Məhkəmə qərarları › İş №2-1(112)-373/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-373/2021

03.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-373/2021 03.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X6) “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X6) iddia ərizəsi ilə məhkəməyə mürciət edərək, cavabdeh inzibati orqan tərəfindən 3-cü şəxsə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Maqomayev küçəsi, 75 ünvanda yerləşən evə dair ********** nömrəsi ilə qeydə alınan xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Maqomayev küçəsi 75 saylı ev hazırki iş üzrə 3-cü şəxsin mərhum anası Bağırova Hökümə Məşədi qızının atası X3 məxsus olmuşdur. Sonradan həmin tikili əvvəlcə kolxozun, sonra isə sovxozun balansında olmaqla iddiaçının ailəsinin istifadəsinə verilmişdir. xx.xx.1990-cı il tarixli Əzizbəyov rayon xalq məhkəməsinin qərarına əsasən X1 şəxsi mülkiyyət hüququ bərpa edilmişdir. İddiaçı dərhal bu qərarın əsasında xx xxx 1991-ci ildə həmin evə çıxarış almışdır. Sonra prokurorluğun nəzarət qaydasında verdiyi protestə əsasən həmin məsələyə baxılarkən qanun pozuntusuna yol verildiyinə görə həmin qərar Bakı şəhər məhkəməsi tərəfindən ləğv olunmuş və baxılması üçün Əzizbəyov rayon xalq məhkəməsinə göndərilmişdir. xx xxxxxx 1992-ci ildə işə yenidən baxan Əzizbəyov rayon xalq məhkəməsi iddia tələblərinin rədd edilməsi haqqında qərar qəbul etmiş və bu qətnamə də kassasiya qaydasında öz qüvvəsində saxlanılmışdır. Lakin iddiaçının tələbinin təmin edilməsi haqda qərar ləğv edilsə də, bunun əsasında əldə edilmiş çıxarış iddiaçıların əlində (özlərində) qalmışdır. Azərbaycan SSR Ali Sovetinin göstərişi ilə 1992-ci ildə Azərbaycan Respublikası Baş Prokurorluğunun protesti əsasında kassasiya qaydasında işə yenidən baxılmış və 3-cü şəxsin (miras qoyanın) xeyrinə qəbul edilmiş qətnamə ləğv edilmişdir. Lakin əldə edilmiş çıxarış onların əlində qalmış və bunun əsasında hazırki iş üzrə 3-cü şəxsə vərəsəlik şəhadənaməsi verilmiş və bunun əsasında o, faktiki ləğv edilmiş və qüvvədə olmayan çıxarış əsasında mirası qəbul etmiş və təkrar çıxarış almışdır. Beləliklə, cavabdeh inzibati orqan mövcud olmayan miras əmlaka dair təkrar qeydiyyat aparmış və 3-cü şəxsə çıxarış vermişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 izahatında bildirdi ki, mübahisələndirilən çıxarış üçüncü şəxsə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında verilmişdir. Mübahisələndirilən çıxarış, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat mülki-hüquqi əqd əsasında aparıldığı üçün hazırki iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə 3-cü şəxs X6 tərəfindən iddiaya dair etiraz daxil olmuşdur. Etirazı onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Maqomayev küçəsi 75 saylı ev mərhum anası Bağırova Hökümə Məşədi qızının atası, onun babası X3 məxsus olmuşdur. Babası 1918-ci ildə vəfat etmişdir. 1930-cu ildə həmin ev tədris mərkəzi, daha sonra sovxozun inzibati binası kimi istifadə olunmuşdur. Sonradan sovxozun yeni məntəqəsi inşa olunduğu üçün həmin ev sovxoz işçiləri üçün müvəqqəti yaşamaq üçün verilmişdir. Həmin ev 1978-ci ildə müvəqqəti yaşamaq üçün sovxozun işçisi X11 verilmişdir. Anası Bağırova Hökümə Məşədi qızı daha sonra öz evində yaşamaq istədiyi üçün X8 həmin evdən çıxmasını tələb etmiş və bununla bağlı Əzizbəyov rayon deputatları Soveti İcraiyyə komitəsinə müraciət etmişdir. X13 başqa mənzillə təmin ediləndən sonra yaşadığı mənzili tərk edəcəyini bildirmişdir. X20 yaşadığı mənzili tərk etməmişdir. Anası Hökümə Bağırova mübahisəli evə dair xx xxx 1991-ci il tarixli qeydiyyat vəsiqəsi almışdır. Anası xx xxxxxx 2009-cu il tarixdə ölməsinə baxmayaraq, o, həmin evi xx xxxxxx 2019-cu il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlak kimi qəbul etmiş və həmin ev xx xxxxxx 2019-cu il tarixli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Hazırda həmin evdə mərhum X8 arvadı İddiaçı yaşayır. Lakin onun həmin evə dair heç bir hüququ yoxdur. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Maqomayev küçəsi 75 saylı evə dair verilmiş xx xxxxxx 2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsini xahiş etsə də, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən çıxarış verilərkən onun hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamış və bununla bağlı heç bir sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və 3-cü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusu X12 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2009-cu il tarixdə ölmüş Bağırova Hökümə Məşədi qızının vərəsəsi qızı X6 - Bakı, Pirallahı, Pirallahı qəsəbəsi, Fioletov küçəsi, ev 32, mən. 1 (AZE 14516175, xx/xx/2013 - Pirallahı RPŞ, FİN:) və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx/xx/1991 tarixdə Bağırova Hökümə Məşədi qızına verilmiş 30/1386 qeydəalma nömrəsi ilə 01 nömrəli kitabın 144-cü səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Maqomayev küçəsi, 75 ünvanında yerləşən ümumi sahəsi 81.9 kv/m, yard.sah 39.9 kv.m, yaş.sah 42 kv.m olan 3 (üç) otaqlı fərdi yaşayış evindən ibarətdir (Reyestrdə 2V-342 nömrə ilə qeyd edilmiş və informasiya sisteminə daxil edilmişdir, vərəsəlik işinin nömrəsi 131). Həmin sənədlərdən görünür ki, Bağırova Hökümə Məşədi qızı da həmin əmlakı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən atası X2 miras olaraq qəbul etmişdir. Həmin sənədlərdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Maqomayev küçəsi, 75 ünvanda yerləşən fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququ X4 adına daşınmaz əmlakın dövlət reyestrində 493 nömrəli reyestr kitabının 46338 nömrəli vərəqində qeydiyyata alınmışdır, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il. İddiaçı çıxarışın ləğv edilməsini tələb edir. Lakin «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 №-li Qərarının 17-ci bəndindən də göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddiaçının mübahisələndirdiyi çıxarışla əlaqədar daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat isə (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il) mülki-hüquqi əqdin - qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin əsasında aparılmışdır. Belə olan halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın aparılmasının əsasını təşkil etmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə mübahisələndirilməlidir. İddiaçı tərəfindən qeyd olunan şəhadətnamə mübahisələndirilə bilər, həmin məsələlərin araşdırılması isə ümumi məhkəmələrin səlahiyyətlərinə aiddir, həmin məsələlər mülki məhkəmə icraatı qaydasında araşdırılmalıdır. Bu baxımdan hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 4 nömrəli, xx xxxxx 2015-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 15.3-cü bəndi ilə müəyyən olunmuşdur ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Həmin Qərarın 17-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 5 nömrəli, xx xxxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17-ci bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır; 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar