Məhkəmə qərarları › İş №2-1(112)-3725/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3725/2023

30.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3725/2023 30.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “mənzil kirayə müqaviləsi bağlanması öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçılar məhkəməyə müraciət edərək Bakı şəhəri Cavabdeh xx.xx.2022-cu il tarixli, H- 255091 saylı imtina cavabı üzrə hərəkətin qanunsuz hesab edilməsi və İddiaçı2 və İddiaçı1 yaşadığı mənzilə kirayə müqaviləsinin bağlanılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı1 Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1995-ci il tarixli Sərəncamına əsasən Şuşa şəhərindən məcburi köçkün kimi qeydiyyatdan keçmişdir. Xətai rayonu, M.Hadi küçəsi bina 15, mənzil 33-də 1992-ci il tarixindən X1 ailə üzvləri kimi oğlu ilə yerləşərək yaşayırlar. Hazırki mənzilin orderi heç bir kəsə məxsus deyildir. Həmin yaşayış sahəsi üzrə daimi orderin verilməsi ilə bağlı müraciət edilmişdir, lakin onlara imtina məktubu təqdim edilmişdir. İddiaçı1 məcburi köçkün olması səbəbindən imitna verilmişdir, İddiaçı2 isə hüquqi müəyyənedici sənədlərin təqdim edilməməsi səbəbi qeyd edilmişdir. Onlar ailə üzvü olaraq həmin mənzildə 30 ildən artıqdır yaşayırlar. Ailə başçısı İddiaçı2 hesab edilir. Hesab edir ki, kifayət qədər tərəfindən sənəd təqdim edilsə də, cavabdeh əsassız olaraq əlavə sənədlər tələb etməkdədir. Cavabdehin hazırkı hərəkəti əsassız hesab edilir.

3. Cavabdeh Xətai Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 15 nömrəli evin 33 saylı mənzilə dair mənzil kirayə müqaviləsi bağlanmasına dair müraciətinə cavab olaraq olaraq bildirilmişdir ki, qeyd olunan ünvana dair hüquqi sənədləri rayon icra hakimiyyətinə təqdim etdiyi təqdirdə məsələyə mahiyyəti üzrə baxıla bilər.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı1 iddia ərizəsində yaşadıqları Xətai rayonu, M.Hadi küçəsində yerləşən 15 nömrəli evin, 33 saylı mənzilinə dair kirayə müqaviləsinin oğlu vətəndaş İddiaçı2 ilə bağlanması öhdəliyinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsini xahiş edir. Bildirilir ki, İddiaçı1 1992-ci il tarixdə Xətai rayonu, M.Hadi küçəsində yerləşən 15 nömrəli evin 33 saylı mənzilinə Şuşa şəhərindən məcburi köçkün kimi ailə üzvləri ilə birlikdə müvəqqəti məskunlaşmışlar. Məlumat üçün bildirilir ki, İddiaçı1 iddia ərizəsində qaldırdığı məsələ ilə əlaqədar yuxarıda qeyd olunan ünvana dair hüquqi sənədləri yoxdur. Nəzərə çatdırılır ki, İddiaçı1 daimi qeydiyyatı Şuşa şəhərinə olduğu və yuxarıda qeyd edilən ünvanda sadəcə məcburi köçkün kimi ailəsi ilə birlikdə müvəqqəti olaraq məskunlaşdığı üçün yaxın gələcəkdə məcburi köçkünlərin növbəlilik əsasında doğma yurdlarına köçürülmələri nəzərdə tutulub.

5. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh orqanın xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 yaşayış yeri üzrə Xətai Rayon İcra Hakimiyyətində mənzil növbəsində olmaqları ilə bağlı məlumat aşkarlanmadı.

6. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbinin məzmununa uyğun izahat verməklə onun təmin olunmasını xahiş etdi.

7. İddiaçı2 və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmir.

II. İddianın mümkünlüyü

8. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

9. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarına əsasən: İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.

12. Azərbaycan Respublikasının Mənzil Məcəlləsindəndən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 62.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. 62.2. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 93.1. Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. 93.2. Yataqxanalar bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir. 93.3. Yataqxanalarda yaşayış sahələri mebel ilə və vətəndaşların orada yaşaması üçün zəruri olan digər əşyalarla təmin edilir. 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.

13. İddiaçı1 xx.xx.1963-cü il təvəllüdlü, İddiaçı2 xx.xx.1959-cu il təvəllüdlüdür.

14. Məhkəmə iddiaçının yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclər kateqoriyasına aid olduğunu müəyyən etmir.

15. Məhkəmə əlavə olaraq qeyd edir ki, yataqxanalardakı yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün verildiyindən iddiaçının müvafiq kateqoriyaya da aid olduğu müəyyən edilmir.

16. Odur ki, cavabdeh inzibati orqan olsa belə, (digər əsaslarla) mülki hüquqi əqdlərin bağlanması ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud cavabdehin hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən irəli gəlmir. Odur ki, binanın balans mənsubiyyəti müəyyən edilən qurum həmin münasibətlərdə (kirayə müqaviləsinin bağlanması) xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak edir.

17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

18. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar