Məhkəmə qərarları › İş №2-1(112)-3725/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3725/2021

05.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3725/2021 05.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X1 ştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nnazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 1 oktyabr 2019-cu il tarixli **********190941 nömrəli qərarına əsasən İddiaçı MMC-də növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticələri 6 noyabr 2020-ci il tarixli **********92 nömrəli aktla rəsmiləşdirilmiş və həmin aktın əsasında 22 dekabr 2020-ci il tarixli **********40 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin Qərara əsasən iddiaçıya mənfəət vergisi üzrə 2017-ci ilə 33.185,82 manat, 2018-ci ilə 66.595,89 manat, cəmi 99.781,71 manat, əlavə dəyər vergisi üzrə 2017-ci ilə 314.766,68 manat, 2018-ci ilə 39.633,51 manat, 2019-cu ilə 285.088,08 manat, cəmi 639.488,27 manat, ödəmə mənbəyində tutulan vergi üzrə 2017 – 2018-ci ilə 336 manat, ümumilikdə 739.605,98 manat əlavə vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən (vergilərin azaldılmasına görə) 373.055,05 manat, həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən (vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə) 200 manat, ümumilikdə isə 373.255,05 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Sözügedən 22 dekabr 2020-ci il tarixli qərar tamamilə əsassız və qanunsuz hesab edilir. Belə ki, 6 noyabr 2020-ci il tarixli səyyar vergi yoxlaması aktından görünür ki, 1 oktyabr 2019-cu il tarixli qərarla MMC-də yanvar 2017 – avqust 2019 hesabat dövrünü əhatə edən növbəti səyyar vergi yoxlaması həyata keçirilmişdir. Yoxlama 16 oktyabr 2109-cu il tarixdə başlanmış və 21 oktyabr 2020-ci il tarixdə bitmişdir. Yoxlama 9 halda cəmi 274 gün dayandırılmış, 2 halda cəmi 60 gün müddətinə uzadılmış, 1 halda isə cəmi 30 gün müddətinə aktın tərtibi müddəti uzadılmışdır. 22 oktyabr 2019-cu il tarixli **********191965 nömrəli və 18.05.2020-ci il tarixli **********199922 nömrəli qərarlara əsasən yoxlama üzrə ekspertiza təyin edilmişdir. Yoxlama zamanı inventarizasiya aparılmamışdır. "xxxx" MMC tərəfindən 26 oktyabr 2020-ci il tarixli ekspert və mütəxəssis rəyləri verilmişdir. Yoxlama zamanı ekspert və mütəxəssis rəyləri əsasında MMC-nin 2017ci il üzrə ümumi gəliri 2.328.951,78 manat, 2018-ci il üzrə 2.018.537,53 manat müəyyən edilmiş və xərc sənədlərinin yoxlamaya təqdim edilməməsi əsas götürülərək, Vergi Məcəlləsinin 83.9-cu maddəsinə müvafiq olaraq AR Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 saylı qərar ilə şərti rentabellik norması tətbiqi əsasında iddiaçıya 2017-ci il üzrə 33.185,82 manat, 2018-ci il üzrə 66.595,89 manat, ümumilikdə isə 99.781,71 mənfəət vergisi hesablanmışdır. Aktın 13 – 14-cü səhifələrində qeyd olunanlara əsasən, mütəxəssis və ekspert rəyi əsasında qurumun 1 yanvar 2017 – 1 sentyabr 2019-cu il tarixlər arasında ƏDV-yə cəlb edilən dövriyyəsinin 6.827.052,16 manat (o cümlədən, 1.034.153,63 manat 0 dərəcə ilə, 6.085.566,39 manat istehsal dövriyyəsi, 197.968 manat “kərə yağı” satışı, 6.962,8 manat “nehrə yağı” satışı, 536.554,9 manat əskik gələn mallar) olduğu müəyyən edilmişdir. Həmin dövriyyə əsasında iddiaçıya 1.042.721,74 manat ƏDV hesablanmışdır: 536.554,9 manat x 18 % = 96.579,88 manat, 1.034.153,63 x 0 % = 0 manat, 5.256.343,63 x 18 % = 946.141,85 manat, 96.579,88 manat + 946.141,85 manat = 1.042.721,74 manat. Nəticədə, əvəzləşdirilən ƏDV-nin isə 559.670,79 manat olması əsas götürülərək, iddiaçıya tərəfindən ümumilikdə 483.050,9 manat ƏDV-nin azaldılması müəyyən edilmişdir. Səyyar vergi yoxlaması aktının 22-ci səhifəsində hesablanmış ƏDVnin məbləği 13 – 14-cü səhifələrdən fərqli olaraq 642.091,55 manat göstərilmişdir. İcarə haqqından ödəmə mənbəyində tutulan verginin 336 manat azaldılması miiəyyən edilmişdir. Səyyar vergi yoxlaması aktından göründüyü kimi, cavabdeh vergi orqanı İddiaçı MMC tərəfindən təqdim edilmiş sənədləri əsas götürmədən, yalnız mütəxəssis və ekspert rəyləri əsasında vergilərin hesablanmasını həyata içirmişdir. Qeyd olunmalıdır ki, cavabdeh orqan vergilərin hesablanması üçün vergi qanunvericiliyində nəzərdə tutulan metod və üsulları tətbiq etmədən, birbaşa ekspert və mütəxəssis rəyindən istifadə etmişdir ki, bu da qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnmişdir. Belə ki, vergi orqanı səyyar vergi yoxlaması zamanı yoxlamaya mütəxəssis və ekspert dəvət edir və vergiləri məhz həmin rəylər əsasında aparır. Bu zaman sual yaranır: əgər vergilər ekspert və mütəxəssis rəyləri əsasında hesabalanacaqsa, o zaman səyyar vergi yoxlaması hansı məqsədlə təyin edilmiş, həmin yoxlamanı həyata keçirən vəzifəli şəxslərin işi nədən ibarət olmuş və Vergi Məcəlləsində vergilərin hesablanması üçün nəzərdə tutulan digər metodlar hansı hallarda tətbiq edilir? Bundan başqa, cavabdeh vergi orqanı 2017 – 2018-ci illər üzrə mənfəət vergisini AR Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 saylı qərarı əsasında hesablamışdır ki, bu zaman vergi qanunvericiliyində nəzərdə tutulan ardıcıllığı pozmuşdur. Belə ki, Vergi Məcəlləsinin 67.1, 67.2, 67.4, 67.14, 83.9-cu maddələrinin və AR Nazirlər Kabinetinin 55 nömrəli 1 mart 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları»nın tələblərindən aydın olur ki, vergi orqanı vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi məqsədilə ödənilməli olan verginin məbləğini həmin Məcəllənin 67.1.1 – 67.1.9-cu maddələrində göstərilən əlaqəli məlumatlardan istifadə etməklə, bu mümkün olmadıqda analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında, bu da mümkün olmadıqda AR Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablayır. Göründüyü kimi, cavabdeh vergi orqanı vergi qanunvericiliyində nəzərdə tutulan ardıcıllığı gözləmədən, yəni əlaqəli məlumatları və analoji vergi ödəyicisi barədə uçot və hesabat məlumatlarını əldə etmədən ekspert və mütəxəssis rəyləri əsasında birbaşa AR Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaları tətbiq etmişdir. Bundan başqa, yoxlamada xərc sənədlərinin tam təqdim edilmədiyi əsas gətirilərək, mənfəət vergisi AR Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalar əsasında hesablanmışdır. Lakin səyyar vergi yoxlamasında hansı xərclərin öz təsdiqini tapmaması barədə hər hansı qeyd mövcud deyil. Bu isə onu göstərir ki, cavabdeh həmin Qaydaları əsassız şəkildə, yalnız öz subyektiv mülahizəsi əsasında tətbiq etmişdir. Səyyar vergi yoxlamasının 13 – 14-cü səhifələrində 18% dərəcə ilə ƏDV-yə cəlb edilən ümumi dövriyyənin 5.792.898,53 manat, həmin dövriyyədən hesablanan ƏDV-nin 1.042.721,74 manat, əvəzləşdirilən ƏDV-nin 559.670,79 manat, nəticədə azaldılan ƏDV-nin 483.050,9 manat olduğu qeyd edilsə də, aktın 14-cü səhifəsində cəmiyyətə hesablanan ƏDV-nin 642.091,55 manat, 22 dekabr 2020-ci il tarixli 2000**********40 nömrəli qərarda isə 639.488,27 manat olduğu qeyd edilmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıya yanvar 2017 – sentyabr 2019 hesabat dövrü üzrə hesablanmalı ƏDV məbləği barədə yekun və dəqiq nəticəyə gələ bilməmişdir ki, bu da yoxlamanın qeyri-obyektiv şəkildə həyata keçirildiyini və iddiaçının barəsində qəbul edilən inzibati aktın qanunsuz olduğunu göstərir. Yoxlama aktında qeyd edilənlərə əsasən cavabdeh yoxlama zamanı 536.554,9 manat idxal edilmiş, lakin satış sənədi olmayan mallar aşkar edərək həmin malları ƏDV-yə cəlb edərək 96.326 manat ƏDV hesablamışdır. İstər inzibati orqanın, istərsə də məhkəmə təcrübəsi göstərir ki, vergi orqanları bir sıra hallarda vergilərin hesablamasını sübutlar əsasında deyil, yalnız fərziyyə və ehtimallar əsasında aparır. Hazırkı işdə də, vergi orqanı istehsal prosesində istehsal edilmiş malları, yəni xammal qismində idxal edilmiş malları iddiaçı tərəfindən satılmış mallar kimi qəbul edərək ƏDV-yə cəlb etmişdir. Halbuki, cavabdeh vergi orqanında həmin malların satılmasına dair hər hansı sübut mövcud deyil. «İnzibati icraat haqqında» AR Qanununun 22.1, 24-cü maddələrinin tələblərindən aydın olur ki, inzibati orqan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa, hətta maraqlı şəxsin xeyrinə olan halları aydınlaşdırmağa borcludur və inzibati orqan fərziyyələr, ehtimallara deyil, faktlar, sübutlar əsasında hərəkət etməlidir. Lakin iş materiallarından görünür ki, cavabdeh iş üzrə obyektiv sübutlar toplamadan, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, yalnız ekspert və mütəxəssis rəyləri almaqla kifayətlənmiş və obyektivliyi şübhə həmin rəylər əsasmda iddiaçıya əsassız vergilər hesablamışdır. Yoxlama aktının 6-cı səhifəsindən aydın olur ki, cavabdeh 22 oktyabr 2019-cu il tarixli və 18 may 2020-ci il tarixli qərarlara əsasən yoxlamaya ekspert və mütəxəssis dəvət etmişdir. Lakin “naməlum” səbəblərdən ilkin 22 oktyabr 2019-cu il tarixli qərara əsasən dəvət edilmiş ekspert və mütəxəssisin rəyləri qəbul edilmədən, 18 may 2020-ci il tarixli qərara əsasən yoxlamaya təkrar ekspert və mütəxəssis dəvət edilmişdir. Vergi Məcəlləsinin 44.10-cu maddəsinə əsasən əlavə ekspertiza ekspertin rəyi kifayət qədər aydın və dolğun olmadığı hallarda təyin edilir və bu ekspertiza həmin və ya başqa ekspertə həvalə edilir. Təkrar ekspertiza ekspertin rəyi əsaslı olmadığı və onun düzgün olmasında şübhələrin olduğu hallarda təyin edilir və başqa ekspertə həvalə edilir. Əlavə və təkrar ekspertiza bu maddə ilə nəzərdə tutulmuş qaydada təyin edilir. Vergi yoxlamasında 22 oktyabr 2019-cu il tarixli qərara əsasən dəvət edilmiş ekspert və mütəxəssis rəyləri barədə hər hansı qeyd aparılmamış və hansı əsaslarla yoxlamaya təkrar ekspertiza dəvət edilməsi qeyrimüəyyən olaraq qalır. Əslində isə, təkrar ekspertizanın təyin edilməsi ilkin ekspert rəyinin iddiaçının xeyrinə olduğundan, vergi orqanını qane etməməsi olmuşdur. Göründüyü kimi, cavabdehin məqsədi MMC-də obyektiv səyyar vergi yoxlaması aparmaq yox, məhz bütün vasitələrlə ona əlavə vergilər hesablamaq olmuşdur ki, bu da səyyar vergi yoxlamasının və onun nəticəsinin obyektivliyini şübhə altına alır. Nəticəsiz qalan 22 oktyabr 2019-cu il tarixli ekspertizanın təyin edilməsi haqqında qərar əsas götürülərək MMC-də həyata keçirilən səyyar vergi yoxlaması əsassız şəkildə 13 yanvar 2020-ci il tarixdən 13 may 2020-ci il tarixədək 4 ay müddətinə müvəqqəti olaraq dayandırılmışdır. Vergi yoxlaması zamanı "xxxx" MMC tərəfindən 26 oktyabr 2020-ci il tarixli ekspert və mütəxəssis rəyləri verilmiş və həmin rəylərdə iddiaçı tərəfindən istehsal edilmiş malların həcmi və satış dəyəri müəyyən edilmişdir. Ekspertizanın aparılması üçün niyə məhz "xxxx" MMC-nin seçilməsi qeyri-müəyyən olaraq qalır. Belə ki, həmin şirkətin və onun rəy verən mütəxəssislərinin bu sahədə mütəxəssis və xüsusi biliyə malik olmalarına dair hər hansı sübut mövcud deyil, mütəxəssis rəyinə əlavə edilmiş müvafiq şəxsə verilmiş sertifikat isə, məhz qiymətləndirmə fəaliyyəti ilə bağlı verilmişdir. Halbuki, həmin şəxs istehsal həcminin müəyyən edilməsi ilə bağlı rəy vermişdir. Bundan başqa, sertifikatı vermiş təşkilatın özünün belə bu sahədə ixtisaslaşma, sertifikat vermə səviyyəsi qeyri-müəyyəndir. Ekspert və mütəxəssis rəyinin üzərində rəyi vermiş təşkilatın adı bir hissədə “MBA Colsulting Group”, bir hissədə "xxxx" MMC Konsalting və Qiymətləndirmə Şirkəti, bir hissədə isə "xxxx" MMC qeyd edilmişdir. Araşdırma nəticəsində müəyyən edilir ki, "xxxx" MMC ********** VÖEN ilə vergi orqanında dövlət qeydiyyatından keçmişdir, "xxxx" MMC isə ********** VÖEN ilə vergi orqanında dövlət qeydiyyatından keçmişdir. Qurumların rəhbərləri də ayrı-ayrı şəxslərdir. Göründüyü kimi, ekspert və mütəxəssis rəylərinin hansı təşkilat tərəfindən verilməsi və təşkilatların bu rəyləri vermək üçün xüsusi bilik səviyyəsinə malik olmaları qeyri-müəyyəndir ki, bu da həmin rəylərin obyektivliyini şübhə altına alır. Bundan başqa, mütəxəssis rəyində aşağıdakı digər nöqsanlar da aşkar edilmişdir: rəyin 4-cü səhifəsində araşdırma zamanı süd məhsullarının istehsalı üzrə normativ, metodiki və rəhbəredici sənədlərdən istifadə edildiyi qeyd edilsə də, həmin sənədlərin nədən olması barədə hər hansı qeyd mövcud deyil; rəyin "6. Aparılmış hesablamalar" başlıqlı hissəsində toplanmış məlumatlar əsasında 1 ton dondurma qarışığında istifadə olunan şəkər tozunun miqdarının müəyyən edildiyi qeyd edilsə də, məlumatların nədən ibarət olması və şəkər tozunun miqdarının necə, hansı metodla yən edilməsi qeyri-müəyyəndir; rəyin sonunda qeyd edilir ki, istehsalatda sərf olunmuş xammal material xərclərini müəyyən etmək mümkün olmamışdır. Lakin həmin mütəxəssis sonda cəmiyyətin istehsal həcmini müəyyən etmişdir. Bu zaman sual yaranır ki, istehsalatda sərf olunan xammalın həcmini müəyyən edə bilməyən mütəxəssis istehsal həcmini necə müəyyən etdi və gəldiyi nəticə nə qədər obyektivdir? Göründüyü kimi, səyyar vergi yoxlaması nəticəsində vergilərin hesablanması zamanı mənbə qismində istifadə edilmiş mütəxəssis və ekspert rəylərinin obyektivliyini və mötəbərliyini şübhə altına alan kifayət qədər əsaslar mövcud olduğu halda, cavabdeh vergi orqanı əsassız şəkildə həmin rəylərə istinad etmiş və cəmiyyətə qanunsuz əlavə vergi məbləğləri hesablamışdır. Səyyar vergi yoxlaması 9 halda ümumilikdə 274 gün dayandırıldığı, 2 halda ümumilikdə 60 gün müddətinə uzadıldığı, 1 halda isə 30 gün müddətinə aktın tərtibi müddətinin uzadıldığı halda, həmin müddətlərin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməsi barədə çıxarış təqdim edilməmişdir. Halbuki, belə hal «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması marılması qaydası haqqında Əsasnamə»nin müddəalarına ziddir. Yoxlamanın dayandırılması və müddətinin uzadılması barədə məlumatlar reyestrə daxil edilməli olduğu halda, bununla bağlı çıxarış iddiaçıya təqdim edilməmişdir. Göstərilənlərə və İPM-in 14.1, 32.1, 68.1-ci maddələrinə əsaslanaraq, cavabdehin 22 dekabr 2020-ci il tarixli 2000**********40 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İPM-in 47-ci maddəsinə müvafiq olaraq iddia ilə bağlı məhkəməyə ünvanlanmış 10 mart 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 1 oktyabr 2019-cu il tarixli qərarına əsasən 1 yanvar 2017-ci il tarixdən 1 sentyabr 2019-cu il tarixədək olan dövr üzrə "xxxx" MMC-də sahibkarlıq fəaliyyəti üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. “Vergi ödəyicsinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 22 dekabr 2020-ci il tarixli 2000**********40 saylı qərarla iddiaçıya 2017 – 2018-ci illərin mənfəət vergisi, əlavə dəyər vergisi və ödəmə mənbəyində tutulan vergi üzrə yayınmalar müəyyən edilmiş və əlavə hesablama aparılmış, AR Vergi Məcələsinin 58.1 və 57.1-ci madələri üzrə maliyyə sanksiyaları tətbiq edilmişdir. Yoxlama yoxlanılan dövrün sonunadək "xxxx" MMc-nin rəhbərinin iştirakı ilə aparılmışdır. Yoxlanılan dövr ərzində vergi ödəyicisi faktiki olaraq süd məhsulları və dondurma istehsalı fəaliyyəti ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması təqdim olunmuş qismən sənədlər kolkulyasiya sənədləri, debitor və kreditorları barədə məlumat, mal qalığı ilə bağlı təsdiq edən sənədlər, mütəxəssis və ekspert rəyi və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsasında aparılmışdır. Yoxlama zamanı 3 oktyabr 2019-cu il tarixli **********191044 saylı Tələbnamə çıxarılmışdır. Vergi ödəyicisi tərəfindən sənədlər tam təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 42.2-ci madddəsinə əsasən sənədlərin təqdim olunmasından imtina barədə 23 oktyabr 2019-cu il tarixdə akt tərtib edilmişdir. 23 oktyabr 2019-cu il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərara əsasən sənədlərin bir qisminin, yəni kolkulyasiya sənədləri, debitor və kreditorları barədə məlumat, mal qalığı ilə bağlı təsdiq edən sənədlərin götürülməsi həyata keçirilmişdir. Qeyd olunanlarla bağlı 23 oktyabr 2019-cu il tarixli **********192026 nömrəli sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında protokol və sənədlərin qismən təqdim olunması barədə akt tərtob olunmuşdur. Baş İdarənin 18 oktyabr 2019-cu il tarixli **********191769 nömrəli qərarı ilə 18 oktyabr 2019-cu il tarixdə vergi ödəyicisinin fəaliyyət göstərdiyi ünvan 2 ünvanında yerləşən süd məhsulları və dondurma istehsalı fəaliyyəti həyata keçirilən əraziyə, binalara, qurğulara baxış keçirilmiş və 18 oktyabr 2019-cü il tarixli protokol tərtib edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi 6 noyabr 2020-ci il tarixli 1900**********92 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. AR Vergi Məcəlləsinin 36.2, 23.1.14, 45-ci maddələrinə əsaslanaraq, eyni zamanda yoxlamaya ilkin sənədlər təqdim edilmədiyinə görə vergi ödəyicisinin ünvan 3 ünvanında yerləşən süd məhsulları və dondurma istehsalı fəaliyyəti həyata keçirilən obyektində istehsal olunmuş məhsulların aylar üzrə istehsal həcminin və istehsala sərf olunmuş xammal-materail xərclərinin müəyyən edilməsi məqsədi ilə 18 may 2020-ci il tarixli **********199921 nömrəli qərar çıxarılaraq yoxlamaya "xxxx" MMC-nin mütəxəssisi cəlb edilmişdir. Qərarda qoyulan suallar üzrə mütəxəssis tərəfindən 26 oktyabr 2020-ci il tarixli rəy təqdim edilmişdir. Mütəxəssis gəldiyi nəticəyə görə yoxlanılan dövrdə süd məhsullarından ayran 520 kq, kəsmik 8.123.5 kq, pendir 14.550.9 kq, qatıq 21.970.3 kq, qaymaq 4,471 kq, sırok 33.3 kq, şor 155 kq, xama 26,8 kq və dondurma istehsalı 1.110.9 kq olduğu aşkar edilmişdir. Mütəxəssis qarşısında qoyulmuş istehsala sərf olunmuş xammal material xərclərinin müəyyən edilməsi sualını cavablandırmaq mütəxəssis tərəfindən mümkün olmamışdır. Buna səbəb müəssisənin istehsal olunmuş dondurma və süd məhsullarının çeşidləri üzrə reseptura və kalkulyasiyaların tam şəkildə təqdim olunmaması bildirilmişdir. AR Vergi Məcəlləsinin 36.2, 14.6.3, 44-cü maddələrinə əsaslanaraq, eyni zamanda yoxlamaya ilkin sənədlər təqdim edilmədiyinə görə vergi ödəyicisinin yoxlanılan istehsal etdiyi dondurma və digər süd məhsullarının (o cümlədən pendir, şor, kəsmik və s.) real bazar qiymətlərinin müəyyən edilməsi məqsədilə Baş İdarə tərəfindən 18 may 2020-ci il tarixli **********199922 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” qərar çıxarılmış, yoxlamaya "xxxx" MMC-nin eksperti cəlb edilmişdir. Keçirilmiş ekspertiza nəticələrinə görə yoxlamaya 26 oktyabr 2020-ci il tarixli ekspert rəyi təqdim edilmişdir. Rəyə əsasən yoxlanılan dövrdə istehsal edilmiş bütün göstərilənlər nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində ünvan 3 ünvanında yerləşən "xxxx" MMC tərəfindən istehsal olunmuş dondurma və digər süd məhsullarının real bazar qiymətlərinin müəyyən edilməsi işi üzrə göstəricilər dondurma üzrə 4,825.394,39 manat (ƏDV-siz), digər süd məhsulları üzrə 1.260.171,72 manat (ƏDV-siz) təşkil etmişdir. Vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövr üzrə bəyannamələrinin düzgünlüyü yoxlanılmış və aşağıdakılar müəyyən edilmişdir: Məssisənin 2 aprel 2015-ci il tarixli **********7 nömrəli ƏDV ödəyicisinin qeydiyyat bildirişi 2 aprel 2015-ci il tarixdən qüvvəyə minmişdir. Yoxlanılan dövr üzrə müəssisə tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində vergiyə cəlb edilən əməliyyatlar üzrə ümumi dövriyyə 3.238.910,86 manat, (o cümlədən, 1.034.153.63 manat 0% - dövriyyə) ondan hesablanmış ƏDV 396.856,30 manat, əvəzləşdirlən 555.896,91 manat, büdcəyə ödənilməli ƏDV (-159.040,61) manat göstərilmişdir. Yoxlama ilə yoxlanılan dövr üzrə ƏDV aşağıdakı kimi hesablanmışdır: Yoxlama gedişində müəssisə tərəfindən yoxlamaya məhsulların ishehsalı və satışı ilə bağlı sənədlərin təqdim edilmədiyi müəyyən edilmişdir. Belə ki, yoxlamaya müəssisənin yoxlanılan dövrdə real istehsal həcmini müəyyən edilməsi məqsədi ilə cəlb edilmiş mütəxəssis tərəfindən müəyyən edilmiş istehsal həcminin müəssisənin ilkin sənədlərində əks etdirilmiş istehsal olunmuş və təqdim edilmiş məhsul həcmindən iki dəfədən artıq olduğu müəyyən edilmişdir. Bu səbəbdən yoxlama ilə vergilərin, o cümlədən ƏDV-nin hesablanması məqsədi ilə vergi tutulan əməliyyatlarının dəyəri müəssisə təqdim etdiyi satış sənədlərində əks etdirilmiş göstəricilərinin nəzərə alınmaqla yoxlamaya cəlb edilmiş mütəxəssis tərəfindən hazırlanmış rəyin məlumatlarına əsasən hesablanmışdır. Yoxlama zamanı 1 yanvar 2017 – 1 sentyabr 2019-cu il dövr üzrə ƏDV-yə cəlb edilən ümumi dövriyyənin 6.827.052,16 manat (ƏDV-siz) (o cümlədən 1.034.153.63 manat "0" - dərəcə ilə) müəyyən edilmişdir. Həmin dövriyyədə mütəxəssis və ekspert tərəfindən verilən yoxlanılan dövrdə 6.085.566,39 manat istehsal dövriyyəsi, 197.968 manat kərə yağı satışı, 6.962,8 manat nehrə yağı satışı və 536.554.9 manat müəssisə tərəfindən idxal edilmiş yəni alış sənədləri olan, lakin satış sənədləri müəyyən edilməyən malların dəyəri təşkil etmişdir. Yoxlama ilə həmin məbləğdən 5.792.898,53 manata 18% dərəcə ilə 1.042.721,74 manat ƏDV hesablanmışdır (o cümlədən, Vergi Məcəlləsinin 67.15 və 159.1-ci maddəsinə əsasən 536.554,9 manat müəssisə tərəfindən idxal edilmiş, yəni alış sənədləri olan, lakin satış sənədləri müəyyən edilməyən malların dəyəri üzrə 96.326 manat ƏDV hesablanmışdır). Yoxlama ilə əvəzləşdirilən ƏDV – 559.670,79 manat məbləğində müəyyən edilmiş və nəticədə büdcəyə ödənilməli ƏDV 483.050,9 manat məbləğində hesablanmışdır. Göründüyü kimi, yoxlama ilə müəssisə tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində (kameral hesablamalar nəzərə alınmaqla) ümumilikdə büdcəyə ödənilməli ƏDV-nin 642.091,55 manat azaldılması müəyyən edilmişdir. "xxxx" MMC-nin ekspert rəyinin “Aparılmış Hesablamalar” hissəsinin 7.2-ci bəndində göstərilmiş “Süd məhsulları çeşidləri” cədvəlinin 2019-cu il üzrə aparılmış hesablamalarında ekspert tərəfindən mexaniki səhvə yol verilmiş, müəssisənin hesablanmalı 672.174,92 manat satış dövriyyəsi olduğu halda 686.637,59 manat göstərilmişdir. Göndərilən 16 dekabr 2020-ci il tarixli **********940800 saylı məktubda texniki səhvin aradan qaldırıldığı bildirilmişdir. Nəticədə 2019-cu il üzrə yoxlama ilə əlavə hesablanmış əlavə dəyər vergisindən (yaranmış 14.462,67 manat ƏDV-siz dövriyyə fərqindən) 2.603.28 manat ƏDV “Vergi ödəyicisinin vergi qanunvericiliyini pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar çıxarılarkən azaldılmışdır. Müəssisə tərəfindən 2017-ci il üzrə mənfəət vergisinin bəyannaməsi təqdim edilmişdir. Müəssisə mənfəət vergisi üzrə gəlir və xərclərini hesablama metodu uçotu ilə aparmışdır. Müəssisə tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisinin bəyanaməsində müəssisənin ümumi gəlirləri 629.122,47 manat, gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərclər 579.546,96 manat vergiyə cəlb olunan mənfəət 49.575.51 manat göstərilməklə mənfəət vergisi 9.915,10 manat göstərilmişdir. Lakin yoxlama müəssisə tərəfindən gəlirlə bağlı xərclərin uçotunun düzgün aparılmadığı və yoxlamaya gəlirin əldə edilməsi ilə bağlı xərc sənədlərin tam təqdim edilmədiyi müəyyən edilmişdir. Müəssisə 2017-ci il mənfəət vergisi üzrə gəlir və xərclərini hesablama metodu uçotu ilə aparmışdır. Yoxlama zamanı 1 yanvar 2017-ci il tarixdən 1 sentyabr 2019-cu il tarixədək olan dövrdə müəssisə tərəfindən dondurma, pendir, kəsmik, şor və s. məhsulların real həcmini və real bazar qiymətlərini müəyyənləşdirilməsi məqsədi ilə yoxlamaya mütəxəssis və ekspert cəlb edilmiş, mütəxəssis və ekspert rəyləri alınmışdır. Müəssisə tərəfindən yoxlamaya gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri təqdim edilmədiyindən, yoxlama ilə 2017-ci il və 2018-ci il üzrə gəlirin (mənfəətin) birbaşa müəyyən edilməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq mənfəət vergisi AR Vergi Məcəlləsinin 67.14-cü maddəsində nəzərdə tutulmuş qaydada hesablanmışdır. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllərilri 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olmadıqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9cu maddəsinə əsasən hesablanır. Müəssisənin 2017-ci il üzrə əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından, AR Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən AR Nazirlər Kabinetinin 1 mart 2001-cı il tarixli 55 saylı qərarı ilə şərti rentabellik səviyyəsi 20% götürülərək dəvət edilmiş mütəxəssis və ekspert rəyi əsasında 2017-ci il üzrə müəssisənin əldə etdiyi gəliri 2.328.951,78 manat müəyyən edilərək (ƏDV nəzərə alınmadan) mənfəəti hesablanmışdır. 2017-ci il üzrə hesablanmış 388.158,63 manat mənfəətdən keçmiş illərin 2015-ci il üzrə 82.921,61 manat, 2016-cı il üzrə 89.732,4 manat, cəmi 172.654,01 manat çıxılmalı zərəri nəzərə alınmaqla 20% dərəcə ilə 43.100,92 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə müəssisə tərəfindən 2017-ci il üzrə mənfəət vergisinin bəyannaməsində göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 33.185,82 manat azaldılması müəyyən edilmişdir. AR Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 33.185,82 manat azaldılmasına görə 50% miqdarında, yəni 16.592,91 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Müəssisə tərəfindən 2018-ci il üzrə təqdim edilmiş mənfəət vergisinin bəyanaməsində müəssisənin ümumi gəlirləri 1.200.540.56 manat, gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərclər 1.197.097,05 manat, vergiyə cəlb olunan mənfəət 3.443.51 manat göstərilməklə mənfəət vergisi 688.70 manat göstərilmişdir. 2017-ci il mənfəət vergisinin hesablanmasında qeyd edildiyi kimi, müəssisənin 2018-ci il üzrə də əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından, AR Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən və AR Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 saylı qərarı ilə şərti rentabellik səviyyəsi 20% götürülərək dəvət edilmiş mütəxəssis və ekspert rəyi əsasında 2018-ci il üzrə müəssisənin əldə etdiyi gəliri 2.018.537,53 manat müəyyən edilərək (ƏDV nəzərə alınmadan) mənfəəti 336.422,93 manat müəyyən edilmişdir. 2018-ci il üzrə hesablanmış 336.422.93 manat mənfəətdən 20% dərəcə ilə 67.284,59 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə müəssisə tərəfindən 2018-ci il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 66.595,89 manat azaldılması müəyyən edilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə icarəyə götürülmüş təsərrüfat subyektinə (obyektinə) görə icarə müqaviləsi bağlanmasına baxmayaraq, hesabat dövrlərinə “ödəmə mənbəyində tutulan vergi” bəyannaməsi təqdim edilməmiş, ödəmə mənbəyində tutulan verginin hesablanmasında 336 manat kənarlaşma aşkar edilmişdir. Beləliklə, Vergi Məcəlləsinin 57-ci maddəsinə əsasən hesabatın və digər məlumatların təqdim edilməsi ilə bağlı hüquqpozmalara görə vergi hesabatını müəyyən edilən müddətdə təqdim etmədiyindən, 320 manat, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 642.091,55 manat azaldılmasına görə 332.319,12 manat, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulan verginin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 336 manat azaldılmasına görə 168 manat, həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən ümumilikdə 99781.71 manat azaldılmasına görə 50% miqdarında, yəni 49.890.86 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddia ərizəsində yoxlamanın dayandırılması, uzadılması, səyyar vergi yoxlamasına baxılması ilə bağlı müddətlərin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeyd edilmədiyi bildirilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, səyyar vergi yoxlaması aktının birinci səhifəsində yoxlama dövründə olan bütün dayandırma və uzadılmalar reyestrdə qeydə alınmışdır. Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı bildirə bilər. Qeyd olunan müddət yoxlama müddətinin uzadılması hesab edilmir, həmçinin Azərbaycan Respublikası Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında» Əsasnamənin 3-cü hissəsində qeyd olunan məlumatlar siyahısında öz əksini tapmamışdır. Göstərilənlərə və İPM-in 12-ci maddəsinə əsaslanaraq, "xxxx" MMC-nin iddiasının təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmənin iş üzrə 1 iyul 2021-ci il qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi AR Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinə həvalə edilmişdir: - İddiaçı MMC-nin 2017-ci ilin yanvar ayından 2019-cu ilin avqust ayınadək istehsal həcminin xammal və materiallara dair müvafiq sənədlər əsasında müəyyən edilməsi; - İddiaçı MMC-nin 2017-ci ilin yanvar ayından 2019-cu ilin avqust ayınadək həmin istehsal həcmi mal qalığı nəzərə alınmaqla satış dövriyyəsinin müəyyən edilməsi; - İddiaçı MMC-nin 2017-ci ilin yanvar ayından 2019-cu ilin avqust ayınadək satış dövriyyəsi üzrə ƏDV və mənfəət vergisinin məbləğlərinin müəyyən edilməsi; - İddiaçı MMC-nin 2017-ci ilin yanvar ayından 2019-cu ilin avqust ayınadək iddiaçının xammal və materiallara dair müvafiq sənədləri ilə istehsal həcminin müəyyən edilməsi mümkün olmadıqda, həmin sənədlərlə vergi orqanı tərəfindən keçirilmiş səyyar vergi yoxlaması ilə müəyyənləşdirilmiş istehsal həcminin uyğunluğunun müəyyən edilməsi; - İddiaçı MMC-nin müvafiq dövrlər üzrə bəyannamələrinin vergi ödəyicisi kimi mühasibat sənədləri ilə uyğunluğunun müəyyən edilməsi. AR Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 17 sentyabr 2021-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş Mərkəzinin ekspertinin həmin tarixli 9/5469 nömrəli rəyində aşağıdakılar bildirilir: - (rəyin tədqiqat hissəsi) . . . Göstərilənlərə əsasən qeyd edilir ki, İddiaçı MMC üzrə faktiki istehsal edilmiş məhsulların faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən məhsulların istehsal həcminin hesablanması məhsulu maya dəyərinin kalkulyasiyasının tərtib olunma prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. - (rəyin nəticə hissəsi) Rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarına əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq hesablanmış 642.091,55 manat məbləğində ƏDV-nin və 99.781,71 manat məbləğində mənfəət vergisinin düzgünlüyü müəyyən olunmur. Həmçinin qeyd olunur ki, İddiaçı MMC-nin yoxlamanın əhatə etdiyi dövrlər üzrə bəyannamələri ilə təqdim edilmiş sənədlər arasında fərq müəyyən olunmur. Eyni zamanda qeyd edilir ki, 6 noyabr 2020-ci il tarixli 1900**********92 saylı səyyar vergi yoxlamasının əhatə etdiyi dövrlər üzrə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə 336 manat məbləğində ödəmə mənbəyində tutulan verginin və 0,01 manat məbləğində muzdlu işdən ödəmə mənbəyində tutulan verginin dövlət büdcəsinə az hesablanması müəyyən olunur. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ekspert rəyi ilə məhkəməyə təqdim olunmuş yazılı mülahizəsində aşağıdakılar bildirilir: - Məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və həmin ekspertizanın nəticəıləri üzrə 17 sentyabr 2021-ci il tarixli 9/5469 saylı ekspert rəyi verilmişdir. Rəyin nəticə hissəsində vergi orqanı tərəfindən ƏDV üzrə əlavə hesablanmış 642.091,55 manat, mənfəət vergisi üzrə əlavə hesablanmış 99.781,71 manat məbləğin düzgünlüyünün müəyyən olunmadığı bildirilmişdir. Həmçinin İddiaçı MMC- nin yoxlamanın əhatə etdiyi dövrlər üzrə bəyannamələri ilə təqdim edilmiş sənədlər əsasında fərq müəyyən edilmədiyi bildirilmişdir. Baş İdarə hesab edir ki, Məhkəmə ekspertiza mərkəzi tərəfindən verilmiş ekspert rəyi əsassız olduğundan, məhkəmə tərəfindən iş üzrə mötəbər sübut kimi qəbul edilməməlidir. Ekspert rəydə qarşısına qoyulan sualların cavabandıra bimədiyini bildirmiş, sadəcə iddiaçı tərəfindən təqdim edilmiş bəyannamələrin vergi ödəyicisi kimi mühasibat sənədləri ilə uyğunluğunun müəyyən edilməsi sualını cavablandıra bilmişdir. Qeyd olunan sualın cavablandırılması isə, mübahisəni mahiyyəti üzrə həll etməyə imkan vermir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamələrdə təqdim edilmiş məlumatlar vergi orqanı tərəfindən səyyar və ya kameral qaydada yoxlanılmalı məlumatlardır. Məhz həmin məlumatların əsas götürülərək hesablamanın əsassız hesab edilməsi vergi nəzarəti üzrə Vergi Məcəlləsinin tələblərinə ziddir. Ekspert rəyində qeyd olunmuşdur ki, səyyar vergi yoxlaması gedişində iddiaçıda inventarizasiya keçirilməmişdir. Səyyar vergi yoxlamasının keçirilməsi qaydası Vergi Məcəlləsi ilə tənzimlənir. Həmçinin vergi ödəyicisində inventarizasiyanın aparılmasının qanunvericilikdə əsasları müəyyən edilmişdir. Hesab olunur ki, ekspert tərəfindən hər hansı hesablamanın aparılmaması, səyyar vergi yoxlamasının qanunvericiliyə uyğun aparılıb-aparılmamasına dair rəy verilməsi həmin ekspert rəyinin iş üzrə sübut kimi qəbul edilməməsinə əsasdır. «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun 3cü maddəsinə əsasən məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. Qeyd edilən Qanunun 13-cü maddəsinin 3-cü cümləsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin əsas vəzifəsidir. Ədliyyə Nazirliyinin Kollegiyasının 31 oktyabr 2014-cü il tarixli 12-N nömrəli qərarı ilə rəsdiq edilmiş «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında» Təlimatın 3.5.4-cü bəndinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və xüsusi biliyinə uyğun olaraq qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir. AR Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların muvcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmçinin, İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Yekun olaraq hesab edilir ki, iş üzrə ümumiyyətlə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə əsas olmasa da, belə bir əsas olduğu qənaətinə gəlinmişdirsə, hazırki ekspert rəyi mötəbər sübut hesab edilməməli və işin həlli üçün məhkəmə tərəfindən ekspert rəyinin müstəsna əhəmiyyət təşkil etdiyi nəticəsinə gəlindiyi təqdirdə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Qeyd olunanları nəzərə alaraq, 17 sentyabr 2021-ci il tarixli 9/5469 saylı ekspert rəyi iş üzrə mötəbər sübut kimi qəbul edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə (etirazda) göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, AR Vergi Məcəlləsinin 36.1-ci maddəsinə görə vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, vergi orqanı tərəfindən iddiaçının 1 yanvar 2017-ci il tarixdən 1 sentyabr 2019-cu il tarixədək olan dövr üzrə fəaliyyəti ilə bağlı səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama 16 oktyabr 2019-cu il tarixdən başlanmış və 21 oktyabr 2020-ci il tarixdə başa çatdırılmış və 6 noyabr 2020-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Akt əsasında cavabdeh tərəfindən 2000**********40 nömrəli 22 dekabr 2020-ci il tarixli qərar qəbul edilərək iddiaçıya 2017-ci il üzrə 33.185,82 manat mənfəət vergisi, 314.766,68 manat ƏDV, 168 manat ödəmə mənbəyində tutulan vergi, 2018-ci il üzrə 66.595,89 manat mənfəət vergisi, 39.633,51 manat ƏDV, 168 manat ödəmə mənbəyində tutulan vergi, 2019-cu il üzrə 285.088,08 manat ƏDV, 0,01 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, ümumilikdə 739.605,99 manat vergi məbləği hesablanmış, qeyd olunan vergi məbləğlərinə Vergi Məcəlləsinin 58.1-ci maddəsi üzrə, eləcə də 5 hesabat dövrü üzrə vergi hesabatlarının vaxtında təqdim edilməməsinə görə həmin Məcəllənin 57.1-ci maddəsi üzrə müvafiq maliyyə sanksiyaları tətbiq edilmişdir. İddiaçı hazırda cavabdehin 22 dekabr 2020-ci il tarixli həmin qərarını mübahisələndirir. Cavabdeh 22 dekabr 2020-ci il tarixli qərarın qəbulunu belə əsaslandırır: 1) yoxlama zamanı iddiaçı ilkin sənədlərləri təqdim etmədiyindən, vergi orqanı tərəfindən cəlb edilmiş mütəxəssisdən və ekspertdən alınmış rəylər əsasında iddiaçının istehsal həcmi və istehsala sərf olunmuş xammal-material xərcləri (o cümlədən bazar qiyməti) müəyyən edilərək, bunun məcmusunda müəssisənin yoxlanılan dövr üzrə dövriyyəsi və ona münasibətdə əlavə vergi məbləğləri hesablanmışdır; 2) yoxlama zamanı 2017 – 2018ci illər üzrə icarə haqqından ödəmə mənbəyində tutulan verginin ödənilmədiyi müəyyən edilmişdir; 4) hesablanmış həmin vergi məbləğlərinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 373.055,05 manat manat maliyyə sanksiyası, eləcə də Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən müvafiq hesabatların (5 dövr üzrə hesabat) vaxtında təqdim edilməməsinə görə 200 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçının dəlilləri: 1) vergi orqanı tərəfindən iddiaçının yoxlanılan dövr üzrə istehsal həcmi və bunun əsasında müəyyən edilmiş dövriyyəsi reallığı əks etdirmir; 2) iddiaçı tərəfindən müvafiq sənədlər təqdim edilsə də, vergi orqanı yoxlamaya cəlb edilmiş mütəxəssis və ekspert rəylərinə istinad edərək dövriyyə və vergi məbləğləri hesablamışdır; 3) vergi orqanı yoxlamanın gedişində zərurət olmadığı halda ikinci dəfə ekspertiza təyin etmişdir. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Xətai rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə vurğulayır ki, iddiaçı hazırda cavabdehin 2000**********40 nömrəli 22 dekabr 2020-ci il tarixli qərarını mübahisələndirmək üzrə subyektiv hüququ olduğundan (qərar vergi ödəyicisi kimi iddiaçı üçün hüquqi nəticə yaradır), bununla bağlı müddəti buraxılmadığından, qərar cavabdeh tərəfindən qəbul edildiyindən, habelə iddianın mümkünlüyünü istisna edən hər hansı hal mövcud olmadığından məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.2-cü maddəsinin (birinci cümləsi) tələblərinə uyğun olaraq cavabdehin olduğu yer (Bakı şəhərinin Xətai rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. «İnzibati icraat haqqında» AR Qanununun 48.1-ci maddəsinə görə inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. AR Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi, yeni qərarın qəbul edilməsi. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən bu Məcəllənin 57.1-1-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla, vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 104.1-ci maddəsinə rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə vergini özü ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1 və 85.4-cü maddələrinə dəyişiklik edilmiş və həmin Qanun 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmişdir. Sözügedən maddələr həmin dəyişiklikdən əvvəl və sonra aşağıdakı redaksiyalarda verilmişdir: - (56.1-ci maddə əvvəlki redaksiyada) Vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz; - (56.1-ci maddə hazırkı redaksiyada) AR Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, AR Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə AR Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir; - (85.4-cü maddə əvvəlki redaksiyada) Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər; - (85.4-cü maddə hazırkı redaksiyada) Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Məhkəmə iş üzrə tərəflərin, o cümlədən iddianın növünə (mübahisələndirmə haqqında) görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlillərinə qanunvericiliyin sadalanan müddəalarının tələbləri baxımından qiymət verərək, mübahisələndirilən əlverişsiz inzibati aktın – 22 dekabr 2020-ci il tarixli 2000**********50 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın qəbulu üzrə inzibati icraatda aşağıdakı pozuntulara yol verildiyini müəyyən edir: - Cavabdeh inzibati orqanın iddiaçının faəliyyəti üzrə səyyar vergi yoxlaması qanunla müəyyən edilmiş müddət kriteriyalarına formal riayət edilməklə aparılmışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsi səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilmədiyini və müstəsna hallarda əsaslandırılmış qərarla həmin müddətin 90 günədək artırılmasının mümkünlüyünü nəzərdə tutur. Lakin hazırkı işin hallarından görünür ki, səyyar vergi yoxlaması 12 ay davam etmiş və bu müddət ərzində 2 dəfə “müddətin uzadılması barədə” və 9 dəfə “yoxlamanın dayandırılması barədə” qərarlar qəbul olunsa da, sözügedən qərarların qəbulunun zəruriliyi həmin qərarlarda, eləcə də yoxlama aktında və akt əsasında qəbul edilmiş 22 dekabr 2020-ci il tarixli qərarda heç bir tutarlı xüsusatla əsaslandırılmamışdır. Bu qənaət ondan irəli gəlir ki, Eləcə də vergi orqanının 22 oktyabr 2019-cu il tarixli qərarlarla təyin etdiyi ilkin ekspertiza və mütəxəssis rəyinin verilməsi “Azərekspertiza” Birliyinə həvalə olunsa da, adıçəkilən qurumun rəyləri nə yoxlama aktında və yoxlamanın nəticəsi üzrə qərarda əks olunmuş, nə də məhkəmə icraatında təqdim olunmuşdur. Hansı ki, yoxlamanın müddəti bir neçə halda həmin qərarlara istinadən dayandırılmışdır. Bundan başqa, ilkin ekspertiza təyin edildikdən sonra, hansı səbəbdən digər qurum kimi "xxxx" MMC-dən yenidən ekspert rəyinin alınması zərurəti əsaslandırılmamışdır; - Cavabdeh (vergi orqanı) tərəfndən səyyar vergi yoxlaması zamanı mütəxəssis və ekspert rəyləri də nəzərə alınaraq iddiaçıya ƏDV və mənfəət vergisi hesablanmışdır. Mütəxəssis rəyi ilə ona sərf olunmuş xammal əsas götürülərək istehsal həcmi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, həmin istehsal həcminin müəyyənləşdirilməsi üzrə “obyektiv rəyin bildirilməsinin mümkünsüzlüyü” cavabdehin istinad etdiyi "xxxx" MMC-nin 26 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyinin özündə də göstərilmişdir. Bundan başqa, iş üzrə məhkəmə icraatında AR Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzindən alınmış 17 sentyabr 2021-ci il tarixli ekspertiza rəyində də vurğulanmışdır ki, İddiaçı MMC üzrə faktiki istehsal edilmiş məhsulların faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən məhsulların istehsal həcminin hesablanması məhsulu maya dəyərinin kalkulyasiyasının tərtib olunma prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması AR Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Məhkəmə icraatında yoxlama zamanı bu ehtimalların dəqiqləşdirilmədiyi, real dövriyyənin müəyyən edilməsi istiqamətində əlavə sübutlar toplanmadığı və əlavə vergi məbləğinin böyük qisminin həmin ehtimal olunan dövriyyə əsasında hesablandığı müəyyən edilir. Halbuki, AR Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur; - Məhkəmə icraatında alınmış 17 sentyabr 2021-ci il tarixli 9/5469 saylı ekspetiza rəyi ilə razılaşmamaq üzrə hər hansı əsas müəyyən edilmir, rəy qoyulan məsələlər üzrə tam əhatəli və əsaslandırılmış qiymətləndirilir. Həmin rəydə cavabdeh tərəfndən iddiaçıya 2017 – 2018-ci il üzrə 336 manat icarə haqqından ödəmə mənbəyində tutulan verginin və 0,01 manat ödəmə mənbəyində tutulan verginin əsaslı olaraq hesablandığı əks olunmuşdur. Sözügedən vergi məbləğlərinin ödənilməli olmaması və ya müvafiq bəyanmələrinin təqdim edilməsi ilə bağlı iddiaçı tərəf məhkəmə icraatında heş bir sübut təqdim etməmişdir; - Xüsusilə vurğulanmalıdır ki, vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi kimi hazırkı iddiaçının sahibkarlıq fəaliyyətində vergilərin bir hissəsi, yəni 2017-ci ilin aprel, iyun, iyul və oktyabr ayları üzrə (yanvar, fevral, mart, may, avqust, sentyabr və noyabr ayları üzrə hesablama aparılmamışdır) ƏDV məbləğləri AR Vergi Məcəlləsinin 85.4-cü maddəsində müəyyən edilmiş 3 illik müddət kriteriyasına riayət olunmadan hesablanmışdır. Yoxlama zamanı vergilər hesablanarkən müvafiq hesabat dövrlərinin qurtarması vaxtından 3 illik müddətə münasibətdə AR Vergi Məcəlləsinin 56.1 və 85.4-cü maddələrinə Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyin hazırkı iddiaçının fəaliyyətinin yoxlanılması üzrə təyin olunmuş sözügedən səyyar vergi yoxlamasına şamil edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə ziddir. Çünki, Vergi Məcəlləsindəki müvafiq dəyişiklik 1 yanvar 2020-ci il tarixdə qüvvəyə mindiyi halda, iddiaçının fəaliyyətində yoxlamanın keçirilməsi barədə qərar 1 oktyabr 2019cu il tarixdə qəbul olunmuşdur. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. MPM-in 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh 22 dekabr 2020-ci il tarixli 2000**********40 saylı qərarında müvafiq rəylər və sənədlər əsasında mənfəət vergisi və ƏDV hesablasa da, hazırkı məhkəmə icraatında aidiyyəti qurumdan alınmış və tədqiq edilmiş ekspertiza rəyi inzibati orqanın bu qənaətini təksib edir və 2017 – 2018-ci illər üzrə mənfəət vergisi və 2017 – 2019-cu illərin müvafiq ayları üzrə ƏDV-nin əsassız hesablanmasını müəyyən edir. İlk növbədə nəzərə alınmalıdır ki, istər inzibati icraatda, istərsə də inzibati məhkəmə icraatında “ekspet rəyi” daha mötəbər sübut kimi qiymətləndirilir, nəinki “mütəxəssis rəyi”. Bundan başqa, hazırkı iş üzrə alınmış 17 sentyabr 2021-ci il tarixli 9/5469 nömrəli ekspertiza rəyi qoyulan məsələlər üzrə tam əhatəli və əsaslandırılmış qiymətləndirilir. Lakin məhkəmə tərəflərin dəlillərinə mövcud qanunvericiliyn müvafiq müddəaları baxımından qiymət verərək, yoxlama zamanı iddiaçıya hesablanmış 336 manat icarə haqqı üzrə ödəmə mənbəyində tutulan verginin və 0,01 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin qanuna uyğun olması qənaətinə gəlir. Bundan başqa, iddiaçıya vergi bəyannamələrinin vaxtında təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə istinadən 200 manat maliyyə sanksiasının tətbiqi qanunauyğun olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, cavabdehin 2000**********40 nömrəli 22 dekabr 2020-ci il tarixli qərarı qismən, yəni “ƏDV və mənfəət vergisinin hesablanması, həmin vergi məbləğləri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsi” hissəsində qanuna ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Həmçinin məhkəmənin qənaətinə görə mübahisələndirilən inzibati akt (2000**********40 nömrəli 22 dekabr 2020-ci il tarixli qərar) qismən qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və maliyyə sanksiyasının) ödəmək öhdəliyi yaranır. Halbuki, AR Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Nəzərə alınmalıdır ki, AR Vergi Məcəlləsinin 3.11-ci maddəsinə görə vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 2000**********40 nömrəli 22 dekabr 2020-ci il tarixli qərarı “ƏDV və mənfəət vergisinin hesablanması, həmin vergi məbləğləri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsi” hissəsində ləğv edilməli, iddia digər hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 14.1, 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 2000**********40 nömrəli 22 dekabr 2020-ci il tarixli qərarı “ƏDV və mənfəət vergisinin hesablanması, həmin vergi məbləğləri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsi” hissəsində ləğv edilsin. İddia digər hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar