Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3728/2020 31.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh3nə qarşı (3-cü şəxs Bakı şəhəri 3 saylı Notariat Ofisi olmaqla) qarşı “öhdəliyin icrası” tələbi barədə mübahisəyə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 3 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək notariusun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilmişdir ki, xx.xx.2017-ci il tarixdə iddiaçı hərrac yolu ilə Bakı şəhəri, Xəzər Xaşa-Xuna bağ sahəsində 1983 “Ç” ünvanda yerləşən 1 mərtəbəli ümumi sahəli 284.7 kv.metr olan bağ evini almışdır. Bundan sonra X2 məhkəməyə müraciət edərək hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmış, əsas kimi xx.xx.2015-ci il tarixdə onunla X1 arasında bağlanmış həmin bağ evinin alqı-satqı müqaviləsinə istinad etmişdir. Lakin həmin alqı-satqı müqaviləsi təsdiqlənərkən Notarius qanunsuz hərəkətlərə yol vermişdir. Belə ki, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında “Təlimatın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 167 saylı Qərarının 7ci maddəsinə əsasən Notarius Daşınmaz Əmlakın Dövlət Reyestri obyektlərinə dair Sərəncam verilməsi haqqında müqaviləni təsdiq etdikdən dərhal sonra onu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron Notariat" İnformasiya sistemi vasitəsilə Azərbaycan Respublikası ƏMDK-nə göndərməli olduğu halda bunu etməmişdir. S.Z.Əmirov və S.Q.Qasımov arasında bağlanmış alqı-satqı müqaviləsi 47-221 nömrə ilə qeydə alınsa da Notarius Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Azərbaycan Respublikası ƏMDX-nin Bakı şəhəri Ərazi İdarəsinə 47-01-221 nömrəsi ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinin göndərilməsi barədə alıcı S.Q.Qasımova verilmiş məktubu imzalamışdır, S.Q.Qasımov isə 2 il 7 ay müddətində guya 150 000 manat aldığı bağ evini DƏDRX-də qeydiyyatdan keçirməmiş mənzilin mülkiyyətçisi mən bağ evini hərrac yolu ilə alarkən satıcı S.Z.Əmirov olmuşdur, Notarius bilərəkdən uydurma əqdli təsdiq elmişdir və bu səbəbdən alqı-satqı müqaviləsinin surətini qeydiyyata alınması üçün ƏMDK-nə göndərməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi isə mübahisəli bağ evinin mülkiyyətçisi xx.xx.2018-ci il tarixdə X1 olsa da, mülkiyyət hüququ olmayan şəxsə, həmin bağ evinə getmədən, orada kimin, hansı əsasla yaşamasını aydınlaşdırmadan “Aparılan araşdırma zamanı yoxlamaölçü işlərinin aparılması üçün mütəxissislərə şərait yaradılmağını müəyyən edilmiş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır” məzmunda saxta cavab vermişdir. Bakı şəhəri, Xətai rayonu İcra və Probasiya Şöbəsi isə əgər bağ evi həqiqətən Səxavət Qasımovun mülkiyyətində idisə hansı səbəbdən bağ evinin mülkiyyətçisi kimi Süleyman Əmirovun olmasını əsas götürüb bağ evini hərraca çıxarılmasına aydınlıq gətirməlidir. Notariusun qanunsuz hərəkətlərinə dair iddiaya baxılarkən şahid qismində X3 məhkəmə iclasına dəvət edilib, dindirilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh qismində Cavabdeh3, 3-cü şəxs qismində Bakı şəhəri 3 saylı Notariat Ofisinin olmaqla iddia tələbinə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarlnı nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə etdi. Nümayəndə əlavə olaraq bildirdi ki, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.(8.6-cı bənd); Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. İPM-nin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə isə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), inzibari məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yalnış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.8-ci maddəsinə görə məhkəmə notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə işlərə xüsusi icrat qaydasında baxır. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə icra qeydinin aparılması dövlət notariusu tərəfindən aparılan hərəkətlərin sırasına daxildir. Həmin Qanunun 76-cı maddəsinə görə borcludan pul məbləğini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbi notariat hərəkətləri ilə bağlı olduğundan, hazırkı işə mülki xarakterli mübahisə kimi inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil. Məhkəmə həmçini qeyd edir ki, İddiaçının hazırki iddia tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6122 saylı 15 iyul 2016-cı il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlıdır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə əlaqədar qətnamənin icrasına nəzarəti həyata keçirən ümumi məhkəməyə müraciət etməlidir. Əvvəla məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2012-ci il tarixli qərarına əsasən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Sonradan "İcra haqqında" Azarbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012 -ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1-ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar va ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Lakin nəzəzrə alınmalıdır ki, Qanunıın həmin maddəsinə dəyişiklik edilsə də, icraatın dayandırılması va ya ona xitam verilməsi məsələlərini tənzimləyəyn 21-ci maddəsinə dəyişiklik edilməmişdir. “İcra haqqında” Qanunun 21-ci maddəsinin köhnə redaksiyasına görə, məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra" sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır va ya ona xitam verilirdi. “İcra haqqında” Qanunun 20-ci maddəsi 30 dekabr 2016-cı ildə yeni redaksiyada verilmiş va icra sənadi üzrə icraata xitam verilməsinin məhkəmələr tərəfindən deyil, icra məmuru tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, "Qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228). əlavə qətnamənin çıxarılması (maddə 229). Qətnamənin izah edilməsi (maddə 230). Qətnamənin icrasına möhlət verilməsi va ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun va qaydasının dəyişdirilməsi (maddə 231.1. 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının hayata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-ci maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki- Prosessual Məcəllədə olduğu kimi "İcra haqqında" Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn "İcra haqqında" Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 7. 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair" 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclıı olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında va düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsinda nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. Belə ki, "İcra haqqında" Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfındən yoxlanılaraq təsdiq olunıır va onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermis məhkəməyə və ya digər orqana göndərilir. Göründüyü kimi, qanunverici icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən qəbul edilmiş əsaslandırılmış qərarın məhz icra sənədini vermiş məhkəməyə göndərilməsini müəyyən etmişdir. Eyni zamanda, "İcra haqqında" Qanunun 20.4-cü maddəsində müəyyən olunmuşdur ki, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qarar daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. İcra sənədi üzra icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi va bu məhkəmə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nazarət etməsini təmin etmək məqsədi daşıyır. Göründüyü kimi, "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli Qanunu ilə "İcra haqqında" Qanuna edilmiş dəyişikliklərə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi səlahiyyəti məhkəmələrdən alınaraq icra qurumuna verilsə də, qanunverici məhkəməyə öz təşəbbüsü ilə icra məmurunun icraata xitam verilməsi barədə qərarının qanuniliyini yoxlamaq səlahiyyəti vermişdir. Konstitusiya Məhkəməsinin Plenumu icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin "İcra haqqında Qanunun 20.2, 20.4 va 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə üzrə icraata xitam verilməsi barədə qararı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər." "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlarə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İddiaçı hazırki iddia tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6122 saylı 15 iyul 2016-cı il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı olduğundan məhkəmə iddiaçıya izah edir ki, həmin icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Cavabdeh3 hərəkətlərindən aidiyyəti üzrə ümumi məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15-ci bəndində nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.” İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 8-ci bəndində aşağıdakılar göstərilmişdir: notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdır ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1 – 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə, iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır.İşin araşdırılan hallarından müəyyən edilmişdir ki, iddiaçının tələbi dəqiq və aydın deyildir. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Məhkəmənin qənaəti belədir ki, iddia tələbi üzrə mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğundan, iddia mümkün sayıla bilməz. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh3nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs Bakı şəhəri 3 saylı Notariat Ofisi olmaqla) qarşı “öhdəliyin icrası” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3728/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3728/2020
31.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver