Məhkəmə qərarları › İş №2-1(112)-3722/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3722/2025

02.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3722/2025 02.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi ilə, İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətindən İddiaçı xeyirinə Bakı şəhəri, Gəncə prospekti, 69 nömrəli binanın arxasında yerləşən avtomobil dayanacağı obyekti zərərin əvəzinin ödənilməsi qismində hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkməli olduğu xərclər 32.616.00 (otuz iki min altı yüz on altı) manat və əmlakının zədələnməsi (real zərər) 32.616.00 (otuz iki min altı yüz on altı) manat, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) 17 000 (on yeddi min) manat cəmi 65 249 (altmış beş min iki yüz qırx doqquz) manat pul məbləğinin maddi ziyan qismində və 65.249.00 (altmış beş min iki yüz qırx doqquz) manat mənəvi ziyan qismində, cəmi 130 498.00 (bir yüz otuz min dörd yüz doqsan səkkiz) manatın tutulması və birdəfəlik verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1989-cu ildən bu günədək avtomobil dayanacağı obyektində sahibkarlıq fəaliyyətlə məşğuldur. xx.xx.1993-cü il tarixli 1040 nömrəli Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin başçısının Sərəncamına əsasən, ünvan 1 ünvanda yaşayan, xx.xx.1989-cu ildə vətəndaş İddiaçı Bakı şəhəri, Gəncə prospekti, 69 nömrəli binanın arxasında yerləşən avtomobil dayanacağı obyekti (ümumi sahəsi 1245 kv.m.) təşkil etdiyi, fəaliyyət göstərdiyi, və plan verdiyinə görə, həmin obyekt onun icarəsinə 25 il müddətinə verilmişdir. Bakı şəhəri Xətai Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli iclasının 16 saylı Protokulundan Çıxarışına əsasən, Qərar qəbul olunmuş, Qərardada qeyd olunur:İddiaçı,istifadəsində olan inventar 02/52Gəncə prospekti,69 nömrəli binanın arxasında yerləşən 280.8 kv.m qeyri-yaşayış sahəsinə aidtikili əmlakın dəyəri 136188 (yüz oyuz altı min yüz səksən səkkiz) manat, 280.8 kv.m tikintialtı torpaq sahəsi, 1739,2 kv.m. bo. Torpaq sahəsi, 1245 kv.m torpaq sahəsi sənəd üzrə, 775 kv.m. torpaq səhəsi sənədsiz, cəmi 2020 kv.m torpaq sahəsi, Əmlakın qiymətləndirilməsi və Torpaqların İnventarlaşdırmasına dair hesabat cədvəli əsasında Xətai Bələdiyyəsində qeydiyyata alınmışdır. İddiaçı istifadəsində olan əmlak, vergi uçotuna daxil edilərək qanunamüvafiq qaydada əmlak vergisinə cəlb edilmişdir.-Qərarın icrası Baş Mühasibə, Ümumi şöbənin müdirinə,Vergilər şöbənin müdirinə,Ərazi İdarəetmə və Torpaq şöbəsinin müdirinə tapşırılmışdır. Qərarın icrasına nəzarət sədrə həvalə edilmişdir. Həmin vaxtdan mən Bakı şəhəri, Xətai rayon bələdiyyəsində qeydiyyata alınmışam və fəaliyyətimi göstərərək vergimi ona ödəyirəm. 9 və 10 may 2023-cü il tarixdə Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində və tabeçilində olan struktur bölmələri tərəfindən xəbərdar etməmiş, heç bir sənəd təqdim etmədən, mənim istifadəmdə və sahibliyimdə qanun əsasında olan obyekti, sökülməsi ilə bağlı hər-hansı qanuni əsaslarla keçirilməsi haqqında məlumatı və əsas olmuş sənədlərini təqdim etmədən bir çox olan hissəsini söküblər. Mənə hüsusu ilə iri miqdarda maddi və mənəvi ziyan yetirilmişdir. Qeyd edilənləri nəzərə alaraq, mən xx.xx.2023 il tarixdə Bakı şəhəri Xətai İcra Hakimiyyətinə qadağan edilmiş özbaşınalıq yolu ilə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin tərəfindən pozuntulara son qoymağı və dəymiş maddi ziyanın ödənilməsi haqqında göstəriş verməyini xahiş etmişdim. Lakin, bu günədək mənim tələbim cavabsız qalır. Dayanacaq obyektin sahəsi azalmış səbəbindən avtomaşınlaın yerləşdirilmək üçün sahələr yeri azalıb və bu səbəbindən qəlirlər azalıb. Beləki, avtomobil Boksun istismarından hər ay mən 1000 (bir min) manat itirməklə 17 ayda 17 min manat qəliri itirmişəm. Obyektin sökülmüş və dağıdılmış hissəsinin bərpasına 32.616.00 (otuz iki min altı yüz on altı) manat tələb olunur. Mənəvi ziyanın məbləğini maddi ziyanın məbhğinə uyğun 32.616 (otuz iki min altı yüz on altı) min manat məbhəğində qiymətləndirirəm. Maddi və mənəvi zərərin məbləği cəmi 65 249 min manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı münasibəti məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, Xətai rayon Bələdiyyəsindən rayon İcra Hakimiyyətinə verilmiş məlumata əsasən mübahisəli torpaq sahəsi 1993-cü il tarixdə ərizəçi İddiaçı icarə müqaviləsi əsasında istifadəsinə verilmiş və 2018-ci il tarixdə icarə müqaviləsinin müddəti bitmişdir. Lakin vətəndaş İddiaçı icarə müqaviləsinin müddətinin artırılması ilə əlaqədar müraciət etmədiyindən qüvvədə olan prosessual müddəti ötürmüşdür. Hazırda qeyd edilən ərazidə abadlıq-quruculuq işləri həyata keçirilmiş və ərizəçi İddiaçı tərəfindən qeyri-qanuni zəbt edilmiş 2020 kv.m torpaq sahəsinin 300 kv.m ətraf mühitin və meşə zolaqlarının qorunması eyni zamanda sakinlərin istifadəsi üçün nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanlara əsasən iddiaçının iddia tələbində qaldırdığı məsələnin hüquqi əsası olmadığından iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan xx.xx.1993-cü il tarixli 1040 nömrəli Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin başçısının sərəncamından görünür ki, Bakı şəhəri, Gəncə prospekti, 69 nömrəli binanın arxasında yerləşən avtomobil dayanacağı obyekti (ümumi sahəsi 1245 kv.m.) 25 il müddətinə, İddiaçı icarəsinə verilmişdir. Eyni zamanda iş materiallarında olan Xətai rayon Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 16 saylı protokolundan çıxarışdan görünür ki, Bakı şəhəri, Gəncə prospekti, 69 nömrəli binanın arxasında yerləşən 280.8 kv.m yaşayış sahəsinə aid tikili əmlakın dəyəri 136188 manat, 280.8 kv.m tikintialtı torpaq sahəsi, 1739.2 kv.m boş torpaq sahəsi, 1245 kv.m torpaq sahəsi sənəd üzrə, 775 kv.m torpaq sahəsi sənədsiz, cəmi 2020 kv.m torpaq sahəsi Əmlakın qiymətləndirilməsi və Torpaqların İnventarlaşdırılmasına dair hesabat cədvəli əsasında Xətai Bələdiyyəsində qeydiyyata alınması, X1 istifadəsində olan əmlakın vergi uçotuna daxil edilərək qanunamüvafiq qaydada əmlak vergisinə cəlb edilməsi qərara alınmışdır. Hazırkı iş üzrə iddiaçı qeyd edilən sənədlərə istinad edərək cavabdeh tərəfindən söküldüyünü iddia etdiyi Bakı şəhəri, Gəncə prospekti, 69 nömrəli binanın arxasına yerləşən qeyri-yaşayış sahəsi və sənəd üzrə 1245 kv.m, faktiki cəmi 2020 kv.m torpaq sahəsinə dair dəymiş maddi və mənəvi zərərin ödənilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Mülki Məcəllənin 210-cu maddəsinə əsasən mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əmlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir. Həmin Məcəllənin 211-ci maddəsinə əsasən mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. “İnsan hüquqlarının və əsas azadlıqdarın müdafiəsi haqqında” Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə müvafiq olaraq müdaxilə üç şərtə cavab verməlidir: o dövlətdaxili hakimiyyət orqanları tərəfindən istənilən özbaşına hərəkətləri istisna etmək üçün “qanunla nəzərdə tutulmuş şərtlərlə” həyata keçirilməli, “ümumi maraqlara” cavab verməli və mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlığa riayət olunmasını təmin etməlidir. Cəmiyyətin maraqları və mülkiyyətçinin hüquqları arasında ədalətli tarazlığa riayət etmək tələbi ümumilikdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin strukturunda öz əksini tapıb və onun birinci cümləsində ifadə olunmuş ümumi prinsip nəzərə alınmaqla şərh olunmalıdır. Xüsusən, istifadə olunan vasitələrlə insanı əmlakından məhrum edən və ya ondan istifadəni məhdudlaşdıran tədbirlərin güddüyü məqsəd arasında ağlabatan balans olmalıdır. Müvafiq hüquqi aktlarla nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi şərtləri mübahisələndirilən tədbirlərin görülməsi zamanı zəruri ədalətli tarazlığa riayət olunub-olunmadığı və xüsusi olaraq, onların ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub- qoymadığının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edirlər.Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir. X2 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Beləliklə, müəyyən edilməli olan hal iddiaçının iddia etdiyi ərazidə daşınmaz əmlaka dair mülkiyyət hüququ və ya “qanuni gözləntisi”nin olub-olmamasıdır. İşin hallarından görünür ki, iddiaçının iddia etdiyi mübahisəli torpaq sahəsi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1993-cü il tarixli 1040 nömrəli sərəncamı ilə İddiaçı Ağabala oğlunun istifadəsinə verilmiş və sərəncamla nəzərdə tutulmuş sahənin 25 illik icarə müddəti 2018-ci il tarixdə bitmiş və tərəflər arasında icarə müddətinin uzadılması ilə bağlı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. İş materiallarında olan Xətai rayon Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 16 saylı protokolundan çıxarışı qərarı isə sərəncamla nəzərdə tutulmuş 25 illik icarə müddəti bitməməsi şərti ilə İddiaçı Ağabala oğlunun istifadəsində olan Bakı şəhəri, Gəncə prospekti, 69 nömrəli binanın arxasında avtomobil dayanacağı və yerləşdiyi torpaq sahəsinin qiymətləndirilərək yerli əmlak vergi uçotuna qəbul olunması və həmin sahəyə görə İddiaçı Ağabala oğlundan əmlak vergisinin hesablanaraq yerli bələdiyyə büdcəsinə ödənilməsinin rəsmiləşdirilməsi ilə əlaqədardır. Odur ki, həmin bələdiyyə sənədi də hazırda mübahisəli əmlakın bələdiyyə mülkiyyəti hesab olunması və ya həmin sahənin bələdiyyə tərəfindən İddiaçı Ağabala oğlunun müddətsiz istifadəsinə ayrılmasını təsdiq edən sübut kimi, ümumilikdə həmin sahənin bələdiyyə tərəfindən İddiaçı Ağabala oğlunun müddətsiz istifadəsinə ayrılması barədə hüquqmüəyyənedici sənəd kimii qəbul edilmir. 25 iyun 1999-cu il tarixli 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilir. (21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər olan redaksiya) -4-cü bəndinə əsasən dövlət aktının, şəhadətnamənin, alqı-satqı, ipoteka, istifadə və icarə müqavilələrinin nümunəvi formaları qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilir. -5-ci bəndinə əsasən torpaq üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınır. -67-ci maddəsinin 2-ci bəndinə əsasən dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələri üzərində mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin hüquqları və vəzifələri barədə qeydlər əsas təsdiqedici və hüquq müəyyənedici sənəddir. (21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər olan redaksiya). -68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. -78-ci maddəsinə əsasən:

1. Torpaq sahəsinin dövlət qeydiyyatı dövlət torpaq kadastrında aparılır.

2. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı torpaq sahəsinin yerləşdiyi ərazi üzrə dövlət reyestrinə aşağıdakı məlumatların daxil edilməsi ilə aparılır: torpaq sahəsi üzərində hüququ əldə edən şəxs barədə məlumat; torpaq sahəsinin təsviri (torpağın kateqoriyası, istifadə məqsədi, torpaq uqodiyasının növü, torpaq sahəsinin ölçüsü, sərhədləri, kadastr nömrəsi və digər səciyyəvi xüsusiyyətləri göstərilməklə); torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi haqqında müqavilənin şərtləri, sahənin istifadəsində müəyyən edilmiş servitutlar, öhdəliklər və məhdudiyyətlər haqqında məlumatlar; torpaq sahəsi barədə sərəncam verilməsinə dair əqdlərin bağlanması və digər fəaliyyət barədə məlumatlar; torpaq sahəsinə dair əqdlərin bağlanmasına qadağanlar müəyyən edilməsinə dair məlumatlar; torpaq sahəsinin dövlət və bələdiyyə ehtiyacları üçün özgəninkiləşdirilməsi barədə qərarların tarixi və nömrəsi; qanunvericiliklə müəyyən edilmiş digər məlumatlar.

4. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı onu aparan orqana torpaq sahəsi üzərində hüquqlar barədə lazım olan bütün sənədlər daxil olduğu vaxtdan on gün müddətində aparılır.

5. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması barədə qeydiyyatın tarixi və nömrəsi, habelə qeydiyyatı aparan orqan haqqında məlumatlar göstərilməklə torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və ya icarəçilərinə bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş hüquqi sənədlər verilir.

7. Torpaq sahəsi və onunla bağlı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının aparılması qaydaları dövlət torpaq kadastrı, habelə daşınmaz əmlak və onunla bağlı əqdlərin dövlət qeydiyyatı haqqında normativ-hüquqi aktlarla müəyyən edilir.

8. Torpaq sahəsi üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada həmçinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. (21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə XVİ fəsil çıxarılmışdır). Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Göründüyü kimi torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ), habelə alqısatqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Torpaq qanunvericiliyi dövlət torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına təminat vermir. İddiaçı ona torpaq sahəsinin onun daimi istifadəsinə ayrılması barədə sərəncamı, torpaq sahəsi üzərində istifadə hüququ torpaq qanunvericiliyi ilə tələb olunan dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmamışdır. Beləliklə, hazırkı iş üzrə isə iddiaçının iddia etdiyi daşınmaz əmlaka dair istifadə və ya mülkiyyət hüquqularını təsdiq edən müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir. Belə olan halda “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya 1 saylı Protokolun müddəalarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən iddiaçının qeyd edilən əmlaka dair əmlak hüququnun mövcud olduğuna dair hər hansı hüquqi müddəaya əsaslanan “qanuni gözləntisi” mövcud olmamışdır. Mübahisəli torpaq sahəsinə münasibətdə iddiaçının istifadə, mülkiyyət hüququ və ya bu hüququnun əldə edilməsi üçün qanuni gözləntisi olmadığından həmin əmlaka münasibətdə müvafiq kompensasiyanın ödənilməsini tələb etmək hüququ da yaranmamışdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar