Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3730/2021 29.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirаkları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması, düzgün hesablanmama nəticəsində alınmamış pensiya məbləğinin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.09.1983-cü il tarixdən 15.07.1984-cü il tarixədək aldığı peşə təhsili müddətinin sosial sığorta stajına daxil edilməsi, iş stajına və alınan əmək haqqına müvafiq olaraq pensiyanın yenidən hesablanması və pensiyanın düzgün hesablanmaması nəticəsində alınmamış pensiya məbləğinin birdəfəlik ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmişdir. Daha sonra İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlər sırasından əsl cavabdeh olmayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinin çıxarılmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o xx.xx.1963-cü il tarixdə İsmayıllı rayonunda anadan olmuşdur. 01.09.1983-cü il tarixdən 15.07.1984-cü il tarixədək 62 saylı Texniki Peşə məktəbində təhsil almışdır. 16.07.1984-cü il tarixdə “Azon” zavoduna mikrosxemlərin və cihazların yığıcısı peşəsinə işə qəbul olunmuş və 06.05.2005-ci il tarixdə işdən azad olunmuşdur. İşlədiyi bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarının 2 saylı siyahısının XVİ bölgüsünə, istehsalatda zərərli maddələrlə işləyən sahəyə : şifr 2170200a, kod 18138-ə və 23.01.2007-ci il tarixli 12 saylı qərarının 13.1 (a) bölməsinə daxildir. 52 yaşı tamam olduqdan sonra ona Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 22 sentyabr 2016-cı il tarixli 1927 saylı qərarı ilə 30.12.2015-ci il tarixdən etibarən 143,40 (yüz qırx üç manat 40 qəpik) manat məbləğində ömürlük pensiya təyin edilmişdir. Pensiya təyin olunarkən peşə məktəbində aldığı təhsil müddəti iş stajına daxil edilməmiş, pensiyanın məbləği hesablanarkən əmək haqqı nəzərə alınmamış, hüquqları pozulmuşdur. Yol verilən hüquq pozuntularının aradan qaldırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə müraciət etsə də bugünədək müraciətinə heç bir münasibət bildirilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Cavabdehin 31 mart 2021-ci il tarixli, **********5 saylı etiraz ərizəsi məhkəməyə 18 may 2021-ci il tarixdə daxil olmuşdur. Cavabdeh yazılı etirazda Əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanununun müvafiq normalarına istinad edərək iddianın əsassız olduğunu, əmək haqqına əsasən pensiya hesablanması qaydasının 2010-cu il yanvar ayının 1-dək qüvvədə olduğunu, iddiaçıya ilkin pensiyanın 30.12.2015-cü ildən təyin edildiyini qeyd edərək, iddiaçıya münasibətdə əmək haqqı ilə pensiya hesablanması mümkün hesab olunmadığını qeyd etmişdir. Baki İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci tarixli, 2-1(112)-3730/2021 saylı qərardadı ilə iddiaçının iddia tələbi üzrə “01.09.1983-cü il tarixdən 13.07.1984-cü il tarixədək peşə təhsili müddətinin sosial sığorta stajına daxil edilməsi və pensiyanın yenidən hesablanması” hissəsində iş üzrə icraata xitam verilmişdir. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın əsassız olduğunu, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan poçt qəbzinin surətindən aydın olur ki, İddiaçı iddia tələbi üzrə cavabdeh orqana 09.07.2020-ci il tarixdə müraciət etmiş, lakin inzibati orqan hərəkətsizlik göstərərək müraciətə cavab verməmişdir. Məhkəmə sorğusu əsasında təqdim edilmiş pensiya işindən görünür ki, İddiaçı 30.12.2015-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilmişdir. İddiaçının hüquqi marağı ona təyin edilmiş pensiyanın əmək haqqına uyğun olaraq yenidən hesablanmasından ibarətdir. İddiaçı sübut qismində müvafiq sahə üzrə ixtisasının olduğuna dair təhsil diplomunu, əmək kitabçasının surətini və iş yerindən arayışı təqdim etmişdir. Beləliklə, işin araşdırılmış hallarından görünür ki, iddiaçı pensiyaçıdır. Müraciəti əsasında 30.12.2015-ci il tarixdən pensiya təyin edilmişdir. Son olaraq 02.06.2021-ci il tarixdən yenidən hesablanma nəticəsində 259,78 manat pensiya hesablanmışdır. İddiaçı texniki peşə təhsilli bir işçi kimi uzun illər ağır şəraitdə, zərərli sahədə çalışdığını, həmin müddət ərzində yüksək əmək haqqı aldığını bildirərək, hazırki əmək pensiyasının əmək haqqına əsasən hesablanmasını xahiş edir. Əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana müraciət etmiş, inzibati orqan müraciəti təmin etməmişdir. 1 yanvar 2010-cu il tarixdə qüvvəyə minmiş dəyişiklik olunanadək "Əmək pensiyaları haqqında" Qanunun 10.2-ci maddəsində qeyd edilirdi ki, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PS+(PSK/T), burada SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir. PS-bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir, PSK sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu barədə qeydə alınmış pensiya kapitalıdır, T-göstərilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun (01.01.2010-cu ıl tarixdə qüvvəyə minmiş dəyişiklik olunanadək) 27-cı maddəsində göstərilmişdir ki, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu Qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu Qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə və 27-maddəsinə əsasən, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD Qanununa müvafiq olaraq edilmiş dəyişiklik 01.01.2010-cu il tarixdən qüvvəyə minmiş, bu dəyişikliklərlə 01.01.2006-cı il tarixdən qüvvədə olan pensiya hesablamalarının aparılması qaydası dəyişdirilmiş, pensiya hesablanarkən əmək haqqına istinad edilməsi aradan qaldırılmışdır. İş üzrə müəyyən edilir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə etməsi hər bir halda 01.01. 2010-cu il tarixdən sonrakı dövrə -30.12.2015-ci il tarixə təsadüf edir və iddiaçı isə qanuna müvafiq dəyişikliyin edildiyi 01.01.2010-cu il tarixədək qazanılmış pensiya hüququ əldə etmədiyindən, 01.01.2010-cu il tarixdən sonra yaranmış pensiyanın məbləği isə həmin tarixdən qüvvədə olan qanunvericiliyə uyğun olaraq hesablanmadığından, iddiaçının tələbi əsassızdır Belə olan halda qeyd olunanlara əsasən iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal baş verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “alınan əmək haqqına müvafiq olaraq pensiyanın yenidən hesablanması, düzgün hesablanmama nəticəsində alınmamış pensiya məbləğinin birdəfəlik ödənilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33-cü, 68-ci, 69-cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-3730/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3730/2021
29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver