Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-372/2025 06.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “gömrük rəsmiləşdirilməsinin aparılması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar Gömrük Baş İdarəsinin X2 1930-cu il istehsalı olan “Ford Coupe” (VİN: K-20-5-35), “Buick Century” (VİN: 1288765) avtomobillərinin gömrük rəsmiləşdirilməsindən imtinasının qanunsuz hesab edilməsi, X2 1930-cu il istehsalı olan Ford Coupe (VİN: K-20-5-35) avtomobil ehtiyat hissəsi kimi, Buick Century (VİN: 1288765) avtomobili isə model kimi rəsmiləşdirilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar Gömrük Baş İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasında retro avtomobillərinin kolleksiyaçısıdır, 50 klassik avtomobildən ibarət kolleksiyası var. Bakıda yaşadığı evin həyətində inşa etdiyi qarajda az və ya limitli sayda istehsal edilən maşınları görmək mümkündür. Həmişə respublika səviyyəli və beynəlxalq retro avtomobil nümayişlərində ödənişsiz əsaslarla iştirak edib və avtomobillərini təqdim edib. İddiaçı Heydər Əliyev Fondu və X12 ilə sıx əməkdaşlıq edir və Azərbaycanda və ölkə xaricində Azərbaycanı layiqincə nümayiş etdirir. İddiaçı bildirir ki, X2 1930-cu il istehsalı olan Ford Coupe (VİN: К-20-5-35) (2300 ABŞ Dolları) və 1939-cu il istehsalı olan Buick Century (VİN:1288765) (3300 ABŞ dolları) avtomobillərini 23 mart 2023-cü il tarixdə ölkəyə gətirib. Həmin avtomobilin birinin motoru ümumiyyətlə yoxdur, digərinin isə motoru işlək vəziyyətdə deyil və işlək vəziyyətə gətirmək də mümkün deyil. İddiaçının da həmin avtomobilləri işlək vəziyyətə gətirmək niyyəti yoxdur. Ona görə də motoru olan, lakin işlək vəziyyətdə olmayan və motorunun işlək vəziyyətə gətirilməsi mümkün olmayan avtomobil nadir model kimi, digəri isə avtomobil ehtiyat hissəsi kimi gömrük rəsmiləşdirilməsindən keçirilməlidir. Lakin AR Dövlət Gömrük Komitəsinin Aksizli Mallar Baş Gömrük İdarəsində avtomobilin birinə (Buick) 5.2. (5200) motor həcmi, hansı ki, həcmini hesabladığı motor ümumiyyətlə yoxdur və digərinə (Ford) avtomobilinə isə 3.3. (3300) motor həcmi hesablayır ki, həmin motor ümumiyyətlə işləmir. İnternetdə yazılan məlumata görə, həmin avtomobillərin ən yüksək gücü 40 at gücüdür, hansı ki, indi həmin güc motor həcmi 04-06 (400 - 600) nəqliyyat vasitələrində vardır. Qanunvericilikdə isə olmayan motora və işləməsi mümkün olmayan motora gömrük rüsumunun hesablanması qadağandır. İddiaçı cavabdehə dəfələrlə avtomobillərin nadir model və avtomobil ehtiyat hissələri kimi rəsmiləşdirilməsi barədə müraciətlər etsə də, cavabdeh bundan imtina etməkdədir. Qeyd edilməlidir ki, cavabdehin raritet avtomobil kimi qeydiyyatdan keçriməkdən də imtina edib. Belə ki, iddiaçı qeyd edib ki, əgər onlara motor lazımdırsa o, avtomobillərin motorunu da “Jiquli” motoru ilə əvəz edə bilər. Lakin cavabdeh bildirib ki, avtomobillərin üzərində hər şey orijinal olmalıdır. Qeyd edilməlidir ki, avtomobillərdə orijinallıq dedikdə əsas onların kuzaları nəzərdə tutulur. Avtomobilin dəyişilə bilən detallarında orijinallıq tələb edilə bilməz. O cümlədən də avtomobilin motoru və motorunun detalları, təkərləri, şinləri və.s. detallar aşınmaya uğradığında və onların dəyişməsi mümkün olduğundan həmin detallara orijinallıq tələb edilə bilməz. Cavabdeh sonuncu dəfə 20 iyul 2023-cü il tarixli məktubla gömrük rəsmiləşdirilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız olmuş və onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, vətəndaş İddiaçı 23 mart 2023-cü il tarixdə X2 1930-cu il istehsalı olan “Ford Coupe” markalı (VİN: K-20-5-35) və 1939-cu il istehsalı olan “Buick Century” markalı (VİN: 1288765) avtonəqliyyat vasitələrini ölkə ərazisinə idxal etmişdir. Gömrük rəsmiləşdirilməsi zamanı qeyd edilən nəqliyyat vasitələrinin Nazirlər Kabinetinin 2010-cu il 28 oktyabr tarixli 188 nömrəli qərarı ilə təsdiq edilmiş "Raritet (nadir) avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxal olunması və gömrük rəsmiləşdirilməsinə dair” Qaydanın müddəalarına uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, qeyd edilən Qaydanın 3.3-cü bəndinə əsasən raritet (nadir) avtonəqliyyat vasitələri - Azərbaycan Respublikasının gömrük ərazisinə mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və ölkənin gömrük sərhədini keçənədək zavod buraxılış tarixindən 40 (qırx) ildən çox keçmiş avtonəqliyyat vasitələridir. Nəqliyyat vasitələrinə keçirilən baxış zamanı “Buick Century” avtonəqliyyat vasitəsinin mühərrikinin ümumiyyətlə olmadığı, “Ford Coupe” markalı avtonəqliyyat vasitəsinin mühərrikinin isə işlək vəziyyətdə olmadığı müəyyən edilmişdir. Cavabdeh mühərriki olmayan nəqliyyat vasitəsinin raritet hesab edilə bilməyəcəyini iddiaçının nəzərinə çatdırmış, iddiaçı isə cavabdehə mühərriki olmayan nəqliyyat vasitəsinin və digər nəqliyyat vasitəsinin mühərriklərini başqa bir mühərriklə əvəz edə biləcəyini bildirmişdir. Cavabdeh isə bunun qeyri-qanuni olduğunu və mühərrikin orijinal vəziyyətdə olmalı olduğunu iddiaçının nəzərinə çatdırmışdır. İddiaçı iddia tələbində bunu özü də etiraf etmişdir. Həmçinin iddiaçı iddia tələbində “...avtomobillərdə orijinallıq dedikdə əsas onların kuzaları nəzərdə tutulur. Avtomobilin dəyişilə bilən detallarında orijinallıq tələb edilə bilməz” qeyd etmişdir. Avtomobil kuzası (banı) avtomobilin sürücü, sərnişin, yük və ya xüsusi avadanlıq yerləşən konstruktiv hissəsidir. Avtomobil kuzasına həmçinin kapot, ayaqlıqlar, yan divarlar, radiator üzlüyü, bir sıra qovşaq və aqreqatlar (xarici işıqlandırma cihazları, salonda tənzimlənmə qurğuları, nəzarət sistemləri, sürücü və sərnişinin təhlükəsizliyini təmin edən vasitələr və s.) da aiddir. Nəqliyyat vasitələrinə baxış keçirilən zaman nəinki mühərrikin, həmçinin kuzanın orijinallığı da gömrük orqanı əməkdaşlarında şübhələr yaratmışdır. Qeyd olunan nəqliyyat vasitələrinin Nazirlər Kabinetinin 2010-cu il 28 oktyabr tarixli 188 nömrəli qərarı ilə təsdiq edilmiş "Raritet (nadir) avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxal olunması və gömrük rəsmiləşdirilməsinə dair” Qaydanın müddəalarına uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, qeyd edilən Qaydanın 3.3-cü bəndində nəqliyyat vasitəsinin raritet olaraq qəbul edilməsinin əsasları kifayət qədərəydin şəkildə göstərilmişdir. Buna baxmayaraq iddiaçı dəfələrlə cavabdehə eyni məzmunlu müraciətlər ünvanlamış, cavabdeh də öz növbəsində müraciətləri əsaslı şəkildə cavablandırmışdır. İddiaçı iddia ərizəsində nəqliyyat vasitələri üçün müəyyən edilmiş mühərrik həcmini mübahisələndirmişdir. İddiaçı tərəfindən nəqliyyat vasitələrinin texniki pasportu təqdim edilməmişdir. Qeyd edilən nəqliyyat vasitələrinin Nazirlər Kabinetinin 2010-cu il 28 oktyabr tarixli 188 nömrəli qərarı ilə təsdiq edilmiş "Raritet (nadir) avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxal olunması və gömrük rəsmiləşdirilməsinə dair” Qaydada göstərilən tələblərə uyğunluğunun, xüsusilə də mühərrik həcminin müəyyən edilməsi barədə rəy təqdim edilməsi üçün cavabdeh tərəfindən X4 müraciət olunmuşdur. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, AR Nazirlər Kabinetinin 28 oktyabr 2010-cu il tarixli 188 saylı qərarına əsasən raritet (nadir) avtonəqliyyat vasitələri - Azərbaycan Respublikasının gömrük ərazisinə mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və ölkənin gömrük sərhədini keçənədək zavod buraxılış tarixindən 40 (qırx) ildən çox keçmiş avtonəqliyyat vasitələridir. İddiaçı məxsus avtonəqliyyat vasitəsinin mühərriki olmadığı üçün bu qanuna əsasən həmin nəqliyyat vasitəsi raritet avtonəqliyyat vasitəsi hesab edilə bilməz. -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 oktyabr 2010-cu il tarixli 188 nömrəli Qərarı ilə təsdiq edilmiş “Raritet (nadir) avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxal olunması və gömrük rəsmiləşdirilməsinə dair Qayda”nın 3cü hissəsinə əsasən raritet (nadir) avtonəqliyyat vasitələri - Azərbaycan Respublikasının gömrük ərazisinə mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və ölkənin gömrük sərhədini keçənədək zavod buraxılış tarixindən 40 (qırx) ildən çox keçmiş avtonəqliyyat vasitələridir. X10 Kərimov tərəfindən ölkə ərazisinə gətirilən nəqliyyat vasitələri raritet hesab edilə bilməz. Sözügedən nəqliyyat vasitələri raritet hesab edilmədiyi və “Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avro-4 ekoloji normalarına uyğunlaşdırılması barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2014cü il tarixli 2 nömrəli Qərarının tələbinə cavab vermədiyi üçün həmin avtomobillərin sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda rəsmiləşdirilməsi mümkün deyildir. -X3 xx.xx.2023-cü il tarixli məktubuna əsasən xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Abşeron rayonu, Novxanı kəndində vətəndaş İddiaçı X6 idxal etdiyi şassi nömrəsi K-20-5- 35, zavod istehsal tarixi 1930-cu il olan “Ford” markalı “Coupe” tipli və şassi nömrəsi 1288765, zavod istehsal tarixi 1939-cu il olan “Buick Eight” markalı “Century” tipli nəqliyyat vasitələrinə vətəndaş İddiaçı məxsus qarajda faktiki gömrük baxışı keçirilmişdir. Baxış zamanı şassi nömrəsi: 1288765, zavod istehsal tarixi 1939-cu il olan “Buick Eight” markalı “Century” tipli nəqliyyat vasitəsinin kuzov və şassisinin orjinal vəziyyətdə olduğu, lakin nəqliyyat vasitəsinin üzərində qığılcımla alışan daxili yanma mühərrikinin olmadığı aşkar olunmuşdur. Lakin banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və ölkənin gömrük sərhədini keçənədək zavod buraxılış tarixi 84 (səksən dörd) olan minik nəqliyyat vasitəsinin üzərində quraşdırılmış daxili yanma mühərrik olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 oktyabr tarixli 188 nömrəli qərarı ilə təsdiq edilmiş “Raritet (nadir) avtonəqliyyat astələrinin Azərbaycan Respublikasının ərazisinə idxal olunması və gömrük rəsmiləşdirilməsinə dair Qaydasının” 3-cü bəndinə əsasən idxal olunan minik nəqliyyat vasitəsi raritet (nadir) nəqliyyat vasitəsi anlayışına cavab vermir. Şassi nömrəsi: K-20-5-35, zavod istehsal tarixi 1930-cu il olan “Ford” markalı “Coupe” tipli minik nəqliyyat vasitəsinə baxış keçirilərkən kuzov və şassisinin orjinal vəziyyətdə olduğu və nəqliyyat vasitəsinin üzərində qığılcımla alışan daxili yanma mühərrikinin (işlək vəziyyətdə olmayan) olduğu aşkar olunmuşdur. Banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və ölkənin gömrük sərhədini keçənədək zavod buraxılış tarixi 93 doxsan üç) il olan minik nəqliyyat vasitəsinin birinin üzərində quraşdırılmış daxili yanma mühərrikinin (işlək vəziyyətdə olmayan) olması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 oktyabr tarixli 188 nömrəli qərarı ilə təsdiq edilmiş “Raritet (nadir) avtonəqliyyat astələrinin Azərbaycan Respublikasının ərazisinə idxal olunması və gömrük rəsmiləşdirilməsinə dair Qaydasının” 3-cü bəndinə əsasən idxal olunan minik nəqliyyat vasitəsi raritet (nadir) nəqliyyat vasitəsi anlayışına cavab verir. Şassi nömrəsi: K-20-5-35, zavod istehsal tarixi 1930-cu il olan “Ford” markalı “Coupe” tipli nəqliyyat vasitəsinin mühərrik silindrlərinin işçi həcmi 3285 sm3, şassi nömrəsi: 1288765, zavod istehsal tarixi 1939-cu il olan “Buick Eight” markalı “Century” tipli nəqliyyat vasitəsinin mühərrik silindrlərinin işçi həcmi 3300 sm 3 olması internet resurslarından əldə edilmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin: -1.0.19. gömrük rəsmiləşdirilməsi – bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlər. -102.1. Gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır. -102.2. Gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi və sürətləndirilməsi məqsədi ilə bağlanılan beynəlxalq müqavilələrə uyğun olaraq, bir sıra dövlətlərdə gömrük rəsmiləşdirilməsi üçün nəzərdə tutulan gömrük sənədlərindən istifadə edilə bilər. -102.3. Bu Məcəlləyə əsasən ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük orqanının icazəsi tələb olunursa, həmin icazə onun alınması üçün müəyyən edilmiş şərtlərin yerinə yetirilməsindən dərhal sonra verilməlidir. -102.4. Bu Məcəlləyə əsasən ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük orqanının icazəsinin verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -105.1. Bu Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilə, habelə onlar barəsində sərəncam verilə bilməz. -105.2. Müvafiq icra hakimiyyəti orqanı gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar barəsində sərəncam verilməsinə dair şərtlər və məhdudiyyətlər müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 oktyabr tarixli 188 nömrəli qərarı ilə təsdiq edilmiş “Raritet (nadir) avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxal olunması və gömrük rəsmiləşdirilməsinə dair” Qaydaların:
2. Bu Qayda raritet (nadir) avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmasını və gömrük rəsmiləşdirilməsini tənzimləyir.
3. Raritet (nadir) avtonəqliyyat vasitələri - Azərbaycan Respublikasının gömrük ərazisinə mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və ölkənin gömrük sərhədini keçənədək zavod buraxılış tarixindən 40 (qırx) ildən çox keçmiş avtonəqliyyat vasitələridir.
4. Azərbaycan Respublikasının gömrük ərazisində sərbəst dövriyyə üçün buraxılan (idxal olunan) raritet (nadir) avtonəqliyyat vasitələrinə “Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması tədbirləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 mart tarixli 45 nömrəli qərarının 1-ci bəndi şamil edilmir.
5. Raritet (nadir) avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisində sərbəst dövriyyə üçün buraxılarkən (idxal olunarkən), mənşə ölkəsindən və gömrük dəyərindən asılı olaraq, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarına uyğun xarici-iqtisadi fəaliyyətin mal nomenklaturasında nəzərdə tutulmuş qaydada gömrük ödənişləri alınır.
6. Raritet (nadir) avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının gömrük sərhədini keçərkən seçilmiş gömrük prosedurunun müddəalarından irəli gələn tələblərə uyğun olaraq aparılır. Məhkəmə qeyd edir ki, gömrük rəsmiləşdirilməsi anlayışı hüquqi-texniki mənada malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduruna cəlb olunması, habelə həmin prosedurun tam və düzgün qaydada başa çatdırılması üçün həyata keçirilən kompleks tədbirlər sistemini əhatə edir. Nəqliyyat vasitələrinin bu prosedura cəlb edilməsi isə yalnız qanunvericilik aktlarının imperativ normaları ilə tənzimlənir və xüsusi hallarda – xüsusilə də nadir əhəmiyyətə malik olan, yəni raritet nəqliyyat vasitələrinə münasibətdə – bu tənzimləmə rejimi fərqli mexanizm üzrə tətbiq olunur. Belə hallarda nəqliyyat vasitəsinin raritet kimi tanınması üçün konkret, obyektiv və hüquqi baxımdan əhəmiyyətli sayılan kriteriyalara uyğunluğu tələb olunur. Qanunvericilikdə təsbit olunmuş meyarlar isə aşağıdakı kimidir: 1.Azərbaycan Respublikasının gömrük ərazisinə mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş; 2.Ölkənin gömrük sərhədini keçənədək zavod buraxılış tarixindən 40 (qırx) ildən çox keçmiş olmasıdır. Yuxarıda qeyd edilən tələblər nadir nəqliyyat vasitələrinin xüsusi gömrük proseduruna cəlb edilməsini mümkün edən əsaslı hüquqi şərtlər kimi çıxış edir. Buna əsasən, yalnız bu kriteriyalara tam uyğun gələn nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi raritet statusu əsasında həyata keçirilə bilər. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçının hazırkı tələbi üzrə məqsədi mühərriki işlək vəziyyətdə olmayan “Ford” markalı “Coupe” tipli avtomobilin raritet (nadir model) qismində, mühərriki olmayan “Buick Eight” markalı “Century” tipli avtomobilin isə ehtiyat hissəsi kimi rəsmiləşdirilməsindən ibarətdir. Məhkəmə iddiaçının nail olmaq istədiyi məqsədi onun nümayəndəsi və vəkili ilə də dəqiqləşdirilmiş və iddia tələbində niyyətin fərqli qeyd edilməsini ifadə tərzi ilə bağlı formal texniki uyğunsuzluq kimi dəyərləndirmişdir. Cavabdeh inzibati orqan iddiaçının bu müraciətinin təmin edilməsindən imtina etmiş və imtinanı onunla əsaslandırmışdır ki, “Ford Coupe” tipli nəqliyyat vasitəsinin qığılcımla alışan daxili yanma mühərriki işlək vəziyyətdə deyil, “Buick Eight” markalı “Century” tipli nəqliyyat vasitəsində isə ümumiyyətlə belə bir mühərrik mövcud deyil. Məhkəmə, iddianın təmin olunan hissəsi ilə bağlı qeyd edir ki, “Ford” markalı “Coupe” tipli nəqliyyat vasitəsinin mühərrikin faktiki olaraq işlək olmaması, lakin onun orijinal və dəyişdirilməmiş vəziyyətdə olması nadir nəqliyyat vasitəsi meyarlarına zidd sayılmır. Qaydalar çərçivəsində nadir nəqliyyat vasitəsi üçün orijinal və ya orijinal vəziyyətə gətirilmiş mühərrikin mövcudluğu tələb olunur ki, “Ford Coupe” markalı avtomobillə bağlı belə bir mübahisə mövcud deyil. Mühərrikin işlək vəziyyətdə olmamasına gəlincə, istinad olunan Qaydalarda raritet nəqliyyat vasitələrinin anlayışında mühərrikin texniki cəhətdən işlək vəziyyətdə olması şərt kimi göstərilməmişdir. Bu baxımdan cavabdehin bu hissədəki imtinası qeyri-müəyyən hüquqi əsaslara söykənmiş və nəticə etibarilə iddiaçının həmin tələbi üzrə hüquqlarını pozmuşdur. Həmçinin, məhkəmə icraatı zamanı cavabdeh gömrük orqanının nümayəndəsinin “Ford Coupe” markalı nəqliyyat vasitəsinin raritet statusunda rəsmiləşdirilməsinə etiraz etmədiyini də nəzərə alaraq, həmin nəqliyyat vasitəsinin bu statusla gömrük rəsmiləşdirilməsinə imkan verilməsini hüquqi cəhətdən əsaslı olduğunu təsdiq edir. Məhkəmə iddiaçının ümumilikdə hüquqi marağının hər iki nəqliyyat vasitəsi ilə bağlı gömrük rəsmiləşdirilməsinin aparılmasını nəzərə alaraq qeyd edir ki, “Buick Eight” markalı nəqliyyat vasitəsinin raritet (nadir) nəqliyyat vasitəsi kimi rəsmiləşdirməkdən cavabdehin imtinası hüquqi baxımdan əsaslı olmuşdur. Belə ki, qanunvericilikdə avtonəqliyyat vasitəsinin raritet kimi tanınması üçün qeyd edildiyi kimi, orijinal (və ya orijinal vəziyyətə gətirilmiş) mühərrikin mövcudluğu açıq şəkildə tələb olunur. Bu baxımdan, iddiaçının iddia tələbinin əsaslandırılması zamanı, eyni zamanda onun səlahiyyətli nümayəndəsi (vəkili) məhkəmə iclasında verdiyi izahatlarda “Buick Eight” markalı “Century” tipli nəqliyyat vasitəsinin digər nəqliyyat vasitəsinə məxsus mühərriklə təchiz olunması ilə bağlı mülahizələr irəli sürsə də, bu hal vəziyyəti onun xeyrinə dəyişməyəcəkdir. Belə ki, qüvvədə olan Qaydalarda — mühərrik, ban və şassiyə dair orijinallıq kriteriyası konkret və dəqiq şəkildə müəyyən edilmişdir. Avtomobilin mühərrikinin dəyişdirilməsinin mümkünlüyü ehtimalı da belə, mövcud qanunvericiliyin tələblərinə uyğun gəlmir. Nəzərə alınmalıdır ki, “orijinal mühərrik” dedikdə, nəqliyyat vasitəsinin zavod istehsalı zamanı təchiz olunduğu ilkin və dəyişdirilməmiş mühərrik başa düşülür. Bu mühərrikin sonradan başqa mənbədən, yəni fərqli nəqliyyat vasitəsindən əldə olunaraq quraşdırılması həmin komponentin artıq orijinal statusunu itirməsi deməkdir. Belə olan təqdirdə, iddiaçının mühərrikin dəyişdirilməsi ilə bağlı təqdim etdiyi alternativ həll yolları gömrük rəsmiləşdirilməsinin raritet nəqliyyat vasitəsi statusu altında aparılmasına əsas vermir. Əks təqdirdə həmin nəqliyyat vasitəsinin raritet kimi qəbul edilməsi və həmin prosedur altında gömrük rəsmilləşdirilməsi yuxarıda göstərilən Qaydaların tələblərinə ziddir. “Buick Eight” markalı “Century” tipli nəqliyyat vasitəsinin ehtiyat hissə kimi gömrük rəsmilləşdirilməsinin aparılmasından imtinaya gəlincə, cavabdehin bununla bağlı imtinası da qanunazidd olmamışdır. Belə ki, cavabdeh tərəfindən məhkəmənin mühərriki olmayan avtomobillərin idxal kodunun müəyyənləşdirilməsi ilə bağlı sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Dövlət Gömrük Komitəsinin X7 idarəsinə müraciət olunmuş, həmin müraciətə əsasən X7 idarəsindən daxil olmuş cavab məktubunda Harmonikləşdirılmiş Sistemin əsas şərhetmə qaydalarının 2(a) qaydasının 2-ci hissəsinə əsasən Harmonikləşdirilmiş Sistemin 87-ci mal qrupuna (yerüstü nəqliyyat vasitələri) dair İzahnaməsinin ümumi müddəalarında qeyd olunmuş şərtlərə cavab verən natamam və ya yarımçıq, yığılmamış və ya sökülmüş nəqliyyat vasitəsinin müvafiq olaraq tam və ya hazır avtomobil kimi təsnif edildiyini, bu səbəbdən nəqliyyat vasitəsinin XİF MN uzrə 8703 mal mövqeyində (əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər nəqliyyat vasitələri, sərnişin-yük avtomobil-furqonları və yarış avtomobilləri daxil olmaqla) sinifləşdirildiyi müəyyən olunmuşdur. Bu istiqamətdə X5 (ÜGT) və bəzi ölkələrin təcrübələri öyrənilmiş, SCHWACKE kataloquna nəzər salınmış, X8 idarəsinin mövqeyinin beynəlxalq təcrübə ilə üst-üstə düşdüyü məlum olmuşdur. ÜGT-nin bu istiqamətdə tövsiyələrində avtomobilin ban və şassisinin əsas hissə olduğu öyrənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, beynəlxalq təcrübə və risk amilləri (sonradan mühərrik gətirməklə aksiz vergisindən yayınma halı), həmçinin İddiaçı tərəfindən idxal olunan zavod istehsal tarixi 1939-cu ıl olan "Buick Eight” markalı "Century" tipli (mühərrıksiz) nəqliyyat vasitəsinin XİF MN üzrə 8703 mal mövqeyində sinifləşdirildiyi, mühərriki olmadığı uçün raritet nəqliyyat vasitəsi kimi hesab edilmədiyi, Avro-4 ekoloji standartlarına da cavab vermədiyi nəzərə alınmaqla, qeyd olunan nəqliyyat vasitəsinin rəsmiləşdirilməməsi və geriyə qaytarılması məqsədəmüvafiq hesab olunur. Göründüyü kimi, natamam və ya yarımçıq, yığılmamış və ya sökülmüş nəqliyyat vasitəsinin müvafiq olaraq tam və ya hazır avtomobil kimi təsnif edildiyindən və nəqliyyat vasitəsi XİF MN uzrə 8703 mal mövqeyində (əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər nəqliyyat vasitələri, sərnişin-yük avtomobil-furqonları və yarış avtomobilləri daxil olmaqla) sinifləşdirildiyindən hazırkı halda “Buick Eight” markalı avtomobilin ehtiyat hissə kimi gömrük rəsmiləşdirilməsi mümkün hesab edilə bilməz. İddiaçı tərəfindən təqdim edilmiş məlumatı təkzib edə biləcək hər hansı arqument məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası “Buick Eight” markalı “Century” tipli nəqliyyat vasitəsinə münasibətdə əsaslı olmuş, digər nəqliyyat vasitəsi hissəsində isə iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçının X6 idxal etdiyi 1930-cu il istehsalı olan Ford Coupe (VİN: K-20-5- 35) markalı avtomobilin raritet (nadir) nəqliyyat vasitəsi kimi gömrük rəsmiləşdirilməsinin aparılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar Gömrük Baş İdarəsinə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia qismən təmin edilsin. İddiaçının X6 idxal etdiyi 1930-cu il istehsalı olan Ford Coupe (VİN: K-20-5-35) markalı avtomobilin raritet (nadir) nəqliyyat vasitəsi kimi gömrük rəsmiləşdirilməsinin aparılması cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar Gömrük Baş İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov