Məhkəmə qərarları › İş №2-1(112)-3723/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3723/2020

16.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3723/2020 16.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlu, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikasının Mərkəzi Bankına 3-cü şəxs -"xxxx" QSC qarşı “kompensasiya” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən iddiaçıya kompensasiyanın hesablanması və ödənilməsi vəzifəsinin cavabdeh ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının hüquqi varisi Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin nümayəndəsi iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim etmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında "xxxx" QSC 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Daha sonra iş üzrə şifahi məhkəmə baxışı iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın İPM-in 2.2.7-ci maddəsində nəzərdə tutulan iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona 9000 ABŞ dolları məbləğində kredit verilmişdir. Banka ödəniş qrafikinə əsasən ödənişlərini vaxtlı vaxtında ödəmişdir. Devalvasiyalardan sonra restruksiya məqsədli 24 avqust 2016-cı il tarixində 040A********** nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.3-cü maddəsində göstərilmişdir ki, kredit alana aşağıda göstərilən məqsəd üçün 11647,00 (on bir min altı yüz qırx yeddi) manat olan borc pulu aylıq faiz dərəcəsi 2.5 (iki tam onda beş)% olmaqla 24 (iyirmi dörd) ay müddətinə kredit verilir və Kredit Alan ondan yalnız bu məqsəd üçün istifadə etməyi öz öhdəsinə götürür: Kredit Alanın Bankda olan USD kreditin bağlanması. Sonuncu dəfə 24 avqust 2016-cı ildə həmin kredit müqaviləsinə əsasən kreditin nağdsız formada tam ödənilməsini başa çatdırmışam.Azərbaycan Respublikası Prezidentinin 28 fevarl 2019-cu il tarixli fərmanından sonra kompensasiya məbləğinin sorğulanması elektron xidmətindən istifadə etsə də, axtarış zamanı ona aid məlumat çıxmamışdır. Bundan sonra Maliyyə Bazarlarına Nəzarət Palatasının Apellyasiya Komissiyasına müraciət etmişdir. Həmin komissiyadan ona müraciətinin araşdırılması ilə bağlı əlavə vaxta ehtiyac olduğu bildirilmişdir. Daha sonra əlavə olaraq daha 3 ay müddətinə araşdırmanının müddəti uzadılmışdır. Sonuncu dəfə ona Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 06 noyabr 2019-cu il tarixdə rəsmi şəkildə cavab verilmişdir. Həmin elektron məktubda cavab olaraq bildirilmişdir ki, “Sizin müraciətinizə Maliyyə Bazarlarına Nəzarət Palatasının Apellyasiya Komissiyasında baxılmışdır. Cavab olaraq bildirilir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı ilə fiziki şəxslərə müvafiq kompensasiyalar devalvasiyaların baş verdiyi günə (xx.xx.2015-ci və ya xx.xx.2015-ci il tarixlərə) banklar və ya kredit təşkilatlarında 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada ifadə olunan məbləğdə) əsas kredit borcları olduğu təqdirdə verilir. Sizin xarici valyutada kreditləriniz üzrə həmin tarixlərə qalıq borcunuz olmadığı üçün Fərmanın əhatə dairəsinə düşməmişdir. Həmin məktubda hansı səbəbdən fərmanın əhatə dairəsinə düşmədiyi açıqlanmamış, şablon cavab verilməklə kifayətlənmişlər. Dəfələrlə Maliyyə Bazarlarına Nəzarət Palatasına və cavabdeh banka kompensasiya ödənişinin verilməsi ilə bağlı şifahi şəkildə müraciətlər etmişdir. Onlar tərəfindən iddiaçıya şifahi şəkildə bildirilmişdir ki, o, kredit müqaviləsi bağlanarkən hərbi qulluqçu olduğu üçün ona məxsus şəxsi vəsiqənin nömrəsinə istinad olunarkən yanlışlığa yol verildiyi, buna görə də kompensasiya ödənilməli olan şəxslərin siyahısına daxil edilmədiyi bildirilmişdir. Halbuki sözügedən Fərman 2015-ci il 25 fevral və 21 dekabr tarixlərinə fiziki şəxslərin kredit təşkilatlarına 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarına şamil olunur. Həmin tarixlərdə kredit müqaviləsi üzrə borcun məbləği xarici valyutada qeyd edilmişdirsə bu zaman Fərman həmin şəxslərə şamil olunur. Fərmana əsasən kompensasiya ödənişi fiziki şəxslərin əsas kredit borclarının qalıq məbləğlərinin cəmi 10 000 ABŞ dollarınadək xarici valyutada olan istər istehlak, istər biznes, istər təminatlı, istərsə də təminatsız olan bütün növ kreditlərinə şamil edilir. Bu Fərman həmçinin 1-ci və/və ya 2-ci devalvasiyaların tarixinə əsas kredit borclarının qalıq məbləğlərinin cəmi 10 000 ABŞ dollarınadək olan fiziki şəxslərə şamil edilir. Ən əsası isə Fərmana əsasən həm kredit borcunu 1 yanvar 2012-ci il tarixindən 1-ci devalvasiya tarixinədək olan dövrdə götürüb həmin devalvasiyadan və ya 2-ci devalvasiyadan sonra kreditini bağlayanlara, həm də 2-ci devalvasiyadan əvvəl kredit götürüb həmin devalvasiyadan sonra kreditini bağlayan şəxslərə devalvasiya tarixlərində əsas borcun qalıq məbləğinə uyğun kompensasiya ödənilməlidir. Cavabdehin iddiaya dair yazılı münasibəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı ilə "xxxx"QSC arasında xx.xx.2015-ci il tarixdə 9.000 ABŞ dolları dəyərində kredit müqaviləsinin bağlanmasına dair qeydlər üzrə kreditin eyniləşdirmə kombinasiyası bazay düzgün ötürülmədiyindən vətəndaşın adı Fərmanın təsiri çərçivəsində düşən şəxslərin siyahısına əlavə edilməmişdir. Bununla belə, sözügedən kredit müqaviləsinin həqiqətən də İddiaçı ilə "xxxx"QSCarasında bağlanması məhkəmə tərəfindən təqzibedilməz şəkildə təsdiq olunarsa o zaman İddiaçı adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsinə və ona xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 5.024,04 manat məbləğində kompensasiya məbləğinin hesablanmasına etiraz edilmir. İPM-in 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. İş materiallarından görünür ki, İPM-in bu müddəasının tələblərini və Koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tövsiyələrini nəzərə alaraq, icraat iştirakçılarına hazırkı məhkəmə bildirişini aldıqdan sonra 2020-ci il 15 iyul tarixədək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə baxılmasının mümkünlüyünə dair mövqelərini (o cümlədən, elektron rabitə vasitələri ilə) məhkəməyə bildirmələri təklif olunmuşdur. Həmçinin, tərəflərə bildirilmişdir ki, yazılı qaydada razılıqlarını bildirdikdə və ya təyin olunmuş tarixədək bu məsələyə dair hər hansı münasibət bildirmədikdə, məhkəmə işə şifahi dinləmələr keçirilmədən baxılması üçün tərəflərin razılıqlarının olması kimi qəbul edəcəkdir. Lakin tərəflər yazılı qaydada razılıqlarını məhkəməyə bildirməmiş və təyin olunmuş tarixədək bu məsələyə dair hər hansı münasibət bildirməmişdirlər. Odur ki, məhkəmə Koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tövsiyələrini və “Azərbaycan Respublikasında koronavirus (COVİD- 19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Məlumatını nəzərə alaraq işə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarından görünür ki, İddiaçı ilə "xxxx" QSC arasında xx.xx.2015-ci il tarixli 040A********** saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin Müqaviləyə əsasən "xxxx" QSC 24 ay müddətinə aylıq 2.5 faiz dərəcəsi ilə 9.000 ABŞ dolları məbləğində krediti İddiaçı ayırmışdır. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir, lakin onun müraciətinə cavab verilməmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının 1-ci bəndində qeyd edilmişdir ki, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi. Həmin Fərmanın 2-ci bəndində qeyd edilmişdir “Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.” Məhkəmə iş materiallarını, cavabdehin iddiaya dair yazılı münasibətini nəzərə alaraq bildirir ki, iddiaçının "xxxx" QSC-dən kredit götürməsi işin mübahisələndirilməyən hallarına aiddir. Məhkəmə sadalanan qanunvericilik aktlarının müddəalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" QSC-dən 24 ay müddətinə aylıq 2.5 faiz dərəcəsi ilə 9.000 ABŞ dolları məbləğində kredit götürməsi iş materialları ilə öz təsdiqini tapdığından, həmçinin iddiaçının götürdüyü kreditin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri altına düşdüyündən hazırkı iddia əsaslıdır və təmin olunmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 040A********** saylı kredit müqaviləsi üzrə hesablanmış 5.024,04 manat məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 040A********** saylı kredit müqaviləsi üzrə hesablanmış 5.024,04 manat məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar