Məhkəmə qərarları › İş №2-1(112)-3727/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3727/2021

01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3727/2021 01.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq şifahi məhkəmə baxış iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, işlədiyi müddətlərin iş stajına daxil edilməsi, güzəştli şərtlərlə pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, AT-Vİİİ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən də göründüyü kimi o, həqiqətən də 02 avqust 1983-cü il tarixdən 25 iyun 2001-ci il tarixə qədər 3 saylı Evtikmə Kombinatında “rəngsaz” işləmiş, sonradan kombinatın adında və strukturunda dəyişiklik olmuşdur. Belə ki, Sumqayıt şəhər icra Hakimiyyəti başçısının 414 saylı 09 fevral 1993-cü il tarixli sərəncamı ilə 3 saylı Evtikmə Kombinatı Sumqayıt İcarə Evtikmə Kombinatı adlandırılmışdır. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin 66 saylı 10 mart 2006-cı il tarixli sərəncamı ilə Sumqayıt İcarə Evtikmə Kombinatı "xxxx" ASC-nə çevrilmişdir. Əmək kitabçasının təsdiq olunmuş surətindən və "xxxx" ASC tərəfindən verilən 10 iyun 2020-ci il tarixli, 20/43 nömrəli arayışdan görünür ki, o həqiqətən də, 02 avqust 1983-cü il tarixdən 25 iyun 2001-ci il tarixə qədər 3 saylı Evtikmə Kombinatında “rəngsaz” işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlər yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi barədə 12 saylı qərarının 35-ci “Ümumi peşələr“bölməsinə (təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar) müvafiq olaraq o güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququna malikdir. Bundan əlavə o 2001-2008-ci illərdə“Sintezkauçik” zavodunda Təmir Tikinti sexində rəngsaz işləmiş, 2014-2015-ci illərdə "xxxx" MMC-də fəhlə işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən qadınlar – 55 yaşına çatdıqda , azı 20 il sığorta stajına malik olduqda və bu müddətin 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bu səbəbdən də İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə ərizə ilə müraciət etmiş, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi 22 dekabr 2020-ci il tarixli **********3 nömrəli imtina məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi, göstərilmişdir ki, rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdikləri maddələrin təhlükəlilik sinfini və həmin sinfin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Buna görə də qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Halbuki, o 10 ildən də çox bir müddətdə zərərli kimyəvi maddələrlə, zərərli iş şəraitində işləmiş, tələb edilən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən iş stajı tamamlanmışdır. O rəngsaz işləmiş, insan sağlamlığına zərərli olan boyalarla işləmiş, bu səbəbdən də səhhətində ciddi problemləri yaranmışdır, lakin işlədiyi müəssisədə struktur dəyişikliyi olmuş, bu səbəbdən də müraciətinə baxmayaraq ona əmək fəaliyyəti zamanı hansı boya maddələri ilə işlədiyi qeyd olunmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə X2-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. İddiaçı təqdim etdiyi 09.08.1983-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında 02.08.1983- 25.06.2001-ci il tarixləri arasındakı dövr ərzində"xxxx" ASC-nin 3 N-li Evtikmə Kombinatında rəngsaz vəzifəsində işlədiyi qeyd edilmiş, sözügedən müəssisənin 10.06.2020-ci il tarixli ona dair arayışında rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbinin təmin edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını xahiş etdi. Məhkəmə iclasında iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya dair etiraz edərək iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. İddianın mümkünlüyü: Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-nin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır.“İddiaçı ilk öncə ərizə ilə inzibati orqana müraciət etmiş, inzibati orqan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddianın mahiyyəti: İddia mümkün iddia olsa da, mahiyyət etibarilə əsassızdır. İş materiallarında olan sənədlər: AT-Vİİİ-8086766 nömrəli əmək kitabçasından görünür ki: - 02.08.1983-cü il tarixdən 25.06.2001-ci il tarixədək "xxxx" ASC-nin 3 nömrəli Evtikmə Kombinatında rəngsaz vəzifəsində işləmişdir. - 21.08.2001-ci il tarixdən 04.02.2008-ci il tarixədək “sintezkauçuk” zavodu Təmir Tikinti sexində rəngsaz işləmişdir. - 01.03.2014-cü il tarixdən 01.11.2015-ci il tarixədək "xxxx" MMC-də fəhlə peşəsində işləmişdir. "xxxx" ASC tərəfindən verilmiş 10.06.2020-ci il tarixli, 20/43 nömrəli arayışdan görünür ki, xx xxxx 1964-cü ildə anadan olmuş İddiaçı sabiq 3 №-li Evtikmə Kombinatında 02 avqust 1983 - cü ildən (əmr № 27 k, 02.08.1983- ci il) 25 iyun 2001-ci ilədək (əmr № 06k, 25.06.2001-ci il) rəngsaz işləmişdir. Sonradan kombinatın adında və strukturunda aşağıdakı dəyişikliklər olmuşdur; Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 414 saylı 09 fevral 1993-cü il tarixli sərəncamı ilə 3 №-li Evtikmə Kombinatı Sumqayıt İcarə Evtikmə Kombinatı adlandırılıb. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 66 saylı 10 mart 2006-cı il tarixli sərəncamı ilə Sumqayıt İcarə Evtikmə Kombinatı "xxxx" ASC-nə çevrilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007 - ci il tarixli "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə 12 saylı qərarının 35-ci «Ümumi peşələr» bölməsinə (təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar) müvafiq olaraq o, güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış müraciətə cavab məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş“Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının ümumi peşələr (35) bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı təqdim etdiyi 09.08.1983-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında 02.08.1983-25.06.2001-ci il tarixləri arasındakı dövr ərzində"xxxx" ASC-nin 3 N-li Evtikmə Kombinatında rəngsaz vəzifəsində işlədiyi qeyd edilmiş, sözügedən müəssisənin 10.06.2020-ci il tarixli ona dair arayışında rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Qeyd olunanlar nəzərə alınaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. "xxxx" ASC tərəfindən 10.02.2021-ci il tarixdə daxil olmuş sorğuya cavab məktubunda bildirilmişdir ki, 3№-li Evtikmə kombinatı (sonradan Sumqayıt İcarə Evtikmə Kombinatı adlandırılıb) Sumqayıt şəhərində iripanellərdən 9 mərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olmuşdur. İddiaçı işlədiyi sahə, kombinatın struktur bölməsi olaraq, tikinti sahəsində inşa edilmiş binalarda tamamlama işləri (suvaq, boyama, döşəmə vurulması, qapı pəncərə quraşdırılması və s.) ilə məşğul olmuşdur. Sahədə ixtisaslaşmış rəngsazlar qrupu da mövcud oluşdur. Boyama işləri qapalı məkanda və o dövrdə daha çox tətbiq olunan kimyəvi boyalardan istifadə edilməklə (bəzi hallarda püskürtmə yolu ilə) həyata keçirilmişdir. İnsan bədəninə təsir dərəcəsinə görə, zərərli maddələrin təsnifatına əsasən, istifadə edilən boyalar (kimyəvi tərkibli, istifadəsi zamanı dəri, göz və tənəffüs ilə təmasda olduqda sağlamlıq üçün ziyanlı olması, qoruyucu eynəksiz və raspiratordan istifadə etmədən işlədikdə təhlükəli zərərləri olması barədə təlimatlar əlavə edilməklə alınmış boyalar) bəzi hallarda olduqca təhlükəli, orta dərəcəli təhlükəli və bəzən də az təhlükəli olub (boyaların tərkibində stirol, aseton və digər tez buxarlanan həlledicilər olub). Lakin hər bir halda, xüsusilə qapalı məkanda, buxarlanma nəticəsində havada yaranan zərərli maddələrin maksimum konsentrasiyasının (MPC) icazə verilən həddə olmasına nəzarət edilməsi barədə cavabdeh şəxslər təlimatlandırılmış olublar. Bununla yanaşı bəzi hallarda (məsələn “sankabinaların” daxilində boya işləri apararkən) boyaların tərkibindəki həlledicilərin buxarlanması nəticəsində zərərli maddələrin konsentrasiyasının çox olduğu hallara da rast gəlinmişdir. Evtikmə Kombinatı üzrə zərərli peşələrdə çalışan işçilərin (rəngsazlar, əl ilə lektrik qaynaqçıları, sement boşaldanlar, yüksəklikdə işləyən quraşdırıcılar, armaturçular və s.) saatlıq tarif maaşlarına əlavələr olmuş və o dövrün tələblərinə lüvafıq olaraq onlara pulsuz süd verilmişdir. O cümlədən də rəngsazların tarif maaşlarına 8% əlavə olmuşdur. İddiaçı bir saatlıq tarif maaşı 0.9828 manat/saat olmuşdur.( normal şəraitdə 0.91 manat/saatdır). İşin araşdırılmış hallarından göründüyü kimi, cavabdeh iddiaçının "xxxx" ASC-nin 3 N-li Evtikmə Kombinatında rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinfi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən edildiyi barədə nə əmək kitabçasında, nə də ki, müəssisənin arayışında məlumat qeyd olunmadığından müraciətin təminindən imtina etmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş“Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının ümumi peşələr (35) bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar vəzifəsi nəzərdə tutulmuşdur. Həmçinin, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının 33-cü bölməsindən («Ümumi peşələr») görünür ki, 23200000-13450 kodu ilə təhlükəliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti aid olan peşələr sırasına daxil edilmişdir. Hazırki iş üzrə araşdırılmalı hal İddiaçı 02.08.1983-25.06.2001-ci il tarixləri arasındakı dövr ərzində"xxxx" ASC-nin 3 N-li Evtikmə Kombinatında yaşayış binalarının tikintisində binaların daxilində rəngsaz vəzifəsində işləyərkən istifadə etdiyi boyaların (maddələrin) təhlükəlilik sinfinin müəyyən edilməsi ilə bağlıdır. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində qeyd edilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən də 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ... Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.12.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş «İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları»nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 55 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun azı 20 il ümumi iş stajı olmalı və bundan azı 10 ili Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməli, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə qeyd edilən şərtlər tam mövcud olmamışdır. Beləliklə, iddiaçının 01.07.2019-cu il tarixədək (55 yaşı tamam olanadək) ümumi iş stajı 20 ildən çoxdur. Lakin güzəştli iş stajı qanunvericiliklə müəyyən edilmiş həddə mövcud deyildir. Belə ki, Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı təsdiq edilmişdir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və bəndlər üzrə təsnifatlaşdırılmışdır. Məhkəmə araşdırması zamanı da işəgötürən tərəfindən sorğuya cavab məktubunda nədə ki İddiaçı əmək kitabçasında sonuncunun Sumqayıt Sənaye İstehsal” ASC-nin 3 N-li Evtikmə Kombinatında rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinfi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən edildiyi barədə məlumat qeyd olunmamışdır. Məhkəmə də qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilən zamanı ərizəçinin işlədiyi vəzifələr ilə yanaşı iş sahəsi də nəzərə alınmalı və “Siyahı” üzrə müvafiq kod altında olan sahə, vəzifə olmasına diqqət edilməlidir. Belə ki, iddiaçının 55 yaşı tamam olanadək ümumi iş stajının 20 ildən artıq olmağına baxmayaraq, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə işləməmişdir. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş müddətdə güzəştli iş stajı olmadığından cavabdehin imtinası əsaslı olmuşdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33.1-ci, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar