Məhkəmə qərarları › İş №2-1(112)-3725/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3725/2025

29.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3725/2025 29.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X11, cavabdehin nümayəndəsi X7, üçüncü şəxsin vəkili X13 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X10) “torpaq sahəsinin plan-ölçü sənədinin ləğv edilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X3 adına qeydiyyata almış xx.xx.2008-ci il tarixli 5077 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı) ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Əzizbəyov Rayon Xalq Deputatlar Soveti İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 15 nömrəli qərara əsasən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 3/461 nömrəli sahədə yerləşən 750 kv.m torpaq sahəsi mərhum X4 ayrılmışdır. Sözügedən torpaq sahəsinin İddiaçı adına vərəsəlik qaydasında keçməsi üçün Bakı şəhəri 25 saylı notariat ofisinə müraciət edilmişdir. Bakı şəhəri 25 saylı notarius ofisi tərəfindən İddiaçı, mərhum X2 vərəsisi kimi tanınmağını və qeyd edilən torpaq sahəsi barəsində X2 adına çıxarış verilməsi üçün 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Cavabdeh orqan tərəfindən **********23 nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubu ilə Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 3/461 nömrəli sahədə yerləşən 750 kv.m torpaq sahəsi üzərində hüquqların X2 adına qeydiyyata almaqdan imtina etmişdir. Cavabdeh inzibati orqanın imtina məktubunda imtinanın əsaslarından birini olaraq bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsinə digər fiziki şəxsin adına (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı) verildiyi aşkar edilmişdir. İmtina məktubu məhkəmə qaydasında mübahisələndirilmişdir və hal-hazırda hakim Aygün Abdullayevanın (işin nömrəsi: 2-l(112)-152/2024) icraatındadır. Məhkəmə araşdırma zamanında mübahisəli torpaq sahəsi ilə bağlı ekspertiza təyin edilmişdir və müvafiq ekspert rəyi xx.xx.2024-cü il tarixində məhkəməyə təqdim edilmişdir. Qeyd olunan ekspert rəyində bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinə X5 adına (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “torpaq sahəsinin planı və ölçüsünün (kadastr planı) verildiyi aşkar edilmişdir. Ekspert rəyi ilə faktiki göstərilən torpaq sahəsi və 3-cü şəxsə verilən “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı) yerləşməsi üst-üstə düşməsi müəyyən edildiyi andan iddiaçının üçüncü şəxsə məxsus olan sərancamı mübahisələndirmək hüququ yaranmışdır, çünki bir başa iddiaçının hüquqlarına toxunur. Əzizbəyov rayon XDS İK-nin 15 nömrəli, xx.xx.1990-cı il tarixli qərarında Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 3/461 nömrəli sahədə yerləşən 750 kv.m torpaq sahəsinin doğurdan da X2 adına verilməsi və qərarda adında edilmiş düzəliş Əzizbəyov rayon XDS İK tərəfindən (müvafiq olaraq onun səlahiyyətli nümayəndəsi tərəfindən) təsdiqlənir. Həmin qərarı və qərarda qeyd olunmuş düzəlişi təsdiq edən şəxsin qərarın sonunda ad, soyad, vəzifəsi qeyd edilməklə imzası ilə təsdiq olunur. Baxmayaraq ki, həmin torpaq sahəsinin kadastr planı barədə məlumatlarının başqa şəxsə verildiyini bildirir, Bakı şəhəri Xəzər RİH tərəfindən təqdim olunan xx.xx.2021-ci il tarixli, M-205-091 nömrəli məktubunda X4 ayrılmış Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 3/461 nömrəli torpaq sahəsinin təsdiq olunmuş cizgisi və xəritədən çıxarışı ilə bir daha sübut olunur ki, qeyd olunan torpaq sahəsi və onun kadastr planı müvafiq olaraq mərhum X4 verilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına verilmiş sorğu nəticəsində müəyyən edilmişdir ki, üçüncü şəxsin adına “Torpaq sahəsinin planı və ölçüsü" (kadastr planı) verilməsi əsas olan keçmiş Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə xx.xx.1992-ci il tarixli, 134 saylı sərancamı Dövlət Arxivin Bakı filialına təhvil verilməmişdir. Qeyd olunan arayışda bildirilmişdir ki, 134 saylı sərancam Dövlət Arxivin Bakı Filialında xx.xx.1992-ci il tarixli deyil, xx.xx.1992-ci il və xx.xx.1992-ci il tarixli olmaqla mövcüddür, lakin həmin sərəncamlarda X6 torpaq sahəsi ayrılması barədə heç bir məlumat yoxdur. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən X8 adına verilmiş Əzizbəyov (indiki Xəzər RİH) RİHB-nın Mərdəkan qəsəbəsindəki nümayəndəsinin M-506 saylı torpaq sahəsinin sxemi və xəritədən çaxarışı barədə sənədin heç bir hüquqi əsası yoxdur. Belə ki, qeyd olunan sənədin faktiki olaraq arxiv kitabında qeydi yoxdur və qeyd olunan torpaq sahəsinin sxemi və xəritədən çaxarışın verilməsi barədə Əzizbəyov (indiki Xəzər RİH) RİHB-nin reyestr nömrəsi yoxdur.

3. Cavabdehin iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, müvafiq iddia tələbi ilə bağlı iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə müraciəti daxil olmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, № 5 qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmamasını xahiş edir.

4. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov Rayonu İcra Hakimiyyətinin başçısının xx.xx.1990-cı il tarixli, 15 №-li Sərəncamına əsasən: Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 3/461 nömrəli sahədə yerləşən 750 kv.metr torpaq sahəsi X4 ayrılmışdır.

5. AZ-İ 089184 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X9 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir.

6. Ədliyyə Nazirliyi ünvan ünvanlandığı xx.xx.2021-ci il tarixli 215 nömrəli məktubunda qeyd edilmişdir ki, mərhum X1 miras qalmış əmlaka dair "Vərəsəlik hüququ haqqında şəhadətnamə"nin verilməsi ilə bağlı vətəndaş İddiaçı tərəfindən müraciət daxil olmuşdur. X2 xx.xx.2004-cü il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsənin ərizəsi əsasında vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən edilmişdir. Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 3/461 nömrəli sahədə yerləşən 750 kv.m. torpaq sahəsinə dair çıxarış verilməsi xahiş edilir.

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Xəzər rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X10) sərəncamın və torpaq sahəsinə dair xəritədən çıxarışın ləğv edilməsi barədə iddiası mümkün sayılmamışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə üçüncü şəxs X3 apellyasiya şikayəti mümkün sayılmamışdır.

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

12. İddia tələbi torpaq sahəsinə veilmiş plan-ölçü sənədinin ləğv edilməsidir. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

13. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

14. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə əsasən “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilmişdir.

16. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

17. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

18. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinə əsasən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

19. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinə əsasən: 1.3. DƏDKR bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir. 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək;

20. Məhkəmə tərəfindən müəyyən edildi ki, Əzizbəyov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 15 nömrəli qərara əsasən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 3/461 nömrəli sahədə yerləşən 750 kv.m. torpaq sahəsi iddiaçının atası mərhum X4 ayrılmışdır. İddiaçı sözügedən torpaq sahəsinə dair çıxarışın verilməsi üçün cavabdehə müraciət etdikdə, məlum olmuşdur ki, göstərilən torpaq sahəsinə digər fiziki şəxsin adına (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı) verilmişdir. İmtina məktubu məhkəmə qaydasında mübahisələndirilmiş və mübahisəli torpaq sahəsi ilə bağlı ekspertiza təyin edilmişdir. Ekspert rəyi ilə faktiki göstərilən torpaq sahəsi və üçüncü şəxsə verilən “Torpaq sahəsinin planı və ölçüsü”nün (kadastr planı) yerləşməsi üst-üstə düşməsi müəyyən edilmişdir. “Torpaq sahəsinin planı və ölçüsü”nün (kadastr planı) verilməsinə əsas isə Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 134 saylı sərəncamı olmuşdur.

21. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Xəzər Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X10) Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 134 saylı sərəncamının və torpaq sahəsinə dair xəritədən çıxarışın ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardan narazı qalan üçüncü şəxs X10 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə üçüncü şəxs X3 apellyasiya şikayəti mümkün sayılmamışdır.

22. Məhkəmə hesab edir ki, üçüncü şəxsin adına tərtib edilmiş torpaq sahəsinin plan və ölçü sənədi ləğv edilməlidir. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qanuni qüvvəsini almış qərardadı ilə müəyyən edildi ki, keçmiş Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə xx.xx.1992-ci il tarixli, 134 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında xx.xx.1992-ci il tarixli deyil, xx.xx.1992-ci il tarixli olmaqla mövcuddur. Həmin sərəncamlarda vət. X6 torpaq sahəsi ayrılması barədə heç bir məlumat yoxdur. Məhkəmə hesab etmişdir ki, hər hansı inzibati aktın ləğv edilməsinə dair mübahisələndirmə haqqında iddianın qaldırılması üçün ilk növbədə inzibati akt mövcud olmalıdır.

23. Beləliklə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, üçüncü şəxs X3 adına torpaq sahəsinin plan və ölçü-sənədi mövcud olmayan Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 134 saylı sərəncamı əsasında tərtib edilmişdir. Həmin sərəncamın mövcud olmaması qanuni qüvvəyə minmiş məhkəmə qərardadı ilə təsdiq edildiyindən, onun əsasında verilmiş torpaq sahəsinin plan və ölçü-sənədi ləğv edilməlidir.

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

25. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

26. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

27. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

28. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X3 adına qeydiyyata almış xx.xx.2008-ci il tarixli 5077 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün (kadastr planı) ləğv edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar