Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3723/2022 31.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kiyev Milli Ticarət-İqtisad Universitetinin Xarkov Ticarət-İqtisad Universiteti tərəfindən verilmiş 28 fevral 2021-ci il tarixli B21 004058 saylı bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən təsdiq edilmiş 28 fevral 2021-ci il tarixli B21 004058 saylı apostil edilmiş bakalavr diplomu verilmişdir. O, ali təhsil aldığı müddətdə müvafiq fənn proqramlarını mənimsəmiş, bütün imtahanlarda uğurla iştirak etmiş və təhsil aldığı müddətdə davamiyyəti yaxşı olmuşdur. Tədris olunan fənlərin hamısından məqbul qiymətlər almağını diploma əlavədən də görmək mümkündür. Ali təhsilini başa vurduqdan sonra diplomunun Azərbaycan Respublikası ərazisində tanınması üçün Təhsil Nazirliyinə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən 05 noyabr 2021-ci il tarixli, NA 00003026 saylı nömrəli məktubla diplomunun ölkə ərazisində tanınmasından imtina olunmuşdur. Həmin məktubda isə tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Halbuki o, keçirilən söhbət zamanı ixtasasına dair ona verilən sualları cavablandırmış və hesab edir ki, cavabdehin bilik səviyyəsinin qənaətbəxş olmadığı barədə mülahizəsi əsassızdır. Buna görə də Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən onun diplomunun tanınmasından imtina edilməsi qanunsuzdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, cavabdeh iddiaçının müraciətinə baxaraq tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. Cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə qərarlarında dəfələrlə (2-1(102)- 265/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli, 2-1(102)-251/2021 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərarlar) xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olmasını vurğulamışdır. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun olaraq tanınır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, iştirak etməməsinin üzrlü səbəbləri barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, Kiyev Milli Ticarət- İqtisad Universiteti tərəfindən verilmiş 28 fevral 2021-ci il tarixli B21 № 004058 qeydiyyat nömrəli diplomun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı “Maliyyə, bank işi və sığorta” ixtisası üzrə bakalavr dərəcəsi əldə etmişdir. Diplom Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən xx.xx.2021-ci ildə A-35405-21 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. İddiaçı hazırkı tələblə cavabdeh orqana elektron qaydada müraciət etmiş, elektron müraciətinə cavab olaraq onun nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert Qrupu tərəfindən aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması səbəbindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 3.7-ci bəndinə əsasən müraciətinin təmin olunmasından imtina edilmişdir. Hazırkı məhkəmə icraatının gedişində Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadına əsasən, cavabdeh tərəfindən iddiaçının müraciətinə yenidən baxılmış və aparılan ekspertiza zamanı iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün onun tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Məhkəmə işin sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; 29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27- 8.28-ci bəndlərinə görə nazirlik xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirir və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədlər verir. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Bu bənddə qeyd edilir ki, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları təsdiq edilmişdir. Həmin Qaydaların: 1.1-ci bəndinə əsasən, bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; 1.5-ci bəndinə əsasən, “xarici dövlətlərin ali təhsil sahəsində ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi bu ixtisasın alındığını təsdiq edən sənədlərin sahiblərini Azərbaycan Respublikasında isə qəbul zamanı bu respublikanın qanunvericiliyində müəyyən edilmiş ümumi tələbləri gözləməkdən azad etmir”; 1.6-cı bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir; 3.2-ci bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra); 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İş materiallarından görünür ki, Təhsil Nazirliyinin nəzdində yaradılmış ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi üzrə Komissiya AR Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş Qaydaları (Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları), Nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığının müəyyən edilməsini rəhbər tutaraq, iddiaçının ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən etmişdir. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris olunan dili bilməsi zəruri şərtdir. Xarici ölkədə tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. Hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-3723/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3723/2022
31.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver