Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3727/2025 01.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı 1992-2014-cü illərdə qüsursuz xidmət etmiş DİO-un əməkdaşı olaraq müalicə olunması ilə əlaqədar bir aylıq əmək haqqı məbləğində pul müavinətinin ödənilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 1992-ci il tarixdən Daxili İşlər Nazirliyinin kiçik rəis heyətinə (X3) xidmətə qəbul olunub, xidmətini şərəflə yerinə yetirib, 2015-ci ildə təqaüdə çıxmışdır. Xidmət müddətində səhhətində baş verən dəyişikliklərlə əlaqədar müxtəlif vaxtlarla ambulator və stasionar müalicə və müayinə DİO-nun tabeliyində olan hospital və poliklinikasında aparılmışdır. Xəstəlik və müalicələri ilə bağlı xidmət müddətində sosial maddi təminatları ilə əlaqədar cavabdeh təşkilat tərəfindən ona he bir pul müavinəti ödənilməmişdir. Xidmət vaxtı yalnız əməli ilə səhhətindən əsas dövlət tapşırığı olan operativ əməliyyat tədbirlərində fəal iştirakını ona tapşırılan xidməti göstərişləri şərəflə icra etməyi ön plana çəkmiş, səhhətində baş verən hallara əhəmiyyət verməmişdir. Lakin ətrafındakı əməkdaşların cavabdeh təşkilat tərəfindən hər il müavinətə dair pul vəsaitinin aldıqlarını öyrənmişdir. Bu barədə tabe olduğu idarə rəhbərliyinə və mühasibat bölməsində yaradılan komissiya rəhbərliyinə müavinətlə bağlı raport yazacağı bildirsə də eyni zamanda Nazirlər Kabinetinin bu barədə qərarının, DİN-nin xx.xx.2005-ci il tarixli əmrini əsas olduğunu bildirsə də ona dəfələrlə şifahi şəkildə tabe olduğu rəhbərlik tərəfindən müavinət barədə raport və müraciət etməmək əmr və göstərişi verilmişdir. Yalnız maddi yardım üçün raport yazmağına icazə verilməsi bildirilmişdir. Səbəbini soruşduqda ona müavinətlə bağlı pul vəsaiti olmadığı və hal-hazırda (yəni müraciət etdiyi ildə bir dəfə olan vaxtlarda) bu hal məsələ ilə bağlı işlərə baxılmadığı bildirilmişdir. O isə tabeli münasibətdə olduğu rəhbərliyi sözügedən məsələ ilə bağlı müraciətlərinə ona verdiyi şifahi əmrlə etiraz etməsi nəticəsi olaraq hesab etmişdir ki, rəhbəri əmrin yerinə yetirməmək xidmət müddətində əmrə əməl etməmək Cinayət Məcəlləsinin 40, 328-ci maddələri ilə gələcəkdə müraciət edəcəyini düşünmüşdür və təqaüdə çıxandan sonra bu barədə DİN-nə müraciət etsə də etiraz cavabı almışdır. Bildirilmişdir ki, hal-hazırda xidmət müddətində səhhətində baş verən dəyişikliklər zob və ikinci dərəcəli şəkər xəstəliyi qazanmışdır və asma xəstəliyindən əziyyət çəkir. Hal-hazırda çətin şəraitdə həmin xəstəliklərdən ağır vəziyyətdə ağırlaşma ilə əziyyət çəkir. Qeyd edilmişdir ki, şəkər xəstəliyinə dair dərman pereparatları ilə dövlət tərəfindən təmin edilməyi mövcud deyil, bahalı dərmanları öz hesabına təqaüdün vasitəsi ilə bahada olsa özü əldə edir. Bu səbəbdən qüsursuz xidmət etmiş DİO-un əməkdaşı olaraq pul təminatına, müalicə üçün müavinət təminatı üçün cavabdehin ödəməsinə ehtiyacı vardır. Bildirilmişdir ki, həbsdə olduğu üçün məhkəməyə əlavə sənədləri əldə edib göndərmə imkanı xaricindədir. Gələcəkdə keçiriləcək məhkəmə proseslərində bilavasitə iştirak imkanı imkanı və səlahiyyətləri xaricindədir. Bununla yanaşı dövlət tərəfindən vəkil tutmaq təyin etmək səlahiyyətlərindən kənardır.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, xidmət etdiyiniz dövrdə qüvvədə olan DİN-in xx.xx.2005-ci il tarixli 35\xiü nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarına müalicə olunmaları ilə əlaqədar pul müavinətinin verilməsi Qaydası”na əsasən daxili işlər orqanlarının əməkdaşlarına müalicə olunma ilə əlaqədar pul müavinəti əməkdaşın raportu, müalicənin zəruriliyini və ya müalicə olunmanı təsdiqləyən sənəd əsasında xidmət keçdikləri orqanda yaradılmış müvafiq komissiyanın rəyi ilə verilir. Xidmət müddətində müvafiq sənədləri təqdim etmədiyi baxımından müalicə olunma ilə əlaqədar müavinət ödənilməmişdir.
4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı xidmət etdiyi dövrdə qüvvədə olan DİN-in xx.xx.2005-ci il tarixli 35\xiü nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarına müalicə olunmaları ilə əlaqədar pul müavinətinin verilməsi Qaydası”na əsasən daxili işlər orqanlarının əməkdaşlarına müalicə olunma ilə əlaqədar pul müavinəti əməkdaşın raportu, müalicənin zəruriliyini və ya müalicə olunmanı təsdiqləyən sənəd əsasında xidmət keçdikləri orqanda yaradılmış müvafiq komissiyanın rəyi ilə verilirdi. İddiaçı xidmət müddətində müvafiq sənədləri təqdim etmədiyi baxımından ona müalicə olunma ilə əlaqədar müavinət ödənilməmişdir. Məlumat qaydasında bildirilmişdir ki, daxili işlər orqanları əməkdaşlarının maliyyə təminatları "Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli Qərarına əsasən müəyyən edilmişdir.
5. Suraxanı Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə Suraxanı RPİ-nin sabiq əməkdaşı İddiaçı arxiv şəxsi işindən çıxarılmış xidmət siyahısının surəti təqdim edilmişdir.
6. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) izahat verərək bildirmişdir ki, iddiaçı müalicə olunmaları ilə əlaqədar bir aylıq əmək haqqı məbləğində pul müavinəti almaq üçün bir qayda olaraq məzuniyyət vəsiqəsinə əsasən, digər hallarda xidmət etdiyi qurumun rəisinin (komandirinin) adına raport yazmalıdır. İddiaçı isə raport yazmamışdır və bunu da iddia ərizəsində qeyd etmişdir.
II. İddianın mümkünlüyü
7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
9. İddiaçının xidməti haqqında məlumatlara əsasən o, xx.xx.1992-ci il tarixdə daxili işlər orqanlarına qəbul olmuş, xx.xx.2014-cü il tarixdə xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduğuna görə daxili işlər orqanlarından xaric edilmişdir.
10. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanlarında əmək funksiyasını icra etməsinə görə 1992-ci ildən 2014-cü il tarixədək müalicə olunması ilə əlaqədar bir aylıq əmək haqqı məbləğində pul müavinətinin ödənilməsini tələb etmişdir.
11. İddia tələbinin 1992-ci il tarixdən xx.xx.2011-ci il tarixədək olan hissəsi İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir.
12. Belə ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu.
13. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
14. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən: “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
15. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
16. Hazırkı işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.
17. Deryan Türkiyəyə qarşı iş üzrə Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki: -30. Məhkəmə bir daha bildirir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi ilə bağlı prinsipi əks etdirən müəyyən edilmiş presedent hüququna əsasən, məhkəmələrin və tribunalların qərarları onların əsaslandığı səbəbləri adekvat şəkildə göstərməlidir (bax, digərləri arasında, Suominen v. Finlandiya, № 37801/97, § 34, 1 iyul 2003-cü il və Luka Rumıniyaya qarşı, № 34197/02, § 55, 21 iyul 2009-cu il). Əsaslandırılmış qərarın digər funksiyası tərəflərə onların dinlənildiyini nümayiş etdirmək, onlara həmin qərardan şikayət vermək və qərara apellyasiya orqanı tərəfindən baxılması imkanını təmin etməkdir (Suominen, yuxarıda adı çəkilən, § 37). -31. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi məhkəmələri öz qərarlarının səbəblərini açıqlamağa məcbur etsə də, bu, hər bir arqumentə ətraflı cavab tələb edilməsi kimi başa düşülə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini rədd edərkən, prinsipcə, sadəcə olaraq aşağı məhkəmənin qərarının səbəblərini təsdiq edə bilər (bax: García Ruiz İspaniyaya qarşı [GC], № 30544/96, § 26, AİHM 1999-İ və orada göstərilən hallar). -32. Səbəb göstərmək vəzifəsinin tətbiq olunma dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bundan əlavə, digər məsələlərlə yanaşı, iddiaçının məhkəmələr qarşısında təqdim edə biləcəyi təqdimatların müxtəlifliyini və qanunvericilik müddəaları, adət qaydaları, hüquqi rəy və sənədlərin təqdim edilməsi və hazırlanması ilə bağlı Razılığa gələn Dövlətlərdə mövcud olan fərqləri nəzərə almaq lazımdır. Məhz buna görə də məhkəmənin Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyini yerinə yetirməməsi məsələsi yalnız işin halları əsasında müəyyən edilə bilər (bax: X1rşı, 9 dekabr 1994-cü il. , § 29, A seriyası № 303A). -33. Bununla belə, tərəflərin təqdimatının araşdırılması sözügedən proses üçün həlledici əhəmiyyət kəsb etdiyi halda, məsələn, Ruiz Torijanın işində olduğu kimi qanunla müəyyən edilmiş müddətlərə dair ərizəsinə məhləmələr qərarlarında əsaslandırdıqları səbəbləri konkret və açıq cavab tələb edəcək (bax, eyni zamanda ., § 30; həmçinin bax Hiro Balani İspaniyaya qarşı, 9 dekabr 1994-cü il, § 28, A seriyası № 303B).
18. Məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədilə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət edir.
19. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə verilmişdir.
20. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən müddətdə şifahi müraciətləri nəticə vermədiyi təqdirdə məhkəmə müdaifəsi hüququndan istifadə edə bilərdi. Odur ki, inzibati orqanın hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi ilə bağlı yol verilən müddət ötürülmüşdür, iddiaçının dəlili prosessual müddətin buraxılmış hesab edilməməsi üçün əsas hesab oluna bilməz, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir.
21. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. Odur ki, məhkəmə hesab edir ki, hüquqi müəyyənlik prinsipinə uyğun olaraq iddia tələbi qeyd edilən hissədə mümkün sayılmamalıdır.
22. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
23. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi İddiaçı 1992-ci il tarixdən xx.xx.2011-ci il tarixədək müalicə olunması ilə əlaqədar bir aylıq əmək haqqı məbləğində pul müavinətinin ödənilməsi hissəsində mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva