Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3732/2021 30.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı «FİNCA Azerbaycan» MMQBKT üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla kompensasiyanın hesablanıb ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankına və "xxxx" QBKT MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" QBKT ilə onun arasında bağlanmış 23.10.2015-ci il tarixli, **********3262 saylı kredit müqaviləsi üzrə ona hesablanmalı olan 1052 manat 90 qəpik kompensasiyanın və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun tutularaq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh "xxxx" QBKT MMC-nin cavabdehlər sırasından çıxarılması, iddia tələbinin Mərkəzi Banka qarşı yönəldilərək Mərkəzi Bankın üzərinə "xxxx" QBKT ilə onun arasında bağlanmış **********3262 saylı kredit müqaviləsi üzrə ona hesablanmalı olan 1052 manat 90 qəpik kompensasiyanın və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun tutularaq ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Məhkəmənin 01.06.2021-ci il tarixli, 2-1(112)-3732/2021 nömrəli qərardadı ilə «FİNCA Azerbaycan» MMQBKT üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 23.10.2015-ci il tarixdə “FİNCA Azerbaycan” MMQBKT ilə **********3262 saylı kredit müqaviləsi bağlayaraq illik 22,91 faiz olmaqla 12 ay müddətinə ödəmək şərti ilə 1500 ABŞ dolları kredit götürmüşdür. Krediti götürdükdən sonra 2 ay ərzində 297,13 ABŞ dolları ödəmişdir. Bundan sonra 30.12.2015ci il tarixdə 23.10.2015-ci il tarixli, **********3262 saylı kredit müqaviləsinin restruktrizasiyasına dair saziş imzalanıb və onun kredit borcu Azərbaycan manatına kovertasiya olunub və qalıq borcu 1983.35 manat müəyyən olunubdur. 20.12.2015-ci il tarixli müqavilədən sonra hər ay 193 manat olmaqla 4 ay ərzində 772 manat ödəmişdir. Bundan sonra 24.05.2016-cı il tarixdə yenidən 30.12.2015-ci il tarixli, **********1070 saylı kredit müqaviləsinin restruktrizasiyasına dair saziş imzalanıb və qalıq borcu 1379,35 manat müəyyən olunubdur. Sonuncu müqavilədən sonra 8 ay ərzində hər 193 manat olmaqla ümumilikdə 1544 manat pul ödəmişdir. O, banka ümumilikdə 2627,9 manat pul ödəmişdir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən problemli kreditlər üzrə hesablanmış faiz və cərimələrin silinməsi tapşırılmışdır. Göründüyü kimi 23.10.2015-ci il tarixli, **********3262 saylı kredit müqaviləsi üzrə ona 1500 ABŞ dolları kredit verilmiş və həmin dövrə olan (1.05) məzənnə ilə bu da 1575 manat təşkil edir. Bankın özü tərəfindən verilmiş hesabdan çıxarışlardan görünür ki, o, ümumilikdə cavabdehə 2627,9 (iki min altı yüz iyirmi yeddi manat 90 qəpik) manat pul ödəmişdir. 1500 ABŞ dolları 23.10.2015-ci il tarixə olan məzənnə ilə manata çevirilsə 1575 manat təşkil edir. Göründüyü kimi ödədiyi 2627,9 manatdan 1575 manat çıxılmalı və cavabdeh tərəfindən kompensasiya şəklində ona 1052 manat 90 qəpik pul qaytarılmalı idi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddia tələbi üzrə verdiyi izahatında bildirmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında "xxxx" QBKT MMC ilə 23.10.2015-ci il tarixində 1.500,00 ABŞ dolları dəyərində kredit müqaviləsinin bağlanılması barədə qeydlər daxil edilmişdir. Lakin bu məlumatlar sırasında bank tərəfindən ikinci devalvasiya tarixinə borclunun kredit borcu barədə heç bir məlumat göstərilmədiyindən sonuncunun adına hər hansı kompensasiya məbləği hesablanmamışdır. İddiaçı ilə "xxxx" QBKT MMC arasında bağlanmış 23.10.2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı 21 dekabr 2015-ci il tarixinə 1388 ABŞ dolları məbləğində kredit borcunun mövcud olması və hazırda kredtit müqaviləsi üzrə öhdəliyinin qalmadığı müəyyən edilmişdir. Ona görə də İddiaçı ilə "xxxx" QBKT MMC arasında bağlanmış 23.10.2015-ci il tarixli kredit müqaviləsi üzrə 21.12.2015-ci il tarixdə baş vermiş devalvasiya gününə 1388 ABŞ dolları məbləğində əsas kredit borcunun ödənilməmiş olduğu nəzərə alınarsa, Fərmanın 1.2-ci bəndinə əsasən iddiaçının adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və ona 23.10.2015ci il tarixli kredit müqaviləsi üzrə 832,80 manat kompensasiyanın hesablanmasına etiraz edilmir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdarlıq edilmiş, iddiaçı İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilib iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, cavabdehin və üçüncü şəxsin səlahiyyətli nümayəndələri isə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə Xanlar şəhərində doğulmuşdur. - Göygöl rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş 430 №-li, 13.02.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - Kredit verən «FİNCA Azerbaijan» MMQBKT ilə borcalan İddiaçı arasında bağlanmış 23.10.2015-ci il tarixli, **********3262 nömrəli kredit xətti müqaviləsinin surətindən görünür ki, həmin kredit razılaşmasına əsasən kreditor borcalanan 12 ay müddətinə, illik 22.91% olmaqla 1500 ABŞ dolları məbləğində kredit vermişdir. - “FİNCA” MMQKT-nin 30.12.2015-ci il tarixli “23.10.2015-ci il tarixli **********3262 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair” sazişin surətindən görünür ki, bir tərəfdən «FİNCA Azerbaijan» MMQBKT və digər tərəfdən İddiaçı ilə aralarında bağlanmış arasında bağlanmış 23.10.2015-ci il tarixli, **********3262 saylı kredit müqaviləsinin aşağıdakı şərtlərlə restrukturizasiya olunması barədə razılığa gəlmişlər: 1. Kredit müqaviləsi üzrə kredit alanın kredit verənə qalıq əsas borcu 1983.35 AZN, hesablanmış və ödənilməmiş faizlər 0 AZN, cərimə isə 0 AZN təşkil etmişdir. 2. Tərəflər qalıq borcu olaraq aşağıdakı məbləği qəbul edirlər: 1983.35 AZN. 3. Bu Sazişin 2-ci maddəsində göstərilən məbləğ 12 ay müddətində tamamilə ödəniləcəkdir. - “FİNCA” MMQKT-nin 24.05.2016-ci il tarixli “30.12.2015-ci il tarixli **********1070 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair” sazişin surətindən görünür ki, bir tərəfdən «FİNCA Azerbaijan» MMQBKT və digər tərəfdən İddiaçı ilə aralarında bağlanmış arasında bağlanmış 30.12.2015-ci il tarixli, **********1070 saylı kredit müqaviləsinin aşağıdakı şərtlərlə restrukturizasiya olunması barədə razılığa gəlmişlər: 1. Kredit müqaviləsi üzrə kredit alanın kredit verənə qalıq əsas borcu 1379.35 AZN, hesablanmış və ödənilməmiş faizlər 0 AZN, cərimə isə 0 AZN təşkil etmişdir. 2. Tərəflər qalıq borcu olaraq aşağıdakı məbləği qəbul edirlər: 1379,35 AZN. 3. Bu Sazişin 2-ci maddəsində göstərilən məbləğ 8 ay müddətində tamamilə ödəniləcəkdir. - “FİNCA” MMQKT tərəfindən iddiaçıya ünvanlanmış 2019/999/055 №-li, 03.01.2020ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankından 31.01.2020-ci ildə daxil olmuş, ********** nömrəli müraciəti tərəflərindən qəbul edilmiş və ətraflı araşdırılmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlaıdğı məktubda kompensasiya ala bilmədiyini qeyd etmiş və kompensasiya almaq üçün ona köməklik göstərilməsini xahiş etmişdir. Müraciətinə cavab olaraq bildirilir ki, onun hesabına “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsdiq edilmiş qaydalar əsasında bank olmayan kredit təşkilatlarının (BOKT) müştərilərinə kompensasiya verilməsi Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən olunur və kompensasiya Azərpoçt tərəfindən ödənilir. Beləliklə qeyd olunan prosesdə, yəni müvafiq kompensasiya düşübdüşmədiyinin müəyyən edilməsində və ona ödənilməsində bank olmayan kredit təşkilatı olaraq təşkilatının hər hansı hüququ və funksiyası müəyyən edilməmişdir. Həmçinin, bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” 28 noyabr 2019-cu il tarixli sərəncamına əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş və onun səlahiyyətləri Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Həmçinin, məktubu aldıqdan sonra, həmin məktubda təşkilatı Gəncə filialına sonuncu müraciəti ilə bağlı olaraq qeyd etdiyi əsasla filial meneceri onunla əlaqə saxlamış və görüş əsasında o “Apellyasiya Komissiyasına Müraciət” etdiyi və ona məhkəməyə müraciət etməyi istiqamətində cavab verildiyini qeyd etmişdir. Bu səbəbdən də, xahiş edilmişdir ki, Apellyasiya Komissiyasının qərarını nəzərə alınsın. - Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən məhkəməyə ünvanlanmış 16- 00303-2021 №-li, 05.02.2021-ci il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli, 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında "xxxx" QBKT MMC ilə 23.10.2015-ci il tarixində 1.500,00 ABŞ dolları dəyərində kredit müqaviləsinin bağlanılması barədə qeydlər daxil edilmişdir. Lakin bu məlumatlar sırasında bank tərəfindən ikinci devalvasiya tarixinə borclunun kredit borcu barədə heç bir məlumat göstərilmədiyindən sonuncunun adına hər hansı kompensasiya məbləği hesablanmamışdır. Eyni zamanda hesab etmişlər ki, məhkəmə mübahisəsinin daha çevik və hərtərəfli araşdırılması, habelə iddiaçının tələbi üzrə yekun mövqeyin bildirilməsi məqsədilə İddiaçı ilə "xxxx" QBKT MMC arasında bağlanmış 23.10.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas kredit borclarını əks etdirən ssuda hesabından çıxarışın, baş vermiş ikinci devalvasiya gününə (21.12.2015-ci il tarixinə günün əvvəlinə) və hazırki günə əsas kredit borcunun qalıq məbləği barədə müvafiq arayışın təqdim edilməsinə dair həmin kredit təşkilatına məhkəmə sorğusunun göndərilməsinə zərurət vardır. Qeyd edilən məlumatlar məhkəməyə təqdim edildikdən və iddiaçının kredit tarixçəsi üzrə kompleks şəkildə yenidən yoxlanıldıqdan sonra Mərkəzi Bank tərəfindən iddiaya yekun münasibətin bildirilməsi mümkündür. - “FİNCA” MMQKT tərəfindən məhkəməyə ünvanlanmış 2021/999/1343 №-li, 12.03.2021-ci il tarixli məktubdan görünür ki, təşkilatla İddiaçı arasında 23 oktyabr 2015-ci il tarixində 22.91% faizlə 12 ay müddətinə 1500 ABŞ dolları (min beş yüz dollar) məbləğində kreditin verilməsilə bağlı müqavilə bağlanmışdır. İddiaçı həmin kredit müqaviləsi üzrə sonuncu devalvasiya tarixinə, yəni 21 dekabr 2015-ci il tarixinə 1388 ABŞ dolları məbləğində kredit borcu mövcud olmuşdur. Hazırda İddiaçı Təşkilata kredit üzrə qalıq borcu mövcud deyildir. Həmçinin bildirmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsdiq edilmiş Qaydalar əsasında bank olmayan kredit təşkilatlarının (BOKT) müştərilərinə kompensasiya verilməsi Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən olunur və kompensasiya Azərpoçt tərəfindən ödənilir. Beləliklə, qeyd olunan prosesdə, yəni müvafiq kompensasiyanın düşüb-düşmədiyinin müəyyən edilməsində və ödənilməsində bank olmayan kredit təşkilatı olaraq təşkilatının hər hansı hüququ və funksiyası müəyyən edilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidenti tərəfindən 551 nömrəli, 28.02.2019-cu il tarixli Fərman qəbul edilmişdir. Həmin Fərmanın: - 1.2-ci hissəsinə əsasən 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi qiymətləndirilməklə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir. - 2-ci hissəsinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. - 3.1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməlidir. -3.2-ci hissəsinə əsasən isə bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahsını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edilməli və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. -7.1-ci hissəsinə əsasən banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarınadək, milli valyutada isə 17 000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi Palataya tapşırılmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı “FİNCA Azerbaycan” MMQBKT ilə arasında bağlanmış 23.10.2015-ci il tarixli, **********3262 nömrəli kredit müqaviləsinə əsasən 1500 ABŞ dolları məbləğində kredit götürmüş, həmin müqavilə üzrə öhdəliklərini ikinci devalivasiya tarixində qismən yerinə yetirmişdir. Lakin İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında bank tərəfindən ikinci devalvasiya tarixinə borclunun kredit borcu barədə heç bir məlumat göstərilmədiyindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanı iddiaçıya münasibətdə tətbiq edilməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ilə “FİNCA Azerbaycan» MMQBKT arasında 23.10.2015-ci il tarixli, **********3262 nömrəli kredit müqaviləsi bağlandığından, həmin kredit üzrə sonuncunun 21 dekabr 2015-ci il tarixli devalvasiya gününə 1388 ABŞ dolları məbləğində əsas kredit borcu ödənilməmiş qaldığından İddiaçı həmin müqavilə üzrə öhdəlikləri yuxarıda qeyd olunan Fərmanın tətbiq dairəsinə düşür və o, Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməklə ona 23.10.2015-ci il tarixli kredit müqaviləsi üzrə 832,80 manat məbləğində kompensasiya məbləği hesablanmalı idi. Məhkəmə iddia tələbinin “kompensasiyanın və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun tutularaq ona ödənilməsi” hissəsi ilə bağlı hesab edir ki, həmin hissədə iddia tələbi cavabdehə münasibətdə təmin edilə bilməz. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının 3.2-ci bəndinə əsasən kompensasiya məsələləri ilə bağlı ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasının (indiki halda Mərkəzi Bankın) üzərinə yalnız ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən etmək və bu barədə məlumatları Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilməsi vəzifələri qoyulmuşdur. Göründüyü kimi Fərmana əsasən kompensiyanın hesablanması Mərkəzi Banka, həmin məbləğin ödənilməsi isə Maliyyə Nazirliyinə həvalə edilmişdir. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsinə görə bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, Mərkəzi Bank dövlətin öhdəlikləri üçün, dövlət isə Mərkəzi Bankın öhdəlikləri üçün cavabdeh deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməklə, İddiaçı «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidenti tərəfindən 551 №-li, 28.02.2019-cu il tarixli Fərmanına əsasən kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsi və ona «FİNCA Azerbaycan» MMQBKT ilə olan 23.10.2015-ci il tarixli, **********3262 nömrəli kredit müqaviləsi üzrə 832,80 manat məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyi cavabdehə həvalə edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidenti tərəfindən 551 №-li, 28.02.2019-cu il tarixli Fərmanına əsasən kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsi və ona «FİNCA Azerbaycan» MMQBKT ilə olan 23.10.2015-ci il tarixli, **********3262 nömrəli kredit müqaviləsi üzrə 832 (səkkiz yüz otuz iki) manat 80 (səksən) qəpik məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-3732/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3732/2021
30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver