Məhkəmə qərarları › İş №2-1(112)-3724/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3724/2023

23.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3724/2023 23.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Filialı tərəfindən pensiyasının yenidən hesablanaraq 363 manat pulun pensiyasına əlavə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1997-ci ilin yanvar ayından 2017-ci ilin iyun ayına qədər vergi orqanlarının müxtəlif vəzifələrində çalışmış, 2017-ci ilin iyun ayında xəstəliklə əlaqədar təqaüdə çıxmış, həmin dövrdə 2400 manat pensiya almışdır. Cari ayın iyul ayından əlillik müddəti başa çatdığı üçün, eyni zamanda 65 yaşı tamam olduğundan yaşla əlaqədar pensiya növünü seçmiş, yenidən pensiyası hesablanaraq 827 manat müəyyən edilmişdir. Sənədlərdən görünür ki, yenidən pensiya hesablanarkən kompensasiya və son haqq-hesab, hesablamaya az salınmışdır. Eyni zamanda kompensasiya və haqq-hesaba 255 manat az hesablanmış və Prezidentin sərəncamı ilə 01 yanvardan hesablanmalı olan 10 %, yəni 108 manat güzəşt nəzərə alınmamışdır. Beləliklə, ümumilikdə iddiaçıya 1191 manat əvəzinə 827 manat pensiya hesablanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə filialı tərəfindən iddiaçıya yenidən pensiya hesablanarkən pensiya təminatı haqqında Qanunun 1.01, 9 və 20 ci maddəsinin 20.1.7 və eləcədə "dövlət qulluğu haqqında " 23.4-cü maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, Əmək pensiyaları haqqında Qanunun 1.1-ci maddəsinə əsasən əmək pensiyası vətəndaşlaraəmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin kompensasiya məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyaları haqqında Qanunun qeyd edilən maddələrinə əsasən "Dövlət Qulluğu haqqında" Azərbaycan Respublikası qanuna uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-də "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyət orqanlarının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığından çıxması ilə bağlı dövlət qulluğunda olan şəxslər istisna olmaqla) göstərilmişdir. Bundan başqa “Dövlət qulluğu haqqında” Qanunun 23.4-cü maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləğinin fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. İddiaçı qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı əmək pensiyanın yenidən hesablanaraq göstərilən 363 manat pulun pensiyasına əlavə edilməsinə dair iddiası tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, iddiaçı 30 sentyabr 2022-ci il tarixdə ərizə ilə Mərkəzi Filiala müraciət edərək, pensiyasının düzgün hesablanmasını xahiş etmişdir. Həmin müraciətə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Aparılmış inzibati icraat tədbirləri nəticəsində iddiaçıya Fondun Nəsimi rayon şöbəsi tərəfindən 6 iyun 2017-ci il tarixindən vergi orqanlarının əməkdaşı kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Əlillik dərəcəsinin müddətinin 6 iyun 2022-ci il tarixində bitməsi ilə əlaqədar pensiya ödənişi 1 iyul 2022-ci il tarixindən dayandırılmışdır. Eyni zamanda iddiaçıya 1 iyul 2022-ci il tarixindən vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 525,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 157,50 manat, rütbəyə görə əlavəsi 36,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 86,88 manat, digər növ əlavəsi 508,63 manat olmaqla orta aylıq əmək haqqı 1314,01 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 19 il 4 ay 17 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1314,01 manat) 63 faizi, 827,83 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. İddia ərizəsində göstərilən Prezidentin Sərəncamına əsasən 10% maddi yardımın verilməsi ilə bağlı isə bildirilir ki, “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım 1 yanvar 2022-ci il tarixinədək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına ödənilir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı sonuncu dəfə xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının fəaliyyət göstərdiyi son 24 ayda, yəni 2015-ci ilin iyul ayından 2017-ci ilin iyun ayına qədər olan dövrün sosial sığortaya cəlb olunmaqla büdcədənkənar fond hesabına iddiaçıya ödənilmiş vəsaitlər nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçıya 2017-ci ildən əlilliyə görə əmək pensiyası təyin edilmiş, əlillik müddəti bitdikdən sonra yaşa görə, 2022-ci ilin iyul ayında 65 yaşından ona pensiya təyin edilmiş, lakin pensiyası hesablanarkən vaxtilə qanuni gəlirləri olaraq əmək haqqı kimi aldığı və məcburi dövlət sosial sığortasına cəlb olunmuş vergi orqanlarının büdcədənkənar fondu hesabına ödənilmiş gəlirlər nəzərə alınmamış, pensiya məbləği 827,83 manat məbləğində təyin olunmuşdur. İlk növbədə qeyd olunmalıdır ki, digər bəzi dövlət orqanlarında olduğu kimi, vergi orqanlarında da uzun illər dövlət büdcəsi hesabına rəsmi əmək haqqı az olmuş və bunun da məqsədi işçilərə büdcədənkənar fond hesabına əlavə olaraq əmək haqqı verilməsi olmuşdur. Artıq qeyd olunduğu kimi, həmin gəlirlərdən qanunla müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları tutulmuşdur və işçilərdə həmin gəlirlərin onların gələcəkdə pensiyaları hesablanarkən nəzərə alınmaması ilə bağlı hər hansı şübhə olmamışdır. Yəni vergi orqanlarının xüsusi rütbəli şəxslərində onların aldıqları bütün gəlirlərin gələcəkdə pensiya hesablanması zamanı dövlət tərəfindən nəzərə alınması ilə bağlı haqlı, qanuni və əsaslı gözləntiləri və beləliklə, dövlət orqanının fəaliyyətinə etimadları olmuşdur. Pensiya qanunvericiliyində nəzərdə tutulmuş əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sığorta stajı şəxsin məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə işlədiyi dövrləri ehtiva edir. Sonradan 30 noyabr 2018-ci il tarixində “Əmək pensiyaları haqqında” Qanuna və “Sosial sığorta haqqında” Qanuna dəyişikliklər edilərək, təminat xərcliyi (pul təminatı) anlayışına daxil olan məbləğdən büdcədənkənar vəsaitlər hesabına olan əlavələr çıxarılmış, müvafiq olaraq təminat xərcliyinə daxil edilməyən ödənişlərdən, yəni büdcədənkənar vəsaitlərdən məcburi dövlət sosial sığorta haqqının tutulmaması təsbit edilmişdir. Qeyd olunan dəyişikliklərə qədər büdcədənkənar fond hesabına ödənilmiş əmək haqqı rəsmi qanuni gəlir kimi vətəndaşların pensiyaları hesablanarkən nəzərə alınırdı. Dəyişikliklərdən sonra isə büdcədənkənar fond hesabına verilən əmək haqqıdan sığorta haqqı tutulmur və beləliklə də pensiya hesablanması zamanı nəzərə alınmır. Bunun da əsas səbəbi odur ki, müəyyən bir məbləğin pensiya hesablanması zamanı nəzərə alınması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş əsas şərt həmin məbləğdən məcburi dövlət sosial sığorta haqlarının tutulmasıdır. Eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli **********512800 nömrəli əmək haqqı barədə məlumatda orada qeyd olunmuş bütün gəlirlərdən, o cümlədən büdcədənkənar vəsait hesabına verilən ödənişlərdən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi öz əksini tapmışdır. Lakin qanunvericiliyə edilmiş dəyişikliklər vaxtilə büdcədənkənar vəsaitlər hesabına əmək haqqı almış və həmin məbləğdən məcburi dövlət sosial sığorta haqları ödəmiş şəxslərə şamil edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu dəfələrlə öz qərarlarında qeyd etmişdir ki, Qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi üçün müəyyən edilmiş zəruri şərtlərdən biri sığortaolunanın sığorta stajının olmasıdır. “Sosial sığorta haqqında” Qanunun 8-ci maddəsində də sığortaolunanın sığorta stajı sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti kimi müəyyən edilmişdir. Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təqdim edilmiş sənəddən görünür ki, son 24 ayda, yəni iyul 2015 - iyun 2017-ci il üzrə dövrdə büdcədənkənar fond hesabına mənə mükafatlar ödənilmişdir. Məktubdan göründüyü kimi, həmin gəlirlərdən məcburi dövlət sosial sığorta haqqı tutulmuş və aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fonduna ödənilmişdir. Lakin pensiya təyin edilərkən büdcədənkənar fond hesabına ödənilmiş bu məbləğlər nəzərə alınmamışdır. Odur ki, büdcədənkənar fond hesabına ödənilmiş və məcburi dövlət sosial sığortasına cəlb olunmuş vəsaitlər pensiya hesablanarkən nəzərə alınmalıdır. Göründüyü kimi, qanunvericilik sosial sığorta stajını əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məhz məcburi dövlət sosial sığorta haqlarını ödəmək şərtini müəyyən etmişdir. İddiaçı Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarına istinad edərək şəxsin məcburi dövlət sosial sığorta haqqı tutulmaqla aldığı gəlirlərin onların pensiyasının hesablanması zamanı mütləq şəkildə nəzərə alınmalı olduğunu bildirərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizəyə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının pensiyasının yenidən hesablanmasına dair müraciətinə baxılmış və etiraza uyğun məzmunda cavab verilərək imtina edilmişdir. -xx.xx.1973-cü il tarixdən doldurulmağa başlamış iddiaçının əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1998-ci ildən xx.xx.2017-ci il tarixədək vergi orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. Məhkəmənin sorğusu ilə cavabdeh tərəfindən iddiaçının pensiya işinin materiallarının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə əlavə edilmiş: -nəsimi RPİ tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -AR ƏƏSMN yanında DSMF-in Bakı şəhəri Nəsimi rayon şöbəsinin xx.xx.2017-ci il tarixli, 078 saylı qərarının surətindən görünür ki, İddiaçı İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. -AR ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********1 nömrəli qərarından görünür ki, İddiaçı onun ərizəsinə əsasən təyin olunmuş pensiya növü dəyişdirilərək 1 iyul 2022-ci il tarixindən 827,83 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiyanın yenidən hesablanması zamanı əsas götürülən dövlət məvacibi aşağıdakılardan ibarət olmuşdur: vəzifə maaşı 525,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 157,50 manat, mükafat və müavinətlərin cəminə görə əlavə 86,88 manat, rütbəyə görə əlavə 36,00 manat, son haqq-hesaba görə əlavə 508,63 manat. Dövlət məvacibinin cəmi 1314,01 manat təşkil etmişdir. -Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlilər Baş İdarəsinin cavabdehə ünvanladığı 27 iyul 2022-ci il tarixli əmək haqqı barədə məlumatdan görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2017-ci il tarixədək vergi orqanlarında müxtəlif vəzifələrdə işləmiş və işlədiyi dövrlərə aid edilən vəzifə maaşları ştat cədvəlinə əsasən şöbə rəhbəri vəzifəsi üzrə 580,0 manat, baş dövlət vergi müfəttişi vəzifəsi üzrə 540,0 manat, böyük dövlət vergi müfəttişi vəzifəsi üzrə 525,0 manat, dövlət vergi müfəttişi vəzifəsi üzrə 510,0 manat, ona verilmiş 1-ci dərəcəli müfəttiş xüsusi rütbəsinə görə əlavə 36,0 manat təşkil etmişdir. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 1 yanvar 2020-ci il tarixdən vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ay 1 ildən 5 ilədək - vəzifə maaşının 5 faizi məbləğində, 5 ildən 10 ilədək - vəzifə maaşının 10 faizi məbləğində, 10 ildən 15 ilədək vəzifə maaşının 20 faizi məbləğində, 15 ildən yuxarı- vəzifə maaşının 30 faizi məbləğində əlavə haqq ödənilir. Məktubda həmçinin bildirilmişdir ki, bütün hesablamalardan məcburi dövlət sosial sığorta haqqları tutulmuş və aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi təmin edilmişdir. -Cavabdeh DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 14 may 2023cü il tarixli sorğuya cavab məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində qulluq stajına görə əlavələr alan şəxslərin dairəsi müəyyən olunmuşdur. Həmin maddənin 20.30-cu bəndinə əsasən bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Qeyd olunan səbəbdən, vətəndaş İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərkən ona büdcədənkənar vəsait hesabına ödənilən mükafatlar nəzərə alınmamışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1998-ci il tarixdən 13 iyun 2017-ci il tarixədək vergi orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. Ona pensiya qurumu tərəfindən ilk dəfə xx.xx.2017-ci il tarixdə əlilliyə görə pensiya təyin edilmiş, 2022-ci ildə 65 yaşının tamam olması ilə əlaqədar özünün müraciətinə əsasən xx.xx.2022-ci il tarixli pensiyanın yenidən yenidən hesablanması barədə qərarla ona 827,23 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı pensiyası hesablanarkan vergi orqanlarında işlədiyi dövrdə büdcədənkənar vəsaitlər hesabına ona verilən ödənişlərin nəzərə alınmamasından narazıdır. Bu məqsədlə cavabdehə müraciəti təmin edilməmişdir. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. İddiaçının tələbi vergi orqanlarında fəaliyyət göstərdiyi son 24 ayda, yəni 2015-ci ilin iyul ayından 2017-ci ilin iyun ayına qədərki dövrdə sosial sığortaya cəlb edilmiş büdcədənkənar vəsaitlər hesabına ödənilmiş vəsaitlərin nəzərə alınması və yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsindən ibarətdir. Məhkəmə cavabdehin imtinasının qanunazidd olmadığını hesab edir və gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyasları haqqında” Azərbaycan Respublikası Qanunun: -1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.3. Hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir. -1.0.4. Xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. -1.0.5. Təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. -3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. -7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -20.11.2-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. -20.12-ci maddəsinə əsasən bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanuna 30 noyabr 2018-c il tarixli Qanunla əlavə edilmiş və 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 20.30-cu maddəyə əsasən bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Azərbaycan Respublikası Prezidentinin "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” xx.xx.2006-cı il tarixli 499 nömrəli Fərmanının 2.3-cü məndinə əsasən həmin Qanunun 1.0.3-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Prokurorluğu, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti nəzərdə tutulur. -2.4-cü bəndinə əsasən həmin Qanunun 1.0.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 94 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaların: -2-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun pensiya təyinatı tarixinədək sonuncu artımlar nəzərə alınmaqla, müvafiq vəzifədə aldığı vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. -3-cü bəndinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. -9-cu bəndinə əsasən dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) də nəzərə alınır. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ 2022-ci ilin iyul ayında yaranmışdır. Ona görə də iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının məbləği hesablanarkən həmin dövrdə qüvvədə olan pensiya qanunvericiliyi tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 2019-cu ilin yanvar ayından qüvvədə olan 20.30-cu maddəsinin tələbinə əsasən isə dövlət qulluğunda xidmət etmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin nəzərə alınması istisna edilir. Qanunvericilik göstərilən məsələni məcburi göstərişlə şərtləndirdiyindən iddiaçı tələbində haqlı sayıla bilməz. İddiaçı bildirir ki, büdcədənkənar vəsaitlər hesabına əlavələr “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinin qüvvəyə minməsindən əvvəl ona ödənilmiş və həmin ödənişlərdən də məcburi dövlət sosial sığorta ayırmaları tutulmuşdur. Məhkəmə iddiaçının bu dəlili ilə bağlı bildirir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci və 20.30-cu maddələri xx.xx.2019-cu il tarixdən əvvəl təyin olunmuş əmək pensiyalarında qulluq stajına görə əlavə hesablanarkən büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınan şəxslərə münasibətdə geriyə tətbiq edilmir. İddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası göstərilən tarixdən sonra təyin edilmişdir ki, bu hal da “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinin onun hüquqi sferasına birbaşa təsirini şərtləndirir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, analoji mübahisə üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarında oxşar mövqe sərgilənmişdir (bax: 2-1(102)-1966/2020 saylı qərar). Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə bu nəticəyə gəlir ki, cavabdehin hazırkı iddia tələbi üzrə imtinası qanunazidd olmamışdır. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsəsən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar