə onlarda heç bir məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 11/1784 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı (sonuncu xidmət yeri Bakı şəhəri Yasamal rayon Hərbi Komissarlığı) N nömrəli hərbi hissənin tərkibində xidmət etdiyinə görə ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı şəhəri Yasamal Rayonu Hərbi Komissarlığı tərəfindən 11 iyun 1998-ci il tarixdə müharibə veteranı statusu verilmiş və o, müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmişdir. Sonradan, Azərbaycan Respublikası Hərbi Komissarının 15 avqust 2006-cı il tarixli 1968 saylı göstərişinə əsasən komissiya tərəfindən verilmiş müharibə veteranı adı və vəsiqəsinin düzgünlüyünün yoxlanması ilə əlaqədar 18 sentyabr 2011-ci il tarixdə Bakı şəhər Yasamal Rayon Hərbi Komissarı polkovnik Namiq Hüseynov tərəfindən təsdiq edilmiş akt əsasında Yasamal rayon Sosial Müdafiə Mərkəzinə siyahı təqdim edilmiş və həmin siyahıda İddiaçı verilmiş vəsiqəsinin geri alınması və istifadə etdiyi imtiyazlardan dayandırılması barədə göstəriş verilmişdir. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın qərarı ilə verilməmiş, həmçinin Yasamal rayon Sosial Müdafiə Mərkəzinə verilmiş vəsiqəsinin geri alınması və istifadə etdiyi imtiyazlardan dayandırılması barədə də göstəriş verməmişdir. İddiaçı hal-hazırda Bakı İnzibati Məhkəməsindən “Müharibə veteranı” adının və vəsiqəsinin bərpa olunmasını xahiş edir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı şəhəri Yasamal Rayonu Hərbi Komissarlığı tərəfindən İddiaçı ““Müharibə veteranı” adı və vəsiqəsi verildiyindən bərpası da həmin komissiya tərəfindən baxılmalıdır, çünki “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə əsas olmuş sənədlər Bakı şəhəri Yasamal Rayonu Hərbi Komissarlığının arxivində saxlanılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 8-ci yarımbəndinə bəndinə əsasən “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığını yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 12 may 1994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığını yerinə yetirməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı Bakı şəhəri Yasamal Rayonu Hərbi Komissarlığında (sonuncu xidmət yeri) qulluq etmiş, həmçinin həmin təşkilat tərəfindən ona “Müharibə veteram” adı və vəsiqəsi verilmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi iş üzrə əsl cavabdeh qismindən çıxış edə bilməz. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, HPxx/xx-4562 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi N nömrəli hərbi hissədə xidmət etməsilə bağlı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli tələbnaməsinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli möhüründə qeyd edilmişdir ki, Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bakı Apellyasiya Məhkəməsinin iddiaçının cavabdeh Müdafiə Nazirliyinə qarşı iddia tələbi üzrə qəbul edilmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 1788/2021 saylı qərarını ləğv edərkən qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “iddiaçıya müharibə veteranlığına görə təyin olunan Azərbaycan Respublikası Prezidentinin təqaüdü Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal Rayon İdarəsi tərəfindən dayandırılmışdır. Bu isə o deməkdir ki, iddiaçı müharibə veteranı adının bərpa edilməsi ilə bağlı tələbini iddiasına cavab verməli olan orqana qarşı deyil, əsl olmayan cavabdehə qarşı irəli sürmüşdür. (.......) Məhkəmə hesab edir ki, işə təkrar baxılarkən sadalanan pozuntular aradan qaldırılmalı, iddiaçıya müvafiq olaraq hüquqi yardım olunmaqla tələblərini dəqiqləşdirmək və cavabdehin əsl cavabdehlə əvəz olunması təklif olunmalı, dəqiqləşdirilmiş tələbin mümkünlüyü məsələsi aydınlaşdırıldıqdan sonra mahiyyəti üzrə qərar qəbul edilməlidir”. İnzibati Prosessual Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mahiyyətinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə görə Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Hazırkı iş üzrə iddiaçıya məxsus hərbi biletdə döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydləri təsdiq edən hərbi hissənin əmrləri aşkar olunmamış, eləcə də sonuncunun döyüşlərdə iştirak etməsini sübut edən digər sənədlər - xəsarət (yaralanma, kontuziya, travma), orden və medallarla təltif olunma haqqında vəsiqələr, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar və s. müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçının müharibə veteranı adı və vəsiqəsinin bərpasının cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilməsi barədə iddia tələbi əsaslı olmadığından təmin edilə bilməz. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının bərpa olunması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar