Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3732/2020 08.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 (hüquqşünas, Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev küçəsində qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti) qarşı çıxarışın və plan-ölçünün verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan ünvanında yerləşən 967 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmaqla bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3618/2019 saylı, 28 oktyabr 2019-cu il tarixli qərarına əsasən iddia tələbi təmin edilmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirərək ünvan ünvanında yerləşən 1767 kv.metr torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və planölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3618/2019 saylı, 29 noyabr 2019-cu il tarixli qərardadına əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 3618/2019 saylı, 28 oktyabr 2019-cu il tarixli qərarının təsviri, əsaslandırıcı və nəticə hissələrindəki yalnışlığın düzəldilməsi və qərarın təsviri, əsaslandırıcı və nəticə hissələrinin “ünvan ünvanında yerləşən 1767 kv.metr torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi kimi oxunması qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3618/2019 saylı, 28 dekabr 2019-cu il tarixli qərardadına əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 3618/2019 saylı, 28 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilərək, işə mahiyyəti üzrə baxılması təzələnmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan üzərində yaranmış mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmış və buna dair çıxarış verilmişdir. Həmin torpaq sahəsinə bitişik 767 kv.metr torpaq sahəsi halhazırda onun istifadəsindədir. Həmin sahə ilə bağlı hər hansı mübahisə yoxdur. Qanunvericiliklə müvafiq sənədləri toplayıb cavabdeh idarəyə təqdim etmiş, lakin idarə tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdeh idarənin ona verdiyi imtina cavabı onun konstitusion hüquqlarını pozur. Tərəfindən qanunvericilikdə tələb olunan hüquqmüəyyənedici sənədləri cavabdeh inzibati orqana təqdim edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçıya verilmiş imtina məktubunda göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan ndə yerləşən 0,08 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 544 nömrəli reyestr kitabının 51476 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli, 055 saylı qərarı ilə təsdiq edilmiş eskiz layihəyə əsasən ünvan ünvanında yerləşən torpağın sahəsi 967 kv.metr kimi qeyd olunmuşdur. Hazırki işin hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş **********32 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1094 saylı 0,08 ha ölçülü bağ sahəsinə bitişik 1767 kv.metr torpaq sahəsinin istifadəsində olduğunu əsas göstərərək, həmin torpaq sahəsinin onun adına qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarışın və planölçünün verilməsini tələb edir. Məhkəmə araşdırması zamanı ünvan ünvanında yerləşən həmin torpaq sahəsinin hazırda kimin adına daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınması və buna əsas olmuş sənədlərin təsdiq edilmiş surəti sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 21 iyul 2020-ci il tarixli, **********5 saylı imtina məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivi ünvanında yerləşən 967 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat İdarənin arxivində aşkar olunmamışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********02 saylı imtina məktubundan görünür ki, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1094 saylı bağ sahəsində olan əlavə torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı poçt vasitəsilə daxil olmuş ərizəsinə baxılmış və bildirilmişdir ki, əlavə torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarxli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrində haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən daşınmaz əmlaka hüquqmüəyyənedici sənədləri mövcud olmadığından, cavabdehin imtinası əsaslı olmuşdur. İddiaçı ünvan nə bitişik 1767 kv.metr torpaq sahəsinin onun istifadəsində və sahibliyində olmasını əsas gətirərək, həmin torpaq sahəsi üzərində mülkiyyə hüququnun qeydə alınmasını tələb edir. Lakin torpaq sahəsinin hər hansı qanuni əsasla iddiaçının istifadəsində və sahibliyində olması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Torpaq sahəsinin hər hansı qanuni əsas olmadan iddiaçının istifadəsində olması, həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınması üçün əsas deyildir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar sadalanmaqla, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan sübutların dairəsini müəyyənləşdirir. Həmin normada əks olunan əsaslardan isə hər hansı biri iddiaçı tərəfindən nə cavabdehə, nə də məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ona məxsus olduğunu iddia etdiyi özbaşına zəbt etdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etsə də, həmin torpaq sahəsinin qanunvericliklə müəyyən edilmiş qaydada onun adına qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədi mövcud deyildir. Məhkəmə iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ünvan ünvanında yerləşən 1767 kv.metr torpaq sahəsi üzərində iddiaçının adına hər hansı hüquqmüəyyənedici sənəd olmadığından, iddia təmin edilə bilməz. Beləliklə, iddiaçının tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı sübut edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3732/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3732/2020
08.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver