Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3728/2023 08.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “qazın alqı-satqısı”na dair müqavilənin bağlanması və təbii qazın verilməsinin təmin olunması vəzifəsinin cavabdeh "Azəriqaz” İB-yə həvalə edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “qazın alqı-satqısına dair müqavilənin bağlanması və təbii qazın verilməsinin təmin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia tələbinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində Ə.Ələkbərov küçəsində yerləşən şirniyyat sexində quraşdırılan “Zenner” tipli “G4-T” markalı, **********318 nömrəli sayğac üzrə iddiaçıya verilmiş X1 adına olan **********00370 nömrəli abonent kodunun yeni abonent kodu ilə əvəz edilməsi, sexin qazla təmin olunması məqsədi ilə “qazın alqı-satqısı”na dair müqavilənin bağlanması və təbii qazın verilməsinin təmin olunması vəzifəsinin cavabdeh "Azəriqaz” İB-yə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında məhkəmə tərəfindən İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi eyni məzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəfin (iddiaçı) iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. Belə ki, Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2023-cü il tarixli “Məlumat” xarakterli məktubunda qeyd edilmişdir ki, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən ərazisində yerləşən, hazırda şirniyyat sexi kimi fəaliyyət göstərən qeyri- yaşayış sahəsi ilkin olaraq 2006-cı ildə fərdi yaşayış evi kimi qazla təmin edilmiş və həmin ünvana məişət (əhali) qaz sayğacı quraşdırılaraq **********00370 saylı istehlakçı hesabı verilmişdir. Sonradan Birliyin əməkdaşları tərəfindən müəyyən edilmişdir ki, qeyd olunan ünvanda istehlakçı kimi qeydiyyatda olan X4 tərəfindən fərdi yaşayış evi üçün quraşdırılmış məişət (əhali) qaz sayğacı vasitəsilə qanunsuz olaraq şirniyyat sexində (sahibkarlıq məqsədilə) təbii qazdan istifadə olunur və istifadə edilmiş təbii qaz sərfiyyatına görə 4334,55 manat borcu vardır. Bu səbəbdən də həmin ünvanda quraşdırılmış məişət (əhali) qaz sayğacı çıxarılmış və ünvanın qeyri-yaşayış sahəsi kimi qazlaşdırılması tələb edilmişdir. Bundan sonra isə İddiaçı ərizə ilə Birliyə müraciət edərək yuxarıda qeyd olunan ünvanda yerləşən şirniyyat sexinin qeyri-yaşayış sahəsi kimi qazlaşdırılmasını xahiş etmişdir. İddiaçı müraciəti əsasında xx.xx.2022-ci il tarixli 20482 saylı Texniki şərt verilmiş və həmin texniki şərtdə qeyd edilmişdir ki, obyektin **********00370 saylı istehlakçı kodunda olan borc qazın açılışına qədər ödənilsin. Daha sonra isə verilmiş texniki şərt əsasında İddiaçı sifarişi əsasında lisenziyalı təşkilat tərəfindən Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yerləşən şirniyyat sexinin qazlaşdırılmasına dair işçi layihə hazırlanmışdır. Lakin texniki şərtdə göstərilən tələblər (borcun ödənilməsi) İddiaçı tərəfindən tam yerinə yetirilmədiyinə görə qazın alqı-satqısına dair müvafiq müqavilə bağlanılmamış və qeyriyaşayış sahəsi təbii qazla təchiz edilməmişdir. Həmçinin iş materiallarında olan, iddiaçının (X5) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli “İstehlakçının qaz təsərrüfatının İnventar akt”-ında qeyd edilir ki, obyektin qaz xətti mənbəyə qoşulub, obyekt təbii qazdan istifadə etmir, obyektdə bu kodda olan (**********00370) qaz sayğacı Bakı RQSD-nm Sabunçu Şöbəsi tərəfindən çıxarılmışdır. Buna baxmayaraq, yaşayış sahəsi üçün nəzərdə tutulmuş abonent kodu, qeyri yaşayış sahəsi üçün mənə verilmiş, həmin abonent kodu üzrə abonent isə mən yox, başqa bir şəxs - X1 adınadır. Həmin şəxsin adına isə 4334,55 manat məbləğində borc vardır. Mənə düzgün olmayan abonent kodunun verilməsi və həmin abonent kodunda borc məbləğinin mövcudluğunu, şirniyyat sexinə quraşdırılan sayğacdan təyinatı üzrə istifadə etməyimə və alqı-satqı müqaviləsi bağlamağıma maneçilik yaradır. Bakı Regional Qazın Satış Departamentinin mənə ünvanladığı cavab məktubunda qeyd edilir ki, təqdim edilmiş icra sənədlərini nəzərə alaraq istehlakşı ilə təbii qazın alqı-satqısı barədə müqavilə bağlandıqdan sonra “X3 Təhlükəsizlik Qaydaları” na riayət etməklə Bakı RQİD-nin cavabdehliyi ilə qeyri-yaşayış sahəsinə təbii qazın verilməsinə etiraz etmir. Belə ki, hazırki mübahisəyə dair işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, iddiaçının hüquqi marağı Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində Ə.Ələkbərov küçəsində yerləşən şirniyyat sexinin qazla təmin olunması məqsədi ilə yeni abonent kodunun açılması və “qazın alqı-satqısı”na dair müqavilənin bağlanması və təbii qazın verilməsinin təmin olunmasından ibarətdir. İşin faktiki halları və iş materialları ilə müəyyən edilir ki, iddiaçının yeni abonent kodu verilməsinin və qazın alqı-satqısına dair müqavilənin bağlanmasını tələb etdiyi şirniyyat sexinin yerləşdiyi ünvan üzrə istehlakçı kimi qeydiyyatda olan X4 tərəfindən fərdi yaşayış evi üçün abonent kodu alınaraq, X4 ilə cavabdeh arasında müqavilə münasibətləri mövcud olmuş, həmin müqavilə münasibətlərinə görə qeyd edilən obyektdə təbii qazdan istifadə olunmuş və istifadə edilmiş təbii qaz sərfiyyatına görə cavabdehə 4334,55 manat borcu yaranmışdır. Sonradan qeyd edilən ünvan üzrə iddiaçı X1 adına olan **********00370 nömrəli abonent kodunun yeni abonent kodu ilə əvəz edilməsi, “qazın alqısatqısı" na dair müqavilə bağlanması və təbii qazın verilməsinin təmin olunması barədə tələblə müraciət etmişdir. Halbuki işin faktki hallarından da görünür ki, sözügedən ünvana qazın təchizatı ilə bağlı cavabdeh inhisar subyekti olaraq əvvəllər abunə kodu açmış və qazın təchizatı ilə bağlı müvafiq müqavilə olmuşdur. Belə ki, iddiaçının tələbi artıq eyni predmetlə bağlı müqavilə münasibətinin davam etdirilməsi məqsədini güdür. Dolayısı yolla desək, iddiaçının tələbinə münasibətdə cavabdeh inzibati orqanla onun arasında publik hüquq münasibəti yaranmamışdır. Cavabdeh həmin fəaliyyəti istehlakçılar ilə bağladığı müqavilələr əsasında və əvəzi ödənilməklə həyata keçirir. Nəzərə almaq lazımdır ki, müqavilə münasibətlərindən yaranan mübahisələr inzibati məhkəmələrin predmet aidiyyəti ilə əhatə olunmur. Həmçinin qeyd edilməlidir ki, mövcud qanunvericiliyə əsasən müqavilə inzibati akt hesab edilmədiyindən onun mübahisələndirilməsi inzibati məhkəmə icraatının predmeti deyil. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 5.2 bəndində Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılması təsbit olunmuşdur. Bununla yanaşı məhkəmə vurğulayır ki, həmin qərarının 13-cü bəndində qeyd edilir ki, nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Odur ki, işə baxılan zaman “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli 04 nömrəli qərarında qeyd edilən mövqeyi və Mülki Prosessual Məcəllənin 24-26-cı maddələrinin tələbləri nəzərə alınmaqla işin məhkəmə aidiyyəti müzakirə edilməli, bundan asılı olaraq mübahisə üzrə qərar qəbul etməlidir. Məhkəmə qeyd edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Məhkəmə qeyd olunan tövsiyələri nəzərə alaraq hazırki iş üzrə də eyni yanaşmanın tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin qeyd olunmalıdır ki, inzibati icraat inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətdir. Məhz qeyd edilən fəaliyyət sahəsində inzibati orqanlar inzibati prosessual qaydada inzibati məsuliyyət daşıyırlar. Belə ki, Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsinin 6-cı bəndində əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Belə ki, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın publik hüquq sahəsindəki fəaliyyəti ilə əlaqədar yaranmış mübahisələrə baxıldığından müqavilə öhdəlikləri ilə bağlı mübahisələr inzibati icraatın predmetini təşkil etmir. Hazırki iddia üzrə mübahisə publik hüquq münasibətlərini tənzimləyən normalarla deyil, xüsusi hüquq münasibətlərini tənzimləyən normalar vasitəsilə nizama salınmalıdır. İddia ərizəsindən və iş materiallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə publik hüquq münasibəti kimi qiymətləndirilməməli və mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçı bir istehlakçı olaraq adına abunə kodunun açılmasını və onunla qazın alqı-satqısı müqaviləsinin bağlanmasını tələb etdiyi ünvanla bağlı olaraq qazpaylayıcı arasında artıq belə münasibət əvvəllər mövcud olduğundan və hazırda qoyulan tələb müqavilə münasibətlərindən irəli gələn mübahisəyə aid olduğundan həmin tələbə ümumi (rayon) məhkəmə tərəfindən mülki məhkəmə icraatı qaydasında baxıldığından, iddiaçı hazırki tələblə müvafiq məhkəməyə müraciət etməlidir. İddiaçıya müqavilə münasibəti ilə bağlı mübahisə üzrə müvafiq ümumi məhkəməyə müraciət olunması izah olunur. İddianın qeyri mümkün sayılması mümkünlük şərtlərinə əməl etməklə yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 8.1-8.4-cü bəndlərində qeyd edilir ki, 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Bundan başqa «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə əsasən inzibati məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş inzibati və mübahisələrə dair işlərə baxır. Belə ki, İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İddiaçıya izah edilsin ki, müqavilə öhdəlikləri inzibati məhkəmə icraatının predmetini təkil etmir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn müqavilə öhdəlikləri ilə bağlı müvafiq ümumi (rayon, şəhər) məhkəməyə müraciət edə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-3728/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3728/2023
08.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver