Məhkəmə qərarları › İş №2-1(112)-3728/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3728/2025

27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3728/2025 27.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti kimi kompensasiya verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X3 və X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti kimi ona kompensasiya verilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə AR Müdafiə Nazirliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işləyən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının və işçilərinin vəzifə maaşlarına verilən artımın məbləği İdarəetmə məntəqəsi rəisi vəzifəsi üçün qanunla müəyyən olunan və vəzifədə xidmət etdiyi dövrdə ödənilməyən artımın məbləği həcmində ona kompensasiya ödənilməsi, müəyyən olunan artımla əlaqədar Maliyyə və Büdcə İdarəsi tərəfindən pensiya yenidən hesablanması və pensiyanın yenidən təyin edilməsi üçün məlumat vərəqi müvafiq icra hakimiyyəti orqanına (Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Ordusu sıralarından ehtiyata buraxılmış, pensiyaçıdır. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin qanunazidd hərəkətləri və hərəkətsizliyi nəticəsində hüquqlarının və qanunla qorunan maraqlarının pozulması səbəbindən pensiya hüququndan tam istifadə edə bilmir. Azərbaycan Ordusundan ehtiyata buraxılarkən N nömrəli hərbi hissədə sonuncu icra etdiyim İdarəetmə məntəqəsinin rəisi vəzifəsi kəşfiyyat subyektinə aid olduğu üçün hərbi xidmətim zamanı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunun müvafiq maddəsinə uyğun vəzifə maaşına artım təyin olunmalı idi, lakin xidmət dövrümdə səbəbsiz olaraq həmin artım təyin olunmamışdır. Cavabdeh artımın ödənilməməsi barədə etiraz ərizəsində olan aşağıdakı səbəbi göstərib. “Müdafiə Nazirinin 13 fevral 2020-ci il tarixli və 21 dekabr 2021-ci tarixli məxfi əmrləri ilə təsdiq etdiyi “Kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları vəzifələrinin siyahılarına daxil edilməyib.” Bu səbəbdən iddiaçıya kəşfiyyat fəaliyyəti subyekti əməkdaşlarına nəzərdə tutulan pul əlavəsinin, həmçinin məxfiçiliyə görə əlavənin ödənilməsi mümkün deyil”. Artımın alınmamasına səbəb tutduğu vəzifənin Kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları vəzifələrinin siyahılarına daxil edilməməsi göstərilib. Lakin hal-hazırda həmin vəzifə siyahıya daxil edilərək artımı ödənilir. Xidmət dövründə İdarəetmə məntəqəsi bölməsinin adı hərbi hissə komandanlığı tərəfindən kəşfiyyat subyektləri əməkdaşlarının siyahısına daxil edilərək artımın ödənilməsi üçün aidiyyəti üzrə yuxarı komandanlığa göndərilsədə bölmənin adı siyahıdan əsassız olaraq çıxarılmışdır. Məsələnin hüquqi həlli üçün Müdafiə Nazirliyinin Hüquq İdarəsinə müraciət etmişdir. Hüquq İdarəsi aidiyyəti üzrə müraciətini MN Kəşfiyyat Baş İdarəsinə göndərmişdir. Kəşfiyyat Baş İdarəsi müraciətini cavablandırmamışdır. Bundan əlavə məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etmişdir. Nazirlər Kabineti tərəfindən məsələ ilə əlaqədar aidiyyəti üzrə Müdafiə Nazirliyinə dəfələrlə sorğular göndərilmişdir. Lazımi cavab ala bilmədiyi üçün Nazirlər Kabinetindən məsələnin məhkəmə qaydasında həlli barədə ona məsləhət verilmişdir. Aşağıdakı səbəblərə görə ştat üzrə vəzifəm (xidmət etdiyi bölmə) kəşfiyyat subyekti hesab olunur: Xidmət etdiyi hərbi hissə “Kəşfiyyat briqadasıdır”, Kəşfiyyat birqadası Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinə tabedir, xidmət etdiyim bölmə Kəşfiyyat briqadasının tərkibindədir, radiokəşfıyyat və radiomaneə ixtisası üzrə həm təhsil almış, həm də xidmət etmişdir (kəşfiyyat üzrə ixtisasını dəyişməmişdir); tabeliyində olan İdarəetmə məntəqəsi rəisinin radioelektron kəşfiyyat üzrə baş köməkçisi, İdarəetmə məntəqəsi rəisinin radioelektron kəşfiyyat üzrə köməkçisi, İdarəetmə məntəqəsi rəisinin radiotexniki kəşfiyyat üzrə köməkçisi vəzifələri təyinat üzrə kəşfiyyat subyektinin əməkdaşlarına aiddir; hərbi xidməti zamanı radiokəşfiyyat və radioelektron mübarizə ixtisası üzrə 1-ci məharət dərəcəsinin imtahanından keçdiyim üçün maaş artımını almış və pensiyasına hesablanıb. Xidmət dövründə artımın ödənilməməsinə səbəb aidyyəti məsul şəxs tərəfindən öhdəliyin pozulması göstərilib, öhdəlik qanunla tələb olunan İdarəetmə məntəqəsinin rəisinin vəzifəsini siyahıya qanunsuz olaraq daxil etməməklə pozulub. MN N saylı hərbi hissəsi (Kəşfiyyat Baş İdarəsi) sonuncu İdarəetmə Məntəqəsi vəzifənin Kəşfiyyat fəaliyyəti subyektinə aid olmasını etiraz ərizəsi ilə təkzib etmir, qəbul və təsdiq edir. Bundan əlavə N saylı hərbi hissə komandirinin imzaladığı arayışında göstərilib ki “ehtiyatda olan polkovnikleytenant İddiaçı sonuncu tutduğu vəzifə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” subyekti əməkdaşlan vəzifələrinin siyahısına daxil edilmişdir”. Qeyd edir ki, bundan öncə xidmət etdiyi vəzifələrdə kəşfiyyat və əks- kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının və işçilərinin vəzifə maaşlarına nəzərdə tutulan artımı almışdır. Vaxtaşırı olaraq bəzi vəzifələrin kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının siyahısından qanunsuz olaraq çıxarılması və sonradan təkrar daxil edilməsi müşahidə olunmuşdur. 2021-ci ilin oktyabrında mən ordudan tərxis olunduqdan sonra İdarəetmə məntəqəsi bölməsinin vəzifələrinə artım bərpa olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri məhkəməyə təqdim olunmuşdur. Cavabdeh inzibati orqanların iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): AR Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-25-19/2-3564/2024 №-li iddia tələbinə dai yazılı etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə daxil olmuş Bakı İnzibati Məhkəməsinin, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "yeni məlumat vərəqinin göndərilməsi" (pensiyanın yenidən hesablanması məqsədilə) tələbinə dair 2-1(112)-13442/2023 nömrəli inzibati iş üzrə iddia ərizəsinə baxılmışdır. Qeyd olunan inzibati işin davamı yekunlaşdırılaraq məhkəmənin xx.xx.2024-cü il tarixdə 2-1(112)-2194/2024 №li Qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə 2-1 (112)-2194/2024 №li Qərardan apellyasiya şikayəti vermişdir. Hal hazırda 2-1(103)-3507/2024 №li işə şifahi icraat qaydasında Bakı Apellyasiya Məhkəməsində baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.4-cü maddəsinə əsasən “iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir.” Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. AR Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli 3-25-19/2-56/2025 №-li iddia tələbinə dai yazılı etirazı onunla əsaslandırılmışdır ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə uyğun olaraq verilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2005-ci il tarixli 186 Nəli fərmanına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyəti üzrə subyekt müəyyən edilmişdir. Həmçinin, həmin Qanunun 7-ci maddəsində qeyd olunan kəşfiyyat və əks- kəşfiyyat fəaliyyəti subyektlərinin əmakdaşlarına nəzərdə tutulmuş vəzifələrinin müəyyən edilməsi, yuxarıda qeyd olunan Fərmana əsasən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. (“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əkskəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2005-ci il tarixli 186 №li fərmanı: 1. «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa və öz əsasnamələrinə uyğun olaraq, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri aşağıdakılardır; 1.4. müvafiq dövlət orqanlarının aşağıdakı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən strukturları; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyətini; 2.1 «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 7.1.1—7.1.4-cü, 7.1.6—7.1.8-ci maddələrində nəzərdə tutulmuş vəzifələri (Maddə 7. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin vəzifələri); Maddə 6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri: 6.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri—Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 6.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.) Yuxarıda qeyd olunanlardan aydın olur ki, əməkdaşların siyahıları və onların vəzifələrinin müəyyən edilməsi Müdafiə Nazirinin diskresion səlahətidir və Müdafiə Nazirinin əmri ilə təsdiq edilir. Fərmanın icrası ilə bağlı mütəmadi olaraq (hər il və ya ildə bir neçə dəfə) Müdafiə Nazirinin əmri ilə Müdafiə Nazirliyində hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahıları təsdiq edilir. İddiaçının xidmət etdiyi dövrdə onun son tutduğu vəzifə hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahılarında olmadığı üçün "Kəşfiyyat və əks-kəşfiyyat haqqında" Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli 711-İİQ nömrəli Qanununda qeyd olunmuş imtiyazlar və hüquqların ona şamil edilməsi qanunsuz və əsasızdır. Məlumat üçün bildirilir ki, İddia təmin edildiyi təqdirdə, Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2005-ci il tarixli 186 №li fərmanının tələblərinin yerinə yetirilməsinə dair Müdafiə Nazirliyi tərəfindən verilən əmr və qərarlarının ləğv edilməsi anlamına gəlir və xidmətdə olan hərbi qulluqçular tərəfindən verilən əmr və qərarların yerinə yetirilməsinə şübhə ilə yanaşmasına gətirib çıxarda bilər. Əlavə olaraq bildirir ki, iddia təmin edilsə, bu hal hərbi xidmətdən tərxis olunmuş, eləcə də hal-hazırda xidmətdə olan hərbi qulluqçuların çoxsaylı müraciətlərinə, məhkəmə mübahisələrinə və nəticədə külli miqdarda dövlət vəsaitinin qanunsuz və əsassız xərclənməsinə səbəb olacaqdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. AR Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli 3-25-19/2-67/2025 №-li iddia tələbinə dai yazılı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Ordusunda xidmət etmiş, Azərbaycan Respublikası müdafiə nazirinin 0146 nömrəli 13 avqust 2021-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq, N nömrəli hərbi hissənin İdarəetmə məntəqəsinin rəisi vəzifəsindən polkovnik-leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq, hərbi hissə komandirinin N nömrəli 21 avqust 2021-ci il tarixli əmri ilə 04 oktyabr 2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Onun xidmət illəri: təqvimlə - 27 il 01 ay 18 gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət - 03 il 11 ay 21 gün, ümumi xidmət illəri isə 31 il 01 ay 09 gün təşkil etmişdir. İddiaçı aylıq pensiyasının hesablanması üçün təminat xərcliyi (vəzifə maaşı - 635 manat, rütbə maaşı - 154 manat, xidmət illərinə görə 30 faiz əlavə - 236.70 manat, 1- ci məharət dərəcəsinə görə 25 faiz əlavə - 158.75 manat, ərzaq payı əvəzinə verilən pul kompensasiyası - 64 manat) 1248.45 manat miqdarında təşkil etmişdir. Bu məlumatlar tərəfimizdən tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmiş MN-15574 nömrəli “Məlumat vərəqi”ndə öz əksini tapmışdır. İddiaçı hərbi xidmətdən buraxıldığı günədək tutduğu sonuncu, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2021ci il tarixədək xidmət olduğu N nömrəli hərbi hissənin İdarəetmə məntəqəsinin rəisi vəzifəsi üzrə məxfiçiliyə görə əlavə almaq hüququna malik olmamış və ona məxfiçiliyə görə heç bir ödəniş olmamışdır. Yəni onun təminat xəcliyində məxfiçiliyə görə pul əlavəsi nəzərdə tutulmamış və müvafiq olaraq bu əlavəni almamışdır. (Əsas: NM № 034064 nömrəli pul attestatı). Belə ki, 01.01,2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş “məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işləyən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının və işçilərinin vəzifə maaşlarına əlavələrin müəyyən edilməsi haqqında” müdafiə nazirinin müvafiq əmrlərinə əsasən “N nömrəli hərbi hissənin İdarəetmə məntəqəsinin rəisi” vəzifəsi bu əmrlərlə müəyyən edilmiş subyekt əməkdaşlarının siyahısı tərkibində yer almamışdır. Daha sonra, bu vəzifə müdafiə nazirinin xx.xx.2023-cü il tarixli müvafiq əmrilə qüvvəyə minmiş “kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının və işçilərinin siyahısı”nda nəzərə alınmış və vəzifə maaşına 10 faiz əlavə müəyyən edilmişdir. Buna baxmayaraq, hesab edirik ki, “məxfiçiliyə görə əlavə”nin İddiaçı təminat xərcliyinə sonradan daxil edilməsi iddiası qanuna müvafiq deyildir. Belə ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin müddəalarına görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bununla, İddiaçı barəsində tərəfimizdən tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmiş MN-15574 nömrəli “Məlumat vərəqi”ndə onun hərbi xidmətdən buraxıldığı günə məhz tutduğu sonuncu vəzifəsi üzrə faktiki aldığı (məxfiçiliyə görə əlavə istisna olmaqla) təminat xərcliyi (pul təminatı) barədə məlumatların əks olunmasının qanuna uyğunluğu sübuta yetirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1-ci bəndində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması müəyyən edilmişdir. Həmin Qaydaların 2-ci bəndində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir.Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Bütün bunları nəzərə alaraq bildiririk ki, İddiaçı pensiyasının yenidən hesablanması üçün yeni məlumat vərəqinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi qanuna müvafiq deyildir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh AR Müdafiə Nazirliyinin nümayəndələri X5 və X6 ayrı-ayrılıqda məhkəmə iclasında tərəflərindən təqdim olunmuş iddia tələbinə dair yazılı etirazlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş qaydada iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan; Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2194/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı ehtiyata buraxıldığı N saylı hərbi hissənin İdarəetmə Məntəqəsi rəisinin vəzifə maaşının həmin hərbi hissənin polkovnik-leytenant ştatında olan digər döyüş təminatı (kəşfiyyat) bölmə komandirlərin (Radiokəşfiyyat və radioelektron mübarizə tabor komandirlərin və hərbi hissənin Komanda Məntəqəsi rəisi) və təminat bölməsi olan Texniki bölmə rəisinin vəzifə maaşı ilə bərabər tutulmaqla, yeni məlumat vərəqinin tərtib edilərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməmişdir. AR Müdafiə Nazirliyi N №-li hərbi hissənin xx.xx.2025-ci il tarixli, 3-25-8/1-851/25 №-li cavab məktubunda göstərilmişdir ki, ehtiyyatda olan polkovnik-leytenant İddiaçı sonuncu tutduğu vəzifə “İdarəetmə məntəqəsinin rəisi” vəzifəsi Azərbaycan Respublikası Müdafiə nazirinin 2020-ci il tarixli müvafiq əmrinə əsasən kəşfiyyat və əks- kəşfiyyat fəaliyyəti subyekti (əməkdaşları) vəzifələrinin siyahısına daxil edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti anlayışı və onun təyinatı 1.1. Kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir. 1.2. Kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının təmin edilməsinə və milli təhlükəsizlik siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasına yönəlmişdir. 1.3. Əks-kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətdir. 1.4. Əks-kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının həyata keçirilməsinə mane olan və ya bu maraqlara təhlükə yaradan şərait, proses və amillərdən qorunmasına yönəlmişdir. ... Maddə 6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri 6.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 6.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 6.3. Digər müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin müraciəti əsasında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsində iştirak edirlər. ... Maddə 14. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları 14.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. 14.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. 14.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə, hərbi nizamnamələrə və digər hərbi qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirdikləri vəzifələrin xüsusiyyətləri nəzərə alınmaqla həqiqi hərbi xidmət keçirlər. ... Maddə 20. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının sosial müdafiəsi ... 20.11. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. Azərbaycan Respublikası Prezidentinin “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” 28 yanvar 2005-ci il tarixli 186 nömrəli Fərmanı

1. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və öz əsasnamələrinə uyğun olaraq, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri aşağıdakılardır: 1.1. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti (kəşfiyyat fəaliyyətinin subyekti); 1.2. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (əks-kəşfiyyat fəaliyyətinin subyekti); 1.3. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti (mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi, habelə Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinin əks-kəşfiyyat təminatının həyata keçirilməsi (texniki sahədə həmin Xidmətlə birlikdə) sahəsində əks-kəşfiyyat fəaliyyətinin subyekti); 1.4. müvafiq dövlət orqanlarının aşağıdakı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən strukturları: 1.4.1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyətini; 1.4.2. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin dövlət sərhədinin mühafizəsi ilə əlaqədar kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini; 1.4.3. Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinin texniki sahədə əks-kəşfiyyat fəaliyyətini.

MƏHKƏMƏNİN MÖVQEYİ

Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi sonuncu xidmət etdiyi İdarəetmə məntəqəsi rəisi vəzifəsi üçün kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının və işçilərinin vəzifə maaşlarına verilən artımın məbləği qanunla müəyyən olunan və vəzifədə xidmət etdiyi dövrdə ödənilməyən artımın məbləği həcmində ona kompensasiya ödənilməsinə və müəyyən olunan artımla əlaqədar Maliyyə və Büdcə İdarəsi tərəfindən pensiya yenidən hesablanması və pensiyanın yenidən təyin edilməsi üçün məlumat vərəqisinin yenidən göndərilməsinə nail olmaqdan ibarətdir. İddia tələbinin hüquqi əsası isə iddiaçının sonuncu xidmət etdiyi İdarəetmə məntəqəsi rəisi vəzifəsinin “Kəşfiyyat fəaliyyətini” həyata keçirən vəzifələrin siyahısında iddiaçının tutduğu vəzifənin olub-olmaması təşkil edir. Bununla bağlı isə qeyd edilməlidir ki, kəşfiyyat və əks-kəşfiyyat subyektləri - dövlətin milli təhlükəsizliyini təmin edən, kəşfiyyat və əks kəşfiyyat fəaliyyətini həyata keçirməyə səlahiyyəti olan dövlət orqanlarıdır. Həmçinin “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun tələbinə görə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində hərbi xidmətə (işə) könüllülük əsasında şəxsi və iş keyfiyyətlərinə, peşə yararlığına, fiziki hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə bu subyektlərin üzərinə düşən vəzifələri yerinə yetirməyə qadir olan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. Eyni zamanda, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanunu və Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2005-ci il tarixli 186 №-li Fərmanı Azərbaycan Respublikasının müdafiə naziri qanunla müəyyən olunmuş səlahiyyətlər çərşivəsində hər il məxfi əmr ilə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” subyektləri əməkdaşları hesab olunan vəzifələri elan edir. Həmin vəzifələrin müəyyən edilməsi üçün hər ilin sonunda bütün komandanlıqlar, qoşun, qüvvə və idarələr tabeliyində olan və kəşfiyyat fəaliyyəti həyata keçirən vəzifələrin siyahılarını raportla AR Müdafiə Nazirliyinin N saylı hərbi hissəyə (Kəşfiyyat Baş İdarəsinə) göndərirlər. Öz növbəsində N nömrəli hərbi hissədə həmin siyahılar nəzərdən keçirilir, ümumiləşdirilir və əmrə salınması üçün Müdafiə nazirinə təqdim olunur. N nömrəli hərbi hissənin 2020-2021-ci il üçün raportla təqdim etdiyi “Kəşfiyyat fəaliyyətini” həyata keçirən vəzifələrin siyahısında iddiaçının tutduğu vəzifə (idarəetmə məntəqəsinin rəisi) vəzifəsi göstərilməmişdir. Bu da onu sübut edir ki, “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti” subyektləri əməkdaşlarının siyahıları iddiaçının iddia etdiyi kimi ”hərbi uçot ixtisası”ndan yox, həyata keçirdiyi kəşfiyyat fəaliyyətindən aslıdır. Göründüyü kimi, Nazirlər Kabinetinin 2005-ci il 28 yanvar tarixli, 186 nömrəli qərarı Müdafiə nazirinə diskresion səlahiyyət əsasında “Kəşfiyyat fəaliyyətini” həyata keçirən vəzifələrin siyahısını müəyyən etməyə ixtiyar verir. Eyni zamanda hərbi qulluqçunun hərbi hissə rəhbərliyinin mülahizəsindən asılı olaraq “Kəşfiyyat fəaliyyətini” həyata keçirən vəzifələrin siyahısının müəyyən edilməsinə münasibətdə isə nəzərə alınmalıdır ki, hərbi qulluqçuya həvalə edilmiş vəzifələrinin icrasının xarakteri həmin siyahıya daxil ediləcəyi qənaətinə gəlmək inzibati orqanın diskresion səlahiyyətinə müdaxilə təşkil etmiş olar. Başqa sözlə, hərbi hissə rəhbərliyinin və AR Müdafiə Nazirliyininin qiymətləndirməsi ilə hərbi qulluqçunun vəzifəsinin icrası ilə bağlı həyata keçirdiyi kəşfiyyat fəaliyyətindən asılı olmaqla, müvafiq əmrlə Kəşfiyyat fəaliyyətini” həyata keçirən vəzifələrin siyahısına daxil edilir. Cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi halları müəyyən edilməmişdir Bununla bağlı isə məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqana diskresion səlahiyyətlər əsasında qərar qəbul etmək vəzifəsi və hüququ, inzibati aktın qəbulu zamanı maddi hüquq normasının tətbiqi şərtlərini özünün qiymətləndirməsinə əsasən müəyyən etmək və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı qiymətləndirmə azadlığı vermişdir (İPM-in 73.3.1 və 73.3.2-ci maddələri). Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Başqa sözlə, məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Belə ki, iddiaçının sonuncu xidmət etdiyi İdarəetmə məntəqəsi rəisi hərbi qulluqda olduğu dövrdə “Kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları vəzifələrinin Siyahısı”nda mövcud olmamış və iddiaçı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı isə hərbi xidmətdən təxris olunduqdan sonra onun xidmət etdiyi İdarəetmə məntəqəsi rəisi vəzifəsinin “Kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları vəzifələrinin Siyahısı”na daxil edilməsi iddiaçını xeyrinə dəyişmir. Belə ki, “Kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları vəzifələrinin Siyahısı”na vəzifələr hərbi qulluqçunun vəzifəsinin icrası ilə bağlı həyata keçirdiyi kəşfiyyat fəaliyyətindən asılı olmaqla daxil edilir. Belə olduqda məhkəmə hesab edir ki, iddiaçının sonuncu xidmət etdiyi İdarəetmə məntəqəsi rəisi vəzifəsi sonuncu xidmət etdiyi kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hesab olunmadığından, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Nəzərə alınmaldır ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinə əsasən, yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajı Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablana bilər. Beləliklə, iddiaçının sonuncu xidmət etdiyi İdarəetmə məntəqəsi rəisi vəzifəsi sonuncu xidmət etdiyi kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hesab olunmadığından iddiaçı xüsusi xidmət orqanlarının əməkdaşı olaraq xidmətdə olduğu dövrdə peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə əlavə, eləcə də məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya məlumat daşıyıcıları ilə işləməyə görə əlavələrin ödənilməsi, müəyyən olunan artımla əlaqədar Maliyyə və Büdcə İdarəsi tərəfindən pensiya yenidən hesablanması və pensiyanın yenidən təyin edilməsi üçün məlumat vərəqisinin yenidən göndərilməsi tələbinin hüquqi əsası mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamışdır, cavabdehin imtinası qanunazidd oluş və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur, imtina mövcud inzibati praktikaya uyğun olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır

NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti kimi ona kompensasiya verilməsi”nə dair iddia tələbi təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar